Turalın kitabı
Tural Anaroğlunun ilk
kitabı çapdan çıxıb. Onunla
görüşdüm.
– Tural, sən də
yazırsan?- soruşdum.
Ani olaraq gənc
yaşlarında yazmağa başlayarkən atası,
böyük şair, Rəsul Rzanın Anara dediyi sözləri
xatırladım: “Sən də yazıçı oldun?”
Tural Anaroğlunun “Tənha mələk”
kitabını oxuyandan sonra onun da əsl yazıçı
olduğuna qəlbən inandım.
Əvvəlcə ön
sözün müəllifi Kamal Abdullanın “Turalın gəlişi”
yazısını oxudum və “Gec danışan birdən dil
açıb təəccüb doğuracaq qədər təmiz
şəkildə necə deyərlər, “dil-dil ötməyə
başlayır”, zaman boyu içinə
yığdığını birdən büruzə verir”
sözlərinin Turala nə qədər aid
olub-olmadığını “araşdırmaq”
üçün onun hekayələri ilə “tanış
olmaq” istəyirdim ki, kitabın arxasında onun
yaraşıqlı şəklini gördüm və şəkilin
altında yazıçı haqqında məlumatı oxudum.
Heç demə, çoxdan “tanıdığım” Turalı
əməlli-başlı tanımırammış.
İstanbulda işləyərkən onu AzərTAcın
müxbiri kimi tanımışam, bir də yazıçı
Anarın oğlu kimi, vəssalam. Onun haqqında məlumatdan
gördüm ki, Tural çox şərəfli bir həyat
yolu ilə irəliləyir, diplomatik işdə
çalışır, üstəlik istedadlı tərcüməçi
və yazıçıdır. Hekayələri “Azərbaycan”,
“Ulduz”, “Qobustan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə,
“525-ci qəzet” və “Exo” qəzetində dərc edilib. Rus, ərəb,
türk və ingillis dillərini bilir...
“Bir günlük müharibə
və ya otuz beş silahlı əsgər” adlı iyirmi səhifəlik
ilk hekayəni birnəfəsə oxudum və doğrudan heyrətləndim:
Turalın nə böyük yumor hissi varmış! Xeyli
güldüm və düşündüm: bir hekayədə nələr
yoxdur?! “Tapşovannılar” – yəni tanınmış, vəzifəli
şəxslərin balalarının əsgərlikdə
özlərini necə aparmaları, onların
danışıq tərzləri, baş verən hadisələr
sətiraltı mənalarla necə gözəl təsvir
olunub! Mənə elə gəldi ki, Tural özü təsvir
etdiyi hadisələrin iştirakçısı olub. Hətta,
qərara gəldim ki, bunu onun özündən soruşum...
Etiraf edim ki, mən hər
kitabı oxuya bilmirəm. İlk sətirlərdən yazı
dili məni tutmadısa, atıram bir kənara. Amma “Tənha mələk”
kitabında müəllifin dili mənə o qədər
doğma, o qədər axıcı, şirin təsir
bağışladı ki, böyük maraqla o biri hekayələri
oxumaq istəyində bulundum.
“Türkiyədən məktub”.
Kitabda növbəti hekayə belə adlanır. Bu hekayədə
ucqar dağ kəndində yaşayan Bəşir kişinin
oğlu Eldar Türkiyə universitetlərindən birinə
daxil olur. İki ildən sonra yazdığı məktub kənd
adamları, qohum-əqrəba arasında başa
düşülmür. Çünki məktub türkcə
yazılıb. Məsələ burasındadır ki, türkcə
bəzi sözlər bizim dilimizdə başqa məna
daşıyır. Turalın bu hekayəsində və
ümumiyyətlə onun bütün hekayələrində məni
sevindirən odur ki, yazıçı heç bir fikrini
yarımçıq qoymur, oxucuya tam, bitkin, mənalı əsər
təqdim edir. Yeri gəlmişkən, qeyd edim ki, Türkiyədə
uzun müddət işləyən bir adam kimi əvəllər
mən də bəzi sözlərə təəccüb
etmişəm. Məsələn, restoranda “xiyar gətirin” deyəndə
xidmətçinin rəngi ağappaq ağarıb.
Yanındakılardan səbəbini sourşmuşam, deyiblər
ki, “xiyar” ayıb söz hesab olunur. Sən “söyüş”
deməliydin. Yəni “mənə söyüş gətir. Və
ya bir zabitin evində səhərdən-axşama kimi qonaq
olmuşuq, birdən 56 yaşlı ev sahibi deyib ki, “mən
subayam” . Soruşmuşam ki, “bəs, səhərdən bəri
bizə xidmət edən bu qadın kimdir?”. Kişi də cavab
verib ki, “o mənim eşimdir” – yəni arvadımdır.
Heç demə, türkcə “subay” bizim dildə “zabit” demək
imiş... Tural da “Türkiyədən məktub” hekayəsində
türkcə çoxlu belə sözlərdən istifadə
edib və təmkinlə, səbrlə onların mənasını
oxuculara çatdırmağa çalışıb.
Dolğun yumorla dolu gözəl bir hekayə meydana
çıxıb.
T.Anaroğlunun hekayələrini
oxuduqca, çoxdan tanıdığım (həm də
yaxşı tanımadığım) Tural ürəyimə,
qəlbimə daha da yaxınlaşdı, mən ona
istedadlı bir yazıçı, bir insan kimi hörmət və
ehtiram bəsləməyə başladım.
Bu da “Xəstəxana” hekayəsi.
Rayonun tanınmış və nüfuzlu ağsaqqalarından
olan Əşrəf kişi xəstəxanaya düşüb.
Mədəsində əməliyyat aparılıb. 130 kiloluq bu
kişi arıqlayıb, cəmi 110 kiloqram çəkisi
qalıb. Ona ağır yeməklər vermək olmaz. Xəstəxana
xidmətçisi menyunu söyləyir: “Mannı kaşa,
vermişel kaşası, püre, qreçka, suda bişmiş
kartof, xaşlanmış kök və alma. İçməyə
də ki, kisel”. Əşrəf kişi isə gah toyuq ləvəngi,
gah antrikot, gah xaş, gah osetrin balığının
qızartması, gah kartof lüləsi, yanında da
şişə çəkilmiş pomidor, badımcan, bibər,
içinə ləvəngi doldurulmuş çolpa və nələr,
nələr istəyir. Həkim Deyus Göttenborq (Əşrəf
kişinin qohumları ona “dəyyus” deyirlər) Əşrəf
kişiyə belə yeməkləri yeməyə icazə
vermir. Nəhayət, Əşrəf kişinin qohum-əqrəbası,
qardaşları rayondan gəlib, həkimə rüşvət
təklif edirlər, guya hədiyyə verirlər, xəstəxananın
həyətində qoyunlar kəsirlər, özləri ilə
aşıq gətirirlər. Çal-çağır
başlayır. Xəstəxanada baş həkimdən
tutmuş hamı özünü itirir... Aləm
qarışır bir –birinə...
Tural Anaroğlu bütün
bu səhnələri o qədər gözəl təsvir edir
ki, oxucunun “gördüklərinə” ürəkdən
gülməkdən başqa əlacı qalmır.
“Aliliya” hekayəsində
yazıçı Azərbaycana təyin olunmuş Vatikan səfirinin
tapşırığı ilə Elşən Məmmədov
adlı bir musiqiçinin azərbaycanlıları, rusları,
tanışlarını dostlarını, hətta
anasını bir günlüyə necə katolikə
“çevirməsini” qələmə alır. Bu ona görə
lazımdır ki, Roma papası Bakıya ziyarətə gəlir.
Hekayə o qədər maraqlıdır ki, oxucunun “yağı
daşsa” da oxumağından ayrıla bilmir...
Yazıçının
hekayələrində nəzərimi cəlb edən onun cəlbedici
üslubu oldu. İstedadlı qələm sahibi heç də
gülməli sözlərdən istifadə edib yumor
yaratmır. O, əhvalatı olduğu kimi, bəzək-düzəksiz,
çox ciddi şəkildə təsvir edir. Yumor
gülünc əhvalatların özündən doğur. Məsələn,
“Yüksək qonaq” hekayəsində Leonid İliç
Brejnevin Bakıya gəlişinin təsviri kimi...
Deməli, şəhərdə
hər yerdə təmizlik, səliqə-səhman işləri
görülür. Rənglənəsi yerlər rənglənir,
balaca uşaqlara şeir əzbərlətdirilir. Hər yerdə
gecə-gündüz məşq gedir. Binaların
üstündə milis nəfərləri qoyulub. Heç
“semiçka” satan da daha, “semiçka” satmır.
Yazıçı bunu aşağıdakı kimi təqdim
edir:
– Yoxdur, “semiçka”! Brejnev
gəlir!
– Nə olsun ki? Bununla nə əlaqəsi
var?
– Uçaskovu icazə vermir.
Bu günlər “semiçka” qovurmuyacam. Əlimə bir bayraq,
bir də Kapitanovun şəklini verdilər. Onları
salamlamalıyam. “Semiçkaya” vaxtım yoxdur. Hər gün
repitisiyadır...
– Ay xala, birincisi, Kapitanov
deyil, Kapitonovdur. Al, bir manatlıq “semiçka” ver.
– Get,başımdan.
“Semiçka” yoxdur. Brejnev getsin, sonra gəl!..
“... Nə isə, nəhayət
o böyük gün çatdı. Leonid İliç Brejnev
maşın karvanının müşayiəti ilə Binə
hava limanından Lenin meydanına yola düşdü...
Doğrudan da yer-göy titrədi.
Dəhşətli bir gurultu
qopdu. Hər kəs bir şeylər
qışqırırdı. Mən də var gücümlə
bağırırdım. Yanımda duran gənc oğlan mənə
hirslə baxaraq “Bir də mənim qulağıma Çapay
(“Çapay” şeirindən – X.Q.) qışqırsan sənin
ağız-burnunu dağıdacam. Çapayın gününə
düşəcəksən. Yaxşı başa
düşdünmü? Ala, deqenerat hələ aeroportdadır
e, sizi eşidə bilməz ki!”
İstər-istəməz
ürəkdən gülürsən. Doğrusunu və tamamilə
səmimi deyim ki, heç bir yumorlu əsər məndə bu
qədər gülüş doğurmayıb... Təsvirə
fikir verin: “Mən var gücümlə “Çapay” haqqında
bəndi üç dəfə qışqırdım.
Yanımdakı qız bir psixopat kimi “Lenin” haqqında şeiri
təkrar-təkrar söyləyirdi. Arxada, düz
qulağımızın dibində bizim məktəbin ikinci
sinif şagirdi bağıra-bağıra mahnı oxuyurdu... Müəllimimiz
bir dirijor ədası ilə əllərini sallayır və
var gücü ilə Azərbaycan dilində “Xoş gəl-di-niz,
ə-ziz, Le-o-nid İ-liç” deyə boğazını
yırtırdı”...
Belə təsvir hekayə
bitənə kimi davam edir. Məsələ burasındadır
ki, bu təsvirlərdə heç bir uydurma yoxdur. Bu sətirlərin
müəllifi kimi təsdiq edirəm ki, mən də o
günlərin şahidi olmuşam. Tural olanı yazıb...
“Sinifkom seçkiləri”
hekayəsində sinifdə aparılan “demokratik” seçkidən
bəhs olunur. Oxucu burada həyatda gördüyü əsl
“demokratiyanın” şahidi olur.
“İclas” hekayəsində
isə Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi
işçisinin başqasının əvəzinə məruzə
etmək üçün qonşu ölkəyə göndərilməsindən,
elə gülünc əhvalatların da bundan sonra
başlanmasından söhbət açılır.
“Tənha mələk” hekayəsi
isə başqa aləmdir. Həmin hekayə haqqında yazmaq,
danışmaq yox, o hekayəni diqqətlə oxumaq gərəkdir.
Orada məsələlər qarışıq görünsə
də, hər şey gün kimi ayındır... Hekayə belə
bitir:
– “Tənha mələk”...
Kitabın müəllifi Qadın idi... Görəsən
kitabda nələr yazılmışdı... İlk səhifəni
açdı, oxumağa başladı...”
Kitabda və “Tənha mələk”
hekayəsində nələrin yazılmasını bilmək
istəyirsinizsə, Turalın kitabını oxuyun...
“Qorxduğuma görə
xoşbəxtəm”. Bu hekayə həyatı anlayan, onu qiymətləndirən
bir insanın – Tural Anaroğlunun qorxu haqqında şəxsi
düşüncələridir. Onu da qeyd edək ki, bu hekayəyə
qədər olan hekayələr satira və yumorla zəngin
idi, bu hekayədə isə yazıçı həyati
faktlara söykənmiş, öz fikirlərini
yazmışdır.
“Bilmədiyimiz Türkiyə”
hekayəsini oxuyanda doğrudan da bizim hələ Türkiyəni
dərindən tanımadığımız məlum olur.
Tural yazır: “Türkiyə çox maraqlı ölkədir.
Bu yöndə söhbət açdığımız
mövzular aysberqin su üzərində görünən hissəsidir.
Burada həm şaxta Babanın, yəni müqəddəs
Nikolanın, həm də Hoca Nəsrəddinin, yəni bizim
bildiyimiz Molla Nəsrəddin hekayələrini görmək
mümkündür. Şaxta baba belində hədiyyələr
dolu çəllək ilə donub qalmışsa, Molla Nəsrəddin
eşşəyini tərs minərək gülümsəməkdədir.
Görəsən, Molla əmi kimə gülür? Zəmanəsinin
cahillərinəmi? Yoxsa bizlərmi?..
“Viza problemi” hekayəsini
böyük zövqlə oxudum. Hekayədə təsvir olunan
Can-can dövləti mənə çox tanış gəldi...
Tural “Cəhənnəmin əzabı”
hekayəsində o dünyanı təsvir edib. Özü də
necə təsvir edib! Doğrudur, cənnət, cəhənnəm,
o dünyanın “gözəllikləri” barədə çox
yazılıb, amma Turalın ruhlar haqqında yazdıqları
özünəməxsusdur. Bu dünyada yaramaz işlərlə
məşğul olan, öləndən sonra o dünyadan bu
dünyaya it şəklində dönən ruhun taleyi də
ibrətamizdir. Görün, həmin ruh nə günə
qalıb ki, bu dünyada restoranını işlədən
oğlu ona – yəni itə sümük atır ki, rədd olub
getsin...
“Həyəcan” hekayəsində çoxlarının başına gələnlərdən danışılır. Durduğun yerdə hərə səni bir vəzifəyə “qoyur”. Necə deyərlər, “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Bu hekayədə diplomat Tahirə müxtəlif vəzifələr “yaraşdırılır”. Səhər-səhər çörək almağa gedən Tahirin tanışlarından biri onun Qondurasa səfir təyin olunacağını, o biri rayona icra başçısı göndəriləcəyini, bir başqası apteklər idarəsinin müdiri olacağını, polis rəisi (?!) vəzifəsinə qoyulacağını, kanalizasiya işlərinə baxacağını... uydurur. Sonra da onu işlədiyi nazirliyə çağırırlar, nazir deyir ki, “sənin mənim yerimə keçəcəyinlə əlaqədar şayiələr gəzir”. Beləliklə, Tahir ərizə yazıb “öz xahişi ilə” işdən çıxır, qalır işsiz. Bu da şayiələrin axırı! Yazıçı “arada-ortada gəzən” bu söz –söhbətləri olduqca inandırıcı qələmə alıb.
Tural Anaroğlunun hekayələri o qədər duzlu, məzəlidir, mənalıdır ki, oxuduqca oxumaq istəyirsən. “Xaricdə təhsil” hekayəsi də düşündürücüdür. Necə deyərlər, pul açılmayan qapıları açır. Harada gəldi saqqız çeynəyən, mobil telefonla oynayan, orta məktəbdə oxumağa qabiliyyəti çatmayan, “eksponat”, “zibil”, inigiliscə bilməyən, heç bir fəndən başı çıxmayan, “yekəbaş”, ancaq xarici avtomobil növləri ilə maraqlanan... vəzifəli şəxsin oğlu atasının pulunun gücünə İngiltərənin Oksford Universitetinə daxil olur. Sonra da universitetə evdə geydiyi “şap-şap”la gəlir, xanım müəllimlərə nalayiq təkliflər edir, müəllimlərə “sən” deyə müraciət edir, maşınını rektor üçün ayrılan yerdə saxlayır... Xarici İşlər Nazirliyi, İngiltərə səfirliyi isə belə bir “yekəbaş”a xüsusi qayğı göstərirlər... Yenə atasının hesabına.
Yazımızın başlanğıcında qeyd etmişdim ki, Tural Anaroğlu bir sıra millətlərin dillərini bilir. Bu çox yazılarında onun “əlindən tutur”. Hekayələrinin çoxunda xarici dillərdən yeri gəldikcə istifadə edir. Nəticədə onun əsərlərinin koloriti gözəlləşir, yumor çoxalır. Turalın bütün hekayələrini, o cümlədən, “İsveç masası” hekayəsini oxuduqca təəccüb edirdim: Yazıçı bu qədər xarici və Azərbaycan dilində gülməli sözləri necə yerində işlədir, bu sözləri haradan tapır, hadisələri necə qurur ki, son dərəcə inandırıcı və təbii əsərlər alınır? Görünür, elə əsl yazıçı da bu cür qabiliyyəti ilə seçilir... T.Anaroğlunun hekayələrində “xüsusi adlar”ın da öz yeri var. Təkcə “Preziya gecəsi”ndəki adları hörmətli oxuculara çatdırmaq istəyirəm: Sahib İqtidarov, Yeni Bəylər Şeir Ocağının üzvü Müxalifət Narazıbəyli, Alaqaranlıq Ədəbi Birliyinin həmsədri Zülmət Qara, Müstəqil Alternativ Heca Cəmiyyətinin sədri Sual Nida və Cırt-cırt Pen, Tenşen ədəbi klubunun fəallarından şair Bratan Sporoğlu, Sauna müəllim, Cəh-cəh Poprepmeyxanalı, Şair usta, Zövqsüz Bərbadqızı, Sual müəllim, Uybala Uçmuş... Yeri gəlmişkən, qeyd edim ki, hekayələrdki belə adlar obrazların xarakterinə uyğun seçilmişdir. Və yaxud, “Poeziya gecəsi” hekayəsindəki şeir başlıqlarına fikir verin: “Çıxın meydanlara!”, “Hamı rüşvətxordur”,, “Mənə orden vermədilər”, “Qisasımı alacam!”, “Hər şey pisdir, hər kəs pis!”, “Dağlarda eşşək otarırkən”...
“Poeziya gecəsi” hekayəsini oxuyarkən düşündüm ki, gərək yazıçılara yaxşı bələd olasan ki, hekayədəki obrazları yarada biləsən.. Tural Anaroğlu bu hekayədəki obrazları elə “canlandırıb” ki, sanki gecə-gündüz təsvir etdiyi şairciklərin arasında olub!..
Turalın kitabını oxuyandan sonra ürəyimdən ona belə bir sual vermək keçir: İndiyədək haradaydın, qardaş! Deməli, yazırdın?! Yazdıqlarını zərgər kimi min dəfə cilalayandan sonra ortaya çıxarmısan. Həm də ədəbiyyatımızda iz qoyacaq əsərlər yazmısan. Oxucular mütləq məmnun qalacaqlar. Şəxsən mənə verdiyin ədəbi zövqə görə çox sağ ol!
Xeyrəddin QOCA
525-ci qəzet.- 2009.- 12 dekabr.- S.26.