Dünyanın itirdiyi Böyük
Adam
“Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, Layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır”. (Heydər Əliyev)
“Türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət” yaratdı. (Heydər Əliyev)
Əvvəli ötən şənbə
sayımızda
1978-ci il. Atatürkün 100 illik yubileyinin YUNESKO-nun üzvü olan 152 ölkədə eyni anda keçirilməsi təklifi müzakirə edilərkən, İsveç nümayəndəsi ayağa qalxaraq, etiraz edir: “Necə yəni? Dünyada nə qədər dövlət xadimi var, hamısının yubileyini qeyd eləməliyik məgər?” Bu kinayəli sual qarşısında Rusiyanın nümayəndəsi yerindən dik atılaraq, yumruğunu masaya vurur və 152 ölkənin təmsilçisinə belə deyir: “Gənc nümayəndə dostların yadına salmaq istəyirəm ki, Atatürk sadəcə böyük bir dövlət xadimi deyildir. Atatürk, bu çağa öz möhürünü vuran insandır. Yaxşı olardı ki, onu yad etməklə qalmayaq, həm də onun əməllərindən özümüz üçün nümunə götürək.”
Bəs sonra? Təklifin imzaya açıldığı gün İsveç nümayəndəsi mikrofona yaxınlaşaraq, belə deyir: “Mən Atatürkü araşdırdım. Bütün ölkələrin nümayəndələrindən üzr istəyərək, ilk imzanı özüm atıram.”
Bu, YUNESKO-nun tarixində ilk və tək belə hadisədir. Təklifin əleyhinə səs verən və ya bitərəf qalan heç bir ölkə olmadı. 152 ölkənin nümayəndəsi bizim üçün bir qürur, sevinc və iftixar qaynağı olan bu mətni imzalamışdı: “Atatürk kimdir? Atatürk, beynəlxalq tolerantlıq, sülh və əməkdaşlıq uğrunda çalışan ali insan, fövqəladə inqilablar həyata keçirmiş bir inqilabçı, istilaçılıq və müstəmləkəçiliyə qarşı mübarizə aparan ilk liderdir. İnsan hüquqlarına hörmətlə yanaşan, ümumdünya sülhünün öncüsü, həyatı boyu insanlar arasında rəng, dil, din, irq fərqi qoymayan tayı-bərabəri olmayan bir dövlət xadimidir. Türkiyə Cümhuriyyətinin qurucusudur”.
Bəli, 152 ölkənin imzaladığı bu həqiqətləri dedirdən Qazi Mustafa Kamal Atatürkdür. Bütün Türk dünyasının qüruru olan böyük Atatürk!
29 oktyabrlar, 10 noyabrlar artıq onun prinsiplərini, inqilablarını, İstiqlal savaşı və sivilizasiya mübarizəsi yolundakı tövsiyələrini, əhəmiyyətini, niyələrini, nə üçünlərini müzakirə edərək, açıqlayaraq, düşünərək, mənimsəyərək, anlayaraq, tətbiq edərək öyrətməli olduğumuz, sevdirməli olduğumuz tarixlərə çevrilməlidir.
İnanırıq ki, Türkiyənin xilasını və yüksəlişini başqa ölkələrin liderlərində və ya sistemlərində axtarmaq qəflətinə düşənlərə ən yaxşı cavabı atatürkçülüyün keçmişdə yaşanmış parlaq bir hadisə deyil, bugünkü və sabahkı problemlərin hamısının həllinə kömək edəcək aktual, mötəbər və yol göstərici bir sistem olduğunu izah edərək verilə bilər.
71 il əvvəl aramızdan gedən Atatürk, hansı cəhəti ilə ələ alınırsa alınsın, yaşadığı çağa damğasını vurmuş və tarixin unudulmazları arasındakı mötəbər yerini tutmuşdur. Varlığını yalnız düşüncələri və sözləri ilə deyil, özündən sonra qoyduğu əsərləriylə də isbat etmişdir. Atatürkün “ən böyük əsərim” dediyi Cümhuriyyət inqilabı ilə ümmət toplumundan dünyəvi-milli dövlətə keçilərkən, etnik və dini fərqlərə bağlı olmayan, fəqət dil, mədəniyyət və ideal birliyi kimi ortaq məxrəclərdə birləşən siyasi, hüquqi və sosial bir birlik əldə edilmişdir.
Milli dövlətin var olması və daha da güclənməsi, bu ortaq məxrəclərin hər kəs tərəfindən səmimi bir şəkildə mənimsənməsi və qəbul edilməsi ilə mümkündür.
Ölkə, millət, hakimiyyət ünsürləri, qanunvericilik, icra və mühakimə orqanları baxımından vahid unitar dövlət; ədalət prinsipinin qorunmasının, bölgəçiliyə və irqçiliyə yol verilməməsinin və azlıqlar yaradılmamasının qarantiyasıdır.
Dünyəvilik prinsipi Türkiyə Cümhuriyyətini meydana gətirən bütün dəyərlərin təməlidir. Türkiyənin var olma fəlsəfəsidir. Konstitusiyalı rejimin əsasıdır.
Demokratiyanın bərqərar olması və yaşadılması, yalnızca dövlət və toplum nizamının ağıla və elmə istinad etməsi şəklində ifadə edilə biləcək dünyəvilik prinsipi sayəsində mümkündür.
Bu gün hər qarışı şəhid qanı ilə sulanmış müqəddəs Türkiyə torpağında, insanlar hür, müstəqil, şərəfli və azad yaşaya bilirsə, bunu İstiqlal savaşında canları bahasına qələbə qazananlara və onların dahi komandanı Atatürkə borclu olduğunu əsla unutmamalıdır. Onu nüfuzdan salmağa və qurduğu cümhuriyyəti degenerasiyaya uğratmağa çalışanlar belə, təməlləri onun tərəfindən atılan sərbəstlik ab-havasından istifadə etməkdədirlər. Uğrunda milyonlarla insanın ölümə göndərildiyi ideologiyalar tarixin dərinliklərində batarkən, əqli və elmi bir yanaşmanı əsas götürən Atatürkçü Düşüncə Sistemi dimdik ayaq üstündədir.
Unutmayaq ki, cümhuriyyətin, inqilabların, Türkiyənin varlığının və gələcəyinin qorunmasının yeganə yolu Atatürkçü Düşüncə Sistemidir.
Ölkənin bölünməz bütövlüyü, davamlılığı və millətin xoşbəxtliyi üçün gənc nəsillərinin üzərinə düşən ən böyük vəzifə, Böyük Atatürkün yadigarlarına sahib çıxaraq, demokratik, dünyəvi və sosial bir hüquq dövləti olan Türkiyə Cümhuriyyətini əbədi olaraq yaşatmaq, qarşılaşılan bütün çətinlikləri birlik və həmrəylik içərisində onun göstərdiyi ağıl və elm yoluyla dəf etmək olmalıdır.
Hətta Adolf Hitler belə Atatürkə heyranlığını açıq şəkildə deyirdi: “Mustafa Kamal, bir millət, o, bütün vasitələrindən məhrum edilsə belə, millətini qurtaracaq vasitələri yarada biləcəyini isbat edən adamdır”.
O, həm də bütün insani xüsusiyyətləri ilə bir örnək idi. Atatürk örnəyi....
Atatürk, bu qədər böyük işlər görməsinə baxmayaraq, mövqeyini və şəxsiyyətini, yəni kim olduğunu bəlkə də ən yaxşı bilən bir liderdir.
İstanbul Universitetinin
açılış mərasimi keçirilir. Sadə bir
salonda stullar, ortada isə Atatürk üçün çox
dəbdəbəli və bəzəkli bir kreslo qoyulmuşdur.
Atatürk salona professorlarla birgə gəlir. Professorlar,
Atatürkü kresloya dəvət etdiyində o, bir kresloya, bir
professorlara baxır və: “Mənim sizlərdən öyrənməli
olduğum çox şey var; buna görə bu kreslo ancaq sizlərə
layiqdir” – deyərək, kreslonun yanındakı stula oturur və
ən yaşlı professora kresloya oturmaqda kömək edir.
Budur lider olmağın mahiyyəti: HAQQI OLMADIĞINA
İNANDIĞI HEÇ BİR KRESLOYA OTURMAYAN BİR İNSAN.
Onun insani keyfiyyətləri
onunla qısa bir təmasda olan insanlarda belə heyranlıq
yaradırdı. Fransanın “Vu” qəzetinin əməkdaşı
George Bennes 1938-ci ildə yazırdı: “Kamal Atatürkün
xarakterinin bir hissəsini göstərmək üçün
bir xatirəni xatırlamaq istəyirəm. Bizə
savaşlardan birini danışırdı. Birdən durdu:
“Görürsünüzmü” – dedi, – “bir çox zəfərlər
qazandım. Amma bunların ən böyüyündən sonra
belə hər axşam, savaş meydanında ölən
bütün əsgərləri düşünərək,
içimdə dərin bir kədər duydum”.
Cəsarət və zəkasından
başqa ürəyi bu qədər böyük və gözəl
olan bir liderin ölkəsi üçün möcüzələr
yaratmış olmasına şaşılabilirmi?
Atatürkü daha çox
bir hərb və dövlət xadimi olaraq tanıyırıq.
Halbuki Atatürk, 2008-ci, 2000-ci, 1978-ci, 1971-ci, 1938-ci, 1923-cü
illərdə; Haitidən Hindistana, İngiltərədən
Avstraliyaya qədər hər qitədə, hər an, dostundan
düşməninə qədər hər kəsin qəlbində
məhəbbət, minnətdarlıq, güvən və həsrət
hisslərini eyni səmimiyyətlə yaşadan, dünya
miqyasında böyük bir insandır...
Bu həqiqəti 21 noyabr
1938-ci il tarixində əcnəbi bir jurnalist belə ifadə
etmişdi: “Belə dühalar ancaq zahirən ölürlər,
həqiqətdə isə millətlərin zehnində dərin
və silinməz izlər qoyan əsərləri ilə əbədi
olaraq yaşamaqdadırlar. Belə insanlar müəyyən bir
zaman və ya müəyyən bir coğrafiya
üçün doğulmurlar. Onlar yüzilliklər boyu millətlərin
tarixinə hökm edə bilən insanlardır.”
Əfqan kralı Emanullah Xan
deyirdi: “O böyük insan yalnız Türkiyə
üçün deyil, bütün Şərq millətləri
üçün də ən böyük öndərdir”.
Hind Parlamentinin nümayəndəsi
Sucheta Krıpalani yazırdı: “Atatürk yalnız türk
millətinin deyil, azadlıq, müstəqillik uğrunda
savaşan bütün millətlərin öndəriydi. Onun
direktivləri altında siz müstəqilliyinizə
qovuşdunuz. Biz də o yoldan yürüyərək, müstəqilliyimizə
qovuşduq. Hindistanın müstəqillik illərində ilk
baş naziri olmuş Cavahirləl Nehru da Atatürk haqqında
heyranlıqla danışırdı: “Kamal Atatürk və ya
bizim onu o zamanlar tanıdığımız isimlə Kamal
Paşa, gənclik günlərimdə mənim qəhrəmanımıydı.
Böyük inqilablarını oxuduğum zaman çox
duyğulandım. Türkiyənin modernləşmə yolunda
Atatürkün girişdiyi böyük çabaları
heyranlıqla qarşıladım. Onun dinamizmi, yenilməz və
yorulmaq bilməzliyi insanda böyük bir etki yaradır. O,
Şərqdə modern çağın qurucularından
biridir. Onun ən böyük heyranları arasında olmaqdayam”
(1963).
Zatən önəmli olan, bu
gün çox sıx rast gəldiyimiz kimi CANLI ÖLÜ
olmaq yox, öldükdən sonra belə, bu qədər
canlı bir şəkildə YAŞAMAQ deyilmi? Çünki həyat
bu dərəcədə doğru və gözəl bir şəkildə
yaşanıbsa, ölümün özü də bir həyatdır.
Əsl böyüklük,
ondan uzaqlaşdıqca, özümüzü ona daha yaxın
hiss etməyimiz deyildirmi? Çünki böyüklük
zamanla məhdudlaşdırılmır. Böyük insanlar həm
keçmişin, həm də gələcəyin batmayan
günəşləridir.
Bu həqiqəti
Belçikanın Ankaradakı səfiri görün nə qədər
sadə və gözəl bir şəkildə ifadə
etmişdi: “Ankarada olanda daim günəşə
baxırdım. Amma günəşi üfüqdə deyil,
Çankayada görürdüm. Çünkü əsl
günəş, Çankayadakı Atatürk adlı günəş
idi.”
Bəs bu
canlılığın sirri nədədir? Onun hərb
xadimliyi cəhətimi, yoxsa dövlət xadimliyi cəhətimi?
Yoxsa, tarixə keçən bu cəhətləriylə birgə,
çox da bəhs edilməyən başqa bir cəhətimi?
Bəli, onun günümüzdə də canlı
olmasının əsl sirri, insani cəhətidir. Atatürk hər
ölkədən, hər yaşdan, hər cinsdən, hər rəngdən,
hər dindən, hər dildən, hər təbəqədən
olan insanların hər zaman məhəbbət və hörmət
bəslədiyi, həsrət və qibtəylə yad etdiyi,
nümunə götürdüyü BÖYÜK BİR LİDERDİR...
Yəni Atatürk, “ilin
adamı” deyil, “çağın adamı” olan yeganə
liderdir. Onun bu dərəcədə ümumbəşəri
olmasının səbəbi “sarı saçlı, mavi
gözlü bir div” olması, qarğaları hürkütməsi
və ya adının Kamal olması deyil. Bu sirr
Atatürkün tarixə keçmiş hərb və dövlət
xadimliyindən başqa, onun İNSANİ CƏHƏTLƏRİNDƏDİR.
Atatürkün bu dərəcədə
ümumbəşəri bir lider olmasını təmin edən
və onu bir çox digər liderlərdən fərqləndirən
xüsusiyyətin, onun insani cəhətləri olduğunu
dedik. Bəs o necə bir insan və necə bir lider idi? Bu
sualın cavabını Atatürkün xatirələrində,
yaşadıqlarında və yaşatdıqlarında
axtaracağıq.
Heç bir zaman təkəbbür
göstərməmiş, hər şeyi ancaq xalqı, milləti,
dünya xalqlarının rifahı və xoşbəxtliyi
naminə etmiş, daim tolerant və təvazökar olmuş,
sadəliyindən heç bir şey itirməmişdir.
İzmir zəfərindən
sonra qatarla Ankaraya qayıdan müzəffər komandanla
bağlı, Ankara valisinin bir xatirəsi: “Gecədən xeyli
keçmişdi. Hər kəs çox yorğun idi. Mustafa
Kamal, bizimlə söhbətdən sonra istirahətə
çəkilmişdi. Mən də onunla söhbət etmək
üçün çox darıxırdım. Səhər
açılan kimi Saleh Bozoka “Paşadan nə xəbər
var?” dedim. “Yatır” dedi. Bir müddət sonra səbirsiz bir
halda: “Hələ durmayıbmı?” diyə soruşdum. “Bəli,
durmayıb” diyə qışqırdı. O zaman
yanımızdakı kupeden onun səsini eşitdim: “Buyurun, bəyəfəndi;
amma hələ geyinməmişəm...” “Hər halda tamam
çılpaq deyilsiniz” dedim. “Yox, pencəyimi geyməmişəm”
dedi. Qapını açıb girdim. Əynində şalvar və
köynəklə ayaq üstündə dayanmışdı.
Saqqalı uzanmış, üzünə yuxusuz keçən
gecənin yorğunluğu həkk olunmuşdu. Köynəyini
və şərfini yuduğunu gördüm. “Yorğun
görünürsünüz” dedim. “Hə, yata bilmədim.
Yastıq və adyal qoymayıblar; başımı qoluma
söykədim, ağrıdı; pencəyimi yastıq eləmək
istədim, üşüdüm. Yatmaq mümkün olmadı.
Durdum.” dedi. Heyrət və təəssüflə soruşdum:
“Bəs nə üçün heç kimə demədiniz?” Təbəssümlə
cavab verdi: “Hamı mənim qədər yorğun və yuxusuz
idi. Narahat eləmək istəmədim.” Mustafa Kamal, Vətənini
xilas etdikdən sonra İzmirdən Ankaraya bax bu şəraitdə
qayıtmışdı”.
Macarıstanın “Esti
Ujsağ” qəzeti yazırdı: “O, yüzilimizdə “olmayacaq
heç bir şey yoxdur” şəklində tarixi gerçəyi
isbatlayan ilk adam olub”. Alman tarixçisi Herbert Melziq
yazırdı: “O, öz milləti və bəşəriyyət
üçün bəslədiyi məhəbbətlə, bir
dahinin nələr yaratdığına dair dünyaya fövqəladə
həyəcanlı bir səhnə göstərməkdədir”.
Atatürk, incəsənətin
bir millətin həyatındakı yerini və əhəmiyyənini
layiqiylə qiymətləndirə bilənlərdən idi.
Hüsnxət sənətinin son üstadlarından Macid
Ayralın başına belə bir hadisə gəlmişdi:
Çanaqqala döyüşlərinin davam etdiyi vaxt, Macid Bəy
Çanaqqalada əsgər imiş. Döyüşlərin dərin
səngərlərdə aparıldığı günlərdə,
Macid Bəy malyariyaya tutulur. Malyariya böhranının
olmadığı vaxtlarda yazdığı gözəl
hüsnxət nümunələrini səngərlərin divarına
asırmış. Mustafa Kamal səngərləri təftiş
edərkən, bu hüsnxət nümunələrini
görür və çox xoşuna gəlir. Onları kimin
yazdığını soruşanda və müəllifinin
Macid Ayral olduğunu öyrənəndə, üzünü
yanındakı adamlara tutaraq: “Bunlar sənət əsərləridir,
bir ölkədə belə sənətkarlar asan yetişmir;
belə bir sənətkarın burada nə işi var? Sabah onu
təxris edin” əmrini verir. Ertəsi gün Macid Ayral təxris
edilir.
Çanaqqalada güclü
Avropa dövlətlərinə qarşı qəhrəmanlıq
dastanı yazdığı o fövqəladə şərtlər
daxilində, millətinin bağrında doğan sənət
adamlarına belə bir həssaslıq göstərməsi və
onları müharibədən uzaqlaşdırması,
Atatürkün sənətə və sənətkara verdiyi
qiymətin nümunəsidir.
Görün, Yunanıstan
kimi o zamanlar Türkiyənin ən böyük düşməni
olan ölkənin təmsilçisi Atatürklə
bağlı nə deyir: “Türkiyə, dost və düşmənlərin
heyran olduğu bir dahi adama malik olmaq kimi xoşbəxtliyə
çatmışdır”.
Fransız yazarı Gerard
Tonqas yazırdı: “Bu, insanlığa təcrübədən
keçmiş bir fəlsəfə örnəyi olaraq təqdim
oluna bilər. Atatürk yüzillərə sığacaq
işləri on ildə tamamladı”...
2 mart 1998-ci il. Milli televiziya
kanallarından birində ikinci xəbər olaraq 6 dəqiqə
davam edən və 5 dəfə kadr böyüdülərək
verilən bir xəbər yer aldı. Bu xəbər, Amerikada məşhur
bir müzik-xollun sökülmədən, dünyada ilk dəfə
tətbiq edilən bir metodla relslər üzərində 20
metr kənara sürüşdürülməsi və yerində
yeni bir binanın yapılması haqqında idi.
1930-cu il. Atatürk Yalova
köşkünə doğru çıxarkən,
bağbanın qoca bir çinar ağacını kəsməyə
hazırlaşdığını görür. “Sən həyatın
boyu belə bir ağac yetişdirmisən ki, indi bunu kəsirsən?”
deyə soruşur. Bağban cavab verir: “Paşam,
çinarın kökləri köşkün bünövrəsini
qaldırır. Yarpaqları da köşkün pəncərələrinə
toxunur. Gərək ya köşkü itirək, ya da
ağacı kəsək. Bu səbəbdən bizi üzürlü
hesab edin, ağacı kəsmək məcburiyyətindəyik.”
Atatürk bir an fikirləşir.
“Xeyr, lazım gələrsə köşkü ağacdan
uzaqlaşdırarıq” deyir. Yanındakı adamlar, “Bugün
Mustafa Kamalda bir qəribəlik var, heç köşkü
ağacdan uzaqlaşdırmaq olar?” deyirlər.
Atatürk nə memar, nə
mühəndis, nə də aqronom idi. Amma o, heç bilirsiniz
nə elədi? İstanbuldan Yalovaya tramvay relsləri gətirtdi,
onları köşkün altına döşətdi və
köşkü hərəkət etdirib, ağacdan 4 metr 80
santimetr kənara çəkdirərək, çinarı
xilas elədi.
Bəli, bu hadisə 1930-cu
ildə olmuşdur. Dünyada 1980-ci illərdən sonra
ekologiyadan bəhs edilməyə başlandı. Mustafa Kamal
1930-cu ildə dünyaya konkret bir ekologiya dərsi vermişdi.
Fransız ədibi Klaude
Farrere yazırdı: “O, uca bir dağa bənzyir. Ətəyində
yaşayanlar bu ucalığı fərq edə bilməzlər.
Bu dağın əzəmətini qavraya bilmək
üçün, ona çox uzaqlardan baxmaq gərəkdir”.
5 may 1935-ci il. Məşhur
arxeoloq Zübeyir Koşayın xatirələrindən:
“Bilirsiniz ki, bütün arxeoloji qazıntıların
aparılması haqqında əmr verən Mustafa Kamaldır.
Muzeylərin açılması haqqında əmr verən də
Mustafa Kamaldır. Amma indi olduğu kimi, “Açın!
Qazın! İmza.” şəklində deyil. Məsələn
Efesdə qazıntılar başladı, iki dəfə ora
getdi. Konyada Assur qazıntıları başladı, işin
başında yenə Atatürk var idi. Axlatlıbel
qazıntıları başladı; bir baxdıq ki, işin
başında torpaq alır, ölçür, biçir”. Onun
fikrinə görə, üstündə
yaşadığımız torpaqların həqiqi sahibi ola
bilmək üçün, bu ərazidə yaşayan
toplumları və onların meydana gətirdikləri mədəniyyətləri,
qaynağından başlayaraq günümüzə qədər
keçən müddət içində, layiqincə öyrənib
bilməliyik. Çankayada üç gün üç gecə
yatmayaraq işləyir.
Yatmamaq üçün
alnına yaş dəsmallar qoyur. Tez-tez müxtəlif
adamları yanına çağırır, müxtəlif
adamlara telefon edir. Bir həyəcan, bir təlaş...
Üç gündən sonra “Gəlin” deyir. Axlatlıbelə
gedirik. Arxeoloqları ətrafına toplayır.
Başlarında Zübeyir Koşay var. Mustafa Kamal həyəcanla
deyir: “Qazdığınız yer yanlışdır; oranı
yox, buranı qazmalısınız.” Əcnəbi arxeoloqlar “Fəqət,
paşam...” deyirlər. Demək istəyirlər ki, “Başa
düşdük, böyük bir hərbçi, böyük
bir dövlət xadimisiniz; amma bu iş bizim işimizdir. Niyə
işimizə qarışırsınız?” Amma əmr
böyük yerdən gəlib. Başlayırlar Mustafa
Kamalın göstərdiyi yeri qazmağa. Nəticə necəmi
oldu? Bütün tapıntılar oradan çıxdı.
İsveçin “Nya Dagling” qəzeti
yazırdı: “O olmasaydı, modern Türkiyə olmazdı.
Onun sayəsində türklər, onun möhtəşəm əsərini
izləyə biləcəklər və zatən dünyaca
çox yüksək olan şərəflərini daha
çox yüksəldə biləcəklər”. Həmin
ölkənin nümayəndəsi professor Morrf isə
yazırdı ki, Türkiyəni yaradan, tariximizin bu ən
Böyük Adamını, başımı ən dərin
hörmətlə eyərək salamlayıram.
Zaman keçdikcə,
Atatürkün yuxarıda sadalamağa
çalışdığımız xüsusiyyətlərindən
əlavə, gözəl bir tədqiqatçı və maarifçi
olduğu da ortaya çıxmışdır. Misal
üçün, Atatürkün ölümündən iki il
əvvəl bir “Həndəsə” kitabı
yazdığını və bu kitabda, məktəblərimizdə
bu gün də istifadə edilən sadələşdirilmiş
həndəsə terminlərinin yer aldığını
göstərə bilərik. Atatürk bu kitabı yazmasaydı
“üçgen” yerinə “müsəlləs”, “artı” yerinə
“zaid”, “eksi” yerinə “naqis” deyiləcəkdi. “Açı,
uzay, yüzey, çap, yay, eşkenar, pay, eşit” terminləri
də həndəsə tədrisinə bu kitabın töhfəsidir.
Polşa mətbuatı yazırdı ki, onun yaradıcı
ruhunun və atəşli yurdsevərliyinin hərəkətə
keçməmiş olduğu heç bir sahə yoxdur. Bu
isbata ehtiyacı olmayan həqiqətdir.
Atatürk, bu günü dəqiqliklə
görmüş, görməklə də qalmayaraq, bu gün
istifadə edə biləcəyimiz dərəcədə
aktual, mötəbər və problemlərin həllinə
istiqamətlənmiş təkliflərini yazaraq miras
qoymuşdur.
ABŞ-ın ən məşhur
iqtisadçılarından olan Mister Cons belə deyir:
“Türkiyə iqtisadiyyat ilə müharibədə sadəcə
Atatürk’ü nümunə götürsə, kifayətdir.”
“Bugünkü mübarizəmizin
qayəsi tam müstəqillikdir. Müstəqilliyin tam
olması isə ancaq maliyyə müstəqilliyi ilə
mümkündür” – deyən Atatürkün dövründə
həyata keçirilən iqtisadi siyasətin ən
böyük uğuru, şübhəsiz ki, türk lirəsinin
daxili və xarici bazardakı dəyərinin qorunması sahəsində
olub. On doqquz illik müddətdə (1919-1938) ölkənin
böyük ehtiyacları qarşısında inflyasiyasız və
sürətli bir inkişafı həyata keçirmək
fövqəladə bir müvəffəqiyyətdir. 1921-ci ildə
605 quruş olan sterlinq, 1938-ci ildə 616 quruş olmuşdu.
Atatürk dövründə,
1919-cu ildən 1938-ci ilin son dörd ayına qədərki
müddətdə banknotların artış həcmi 8 %-dir.
Atatürkün xəstəlik səbəbiylə dövlət
işləriylə məşğul ola bilmədiyi son dörd
ayda isə bu artış həcmi 15 %-ə
çatmışdır!..
Bildiyimiz kimi, 1929-cu ildə
bütün dünyada ən güclü iqtisadiyyata sahib olan
ölkələri belə sarsıdan bir iqtisadi böhran
yaşanmışdı. Bu böhranın öz zərərli
təsirini göstərmədiyi ölkələrdən biri də
Türkiyədir. Hətta Türkiyə bu böhrandan qazancla
çıxmışdır. Çünki Türkiyənin
başında sürətli və balanslı bir iqtisadi
inkişaf siyasətinə, strategiyasına və taktikasına
sahib olan Atatürk var idi.
İsmayıl Həbib
Sevük belə demişdir: “Bəzi insanlar söylədikləri
sözlər sayəsində böyük görünür, bəzi
sözlər isə onu söyləyən insan sayəsində.
Mustafa Kamalla danışanda onu başa düşdüm ki, həm
O, sözləri ilə böyüyür, həm də
sözlər Onunla.”
İngiltərənin “Times”
qəzeti yazırdı: “O, Türkiyənin öncəki
quşaqlarının heç birinə nəsib olmayan
özgürlük və güvən dolu bir həyat
yaşadı. Uğurları Türkiyənin Avropa dövləti
olmasını təmin etdi, orta Şərqin tarixini dəyişdirdi”.
Doğrudan da Atatürkün mücadiləsi və inqilabi
islahatları orta Şərq üçün böyük təsir
göstərdi. Pakistanın məhşur şairi İqbal necə
də gözəl deyirdi: “Bizim əslimiz rəngi
uçmuş bir qığılcım ikən, Onun
baxışı ilə dünyayı kaplayan və
aydınlatan bir günəş halına gəldik”.
Bir çox liderlər onu
özləri üçün örnək görürdülər.
Pakistan prezidenti Eyub Xan deyirdi: “Kamal Atatürk yalnız bu
yüzilin ən böyük adamlarından biri deyildir. Biz
Pakistanda, onu keçmiş bütün çağların ən
böyük adamların biri olaraq görüyoruz. Dahi bir hərbçi,
anadangəlmə bir lider və böyük bir yurdsevər”....
İtaliyanın “Tribuna” qəzeti
yazırdı: “Atatürkün ölümü ilə Orta
Şərqin inkişafına birinci dərəcədə təsiri
olan son dərəcə qüvvətli bir şəxsiyyət
itirildi. Amma təkcə orta Şərq üçünmü?
Xeyr, onun addımları dünyanın mənzərəsini dəyişdirdi...
Və onun itkisi bütün dünya üçün
böyük bir itki oldu. Livanın “An Nahar” qəzeti isə
yazırdı: “Atatürk dünyanın çox nadir
yetişdirdiyi dahilərdəndir. O, bütün bir tarixin
görüntüsünü dəyişdirmişdir”.
“Mən əmin olduğumu
bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük
öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi
olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki,
bu yolla gedəcək, o qədər də uğurlar əldə
edəcəkdir”.
(Heydər Əliyev)
Bir anlığa tarixin səhifələri
arasına baş vursaq, aşağıdakı lakonik sözlərin
nə qədər böyük sözlər olduğunu və
onların ancaq çox böyük bir insanın, bir dahinin
ağzından çıxa biləcəyini anlayarıq:
“Ölümün, biz canlılar üçün bir son
olduğu qəbul edilir. Ancaq tarixdə bəzən elə
insanlar olur ki, onların ölümü özlərindən
sonra qoyduqları əsərlər və müəyyən
etdikləri ideallarla, mənsub olduqları toplumlar və hətta
bütün bəşəriyyət üçün bir son
deyil, bir başlanğıcdır”.
71 il əvvəl itirdiyimiz
böyük öndər Atatürk də fikirləri və əməlləri
ilə türk millətinin taleyini qəti bir şəkildə
dəyişdirmiş və mirasını qoruyub yüksəltməyi,
ideallarını həyata keçirməyi bizlərə
tapşıraraq aramızdan getmişdir.
“Chicago Tribune” onun
ölümü ilə bağlı yazırdı: “Dünya səhnəsindən
tarixin ən diqqətli, çəkici adamlarından biri
keçdi”.
Macarıstanın “Pester
Lioyd” qəzeti isə yazırdı: “Dünya, bu savaş və
barış qəhrəmanı böyük adamın
ölümü ilə yoxsul düşmüşdür.
Doğrudan da dünya onsuz yoxsul görünür”.
Fransanın “Sanerwin” qəzeti
yazırdı: “Atatürk öldü. Barış qübbəsinin
Şərq sütunu yıxıldı. Artıq dünyada
sülhü kimsə təmin edəməz. Hətta
Avropalı dövlət adamları onun 1930-cu ildə etdiyi xəbərdarlıq
və tövsiyələri dinləməmiş və
dünyanı 1939-cu ildə ikinci böyük müharibə fəlakətinin
içərisinə sürükləmişdilər”.
İngiltərədə
çıxan “Word Price” yazırdı: “O, bənzəri olmayan
bir dövlət adamı idi. Diktatorların tahammül edəmədiyi
sərbəst bir nizamla,demokratiyaların bacarmadığı
və bacara bilməyəcəyi işlər
görmüşdür. Tarixdə bu cür adamlar dövrlərinə
öz adlarını vermişlər”.
“Savaşda Türkiyəni
qurtaran, savaşdan sonra da Türk dövlətini yenidən
dirildən Atatürkün ölümü, yalnız yurdu
üçün deyil, Avropa üçün də ən
böyük itkidir. Müxtəlif təbəqələrin
Onun üçün töktükləri gözyaşları,
bu böyük qəhrəmana və modern Türkiyənin
Atasına layiq təzahürdən başqa bir şey deyil”.
(Uinston Çörçil, İngiltərənin Baş
naziri.1938)
“Mənə böyük
Atatürkün adını daşıyan Beynəlxalq Sülh
Mükafatı təqdim olunubdur. Bu mənim üçün,
bütün Azərbaycan xalqı üçün, müstəqil
Azərbaycan dövləti üçün böyük şərəfdir.
Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti,
onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim
üçün örnəkdir. Mən buna daim sadiq
olacağam”. Bu sözlərin müəllifi, Azərbaycan
prezidenti Heydər Əliyev dəfələrlə qeyd
etmişdir ki, Atatürk ideyaları, milli dövlət
quruculuğu prinsipləri Türkiyənin yalnız
keçmişi, tarixi deyil, həm də gələcəyidir.
Atatürk, “böyük
insanlar” kimi dəyərləndirilən insanlarla
özünün müqayisə edilməsini və təriflənməsini
heç bir zaman xoşlamayıb. Hətta bunu edənlərə
qəti şəkildə etirazını bildirib. Belə
davranışlar həm də millətinə xidmət edən
bir insanın milləti uğrunda apardığı mübarizənin
düzgün başa düşülmədiyi anlamına gəldiyi
üçün onu narahat etməkdə idi.
Türkiyə Cümhuriyyətinin
quruluşunun 12-ci ildönümündə:
“Atatürk bizim ən
böyüyümüzdür”
“Atatürk bu millətin ən
yüksəyidir”
“Atatürk ən
böyük dahidir” kimi çox sayda şüarlar
hazırlanmışdı. Şüarların
siyahısını gözdən keçirən Atatürk,
hamısının üstündən xətt çəkərək,
belə yazdı:
“ATATÜRK BİZİM
İÇİMİZDƏN BİR NƏFƏRDİR”
“Nə mutlu bizə....
Böyük Atatürkün dediyi kimi, “NƏ MUTLU
TÜRKÜM DEYƏNƏ”. Nə mutlu Atatürkü sevənə!
Qənirə Paşayeva,
millət vəkili
525-ci qəzet.- 2009.- 12 dekabr.- S.24-25.