Milli Kitab Mükafatının
sorağıyla: bu dəfə Qərb bölgəsində
Səhər saat 8.30. Gecə səfəröncəsi həyəcandan yatmaya bilərsən, amma bu, vədə yerinə gecikməyəcəyinə təminat vermir. “İçərişəhər” metrostansiyasının çıxışında telefon konturu axtarmaq da bir tərəfdən canımı sıxır. Elə bilirəm, ürəyim ağrıyır. Nə yaxşı ki, zəngin səsi gəlir və ekrana baxıram: Qismətdir. Yüz faiz artıq Funiklyorun qarşısındadır, az qala paxıllığım tutur: bu oğlan heç vaxt gecikmir.
Bəhram Gur heykəlinin yanına çatanda məlum olur ki, məndən başqa da gecikən varmış. Nigar xanım gəlir və mikroavtobusda yerimizi rahatlayırıq...
Bakı-Tovuz yolu. Uşaqların səsi şeirdən başqa bir şey fikirləşməyə qoymur. Evlə bağlı bəzi narahatlıqlarımı unudub, Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin, Salam Sarvanın misralarına köklənirəm. Sonra öz mətnlərinə müraciət edirlər. Düşünürəm ki, heca şeirlərinin böyük bir üstünlüyü var – onları yadda saxlamaq asandır...
Anar Aminin ifası Nigar
xanımı maraqlandırır. Bir az da keçsə, Milli
Kitab Mükafatının (MKM) təsisçisi şeir
müsabiqəsi keçirmək fikrinə düşəcək
deyəsən. Afərin, uşaqlar...
Rəşad Məcid Lənkərandan
Nigar xanıma ünvanlanan şeiri ucadan oxuyur, bəzi qısa
haşiyələr çıxır, sonra zarafatlar yolboyu
uzanır. Arada təsisçi ilə münsiflər heyətinin
üzvü arasında maraqlı polemika gedir, MKM-lə
bağlı KİV-də yazılanlar və cəmiyyətdə
danışılanlar müzakirə olunur...
Səfərlə
bağlı narahatlıqlarım var. Məsələn, bir az
da önyarqı ilə təxmin edirəm ki, rayonlarda bu
müsabiqə ilə bağlı təfərrüatları
bir-bir sadalamalı olacağıq, yenə yerli şairlər
müsabiqənin niyə yalnız nəsr sahəsini əhatə
etməsindən gileylənəcəklər, şagirdlər
bizi yüksək pafoslu, poeziyadan uzaq vətənpərvərlik
“şeirləri” ilə salamlayacaqlar. Bunları
düşünəndə əhvalım pozulur. Özümə
Feyziyyənin misraları ilə təsəlli verirəm: “Nədənsə
başlamaq lazımdı”. Ən azı, müsabiqənin təbliğatı
bölgələrdə ədəbiyyata diqqəti
artıracaq, yeni imzalarla (səfərdə iştirak edən gənc
yazarlarla – II Qismət, Anar Amin, Fərid Hüseyn, Elvin
Bakiroğlu və Vüsal Nuru ilə) tanış olacaq, onların
şeirlərini dinləyəcəklər...
Nahar etmək
üçün Gəncədə dayanırıq və
fürsətdən istifadə edib, Bakıdakı xırda-para
məişət problemlərini telefonla həll etməyə
çalışıram. Anar Amin ustadı Zəlimxan Yaqubdan
danışır, Nigar xanım səfərlərin birindən
geri dönərkən qarşılaşdığı
situasiyanı nağıl edir. Elə oradaca bir ömür boyu
unudulmayacaq lətifələr yaranır.
TOVUZ
Mikroavtobusumuz bir də
Tovuzdakı Şəhidlər Xiyabanının
qarşısında dayanır. Maşından enib bizi
qarşılayan millət vəkili Qənirə Paşayeva,
şair Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı və
Tovuz ictimaiyyətinin nümayəndələri ilə
görüşürük. Şəhidlərin məzarını
ziyarət etdikdən sonra Tovuzdakı hərbi hissələrdən
birinə yollanırıq. Soyuqdur. Burada Qənirə
xanımın gəlişlərinə alışıblar –
komandir belə deyir və ötən dəfə millət vəkilinin
gətirdiyi kitablardan söz açır. Sonra söz Gənc Ədiblər
Məktəbinin rəhbəri Rəşad Məcidə
verilir, Elxan Zal, Əkbər Qoşalı
çıxış edincə götür-qoy edirik: hansı
şeirləri deyək? Anlaşılandı, bu, gənc
şairlərin hərbçilərlə ilk görüşləridir.
Anar Aminin köməyinə yenə ustadı Zəlimxan Yaqubun
vətənpərvərlik şeiri gəlir: “Şair, bu
gün şeirini evdə yox, səngərdə yaz”.
Aramızda ən çox alqış II Qismətə
çatır – yarızarafat yazdığı “Cehiz” şeiri
fərəqət komandasında dayanan əsgərlərin
qırışığını açır. Sonra komandir
fərqlənən əsgərlərin adlarını çəkir
və Qənirə xanımın gətirdiyi hədiyyələr
onlara təqdim olunur.
Havanın qaralmasına az
qalır, hamımız bir az yorulmuşuq. Amma bizdən bir az əvvəl
Bakıdan Tovuzadək yol qət edən Qənirə xanıma
baxanda bu, hiss olunmur – qətiyyətlə “Ön cəbhəyə
gedirik” deyir. Bu cümlədən sonra hamımızda qəribə
bir canlanma yaranır.
Məlum olur ki, mikroavtobus
yüksəkliyə çıxa bilməyəcək, əvəzində
“UAZ”a əyləşməyi təklif edirlər. Nigar
Köçərli və Rəşad Məcidlə birgə Qənirə
xanımın maşınına otururuq. Millət vəkili
Tovuzun problemlərindən danışır, müasir ədəbi
proseslə bağlı suallar verir, uşaqlıqdan bəri sevərək
mütaliə etdiyi müəlliflərin adlarını
çəkir: Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk. Müxtəlif
üslublarda yazan bu şairləri birləşdirən
mövzunu axtarıb tapmağa ehtiyac yoxdur – vətənpərvərlik
lirikası. Sonra Qənirə xanım öz yaddaşı ilə
hamımızı təəccübləndirir: Tofiq
Bayramın “Volokardin” şeirini sonadək əzbərdən
deyir, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirir.
Mən bir qədər əvvəl yolda Elvin Bakiroğlu ilə
mübahisəmi xatırlayıram (Doğrudanmı, zövqlər
dartışılmır? İstənilən halda,
yaxşı mətni müəyyən etməyə imkan verən
kriteriyalar mövcuddur axı).
Əlimərdanlı kəndindəki
N saylı hərbi hissədə sürprizlə
qarşılaşırıq – həmkarımız Elmin Həsənlini
əsgərlərin arasında görmək olduqca xoşdur. Əlbəttə,
o bizdən də çox sevinir. Bir-bir yaxınlaşıb
görüşürük. Onların yataq və yemək
otaqlarına nəzər salırıq. Divardakı rəfdəki
kiçik televizorda futbol matçı göstərirlər.
Sonra səngərlə yüksəkliyə doğru
çıxıb, qaranlıqda qarşı tərəfdəki
işıqlara baxırıq – bələdçilərimiz
izah edirlər ki, ətraf kəndlərdə əhali
yaşayır. Qarşı tərəfdən görünən
dağın o biri üzündə isə Ermənistanla sərhəd
başlayır.
Hərbi hissədə bizi kəklikotulu
çaya qonaq edirlər. Niyə görəsə mənə
elə gəlir ki, heç vaxt belə dadlı çay
içməmişəm.
Ayrılarkən Ə.Qoşalı
Elminin qulağına pıçıldayır: “Bəlkə,
nəsə problemin, ya bir arzun var? Nə lazımdısa de,
burda olduğumuz müddətdə həll edək”. Elmin
gülümsəyir və deyir ki, hər şey
qaydasındadır. Hava artıq qaralıb, şəhərdə
– Tovuzun Heydər Əliyev Mərkəzində bizi gözləyirlər...
Mərkəzdəki tədbirə
Tovuzun ədəbi ictimaiyyəti cəm olub. Şübhəsiz
ki, onlar arasında böyük əksəriyyəti şairlər
və aşıqlar təşkil edir. Rəşad Məcid və
Nigar Köçərli MKM barədə məlumat verir,
müsabiqənin şərtlərindən
danışırlar. Sonra şeirlər oxunur – bu bir növ, elə
Rəşad Məcidin də dediyi kimi, müsabiqədən kənarda
qalan şairlərin könlünü almağa hesablanıb.
Amma elə tədbirin gedişindəcə məlum olur ki,
Tovuzda nasirlər də az deyil. Onlar artıq çapdan
çıxmış əsərlərini hansı yolla
müsabiqəyə təqdim edə biləcəkləri ilə
maraqlanırlar.
Gecə gənc həmkarlarımdan
ayrılmalı oluram. Onlar koteclərdə qalırlar, Rəşad
Məcid, Nigar Köçərli və bəndəniz isə
Qənirə xanımgilə qonaq düşürük.
Yorğunluğumuzu unudub söhbətə
başlayırıq. Rəşad Məcid ona ayrılan
otağa çəkiləndən sonra üç xanım
öz aramızda cani-dildən söhbət edirik (Sonradan bu barədə
zarafatla belə deyəcəkdilər: “Bizim otel beş, sizinki
yeddiulduzluydu. Çünki sizə şəxsən millət
vəkili özü qulluq edib, üstəlik, gecəyarıyadək
onunla maraqlı söhbətlər etmisiniz).
QAZAX
Bircə səhər tezdən
oyanmaq olmaya. Əslində, 09.00 çox tez də sayılmaz,
amma gecə oyaq qalmağı xoşlayanlar bunun nə qədər
əziyyətli olduğunu gözəl bilirlər. Xoşbəxtlikdən,
bu mənada Nigar xanımın timsalında həmdərd
tapmışam. Amma iş işdir, nə etməli, saat 12.00-da
Qazaxda olmalıyıq.
Qazağın mərkəzi
Tovuz qədər abad görünmür, bəlkə də əslən
tovuzlu olduğumdan mənə belə gəlir. Amma Mütəfəkkirlər
Bağında gəzmək xoşdur. Yağışda
islanacağımızdan ehtiyatlanmadan, yazarların, elm və
incəsənət xadimlərinin, hərbçilərin heykəllərini
seyr edirik.
Mədəniyyət evinin mətbuat
klubundakı tədbirdə ayaqüstə qalanlar da var. Amma
görüş maraqlı keçdiyindən heç kəs
narahat deyil. Qazaxlılar ədəbiyyatla bağlı məlumat
azlığından şikayət edirlər, kitab
mağazasının yoxluğundan gileylənirlər. Amma bu
giley-güzar bizi əməlli-başlı sevindirir – yolboyu məni
narahat edən təxminlərim puça çıxır. Məlum
olur ki, bölgələrdə mütaliə etmək istəyənlər
var. Yerli yazarlardan biri Paviçin “Xəzər
sözlüyü”nü oxumaq üçün
axtardığını söyləyir. Başqa bir sevindirici
məqam da var: burada “525-ci” qəzetin şənbə
sayını həsrətlə gözlədiklərini deyirlər.
Oxucular Vüsal Nurunu, II Qisməti və bəndənizi
tanıyırlar, görüşdən sonra ayaqüstü
söhbətləşirik. Anar Amin isə onlara “Space”
telekanalı ilə yayımlanan “Kiçik Qala” verilişindən
tanışdır. Ortayaşlı yazarlardan biri “niyə bu dəfə
məni çap etmədiniz” deyə şeirlə
yazdığı şikayətini R.Məcidə təqdim
edir. Nisbətən yaşlı oxucunun isə baş redaktordan
xahişi var: “Klassik ədəbiyyatla bağlı silsilə
yazıları dərc etməyin nə mənası? Qoy bunu
kitab şəklində çap edib, kitabxanalara versinlər. Qəzetdə
isə müasir ədəbi prosesə daha çox yer
ayırın, çünki bu barədə məlumatı
yalnız sizin qəzetdən alırıq”.
Qazaxda MKM-ə yeni namizədlər
qoşulur, Nigar xanımı əhatəyə alıb suala
tuturlar. Kitab yükümüz də artır. Yolüstü
Hüseyn Arifin ev-muzeyinə baş çəkirik. Eksponatlarla
zəngin, müasir səviyyədə təmir olunan muzeydə
12 işçi çalışır. Rəşad müəllim
bu faktı eşidəndə bizə sarı çevrilib
deyir: “Görürsünüz, bu cür muzeylər həm də
iş yeri kimi vacibdir”.
Yenə Tovuza
qayıdırıq. Yerli ədəbi ictimaiyyət şeirlə,
sözlə, sazla “silahlanıb” SNTV regional televiziya
kanalının canlı efirində bizi gözləyir...
GƏNCƏ
Gəncədə bizi mədəniyyət
və turizm idarəsinin rəhbəri Minaxanım Əliyeva
qarşılayır. Minaxanım fürsət düşən
kimi Gəncənin tarixindən, şəhərin
adının bir neçə dəfə dəyişdirilməsindən
bəhs edir. Deyir ki, Rusiya canişinliyi vaxtında şəhər
Yelizavetpol adlanırmış və Gəncə adını
çəkənlər cərimələnərmişlər.
İgid gəncəlilər isə meydana çıxıb cəriməni
əvvəldən ödəyərək bu adı daha ucadan bəyan
edərmişlər...
Elmi tədqiqat mərkəzindəki
tədbirin vaxtına bir qədər var. Bu səbəbdən
də, vaxtımızı boş yerə sərf etməyib,
yaxınlıqdakı Mir Cəlal Paşayev Muzeyinə baş
çəkirik. Burada öyrənirik ki, görkəmli
ziyalının ömrünün bir hissəsi Gəncədə
keçib. Ülviyyə adlı bələdçi qız
suallarımıza həvəslə cavab verir, sonra bizdən
şeir istəyir. Muzey işçiləri Bakıdan gəldiyimizi
bilib, paytaxtdakı ədəbi proseslərdən xəbərsiz
olduqlarını, yeni kitablarla tanışlıq
imkanlarının məhdudluğunu vurğulayırlar. Bizdən
bəzi ədəbi saytların internet ünvanlarını
götürürlər.
Az sonra MKM-in təbliği ilə
bağlı növbəti tədbir başlayır. Rəşad
Məcid mükafat barədə məlumat verir, Tovuz və
Qazax təəssüratlarından danışır. Nigar
xanım müsabiqədə iştirak etmək istəyənlərin
suallarını cavablandırır.
Gəncəyə gəlib
dahi Nizamini ziyarət etməmək, yumşaq desək,
haqsızlıq olardı. Adını dünya ədəbiyyatına
böyük hərflərlə həkk etmiş şairin məzarına
qibtə hissi ilə baxırıq. Bir-birimizə nəzər
salırıq – içimizdən sadəlövh bir sual
keçir: ikinci bir azərbaycanlı nə zamansa onun
şöhrətinin yarısını qazanacaqmı? Bələdçimiz
Ziyafət Əliyeva bizə Nizami barədə məlumat verir,
ayrılanda isə yaradıcılıq uğurları
arzulayır. Əlbəttə, buna hamımızın
ehtiyacı var... Gəncədən sonra Yevlaxa üz tuturuq. Rəşad
Məcidlə Nigar Köçərli yerli televiziyada
çıxış edirlər...
BAKI
Gecə saat 1-i keçib.
Hamımız yorğunuq. Amma əminik ki, səfər səmərəli
keçib. Kitab mükafatını beş nəfər
qazanacaq. Amma bu mükafat həm də bizim hər birimizə
ünvanlanıb. Bəhrəsini – milli kitabı hamımız
görəcəyik. Bir də ki, elə Tovuzdakı
çıxışlarımızdan birində dediyimiz kimi,
burada əsas məsələ prosesin özüdür, daha
doğrusu, ədəbi prosesi sürətləndirmək.
Yaxşı kitab onsuz da yazılır...
P.S. MKM-in təbliğat qrupu
adından, bizə göstərdikləri dəstəyə,
yardıma görə millət vəkili Qənirə xanım
Paşayevaya, Tovuz, Qazax, Gəncə şəhərlərinin
icra hakimiyyətlərinə minnətdarlığımızı
bildiririk.
RƏBİQƏ
525-ci qəzet.- 2009.- 12 dekabr.- S.21.