“Mənim Azərbaycanlılarım”
İki böyük şəxsiyyət haqqında: biri
yazıçı, biri bəstəkar
Əli Vəliyev
Xarici Dillər institutunun birinci kursunda oxuyanda Lord Bayronun “Ayrılanda biz” şeirini Azərbaycan dilinə tərcümə etmişdim. Tərcümə rəhmətlik Ənvər Rzanın xoşuna gəldi və o, məni tərcüməmlə bərabər “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Məhyəddin Abdulovun yanına göndərdi. Getdim, şeiri verdim; təxminən bir həftədən sonra qəzetdə mənim tərcüməm dərc olundu. Təşəkkürümü bildirmək üçün bir də Məhyəddin müəllimin yanına getdim. Məhyəddin müəllim məni yenə gülərüzlə qarşıladı və təşəkkürümü qəbul edib soruşdu:
– Əli Vəliyevi tanıyırsan?
– Bəli, –dedim. – Xalq yazıçısıdır, əsərlərini oxumuşam.
– Bu nömrədə onun da məqaləsi çıxıb. Bu qəzetin iki nüsxəsini apar ver şəxsən Əli müəllimə. Bu da evinin adresi, tapa bilərsən?
– Taparam, –dedim və qəzetləri götürüb sevinə-sevinə yola düşdüm. Əvvəla sevinirdim ki, tərcüməm dərc olunan nömrədə Əli Vəliyev kimi nəhəng bir yazıçının da məqaləsi getmişdi. İkinci, ona görə sevinirdim ki, Əli Vəliyevi şəxsən görəcək, onun evində əlini sıxacaqdım. O zamanlar beləydi; böyük yazıçı və şairlərlə şəxsən görüşüb tanış olmaq bizim üçün fəxarət idi.
Həmin o fəxarəti və qüruru içimdə duya-duya “Bakı” Univermağının üstündəki binaların birinin qapısının zəngini basdım. İçəridən qətiyyətli, həm də amiranə kişi səsi gəldi:
– Gəl, qapı açıqdı...
Dəmir qapı açıq idi və mən içəri girəndə ilk gözümə sataşan uzun dəhlizin qurtaracağındakı otağın sağ tərəfində divanın üstündə böyrü üstə dirsəklənən nəhəng bir Adam oldu. Bu, Əli Vəliyev idi. Şəkillərdə gördüyüm Əli Vəliyevə heç bənzəmirdi. Şəkillər nə qədər canlı, nə qədər gözəl və cazibəli olsa da insanın Bütövlüyünü və Nəhəngliyini əks edə bilməz. Mən doğrudan da qarşımda Bütöv və Nəhəng Əli Vəliyevi görürdüm. O, bir qədər də yanpörtü oturub dirsəyini yastığa qoydu; baş tərəfində divana yaxın yerdə stul vardı; orda müxtəlif dərmanlar, içində yarıya qədər su olan stəkan və deyəsən mürəbbə üçün büllur qab da vardı. Mən irəli yeriyib Əli müəllimin əlini sıxdım. O, “Əleyküm”deyib yenə əvvəlki amiranə səsi ilə dedi:
– Otur, buranı asan
tapdınmı?
– Bəli, Əli müəllim...
– Ver görüm... İki
nüsxədimi?
Mən o qədər həyəcan
keçirmişdim ki, nə üçün gəldiyimi belə
unudub “Azərbaycan müəllimi” qəzetinin nüsxələrini
əlimdə bərk-bərk saxlamışdım. Nəhayət,
qəzetləri Əli müəllimə uzatdım. O, qəzetin
birini alıb aram-aram nəzərdən keçirməyə
başladı, sonra:
– Xəstəlik də əl
çəkmir, dura bilmirəm. Yoxsa sənə bir
yaxşı çay verərdim.
– Çox sağ olun,-dedim,-
yastığınız yüngül olsun. Tez sağalın.
– Bala, sən kimlərdənsən?-deyə
maraqlandı. Bilmirəm həyəcandanmı, ya da sualı
yaxşı eşitmədiyimə görəmi özümə
də gülməli görünən belə bir cavab verdim:
– Tərcüməçiyəm...
Bu qəzetdə tərcüməm də çıxıb...
(O da mənim cavabıma xəfifcə gülümsədi, qəzeti
dərhal varaqladı, yəqin həmin o tərcüməni
tapmaq istəyirdi).
– A bala, mən soruşuram
ki, kimlərdənsən? (Elə bil indi ayıldım).
– İsmayılın
oğluyam,-dedim.
– Bizim İsmayılın?
Yenə qeyri-ixtiyari cavab
verdim:
– Bəli... (Mən sadəlövhcəsinə
düşünürdüm ki, nə yaxşı Əli Vəliyev
mənim atamı tanıyır. Mən redaksiyadan
çıxandan sonra Məhyəddin müəllim onunla
telefonda danışmışdı, deyib ki, “bizim
uşaqdır”. Yəqin atamın haqqında da məlumat verib,
düşündüm. Bu, nə yaxşı oldu!)
– Sənin babanı da
yaxşı tanıyıram... Adın nədi, a bala?
– Kamran.
– Yaxşı addı. Deyirsən
tərcüməçisən?
– Bəli, tərcüməm
çıxıb. Bayrondan... İlk tərcüməmdir...
Əli müəllim qəzetə
baxa-baxa başını razılıqla tərpədirdi,
üzündəki sərtlik və solğunluq
yavaş-yavaş əriyib getdi.
– Tərcüməçi
öz ana dilini yaxşı bilməlidir. Birinci iş budur.
Sonra xarici dil...- deyə qəzeti qoydu kənara. Sonra
üstündəki ədyalı sol əli ilə
aşağı itələdi, divandan qalxıb içəri
otağa getdi. Geri qayıdanda bir kitab gətirdi, öz
kitabıydı, qalın üzlü; “Anaqız”.
Görünür həmin kitab əlinə keçmişdi,
onu da mənə uzatdı. Dedi:
– Al, bu da mənim sənə
hədiyyəm... Oxuyarsan, dədənə də salam söylə...
... Mən Əli Vəliyevin
evindən çıxıb şəhəri piyada xeyli gəzdim.
Az qalırdı qanadlanıb uçam, qəlbim sevincdən
od-tutub yanırdı; bu sevincimi bölüşməyə
adam axtarırdım. İnanın ki, kimi görsəydim dərhal
deyəcəkdim ki, mən Əli Vəliyevin evindən gəlirəm,
onunla görüşüb söhbət etdim, mənə
kitabını bağışladı, hətta mənim
atamı, babamı da tanıyır...
...Bir müddətdən sonra
atamdan və babamdan soruşdum:
– Siz Əli Vəliyevi
tanıyırsınız?
– Tanıyırıq, xalq
yazıçısıdır...-dedilər.
– Mən elə demirəm, yəni
onunla şəxsən tanışlığınız olubmu?
– Şəxsən yox, amma
onu əsərlərinə görə tanıyırıq...
... Çox sonralar, lap
çox sonralar mənə aydın oldu ki, Böyük
Yazıçılar dədə-babaları yaxşı
tanıdıqlarına görə Böyük
Yazıçı olurlar.
Niyazi
Onunla bir dəfə
görüşüb söhbət etmək imkanım olub.
Hamının “Maestro” kimi tanıdığı Niyazi o zaman Azərbaycan
Filarmoniyasının rəhbəri idi və bizim
görüşümüzün qısa tarixçəsi də
bu məbəddə baş verdi.
Dedilər ki, Maestro sizi
gözləyir, içəri keçə bilərsiniz. Mən
onun kabinetinə girəndə gördüm ki, Maestro Niyazi
geniş və işıqlı otaqda yekə bir stolun
arxasında oturub; rəngi solğun idi; yorğun gözlərini
stolun üstünə elə diqqətlə zilləmişdi
ki, deyirdin bəs, nəsə çox maraqlı, yaxud vacib bir
şeyi oxuyub başa çatdırmaq istəyir. Mənə əli
ilə işarə etdi ki, oturum.
Biz onu “Maraqlı
Görüşlər Klubu”na dəvət etmişdik; bu klubu
ilk dəfə Astarada Çingiz Fərəcovun təşəbbüsü
ilə yaratdıq. Azərbaycanın ən tanınmış
adamlarını bu Kluba üzv etmək, onları xalqa daha
yaxından tanıtmaq istəyirdik. Dünyanın
tanıdığı Niyazini də bizim balaca, yaşıl
meşəli və dənizli şəhərə gətirmək
istəyirdik; o, bütün dünyanı gəzir,
bütün dünya ondan danışır, ən hörmətli
titullar sahibidir; onu heç nə ilə təəccübləndirmək
və heyrətləndirmək olmur! Biz onu bu balaca şəhərdə
heyrətləndirmək istəyirdik. Balaca şəhər
öz böyük oğlunu təəccübləndirmək
istəyirdi! Bu, çox çətin bir iş idi!
– İşə bax! Gör nə
yazıblar?- deyə Maestro gözünü hansısa qəzet
kəsiyindən ayırıb mənə baxdı.- Yazıblar
ki, rus dirijoru... sovet dirijoru... bu da sənin xaricin! Heç Azərbaycanı
tanıyan yoxdu!
– Maestro, deyəsən səfərdən
qayıtmısız?- soruşdum.
– Dünən gəlmişəm,
yorğunam... Xaricdə çıxan qəzetdir... Nə qədər
deyirsən ki, Azərbaycandan gəlmişəm, Bakıdan gəlmişəm,
tanımırlar... Elə ki, neft deyirsən, o saat
ağızlarını açırlar... Mən rus dirijoruyam
bəyəm?
– Qoy rusu da sizə görə
tanısınlar, Maestro... – deyə zarafata salıb əlavə
etdim...
– Rusu mənsiz də
tanıyırlar... Hələ yaxşı ki, rus var, yoxsa bizi
lap xurd-xəşil edərdilər, heç izimiz-tozumuz
qalmazdı...
Bir qədər susduq. Əvvəlcə
onun nə demək istədiyini anlamadım. 1980-ci ildə belə
şeylər barədə çox da açıq
danışmırdılar. O, bunu duydu və dərhal əlavə
etdi:
– Sən belə şeyləri
bilməzsən, cavansan. Biz sovet mədəniyyəti adı
altında dünyaya çıxmışıq. Bu şəraiti
də bizə rus yaradıb... Bizim ədəbiyyatımız,
incəsənətimiz, musiqimiz... gör nə qədər
inkişaf edib. Bunu danmaq olar? Amma hərdən bax, xarici səfərlərə
gedəndə, belə şeyləri görəndə
adamın ürəyi ağrıyır. Axı, nə
üçün biz Azərbaycanı, millətimizi təmsil
edə bilməyək? Biz sovet xalqını təmsil edirik.
Onlar da bundan istifadə edib bizi daha da yandırmaq
üçün yazırlar ki, rus dirijoru...
Telefon zəng çaldı.
O, dəstəyi qaldırıb dərhal da yerinə qoydu. Yəqin
bununla demək istəyirdi ki, hələ ürəyindəkilərin
hamısını boşaltmayıb. Nazik barmaqlarının
uclarını astaca mizin üstünə toxundurdu. Sonra əlini
mizin üstündəki armudu stəkana uzatdı, gülə-gülə:
– Sənin üçün
tünd çay demişəm... –deyə o,
qabağındakı içi dolu armudu stəkanı (stəkanın
içindəki mayenin qəribə rəngi vardı, üst
hissəsi açıq qəhvəyi rəngdəydi, alt hissəsi
isə tamam şəffaf suydu) işarələdi.
Görünür, o, mənim stəkana maraqla
baxdığımı sezmişdi və əlavə etdi:
– Bunu çinlilərdən
öyrənmişəm, sağlamlığa xeyirdir... Hə,
de görüm, o nə Klubdur elə? Vallah, görüşlərdən
qaçıram, amma sizin Klubun məramı nəsə məni
maraqlandırdı...
Klubun məqsəd və məramını
danışdıqca Maestro ağıllı gözləriylə
məni süzürdü. Aradabir telefon zəngi olurdu, lakin o,
telefonu götürmür, mənə qulaq asırdı və
bu da mənə əsas verirdi ki, onu maraqlandıra bilmişəm.
Maestro qəflətən sözümü kəsdi, qəti səslə
dedi:
– Mən o görüşə
gələcəyəm, gəlməsəm, bilin ki, ciddi səbəb
var; ya nasazam, ya da daha vacib yerə ezam olunmuşam...
O həmin görüşə
gəlmədi. Sonradan öyrəndim ki, Maestro xəstələnib,
uzun müddət işə çıxmayıb.
...Bu ilin yanvarında
Niderlanda getmişdim. Haaqadakı Teatr binalarının birində
mənim ədəbiyyatsevərlərlə
görüşüm oldu. İngilis dilində keçən
görüşün əvvəlində bildirdim ki, mən azərbaycanlıyam,
müstəqil Azərbaycandan gəlmişəm...
Görüş bitdikdən sonra tamaşaçılardan biri
səhnəyə qalxıb əlimi bərk-bərk
sıxdı, gülərüzlə dedi:
– O, Azerbaycan, Azerbaycan! Maestro Niyazi, Maestro Niyazi, Dirijor!!! Yes?
– Yes!!!
Kamran NƏZİRLİ
525-ci qəzet.- 2009.- 12 dekabr.- S.19.