Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli genişlənmişdir. Bu məqalədə ayrı-ayrı ölkələrlə qurulmuş təhsil əlaqələri, təhsil sektorunun müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də tələbə, müəllim mübadiləsi barədə fikirlərimi Sizinlə bölüşməyə çalışacağam.

Azərbaycan Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu fəaliyyətə başlamışdır. 2006/2007-ci tədris ilindən bu ali təhsil müəssisəsində 22 nəfər Azərbaycan vətəndaşı təhsillərini bakalavr (1 nəfər), magistratura (8 nəfər) və aspiranturada (13 nəfər) davam etdirir. Eyni zamanda 3 nəfər Ukraynalı tələbə Azərbaycanın ali məktəblərində təhsil alır.

Ayrı-ayrı təhsil müəssisələri səviyyəsində də Azərbaycan-Ukrayna əməkdaşlıq əlaqələri yaradılmışdır və inkişaf etməkdədir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Ukraynanın müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparır, birgə layihələr həyata keçirir, beynəlxalq konfranslar təşkil edir.

Bakı Slavyan Universiteti Ukraynanın ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır. BSU-nun tələbələri Ukraynanın ali məktəblərində dil təcrübəsi keçirlər. Universitetdə 2000-ci ildə yaradılmış “Səfir saatı” klubunda digər dövlətlərin səfirləri ilə yanaşı, Ukraynanın Azərbaycandakı səfiri ilə də görüşlər təşkil olunur. Ənənəvi olaraq, səfirlər öz ölkələrinin mədəniyyəti, tarixi, iqtisadiyyatı və digər mövzulara aid məruzələrlə çıxış edirlər. Universitetdə Ukrayna ilə əməkdaşlığın inkişafına xidmət edən Ukrayna tədris-mədəniyyət mərkəzi yaradılmışdır.

Belarusla təhsil sahəsində əməkdaşlıq əlaqələri 2006-ci ilin oktyabrında Minsk şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Belarus Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilr. Bu əməkdaşlıq tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə-təhsili müəssisələri üçün kadr hazırlığı və digər məsələləri əhatə etmişdir.

Bakı Slavyan Universiteti akademik mübadilə sahəsində M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edir, universitetlərin müəllimləri qarşılıqlı səfərlər edir və mühazirələr oxuyurlar.

2009-cu ilin mayında Belarusda UNESCO-nun dəstəyi ilə “Texniki-peşə təhsilinin modernləşdirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfransda Təhsil Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında Belarusun Azərbaycandakı Səfirliyinin təşəbbüsləri qeyd edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Belarusdan olan 4 tələbə ölkəmizin ali məktəblərində təhsil almaqdadırlar.

2009-cu ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Belarus Respublikası Təhsil Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin həyata keçirilməsi barədə” Protokol imzalanmışdır. Protokolda iki ölkə arasında tələbə, doktorant və stajçı mübadiləsi üzrə birbaşa əməkdaşlığın qurulması məsələləri öz əksini tapmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil sahəsində geniş əlaqələr yaratdığı, ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 1993/1994-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çin Xalq Respublikasının ali məktəblərində təhsil almağa göndərilmişdi. Bu mübadilə Çin hökumətinin Azərbaycana ayırdığı təqaüdlər əsasında həyata keçirilirdi.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mədəni əməkdaşlıq haqqında müqavilə” Azərbaycanla ÇXR arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də genişləndirilməsi üçün böyük perspektivlər açmışdı.

2002-ci ildə ÇXR Təhsil Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış “2002-2005-ci illər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən ikitərəfli tələbə mübadiləsi tənzimlənməyə başladı. Həmin Sazişə uyğun olaraq dövlət təqaüdləri hesabına ÇXR-də eyni vaxtda 15 Azərbaycan vətəndaşı təhsil ala bilərdi.

2007/2008-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Çində təhsilə başlayan 17 nəfərdən 6 nəfəri bakalavr pilləsində, 6 nəfəri isə magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirdilər. Hazırda dövlət xəttilə Çində təhsil alan azərbaycanlı tələbələrin sayı 26 nəfərdir. Bu tələbələr Çinə gedərkən yalnız bir il xüsusi dil hazırlığı keçdikdən sonra tədris dili Çin dili olan proqramlarda təhsil alırlar. Çin universitetlərində təhsil almış 9 nəfər artıq məzun olmuşdur, onlardan 2 soydaşımız hazırda Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar müxtəlif vaxtlarda Azərbaycanın Pekindəki səfirliyində işləmişlər. İndi onlardan biri növbəti müddət üçün Pekindəki səfirliyimizdə diplomatik fəaliyyətini davam etdirir.

Qüvvədə olan müvafiq Saziş çərçivəsində Çin Xalq Respublikasının 13 nəfər vətəndaşı müxtəlif ixtisaslar üzrə Azərbaycan tərəfinin təqaüdləri hesabına respublikamızın ali məktəblərində ödənişsiz əsaslarla təhsil alır. Hazırda respublikamızda 228 nəfər Çin vətəndaşı təhsil alır ki, bunların böyük əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsidir. Onlar Azərbaycan Dövlət Neft Akademiyası ilə Çin Neft Universiteti (13.06.2002), Çin Neft Korporasiyası (CİNOPEK, 09.06.2003) və Çin Milli Neft-Qaz Koorporasiyası (CNPC, 23.08.2004) arasında əməkdaşlıq və kadr hazırlığı barədə imzalanmış müqavilələr çərçivəsində təhsil alanlardır.

ÇXR ilə əməkdaşlıq əlaqələrinin davamlılığının təmin edilməsi istiqamətində “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında yeni Saziş layihəsi hazırlanmışdır.

Çinlə əməkdaşlıq əlaqələri bir sıra digər sahələri də əhatə etmişdir. Belə ki, 2001-ci ildə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə qrant kimi 300 kompüter dəsti ayrılmış, Azərbaycanın müxtəlif regionlarındakı orta məktəblərdə 35 kompüter sinfi yaradılmışdır.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 1997-ci ildən Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması ÇXR-in Azərbaycandakı Səfirliyinin kadr və texniki dəstəyi nəticəsində mümkün olmuşdur.

Azərbaycanın ərəb ölkələri arasında təhsil sahəsində geniş əməkdaşlıq etdiyi ölkələrdən biri Misir Ərəb Respublikasıdır. Qədim tarixi köklərə malik olan Azərbaycan – Misir əlaqələri digər sahələrdə olduğu kimi, indi təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. 1993/94-cü tədris ilindən başlayaraq bu ölkə ilə ikitərəfli tələbə mübadiləsi həyata keçirilir. Həmin ölkənin ali məktəblərində təhsil almaq üçün hər il qarşı tərəf Azərbaycana təqaüdlər ayırır. 2009-cu ilin sonuna olan məlumata görə, Misirin aparıcı ali məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə 21 nəfər tələbə təhsil alır. Bu tələbələr Misirin tanınmış ali məktəbləri olan Qahirə və Aynu-Şəms universitetlərində əsasən iqtisadiyyat, kommersiya, hüquq, ərəb dili və ədəbiyyatı, islam tarixi və sair ixtisaslar üzrə təhsil alırlar.

Misir tərəfinin qaydalarına görə, ixtisasdan asılı olaraq, tələbələr ərəb və ingilis dillərində təhsil ala bilərlər. Əgər müvafiq ixtisas üzrə ingilis dilində tədris mövcuddursa, onda ali məktəbin tələblərinə uyğun olaraq tələbələr müvafiq olaraq ingilis dili üzrə hazırlıq səviyyəsi barədə sənəd təqdim etməklə bu dildə təhsil hüququnu qazana bilərlər.

Hazırda Misir universitetlərini bitirmiş çoxlu sayda məzunlarımız müxtəlif strukturlarda, dövlət və özəl qurumlarda çalışırlar. Bu məzunlar yüksək səviyyəli mütəxəssislər olmaqla yanaşı, həm də ərəb dilini mükəmməl bilirlər.

İki ölkə arasında imzalanmış İqtisadi, Texniki və Elmi Əməkdaşlıq haqqında Sazişə uyğun olaraq İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Azərbaycan-Misir Dövlətlərarası Birgə Komissiyası yaradılmışdır. Komissiyanın birinci iclası 2002-ci ilin oktyabrında Bakı şəhərində keçirilmiş və protokolda humanitar sahədə, xüsusilə, təhsil sahəsində əməkdaşlığa geniş yer verilmişdir. Bu da iki ölkənin Təhsil Nazirlikləri, habelə tədris müəssisələri arasında yeni əlaqələrin qurulmasına əsaslı zəmin yaratmışdır.

Misir Ərəb Respublikası ilə təhsil əlaqələri müxtəlif mübadilə proqramlarının reallaşdırılmasını nəzərdə tutur. Bu proqramlar həm tam ali təhsil, həm qısamüddətli dil kursları üçün tələbə mübadiləsi, həm də ali məktəb müəllimlərinin ixtisasartırma təlimlərini əhatə edir.

2002-ci ildə MƏR-in MDB ölkələri üzrə Texniki Əməkdaşlıq Fondunun yardımı çərçivəsində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində ərəb dilini tədris edən 15 müəllim və ərəb dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 25 tələbə Qahirə şəhərində təşkil olunmuş ərəb dili kurslarında iştirak etmişdir. Qarşı tərəf bütün maliyyə xərcləri öz hesabına olmaq şərtilə üç müəllimini ərəb dilini tədris etmək üçün dörd il müddətinə respublikamızın ərəb dili tədris olunan ali və orta ixtisas məktəblərinə göndərmişdi. Bu sahədə qarşılıqlı əməkdaşlıq hər il olmaqla bu gün də davam etməkdədir.

Əməkdaşlıq əlaqələri təkcə tələbə-müəllim mübadiləsi ilə bitmir. Ölkə universitetləri arasında da birbaşa əlaqələr mövcuddur. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti ilə Misir Ərəb Respublikasının aparıcı ali məktəbləri arasında mövcud olan müqavilələr çoxşaxəli əməkdaşlığın bariz nümunəsidir.

Əməkdaşlıq proqramları çərçivəsində rəsmi dəvətlər əsasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də həyata keçirilir. Böyük uğurla nəticələnmiş səfərlərdən biri 2005-ci il 18-23 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Misir Ərəb Respublikasına rəsmi səfəri olmuşdur. Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Protokol, o cümlədən, Misirin Qahirə, İsgəndəriyyə və Helnan universitetləri ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti arasında birbaşa əməkdaşlıq Protokolları imzalanmış və bununla da Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasının ali məktəbləri arasında genişmiqyaslı birbaşa əlaqələrin əsası qoyulmuşdur.

2005-ci ilin oktyabrında MƏR-in Ali Təhsil və Elmi-Tədqiqatlar Nazirliyinin nümayəndə heyəti Bakıda, dekabr ayında isə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti Misirdə işgüzar səfərdə olmuşdur. Səfərlər zamanı Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialının açılmasının detalları müzakirə edilmiş və müzakirələrin nəticəsi olaraq tərəflər arasında ilkin razılaşma imzalanmışdır.

İmzalanmış Əməkdaşlıq Proqramının icrası çərçivəsində ilk dəfə olaraq Misir Ərəb Respublikası vətəndaşlarının Azərbaycan tərəfinin təqaüdləri hesabına ali məktəblərimizdə təhsilə başlaması reallaşmışdır. Misirin müxtəlif universitetlərinin bakalavr və magistr pillələrini bitirmiş 22 nəfər tələbə təhsillərini növbəti pillələrdə Azərbaycanda davam etdirməyə başlamışlar. Hazırda onlardan bir hissəsi təhsillərini tamamlayaraq Misirə qayıtmış, digər hissəsi isə doktorantura pilləsində təhsil almaqdadırlar.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində həm məzmun, həm də miqyas baxımından Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Azərbaycan ABŞ-ın qeyri-hökumət təşkilatlarının “Azadlığın dəstəklənməsi aktı” çərsivəsində həyata keçirdiyi müxtəlif təhsil proqramlarında fəal iştirak edir. ABŞ-ın təhsil və mübadilə proqramları əsasən aşağıdakı nüfuzlu qeyri-hökumət təşkilatları – ACTR/ACCELS (Təhsil və Dillər Öyrənilməsi üzrə Amerika Əməkdaşlıq Şurası/Beynəlxalq Təhsil üzrə Amerika Şuraları), İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr üzrə Şura), Project Harmony və Beynəlxalq Sülh Korpusu tərəfindən idarə olunmuşdur və hazırda da əməkdaşlıq davam etdirilir.

2001-ci ildə ACCELS-in prezidenti professor Den Devidsonun rəhbərliyi ilə ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri olmuş, Təhsil Nazirliyində keçirilən görüşlərdə ACCELS-in Azərbaycanda fəaliyyəti və gələcək əməkdaşlığın istiqamətləri müəyyən olunmuşdur. Bu səfərin uğurlu nəticəsi kimi 2001-ci ilin iyununda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ACCELS arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazişə əsasən çoxsaylı mübadilə proqramları həyata keçirilmişdir və bu barədə daha ətraflı beynəlxalq təşkilatlarla bağlı yazıda məlumat veriləcəkdir.

ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilən Fulbright proqramı alimlər, tədqiqatçılar və ali məktəb müəllimləri üçün nəzərdə tutulmuş qarşılıqlı mübadilə proqramıdır. Yəni proqram təqaüdçüləri olan Azərbaycan mütəxəssisləri Amerika Birləşmiş Ştatlarında, amerikalı mütəxəssislər isə Azərbaycanda 3 aydan 10 aya qədər müddət ərzində tədqiqat aparmaq üçün qarşı tərəfin ali məktəblərinə göndərilirlər. Proqram biznes və maliyyə, iqtisadiyyat, kitabxanaçılıq, siyasi elmlər, biznesin idarə olunması, kompüter sistemləri, təhsilin idarə olunması, biologiya və ətraf mühit elmləri, ictimai idarəetmə, sosiologiya, antropologiya, kimya, riyaziyyat, o cümlədən incəsənətin müxtəlif sahələrini əhatə edən 48 istiqamət üzrə ixtisaslaşmış mütəxəssislərə qarşı tərəfin ali məktəblərində tədqiqat aparmaq üçün geniş imkanlar açır. Proqram çərçivəsində 50-dən çox azərbaycanlı mütəxəssis ABŞ-da, həmin sayda amerikalı mütəxəssis Azərbaycanda təcrübə mübadiləsində olmuşdur.

Eyni zamanda, 2008-ci ilin iyununda ABŞ Dövlət Katibinin müavini xanım Qoli Amerinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan vermişdir. Belə ki, bu Sazişin 4-cü maddəsində xaricdə təhsil üzrə Dövlət Proqramının həyata keçirilməsi üçün magistr pilləsi üzrə Azərbaycan gənclərinin ABŞ-da təhsil alması məqsədi ilə Fulbright Proqramı çərçivəsində əməkdaşlıq öz əksini tapmışdır. Qeyd olunan Sazişə əsasən Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin 2009/2010-cu tədris ilində 4 nəfər magistr təhsili almaq üçün ABŞ-a göndərilmişdir. Növbəti 2010-2011-ci dərs ili üçün müsabiqə elan olunmuş, seçim nəticəsində daha 6 nəfərin ABŞ-ın ən nüfuzlu universitetlərində təhsil alması barədə qərar qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, indiyədək ACCELS, İREX təşkilatlarının həyata keçirdiyi və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təhsil mübadilə proqramları çərçivəsində artıq 2500-dən artıq Azərbaycan vətəndaşı ABŞ-da təhsil almiş, tədqiqatlar aparmış, yaxud ixtisasartırmadan keçirmişdir.

Azərbaycanla Yaponiya arasında siyasi və iqtisadi münasibətlərin inkişafında əsas dönüş 1998-ci ilin fevralında Azərbaysan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfərindən sonra başlanmışdır. İndiyədək iki ölkənin Təhsil Nazirlikləri arasında əməkdaşlıq haqqında hər hansı bir razılaşma mövcud olmasa da, bilavasitə Yaponiya hökuməti və ya qeyri-hökumət qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində çox uğurlu əməkdaşlığa və faydalı nəticələrə nail olunmuşdur. Təhsillə bağlı olan bu layihələri strukturuna görə üç yerə bölmək olar:

1.Təhsil müəssisələrinin, xüsusilə məktəblərin tikintisi və ya təmiri.

2.Təhsilə yardım layihələri.

3.Tələbə və müəllim mübadiləsi proqramları.

2002-ci ildən başlayaraq Yaponiya Fondu tərəfindən maliyyələşdirilən “Orta məktəb müəllimləri üçün tədris səfəri proqramı” çərçivəsində hər il bir neçə müəllim Yaponiyaya getmək imkanı qazanır. Proqramın əsas məqsədi orta məktəb müəllimlərinin Yaponiyanın təhsil sistemi, mədəniyyəti və cəmiyyəti ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır. Proqramda orta məktəblərin sosial elmlər, tarix, coğrafiya, iqtisadiyyat fənləri üzrə dərs deyən və ingilis dilini bilən, ən azı üç il iş təcrübəsi olan müəllimləri iştirak edirlər.

2006-cı ildə Azərbaycan tərəfinə “Yaponiya-Qafqaz gənclərinin dostluq proqramı” çərçivəsində təhsilin idarə olunması üzrə mübadilə proqramı təklif olundu. Bu proqram Yaponiya hökumətinin tapşırığı ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (CİCA) tərəfindən Cənubi-Qafqaz ölkələrində insan resurslarının inkişafına dəstək və Yaponiya ilə bu region ölkələri arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə texniki yardım çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində iştirakçı ölkələrin gələcəkdə məsul vəzifələr tuta biləcək gəncləri 23 gün müddətinə öz peşə bacarıqlarını artırmaq, Yaponiya və yaponlarla əlaqələr qurmaq imkanlarını qazanmaq üçün bu ölkəyə dəvət olunurlar.

Yaponiyanın Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi layihələr əsasən bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən idarə olunur. Burada Yaponiya Səfirliyinin xüsusi təşəbbüskarlığı, Təhsil Nazirliyi ilə çox səmərəli və faydalı əməkdaşlığa həmişə hazır olduğunu nümayiş etdirməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyildir ki, 2002-2005-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Toşiyuki Fucivara “maarifçi səfir” kimi tanınmışdı. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də “Ot kökləri və insan təhlükəsizliyi” qrant layihəsi əsasında məktəb tikintisi və təmiri ilə bağlı layihələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin edə bilməsi ilə bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, həmin Layihə çərçivəsində Azərbaycanın regionlarında ümumilikdə 50-dək iəktəb tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda da hər il Yaponiya Hökumətinin qrantları hesabına Azərbaycanın regionlarında ən azı 3 məktəb əsaslı təmir və bərpa edilir.

Toşiyuki Fucivaranın bütövlükdə Azərbaycandakı fəaliyyəti təkcə Təhsil Nazirliyi və təhsil ictimaiyyəti tərəfindən deyil, Azərbaycan dövləti və onun rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə birgə fəaliyyətimiz 2005-ci ilin martından başlanmışdır. Təhsil Nazirliyi ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə təhsilinin İnkişaf layihəsinin hazırlanması üçün 12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının icra protokolu imzalanmışdır. İcra protokoluna əsasən 5 nəfərdən ibarət tədqiqat qrupu Azərbaycanda 93 texniki-peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etmiş, təhsil müəssisələrinin direktorları və mühəndis-pedaqoji heyəti ilə söhbətlər aparmış, müxtəlif ixtisaslar və kurslar üzrə təhsil alan 2681 şagirdlə sorğu keçirmişdir. Tədqiqat qrupu tərəfindən hazırlanmış hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim edilmişdir. Hesabatda texniki-peşə təhsilinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə olan problemlər və çətinliklər öz əksini tapmış, sahənin inkişafı üçün təkliflər verilmişdir.

2009-cu ilin mayında Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada səfərdə olmuş, bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi, Tokio Milli Texnologiya Kolleci, Yaponiya Fondu və Tokio Universitetində işçi görüşlər keçirmişdir. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması, eləcə də azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Yaponiyanın ali təhsil müəssisələrində təhsil alması və Yaponiya hökuməti tərəfindən azərbaycanlı gənclərin bu ölkədə təhsil alması məqsədi ilə qrantların ayrılması məsələləri müzakirə edilmişdir.

Tokio Universitetində aparılan qarşılıqlı fikir mübadiləsi zamanı ali təhsil müəssisələrinin maliyyələşdirilməsi, təhsilin məzmunu, ali məktəblərin idarə olunması və tələbə qəbulu, tələbələrin biliklərinin qiymətləndirilməsi və universitetlərin reytinqinin müəyyənləşdirilməsi sistemi ilə bağlı məsələlər müzakirə olunmuş, eyni zamanda azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Tokio Universitetində təhsil alması, yapon gənclərinin ölkəmizin ali təhsil müəssisələrində azərbaycanşünaslıq üzrə təhsil proqramlarında iştirakı, müəllim və tədqiqatçı mübadiləsi, eləcə də İKT sahəsində Azərbaycan universitetləri ilə birbaşa əməkdaşlığın həyata keçirilməsi imkanları nəzərdən keçirilmişdir.

Səfər çərçivəsində Azərbaycanla Yapon Fondu arasında gələcək əməkdaşlığın qurulması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdü. Qeyd etmək lazımdır ki, 1972-ci ildə Yaponiyanın Xarici İşlər Nazirliyi nəzdində yaradılmış və 2003-cü ildən müstəqil fəaliyyətə başlamış Yapon Fondu dünyada beynəlxalq mədəni mübadilə sahəsində müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində geniş fəaliyyət göstərən ictimai təşkilatdır. Təşkilat Yaponiya dövləti tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi 1.1 milyard ABŞ dolları həcmindədir. Yapon dilinin, mədəniyyətinin və iqtisadiyyatının öyrənilməsi ilə bağlı beynəlxalq layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi Fondun əsas fəaliyyət istiqamətini təşkil edir.

Görüş zamanı Təhsil Nazirliyi ilə Yapon Fondu arasında Fondun dəstəyi ilə Azərbaycan-Yaponiya qardaşlaşmış məktəblər şəbəkəsinin yaradılması və Azərbaycan məktəblərində yapon dilinin tədrisinin təşkilinə ekspert yardımının edilməsi, Yaponiyanın mədəniyyəti və iqtisadiyyatının öyrənilməsi məqsədi ilə bu ölkə tərəfindən təqaüdlərin ayrılması, eləcə də Fondun nəzdində fəaliyyət göstərən təlim mərkəzlərində azərbaycanlı müəllimlərin ixtisasartırma kurslarında iştirak etməsi barədə razılıq əldə olunmuşdur.

Səfərin nəticəsi olaraq Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:

1. Yaponiyanın ali təhsil və elmi tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətləri nəzərə alaraq bu ölkə ilə müvafiq istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi;

2. Yaponiyada təhsilin keyfiyyət baxımından yüksək olduğunu nəzərə alaraq İKT, yüksək texnologiyalar, iqtisadiyyat və elektronika sahələrində daha çox sayda azərbaycanlı tələbə və tədqiqatçıların həmin ölkədə təhsil alması imkanlarının artırılması məqsədilə müvafiq ali təhsil müəssisələrində ingilis və yapon dillərinin akademik səviyyədə öyrədilməsi istiqamətində xüsusi tədbirlərin görülməsi;

3. Yapon Fondunun Yaponiyanın akademik mühitində nüfuzunu nəzərə alaraq xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində, eləcə də yapon dili, mədəniyyəti və iqtisadiyyatı üzrə Azərbaycan gənclərinin Yaponiyada təhsil almaq imkanlarının artırılması məqsədilə bu qurumla əməkdaşlığın genişləndirilməsi;

4. Azərbaycanla Yaponiya arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasını sürətləndirmək və bu ölkə ilə təhsil sahəsində konkret tədbirlər planı hazırlamaq məqsədilə yapon ekspertlərinin ölkəmizə dəvət edilərək Azərbaycan təhsil sistemi ilə daha yaxından tanış olmasının təmin edilməsi;

5. Texniki-peşə təhsili sahəsində Yaponiyanın əldə etdiyi uğurları nəzərə alaraq ölkəmizdə bu sahədə aparılan islahatlar prosesində həmin ölkənin təcrübəsinin öyrənilərək tətbiq olunması.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 12 dekabr.- S.10-11.