Musiqi sevdasıyla yaşanan ömür

 

GÖRKƏMLİ BƏSTƏKAR SEVDA İBRAHİMOVANIN HƏYAT VƏ YARADICILIQ YOLU HAQQINDA QEYDLƏR

 

Ziyalı olmaq – böyük şərəfdir. Ziyalı olmaq – böyük məsuliyyətdir. Mən fəxr edirəm ki, dövrümüzün ən ziyalı, mədəni, istedadlı və təvazökar xanımlarından biri – bəstəkar Sevda İbrahimovanın müasiriyəm. Sevda xanım Azərbaycanın xalq artisti və professordur, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və pedaqoji hazırlıq” kafedrasının müdiridir. Lakin o ilk növbədə bəstəkar və ziyalıdır. Bu da təsadüfi deyil: onun atası – xalq yazıçısı və ictimai xadim, milli dəyərlərimizin təəssübkeşlərindən biri Mirzə İbrahimov, anası Sara xanım isə məşhur tarzən Qurban Pirimovun qızı, fortepiano üzrə ilk ali təhsil alan qadınlardan biri olub. Musiqiyə olan həvəs S.İbrahimovanı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbinə gətirib. Bu məktəbi fortepiano üzrə bitirən gələcək bəstəkar Konservatoriyaya daxil olur və 1962-ci ildə oranı fortepiano (M.Brennerin sinfi üzrə), 1964-cü ildə isə bəstəkarlıq üzrə bitirir. O, dahi Qara Qarayevin bəstəkarlıq sinfinin yetirmələrindəndir və özünün bir şəxsiyyət kimi formalaşmasında ailəsi ilə yanaşı həmişə dahi bəstəkar Q.Qarayevin də böyük rola malik olduğunu qeyd edir.

Sevda xanımın konservatoriyanı iki ixtisas üzrə bitirməsi bəstəkarlıq işində onun qarşısında böyük imkanlar yaratmışdı. Belə ki, S. İbrahimovanın konservatoriyada yazdığı buraxılış işi – fortepiano və simfonik orkestr üçün “Poema” müəllimi tərəfindən yüksək qiymətləndirilmiş və 1965-ci ildə Bakıda keçirilən ilk “Zaqafqaziya baharı” musiqi festivalında müəllif və simfonik orkestrin ifasında böyük müvəffəqiyyət qazanmışdı. Ümumiyyətlə, fortepiano bəstəkarın sevimli musiqi aləti kimi, bütün yaradıcılığı boyu onun diqqət mərkəzində olub. S. İbrahimova fortepiano ilə simfonik və kamera orkestrləri üçün 3 konsert, “Konsertino”, “Etüdlər”, “Uşaq lövhələri”, “24 Əhval-ruhiyyə” (“Prelüdlər”) fortepiano əsərlərinin müəllifidir.

Lakin bəstəkarın yaradıcılıq fəaliyyəti təkcə bu alət üçün yazılmış əsərlərlə məhdudlaşmır. O, Tələt Əyyubov librettosuna “Həqiqət üzüyü” (1970), Hikmət Ziyanın librettosuna isə “Nənəmin nəğməli nağılları” (1983) operalarını, “Çal, oyna” musiqili nağılını, bir sıra dram tamaşalarına və sənədli filmlərə musiqilər yazıb. Bəstəkarın “Nənəmin nağılları” operası Azərbaycanın hüdudlarını aşaraq 1985 ildə Səmərqənd Dövlət Opera və Balet teatrında səhnəyə qoyulub.

S.İbrahimova yaradıcılığının ən parlaq səhifələrindən biri, sözsüz ki, onun babası Qurban Pirimovla bağlıdır. O, görkəmli tarzənə həsr edilmiş bir neçə əsərin müəllifidir. Q.Pirimovun 100 illiyinə həsr etdiyi “Xatirə” poeması tar və kamera orkestri üçün nəzərdə tutulub. Bu əsər gözəl tarzən, xalq artisti Ramiz Quliyevin ifasında tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Unudulmaz tar ustası ilə bağlı digər nümunə 2000-ci ildə yazılmış tar, solistlər və kamera orkestri üçün “Qurbansız qalmış tarım” əsəridir. Tarzən Vüsal İskəndərzadə, əməkdar artistlər Fidan Hacıyeva, Həsən Enami və Dövlət Kamera Orkestrinin (dirijor xalq artisti T. Göyçayev) ifasında səslənmiş əsər son dərəcə lirik, yaddaqalan melodiyalara əsaslanaraq, dinləyicilərin xəyalında qocaman tarzənin nurani obrazını canlandırır. Q. Pirimovun 125 illik yubileyi ilə bağlı olan “Oda” (2005) tar, kamera orkestri və səs üçün nəzərdə tutulub. Göründüyü kimi, bəstəkar məşhur babasına həsr etdiyi hər üç əsərdə tar alətinin ecazkar səslənməsindən istifadə edərək onun xatirəsini yad edib.

Bəstəkarın digər əsərində tar və kamera orkestri üçün nəzərdə tutulan “Sənin üçün darıxıram, Şuşa” (1999) onun bir vətənpərvər insan kimi keçirdiyi bütün hisslər, Şuşa, Qarabağ həsrəti tərənnüm olunur. Azərbaycan xalqını düşündürən, onu sarsıdan hadisələr S. İbrahimovanın musiqisində də öz inikasını tapıb. O 1990-ci ildə Yanvar faciəsinin təsiri altında M.Dilbazi və M.İbrahimovun sözlərinə “Vətən şəhidlərinə” adlı kantatasını, 1999-cu ildə tarzən R.Quliyev və kamera orkestri tərəfindən parlaq şəkildə ifa edilmiş “Sənin üçün darıxıram, Şuşa”, 2007-ci ildə isə tar və kamera orkestri üçün “Qarabağnamə” adlı konsertini yazıb.    

Ümumiyyətlə, Sevda xanımın təmkinli, lakin çox emosional bir insan olması onun musiqisində də öz əksini tapır. Sevda İbrahimovanın bütün əsərlərini duyğusallıq və lirizm səciyyələndirir. Burada ifadəli və həzin melodiya hökm sürür. Bu sözləri tam olaraq bəstəkarın kamera-vokal yaradıcılığına da şamil etmək mümkündür. S. İbrahimova 100-ə yaxın mahnı və romansın müəllifidir. Onun müraciət etdiyi şairlər arasında Aşıq Ələsgər, M. İbrahimov, N. Rəfibəyli, H. Billuri, M. Dilbazi, N. Həsənzadənin və bir çox başqalarının adlarını çəkmək olar. Bu sıraya nəzər saldıqda aydın olur ki, Sevda xanım ədəbiyyatımızın seçmə isimlərinin poeziyasına müraciət edərək, öz poetik zöqünü bir daha nümayiş edir. Onun “Qız, səni gəlin olasan”, “Sən məni yad et”, “Amandı”, “İncimərəm”, “Səni düşünürəm”, “Bəxtimin ulduzusan” və digər mahnıları Azərbaycanın ən məşhur müğənnilərindən Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora Kərimova, Əli Haqverdiyev, Rauf Adıgözəlov, Akif İslamzadə və bir çox başqa tanınmış müğənnilərin repertuarını bəzəyib.

Bəstəkar həmçinin çoxlu sayda sonetlərin (ümumiyyətlə, Azərbaycanda bu janrda işləyən ilk bəstəkar Sevda xanım olmuşdur), o cümlədən Adil Babayevin sözlərinə “Getdin”, “Bir dəfə gəlirik bu dünyaya biz”, “Məhəbbət ürəyimdədir”, “Sənin səadətin” əsərlərinin müəllifidir. Onun Nəbi Xəzrinin sözlərinə yazdığı “Dəniz, göy, məhəbbət” vokal silsiləsi xalq artistləri, müğənni Rauf Atakişiyev və pianoçu Zöhrab Adıgözəlzadə tərəfindən ifa olunaraq lentə yazılıb.

Bu günlərdə başa çatmış Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyilə bağlı Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konsertində S. İbrahimovanın yeni, fortepiano və simfonik orkestr üçün sayca 4-cü konsertinin premyerası böyük uğurla keçib. Bu birhissəli əsərdə sanki bəstəkarın bütün həyatı dinləyicilərin gözü önündən keçir, onun ən dərin və səmimi hissləri musiqi vasitəsilə ifadə edilir. Əməkdar artist Murad Adıgözəlzadə və Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) səslənməsində konsert virtuoz fortepiano partiyası və dərin lirik əhval-ruhiyyəsi ilə yadda qaldı.

S.İbrahimovanın yaradıcılıq yoluna nəzər saldıqda onun fəaliyyətinin ən vacib sahələrindən birini qeyd etməmək mümkün deyil. Sevda xanım uzun illərdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və pedaqoji hazırlıq” kafedrasının müdiri vəzifəsində işləyir. Tam əminliklə demək olar ki, o təkcə bəstəkar kimi deyil, qayğıkeş və vicdanlı müəllim, gözəl təşkilatçı kimi bütün kollektivin, o cümlədən çoxsaylı tələbələrin məhəbbətini qazanıb. Onun dərs otağı həmişə tələbələr, yanına gələn müəllim həmkarları ilə dolu olur. Və hamı üçün Sevda xanım mehriban bir söz, dəyərli məsləhət, keçən konsert haqda təəssüratla bölüşmək üçün vaxt tapır. Onun dərs otağından çıxan hər bir kəsin çöhrəsində Sevda İbrahimova xeyirxahlığından bir pay olur.

Əlbəttə, bir məqalə çərçivəsində bəstəkarın keçdiyi həyat və yaradıcılıq yolu haqda kifayət qədər ətraflı, dolğun fikir söyləmək mümkün deyil. Bunun üçün böyük tədqiqatlar, kitabların yazılması lazımdır. S.İbrahimova yaradıcılığı musiqinin simfonik, opera, vokal, kamera-instrumental, fortepiano musiqisi sahəsində tədqiqatlar aparmaq üçün zəngin bir sahəni təşkil edir. Ümidvarıq ki, Sevda xanım bundan sonra da öz yaradıcılığının tədqiqatçıları üçün töhfələr verərək, yeni-yeni əsərlər yaradacaq, öz istedadının yeni çalarları ilə musiqisevərləri sevindirəcək.

...Bazar ertəsidir. Sevda İbrahimovanın dərs otağının yanından keçirəm. Musiqi sədaları eşidilir – Sevda xanım tələbələrlə və gənc musiqiçilərlə məşğul olur. Onun sakit səsi musiqi sədaları fonunda eşidilməsə də, bilirəm – təcrübəli müəllim və gözəl insan Sevda İbrahimovanın konkret, səmimi göstərişləri mütləq yerinə yetiriləcək. Bu yazını bir mahnının sözləri ilə bitirmək istərdim – “Belə ola həmişə!”

 

 

C.MAHMUDOVA,

Bakı Musiqi Akademiyasının professoru

 

525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.