Yazıçılar Birliyinin 75 illiyi ilə bağlı tədbirlərə
start verilib
DÜNYANIN BİR ÇOX ÖLKƏSİNDƏN
TANINMIŞ ƏDƏBİYYAT XADİMLƏRİ AYB-nin YUBİLEY TƏDBİRLƏRİNƏ
QATILMAQ ÜÇÜN BAKIYA GƏLİB
Dünən Yazıçılar Birliyində (AYB) sözügedən qurumun və onun ədəbi orqanı “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə, eləcə də III Beynəlxalq Yazıçılar Forumunun Bakı toplantısına həsr olunan mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu ölkə başçısı İlham Əliyevin 18 may 2009 il tarixli sərəncamına əsasən qurumun və “Ədəbiyyat qəxzeti”nin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Ə.Əsgəroğlu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi və yubiley tədbirlərinə hazırlıqla bağlı Birliyin fəaliyyəti dövründə quruma rəhbərlik edən yazıçı və şairlərin, ədəbiyyatımızı zənnginləşdirən qələm sahiblərinin həyat və fəaliyyəti haqqında dərgilər, AYB-nin saytına yeni internet portalının əlavəsi, rus dilində üçcildlik Azərbaycan poeziyası antologiyasının hazırlanması və bir sıra məsələlərin artıq həllini tapdığını deyib.
AYB-nin sədri, xalq yazıçısı Anar yubiley ərəfəsində “Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar Forumunun Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Dünyanın bir çox ölkəsindən tanınmış ədəbiyyat nümayəndələri bu toplantıda təmsil olunur”. Birliyin sədri Rusiyadan Yuri Pompeyev, Alla Axundova, Aleksandr Ebonoidze, Türkiyədən Ataol Bəhramoğlu, Əli Akbaş, Çingiz Bektaş, Ukraynadan İvan Draç, Boris Oleynik, Qazaxıstandan Oljas Süleymenov, Nurlan Qrazalin və başqa tanınmış ədəbiyyat xadimlərinin tədbirə dəvət olunduğunu nəzərə çatdırıb. Xalq yazıçısı yubileylə əlaqədar Bakıda “Park İNN” otelində “Sərhədsiz söz” forumunun, M.Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsinin, Gənc Tamaşaçılar Teatrında təntənəli tədbirin keçiriləcəyini diqqətə çatdırıb.
Sonra AYB sədri mətbuat nümayəndələrinin suallarını cavablandıraraq onları maraqlandıran müxtəlif məsələlərə aydınlıq gətirib.
Artıq xaricdən 43 tanınmış yazıçı və şairin yubiley mərasimlərində iştirak üçün Bakıya gəldiyini deyən sədr təkcə Türkiyədən 15 müxtəlif təmayüllü yazıçı və şairin dəvət olunduğunu bildirib.
Birliyin rəhbəri sualları cavablandırarkən çağdaş dövrümüzdə təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada kitaba marağın azaldığını vurğulayıb: “Kitaba marağın azalmasının səbəbləri insanların daha çox internetdən istifadə etməsi, kitab almağa maddi imkanlarının çatmaması, daha çox əyləncə xarakterli nəşrlər oxumasıdır. Bütün bu səbəblər küll halında təkcə Azərbaycanda deyil, bütün dünyada kitabların tirajlarının azalmasına gətirib çıxarıb. Amma bir məsələni deyim ki, Yazıçılar Birliyinin nəzdində “Bayatı” kitab mağazası açılandan orada əsasən cavan yazıçıların imza günü keçirilir. Həmin tədbirlərdə 70, 100, 120 kitabın satıldığının şahidi oluruq. Deməli, təbliğat işi çox önəmlidir. Biz də əlimizdən gələn qədər təbliğat işini genişləndirməyə çalışırıq. Gələcəkdə Bakıda daha çox kitab mağazaları olarsa, televiziyalar kitabı təbliğ edərsə, daha çox imza günləri keçirilərsə, yəqin ki, ədəbiyyata maraq müəyyən dərəcədə arta bilər”.
“Yubileylə
bağlı yazıçılar
təltif olunacaqlarmı”
sualını cavablandıran
xalq yazıçısı
fikrini özünəməxsus
yumorla davam etdirib: “Mən yazıçıyam, yazıçılara
da hörmət edirəm. Amma bu yazıçıların
bir xasiyyəti var ki, 5 nəfər
təltif olunanda 15 nəfər , 15 nəfər
təltif olunanda 45 nəfər, 45 nəfər
təltif olununda 550 nəfər narazı qalır. Ona görə də fikirləşdik ki, heç olmasa yubileydə narazılıqlar
baş verməsin. Fərdi şəkildə
yubileylər keçiriləndə,
yəqin ki, təltiflər də olacaq”.
Birliyin fəaliyyətinin
sədr kimi onu nə dərəcədə
qane etməsi ilə bağlı sualın cavabında xalq yazıçısı
rəhbərlik etdiyi qurumun 1500-dək üzvünün
olmasından narahatlığını
gizlətməyib: “Mən
də sədr kimi, əlbəttə, narazıyam ki, bu qədər üzvümüz var. Amma
elə adamlardan zəmanət gətiriblər
ki, həmin rəylərə görə
hörmət etməli
olmuşuq, təsadüfi
faktlar da olub, mən bunu danmıram və bunu qurumun
nöqsanı hesab edirəm. Birliyin fəaliyyətinin bizi qane edib-etməməsi məsələsinə gəldikdə
onu deyim ki, heç bir şey dünyada
insanı tam qane edə bilməz.
Hər şeyi daha yaxşı, daha təkmil etmək olar”. Yazıçılar Birliyinin
ictimai təşkilat olduğunu deyən Anar ölkə üçün taleyüklü
məsələlərdə AYB-nin həmişə ön cərgədə olduğunu nəzərə
çatdırıb: “Xüsusilə
Qarabağ məsələləri
başlayandan sonra Moskvaya, Qorbaçova bir neçə dəfə etiraz məktubunu ilk olaraq biz yazmışıq.
20 Yanvar hadisələrində,
Xocalı faciəsi haqqında və bir sıra taleyüklü
məsələlərdə də birlik öz mövqeyini ortaya qoyub, millətin
yanında olub. Azadlıq meydanına gedən yol da Yazıçılar Birliyindən başlayıb.
Birlik xalq hərəkatının ön
cərgəsində olub.
Ona görə o vaxt Yazıçılar
Birliyi bu işlərə qarışırdı
ki, onda heç bir siyasi partiya yox idi. İndi
o qədər siyasi partiya, o qədər ictimai təşkilat var ki, AYB yenə
də ölkənin taleyüklü məsələlərindən
yayınmadan daha çox yaradıcılıq
işlərinə önəm
verir”.
SARA
525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.