II Beynəlxalq
Nəsimi Elmi Konfransı başlayıb
Ötən gün Milli Elmlər Akademiyasında (AMEA) böyük
Azərbaycan şairi İmadəddin Nəsimiyə
həsr olunan II Beynəlxalq Elmi Konfransa start verilib. Konfransın rəsmi açılış mərasimində
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
İ. Nəsiminin tariximizdə
özünəməxsus yer
tutduğunu bildirib: “Azərbaycan xalqının
mədəniyyət tarixinə
İmadəddin Nəsiminin
adı qızıl hərflərlə yazılıb.
O, Azərbaycan dilinin saflığı uğrunda
mübarizə aparan görkəmli şairlərdəndir”.
Konfransın “Bakı İslam
Mədəniyyətinin Paytaxtı
– 2009” ili çərçivəsində
keçirildiyini deyən
nazir Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
İmadəddin Nəsiminin
türbəsinin bərpası,
yenidən qurulması,
orada Azərbaycan Mədəniyyət Mərkəzinin
yaradılması barədə
təkliflər hazırlandığını diqqətə çatdırıb:
“2008-ci ilin noyabrında
İmadəddin Nəsiminin
əbədi uyuduğu
Hələb şəhərində
böyük şairin
həyat və yaradıcılığına həsr
olunmuş I elmi konfrans keçirilib, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti,
onun bərpası istiqamətində azərbaycanlı
və suriyalı mütəxəssislərin əməkdaşlığı,
Hələb şəhərinin
memarlıq üslubu nəzərə alınmaqla,
kompleksin interyerində
Azərbaycan memarlıq
elementlərini əks
etdirən müəyyən
yenidənqurma və genişləndirmə işlərinin
aparılmasına dair ilkin
razılıq əldə
edilib. 2009-cu ildə
640 illik yubileyi qeyd olunan Nəsiminin
xatirəsinə həsr
olunmuş tədbirlər,
onun məqbərəsinin
yenidən qurulması
ilə bağlı görülən işlər
ölkə başçısı
İlham Əliyevin xüsusi tapşırığı
əsasında həyata
keçirilir”.
AMEA-nın prezidenti Mahmud Kərimov İ.Nəsiminin hər bir qəzəlilə insanın ürəyinə
yol tapmağa müvəffəq olduğunu
çıxışında önə
çəkib.
Suriyanın Hələb şəhər
qubernatorluğunun mədəniyyət
məsələləri üzrə
müavini Məhəmməd
Qəccə konfransda
“Sufiliyin şəhidi”
adlı məruzə ilə çıxış
edib. M.Qəccə
600 il ərzində qorunub saxlanılmış
böyük şairin
qəbrinin hər iki xalq üçün
əziz olduğunu və bu birləşdirici
amilin xalqlarımız
və dövlətlərimiz
arasında münasibətlərin
daha da gücləndirilməsinə
təkan verə biləcəyini qeyd edib.
“Varlıq”
dərgisinin redaktoru, professor Cavad Heyət Nəsimi yaradıcılığında sənətkarlıq məsələləri
barəsində danışıb.
Hələb vilayətinin
müftisi Mahmud Ökkəm məruzəsində
şairi “həqiqət
şəhidi” adlandırıb.
Günortadan sonra da davam etdirilən
konfransda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Nəsiminin dövrü barəsində, dövrün
şairin yaradıcılığına
göstərdiyi təsirdən
danışıb. Akademik Bəkir
Nəbiyev konfransda “Nəsimi qəzəlindəki
bir qədim qafiyə yuvasının izi ilə”, AMEA-nın müxbir üzvü Əliyar Səfərli “Nəsiminin
elmi tərcümeyi-halının
yazılması zərurəti
və nəsimişünaslığın
bəzi problemləri”
mövzusunda məruzələrlə
çıxış edib.
Hələb Universitetinin
professoru İsam Qəsəbçi çıxışında
Nəsimini Azərbaycanın
Həllac Mənsuru kimi səciyyələndirib.
Professor Gövhər Baxşəliyeva
Nəsiminin ərəb
dilində yazdığı
qəzəllərinin ideya-məzmun
və bədii-estetik xüsusiyyətlərindən bəhs
edib. İslam şərqində və Nəsimi şeirində musiqi mövzusundan isə AMEA-nın müxbir üzvü Rafael Hüseynov söz açıb.
Qeyd edək ki, konfrans
dekabrın 16-dək davam
edəcək və Nəsimi yaradıcılığına
müxtəlif baxışları
əks etdirən məruzə və araşdırmalar təqdim
olunacaq.
SARA
525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.