Musiqili Komediya Teatrının 100 yaşı qeyd olunub

 

Dövlət Musiqili Komediya Teatrında “100 yaşımız varadlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən teatrın direktoru Əliqismət Lalayev teatrın keçdiyi çətin, keşməkeşli yoldan danışıb: “Bir zamanlar burada işləməyə başlayan gənc aktyorlar hazırda teatrımızın korifey sənətkarlarıdır. İndi həmin korifeylər bugünün gənclərinə öz təcrübələrini öyrədirlər. Mən yaşlı nəslin nümayəndələrinə güvəndiyim qədər gənc aktyorlara da ümid bəsləyirəm”. Ə.Lalayev bu ildə qazanılan uğurlardan da danışdı: “Buraya yığışmaqda məqsədimiz həm 2009-cu ildəki yaradıcılığımız barədə hesabat verməkdir. Bu il bir sıra uğurlara imza atmışıq. Hazırladığımız tamaşalar xarici ölkələrdə nümayiş olunub”.

Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova teatr haqqında fikirlərini bölüşüb: “Bu müqəddəs məbədgah ən çətin sınaqlardan həmişə üzüağ çıxıb Azərbaycan mədəniyyətini yaşatmaqla yanaşı, həm dünyada tanıdıb”. Əslində bu gün gənclərin günüdür. Bu günün gənci, sabahın orta nəsli, gələcəyin korifeyidir. Teatrın foyesində korifey sənətkarlarımızın rəsmləri var. Bu teatrın inkişafı məhz həmin insanların adları ilə bağlıdır. Gənclər üçün bu görkəmli sənətkarlar çox böyük örnəkdir”. Bu fikirləri mərasimdə xalq artisti Afaq Bəşirqızı səsləndirib.

2009-cu ildəki yaradıcılıq uğurlarına görə bir qrup gənc aktyor fəxri fərmanlarla təltif edilib.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.