Yazarlar Tərcümeyi-halım
(sənədli roman- xatirə)
(Əvvəli olub)
(İxtisarla)
Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik.
Bir gün keçmiş
Kommunist, indiki İstiqlal küçəsi ilə gedirdim. Qəfildən
qara “Volqa” saxladı. Mənim sevimli müəllimlərimdən
biri, məşhur tənqidçi-alim maşından
düşdü. Binaya getmək istəyirdi. Qəfildən məni
gördü dayandı. Salamlaşdıq, dedi: “Bəs sənin
poemanı da yuxarılardan mənə rəyə vermişdilər.
Mən də yazdım. Gəl bir mənim yanıma...” Allah,
mıxlanıb yerimdə qaldım. Elə bil huşum
başımdan çıxdı. Bircə onu deyə bildim:
“...deməli Siz yazmısınız...” Elə bil ki, dediyinə
peşman oldu. Bəlkə də elə bilirmiş ki, mən
bilirəm. Tez içəri keçdi. Bir müddət
küçədə dayandım. Hara gedim, necə gedim? Bilmədim.
Keçib bağdakı skamyada oturdum: “Allah, dünyanın
sonumu çatıb? Mənim peyğəmbər bildiyim insan
yuxarının sifarişi ilə mənə xəyanət
edib?” Açıq-aşkar yazsaydı, heç bu qədər
təsir etməzdi. Deyərdim tənqidçidir, şəxsi
fikridir. Ancaq bu açıq-aydın qəsd idi. Ancaq bir təskinlik
də tapdım: “Gəl bir mənim yanıma...”
İnsandır də, nə etmək olar. Yəqin peşman
olub. Şübhəsiz kömək edəcək. Sözü
keçəndi. Yuxarılara da yaxındır... Evə gəldim,
heç kimə heç nə demədim. Əlim gəlmədi
ki, kitablarını kitab rəfindən, gözümün
qabağından götürüb dalda bir yerə qoyum. Həmin
gecə nələr çəkdiklərimi ancaq özüm
bilirəm...
Həmin günlərdə
Yazıçılar İttifaqının sədri Mirzə
İbrahimov məni yanına çağırıb dedi: “Get o
poemanın ikisini də mənə gətir.” Mən cavab
verdim: “Axı birinci çap olunub. Mübahisə ikincinin
üstündədir.” Dedi: “Eybi yoxdur, ikisini də oxumaq istəyirəm.
Bəri başdan şərt kəsirəm: bəyənsəm,
mütləq yuxarılarla danışıb çap etdirəcəyəm.
Bəyənməsəm, gərək məni
bağışlayasan.” Razılaşdım. Və dediyi kimi də
etdim. Həftələr keçdi, Mirzə müəllimdən
bir xəbər çıxmadı. Moskvada “Moskva”
mehmanxanasında Mirzə müəllimə rast gəldim.
Gülümsündü: “Poemalarını oxuya bilmədiyimə
görə səndən qaçırdım. Moskvada rast gəldin.
Qovluğu özümlə gətirmişəm.
İki-üç günə oxuyacağam. Zəngləşərik”.
Doğrudan da üçüncü günü zəng etdi. Məni
otağına çağırdı, hörmətlə
qarşıladı. Bir konyak butulkası da gətirib
açdı. Dedi ki, ürəyin buz kimi olsun, poemaların
xoşuma gəlib. Xırda qeydlərim var, düzəldərsən.
Gəl bir əlli-əlli konyak vuraq.
“Əlli-əlli vuraq” deyəndə
Mirzə müəllimlə bağlı bir lətifə
yadıma düşdü. Bunu Süleyman Rüstəm
danışmışdı. Məşhur şair Mixayıl
Svetlov, Süleyman Rüstəm və Mirzə İbrahimov qəlyanaltıya
girirlər. Mixayıl Svetlov deyir: “Mne s.p.” (yəni sto pyatdesyat
qram vodki), Süleyman Rüstəm irəli keçir: “Mne s.”
(yəni sto qram). Mirzə müəllim yaxınlaşır,
özünəməxsus mülayim səslə, sözləri
uzada-uzada deyir: “Mne p.” (yəni pyatdesyat qram). İndi də məni
“p”-yə, yəni əlli qrama qonaq edirdi. Sonra dedi ki, gələrsən
Bakıya, poemanın çapı məsələsini həll
edərik. Doğrusu son illər sevinməkdən də
qorxurdum. Ona görə də sadəcə olaraq təşəkkür
etdim. Şərtləşdik ki, ayın axırında
Bakıda görüşək.
Mən Moskvada “Sovetski
pisatel”də plana salınan həmin poemaların tərcüməsi
ilə bağlı işləri yarımçıq qoyub
Bakıya gəldim. Bir neçə gündən sonra Mirzə
müəllimlə görüşdüm. O mənə məsləhət
gördü ki, poemaları aparıb vaxtilə haqqında mənfi
rəy yazmış tənqidçi-alimə verim, bir də
oxusun. Mən etiraz etdim: “Mirzə müəllim, axı biz belə
danışmamışdıq...” O, üz vurdu. Sözündən
çıxmadım. Aparıb verdim...
Mirzə müəllimlə
aramızda çox yaxşı münasibətimiz vardı. Mənim
həm namizədlik, həm də doktorluq
dissertasiyalarımın rəhbəri olmuşdu. Ali Sovetin Rəyasət
Heyətinin sədri vəzifəsindən haqsız ittiham
olunub çıxarılanda, çoxları ondan üz
döndərəndə məni evində qəbul edir, saatlarla
buraxmırdı. Söhbət dissertasiya işindən xeyli kənara
çıxırdı. Hörmətli Sara xanımla birlikdə
toyumda da iştirak etmiş və qısa məclisimizin masabəyisi
olmuşdu. Müdafiədən sonra bizim köhnə mənzilimizdə
olarkən demişdi ki, Famili evləndirdik. Doktorluq müdafiə
etdi. Bir arzumuz qalır ki, onu bu köhnə mənzildən
çıxaraq. İş elə gətirdi ki, bu söhbətdən
heç bir ay keçməmiş Mirzə müəllim
Yazıçılar İttifaqının sədri
seçildi. Həmin söhbəti eşidən qohumlar, dostlar
məni təbrik etdi ki, mənzil məsələn həll
olunacaq. Ancaq 6-7 il keçdi. Mirzə müəllimdən xəbər
çıxmadı. Mən də vaxtilə dediyi sözləri-arzusunu
yadına salmadım. Fikirləşdim, deyəcək, bir
sözdür, ağzımdan çıxıb, indi gəlib
başıma qaxır. Ona görə də
yoldaşlarımdan təxminən on il sonra mənzil ala bildim.
Mirzə İbrahimov
böyük şəxsiyyət idi. Azərbaycan xalqı
tarixində onun özünəməxsus yeri vardır.
İmperiyanın qüvvətli vaxtında Azərbaycan dilinin
dövlət dili kimi işlədilməsi haqqında fərman
verdi. Böyük mənəvi zərbələrə məruz
qaldı. Mirzə müəllim vəzifədən
götürülən MK plenumu öz işini qurtaranda təsadüfən
mən o vaxtkı Dzerjinski klubunun yanından keçirdim.
Adamlar içəridən çıxırdı.
Gördüm Mirzə müəllim tək çıxdı.
Heç kim ona yaxın gəlib, ötürmək istəmədi.
Uzun illər mətbuat işində fədakarlıqla
çalışmış Nəsir İmanquliyevdən
başqa. O, Mirzə müəllimin qoluna girib evinə gətirdi.
Sonrakı günlərdə mən o evə gedəndə
telefonun elə hey susduğunun şahidi olurdum.
...Bəli, özümü
yenidən təhqir olunmuş hesab etsəm də, tənqidçi-alimin
yanına üçüncü dəfə getdim. Poemanı mənə
qaytardı. Dedi ki: “İndi yaxşıdır. İşləyib
düzəltmisən. Get mənim adımdan de, çap eləsinlər.”
Halbuki poemanın bir sözünü də dəyişməmişdim.
Ancaq bu dəfə tərifləyirdi...
Ümumiyyətlə, uzun illərin
həyat təcrübəsində belə bir qəti qənaətə
gəlmişəm: Həyatda yaltaqlara, ikiüzlülərə,
simasızlara, satqınlara, nadanlara, dələduzlara, yerlipərəstlərə,
dəstəbazlara, rüşvətxorlara qarşı
mübarizə aparmaq çətindir, bəlkə də
heç mümkün deyildir. Belələri çox qüvvətli
olur. Dərhal müdafiəçiləri tapılır.
Yazıq düzlər və təmizlər mübarizədə
həmişə tək qalırlar. Bir çox halda hələ
borclu da çıxırlar.
Bunların içərisində
ən qorxulusu və dəhşətlisi yerlipərəstlikdir.
Mən qəti əminəm ki, Azərbaycanı nə erməni
basqını, nə rus təcavüzü, nə qeyri
hücum yıxa bilməz. Onu yıxsa, ancaq və ancaq azərbaycanlılara
məxsus yerlipərəstlik yıxacaqdır. Əgər Azərbaycan
müstəqil bir dövlət kimi yaşamaq istəyirsə
bu xəstəlikdən birdəfəlik təmizlənməyə
çalışmalıdır.
Həyatda rast gəldiyim ən
böyük həqiqət Molla Pənah Vaqifin vaxtilə gəldiyi
nəticə ilə eynidir:
Mən cahan mülkündə
mütləq doğru halət görmədim!
Kommunist Partiyasının
üzvü olmuşam. Gənclik illərimdə ürəkdən
inanıb bu partiyanın üzvlüyünə qəbul
edilmişəm. Mən o vaxt partiyalığı fəallıq,
nümunəvilik, ictimai mühitə çıxmaq, kütlələrlə
sıx əlaqədə olmaq, xalqa kömək etmək, əliəyriliyə,
mənsəbpərəstliyə, təhqirə, təzyiqə
qarşı amansız mübarizə aparmaq üçün
imkanlılıq mənasında başa
düşürdüm. Düzünü deyim ki, işin siyasi
tərəfi məni o qədər də
düşündürmürdü. Bu inam məndə bir
müddət yaşadı. Ancaq özümdə
başqaları kimi mübarizələrdə zərbə
aldıqca, mühiti laqeyd gördükcə bu inam məndə
soyumağa başlayırdı. Xüsusilə cəmiyyətin
keçdiyi real yolu diqqətlə öyrəndikcə,
partiyanın, dövlətin əli ilə törədilən
cinayətlərlə, faciə və xəyanətlərlə
yaxından tanış olduqca həmin inam ölüb gedirdi.
Sonra elə vəziyyət yarandı ki, partiyaya çörək
ağacı kimi baxıldı. Partiyaya rüşvətlə
adam qəbul edilirdi.
Mən partiyada hər
şeyin qara rəngdə olduğunu desəm, qeyri-səmimi səslənər.
Haqq-ədalət tərəfdarına, vicdanlı partiya
işçilərinə də rast gəlmişəm. Amma mənim
ağlım kəsən illərdə ayrı-ayrı
istisnalar nəzərə alınmaqla, rəhbər partiya-sovet
işçiləri, hüquq mühafizə orqanı
işçiləri hamısı bu və ya digər dərəcədə
rüşvətxor olublar. Bəzən onları cəmiyyət,
mühit özü buna məcbur edib. 70-ci illərin
axırlarına yaxın belə təmizlərdən biri məni
Mərkəzi Komitəyə çağırdı. Xeyli
söhbət etdik. Söhbət əsnasında bildirdi ki,
respublikada sən bilavasitə jurnalistika ixtisası sahəsində
yeganə elmlər doktoru, professorsan. Ona görə də bizə
lazımsan. Səni Mərkəzi Komitəyə məsul
işə gətirmək istəyirik. Birinci ilə də
razılaşmışıq. Qəbuluna getməliyik. Bəri
başdan deyim ki, şəhərin mərkəzində ev
alacaqsan. Mərkəzi Komitənin üzvü olacaqsan.
Respublika Ali Sovetinə deputat seçiləcəksən.
Bağ evi, sanatoriya, xüsusi mağaza – bunlar da hamısı
olacaqdır. Mən vəzifənin adını deməyə
imkan vermədim. Dedim fikirləşər ki, bəlkə
böyük-kiçikliyinə görə... Qəti etiraz
etdim. Təşəkkürümü bildirdim: ” Mən partiya
işində işləmək istəmirəm.”
Onu da xatırlatdım ki, hələ
rayonda texnikumu qurtaranda məni Ağdam rayon komsomol komitəsinə
birinci katib qoymaq istəyirdilər. Raykomun birinci katibi
özü məni qəbul edib, məsləhət bilmişdi.
Səhərisi günü katibin qohumu Gülxar xalanı (allah
rəhmət eləsin) katibin yanına xahişə göndərtdim
ki, məni rayonda vəzifədə saxlamasın, oxumağa
getmək istəyirəm. Aradan bir neçə il keçəndən
sonra katib Bakıda bir məclisdə məni gördü.
Adamlara bildirdi ki, 30 il katiblik dövrümdə hamı vəzifəyə
gəlmək üçün yanıma adam göndərib. Vəzifəyə
qoymamaq üçün yalnız bircə xahiş olub ki, o da
Famil Mehdinin xahişi. Məsul şəxs
gülümsündü. Qayğı ilə bildirdi ki, indi daha
o dövr deyil. Mən məsləhət bilərdim. Hər
halda pis olmazdı. Bir daha təşəkkür edib otaqdan
çıxdım.
İki gündən sonra
dedilər universitetin rektoru, professor Faiq Bağırzadə səni
axtarır. Getdim yanına. Qəribəlikləri olsa da pis adam
deyildi. Mərkəzi Komitəyə işə dəvət
olunmağım barədə söz saldı. Dedim fikrimi
bildirmişəm. Dedi fikrini bildirsən də, onlar səndən
əllərini üzməyiblər. Səni iki vəzifədən
birinə qoymaq istəyirlər. Biri MK ideologiya şöbəsi
müdirinin birinci müavini. İkincisi isə “Azərbaycan
kommunisti” jurnalının baş redaktoru. Mənə də
tapşırıblar ki, səni razı salım. Amma mən sənin
xətrini istəyib deyirəm: getmə. Gedib şöbədə
ona-buna məruzə yazmayacaqsan ki... Bir də, nə bilmək
olar sabah MK-ya kim gələcəkdir. İşdir, gedəsi
olsan, jurnal redaktorluğuna get. Müstəqil işdir. Sözgəlişi
deyim ki, bir müddətdən sonra Faiq Bağırzadənin
öz qardaşı Kamran Bağırov MK-nın birinci katibi
oldu. Ancaq mən Faiq müəllimə də bildirdim ki, partiya
işində işləmək, ümumiyyətlə, vəzifədə
olmaq istəmirəm. Kafedra müdirliyim bəsimdir.
Yaradıcılıqla məşğul olmaq istəyirəm.
Bu təklif mənə o vaxt olurdu ki, uzun
sıxıntılardan sonra şəhərin uzaq bir kənarında
ev almışdım. Ancaq çox sıxlıq idi. Hətta
quru yerdə yatırdım...
Mənim şerlərimdə
“Allah” sözü çox işlənibdir. Bunları təsadüfi
hal saymıram. Ürəyimdə həmişə allaha inam
olub. Nənələrimin hər ikisi (əziz və Ağca nənələrim)
namaz qılıb, oruc tutan olub. Uşaq vaxtı oturdub kəlmeyi-şəhadəti
bizə öyrədərdilər. Oruc tutdurardılar. Ancaq
çox vaxt xəlvətdə yemək yeyərdik,
özümüzü elə aparardıq ki, acıq. Nənələrimiz
üzümüzə baxan kimi əsəbiləşərdilər:-
Yalan deyirsiniz, yemisiniz. Gözlərinizə baxan kimi hiss olunur.
Atam-anam da həmişə allahla ürəyimizin düz
olmasını tövsiyə edirdilər.
Uşaq vaxtı nənəmə
yalvarıb-yaxarıb məscidə də getmişəm. Gənclik
illərimdə isə Bakıda, gizlincə olmuşam məsciddə:
“Ocaq”larda nəzir verməyi sevərdim. İndi də nəzir
verirəm. Ağdamda məscidə getməyin (sadəcə
olaraq məscidin binasına girməyin, onu görməyin) dərdindən
məscidin rəhbərləri ilə dostluq edirdim. Onlara
yaxınlaşmağa çalışırdım. Bir
çox məscidlərin muzey, ambar olması, qanımı
qaraldırdı. Yeri gəldikcə bu haqda açıq
danışır, narazılıq edir və imkan olduqca
yazırdıq.
Azərbaycanın
böyük Allah adamı, Qarabağın peyğəmbəri
Seyid Lazım Ağa ilə oturub-durmasam da, xatirini dünyalar qədər
istəyirdim. Ağdama hər yolum düşəndə
ehtiramla qarşısında baş əyirdim. Hal-əhvalını
soruşurdum. Şəklini otağımdan və
maşınımdan asmışdım. Əfsuslar ki, Ağdam
düşmən əlinə keçəndən sonra dözməyib
dünyasını dəyişdi. Mingəçevirdə dəfn
etmək istədilər. Deyirlər, iki dəfə qəbir
qazıblar, daşa çıxıb. Üçüncü qəbir
rahat qazılıb. Ancaq dəfn mərasimindən bir az əvvəl
uçub, sən demə, Ağanın ruhu öz kənd
torpağını istəyirmiş. Kənd də düşmən
əlində.
Bir möcüzə
haqqında isə “Əliağa Vahidin son günləri” məqaləmdə
yazmışam. Burada təkrar qeyd etməyi vacib sayıram:
1965-ci ilin martında namizədlik dissertasiyası müdafiə
ərəfəsində xəstələnib xəstəxanada
yatmalı oldum. Bir müddətdən sonra Mərdakandakı
bir nömrəli xəstəxana-sanatoriyaya göndərildim.
Üç-dörd aylıq müalicə heç bir nəticə
vermədi. Bir gün yazıçı Əlfi Qasımov,
şair Qabil və onların dostu Xan müəllim yanıma gəldilər.
Məni ayağa qaldırıb güclə geyindirdilər.
Ürəyim hələ də bərk döyünür və
ağrı verirdi. Məni birtəhər çıxarıb
maşına oturtdular. Ətağanın (Seyid Mir Mövsüm
Ağa) qəbri üstünə apardılar. Əyilib qəbir
daşından öpdük. Nəzir verdik. Sonra geri
qayıtdıq. Ayrılanda Qabil dedi:- Mütləq
sağalmalısan. Doğrudan da bu mənim xəstəlik
aylarımda dönüş günü oldu. Sonra
Şuşanın havası məni bəladan qurtardı.
Allahla ürəyimin düzlüyü 1993-cü ildə məni
aparıb Məşhədə də çıxartdı.
İndi adımın qabağında bir söz də
yazılır “Məşədi Famil Mehdi. ”
Bütün bu misallardan sonra
bir də əvvəlki söhbətimin üstünə
qayıdıram. Mənim şerlərimdə tez-tez rast gəlinən
“Allah” sözü təsadüfən işlənməyib,
daxili inamımla sıx bağlıdır. Ancaq Allah qənim
olmuş bir sıra qəzet, radio-televiziya işçiləri,
mətbuata siyasi nəzarət əməkdaşları şer
və poemalarımda “allah” sözünü görən kimi dərhal
pozurdular. Onlar pozurdu, mən yazırdım. Axırda heç
olmazsa, beş-üç şerdə, misrada Allah adı qala
bilirdi. Məni zorla inandırmağa
çalışırdılar ki, burada “Allah” sözü yerinə
düşmür, yaxud yaxşı səslənmir. Mən isə
sübut etmək istəyirdim: “Allah” sözü hər yerdə
yerinə düşür. Onun heç pis səslənən məqamı
olmayıbdır. Söhbət ciddiləşəndə
deyirdim: “Ehtiyatlı olun. Allah sizə qənim olar...” “Allah”
sözünü pozmaq hələ işin yarısı idi. Bəzən
məni (bizi) ittiham da edirdilər. Xarakterik bir misal. 60-cı
illərin ortalarında “Mənim qoca anam Allahsız deyil”
adlı şer yazmışdım. Şer belədir:
Mənim qoca anam Allahsız
deyil,
Tanıyır Allahı,
peyğəmbəri də.
Deyir söz düşəndə:
bunu yaxşı bil,
Allahdır yaradan
göyü, yeri də.
Mən cavab verirəm:
düz deyir anam,
Qızıldan qiymətli
söz deyir anam.
Söyləyir, Allahsız nə
var dünyada,
Deyir ki, onunla qəlbin
düz olsun.
Bir işi tutanda onu sal yada,
Allah da üstündə sənin
göz olsun.
Deyirəm, bələdsən
oğluna sən ki,
Yaxşı məsləhətdir,
nə deyəsən ki...
Bəli, sevinirəm anamtək
mən də.
Anam deyənləri mən də
deyirəm.
Hər onun yanına yolum
düşəndə
Allahı o ki var tərifləyirəm.
Bu necə əyyamdır,
gündür, bilmirəm,
Demə ki, taleh də, bəxt
də yalandır.
Anamın allahı kimdir,
bilmirəm,
Mənimsə allahım elə
anamdır.
“Mənim qoca anam Allahsız
deyil” şerimlə əlaqədar əsl həngamə Gəncədə
qopdu. Sabir poeziya günlərində iştirak etmək
üçün Yazıçılar İttifaqından Cabir
Novruz, Məmməd İsmayıl, Abbas Abdulla və mən Gəncəyə
ezam edildik. Gəncə şəhər rəhbərliyinin tərtib
etdiyi ssenari əsasında Nizaminin şəhərdəki abidəsi
qarşısında, pedaqoji institutda çıxış edib,
Sabir yaradıcılığından danışdıq,
şer oxuduq. Axşam saat 6 və ya 7-də isə şəhər
üzrə təntənəli gecə başlanacaqdır. Hələ
günorta idi. Abbas Abdulla mehmanxanada mənim otağıma gəlib
bildirdi ki, yarım saatdan sonra onun burda işləyən yerliləri
gələcək, bizi Göygölə aparacaqlar. Bu xəbər
ürəyimdən idi. Çünki indiyə kimi
Göygölü görməmişdim. Söhbət
düşəndə utanırdım və yalandan deyirdim ki,
Göygölü nəinki görmüşəm, hətta
çimmişəm də. İndi əlimə yaxşı
girəvə düşmüşdü. Ancaq saat 14-də
aşağıda Cabir Novruz getməyəcəyini bildirdi. Məmməd
İsmayıl da gedəsi olmadı. Abbas Abdulla pərt halda mənim
üzümə baxdı. Dedim mən gedirəm. Yolda köhnə
maşınımız xarab oldu. Üç-dörd kilometr
getmiş bir də dayandı. Düşüb üzü
yoxuşa maşını xeyli itələyəsi olduq. Yorulub
əldən düşdük. Ancaq üzə vurmadıq.
Göygölə bir az gec çatdıq. Göygöl nə
Göygöl! Nə ilahi gözəllik! Nə ecazkar, təkrarolunmaz
mənzərə! Doyunca baxdıq. Saf, təmiz havanı ciyərlərimizə
çəkdik, əl-üzümüzü yuduq. Yüngülvari
yemək sifariş verdik.
Elə təzəcə yeməyə
başlamışdıq və əlli-əlli vurmuşduq ki,
bayaqdan yaxınlıqda uzun stol arxasında oturan, yeyib-içən,
çalıb-oynayan ermənilərin qəribə söhbətlərini
eşitdik. Bunlar çox vaxt rusca danışır, ən ədəbsiz,
tərbiyəsiz sözlər işlədir və bunları
bizim adi sözlərimiz kimi, faşist sözləri kimi qələmə
verirdilər. Bu mövzuda söhbət getdikcə
qızışırdı. Abbas Abdullaya dedim ki, bu saat
onların bişmiş aşına su qatacağam,
yeyib-içdiklərini zəhər edəcəyəm.
(Ardı var)
Famil MEHDİ
525-ci qəzet.- 2009.- 16 dekabr.- S.7.