Malıbəyli kənd teatrının 100 illiyi qeyd edilib
G.Hüseynova ilk tamaşadan
sonra teatr həvəskarlarının getdikcə
artdığını deyib:
“Teatr get-gedə kəndin məişətinə
daxil olurdu. Tamaşalar məktəbdə,
məscidin həyətində
göstərilirdi. Məmməd
Qarayev tamaşalara quruluş və ssenari verirdi. O, fasilələrdə xalq oyunlarından, məktəb şagirdlərindən
ibarət xordan istifadə edərək xalq musiqisinin inkişafına da diqqət ayırırdı.
Dövrünün tanınmış
xanəndələri olan
Malıbəyli Həmid,
Malıbəyli Cümşüd,
Malıbəyli Əsgər
də teatra dəvət olunurdular. Repertuara isə əsasən ailə və məişət məsələlərindən
bəhs edən, əxlaqi və tərbiyəvi əhəmiyyətli,
asan başa düşülən kiçik
formalı və məzmunlu əsərlər,
satirik xarakter daşıyan səhnəciklər
daxil edilirdi. “Evlənmək su
içmək deyil”, “Dursunəli və Ballıbadı”, “Qırt-qırt”,
“Daşım-daşım”, “Molla Cəbi”, “Xor-xor”, “Ev tərbiyəsinin
bir şəkli”, “Yağışdan çıxdıq
yağmura düşdük”
kimi əsərlər
Malıbəyli teatrının
repertuarında yer alıb. Əldə olunan gəlir isə maarif işlərinə, yoxsul şagirdlərə,
Qori Müəllimlər
Seminariyasında təhsil
alan azərbaycanlı
tələbələrə sərf olunurdu”.
G.Hüseynova inqilabdan əvvəl Azərbaycanda teatr tamaşaları göstərilən
yeganə kəndin Malıbəyli olduğunu,
teatrı inqilabdan sonra da fəaliyyətini
davam etdirdiyini diqqətə çatdırıb. Teatrın ötən
əsrin 60-cı illərində
çiçəklənmə dövrünü yaşadığını
qeyd edən G.Hüseynova həmin vaxt repertuara salınmış Üzeyir
Hacıbəyovun “O olmasın,
bu olsun” tamaşasının çox
böyük maraqla qarşılandığını bildirib. O, Malıbəyli
teatrının öz
ənənəsini XXI əsrdə
də yaşatdığını
deyib, Malıbəyli kənd 1 saylı orta məktəbində dram dərnəyinin fəaliyyət göstərməsini
bunun ən gözəl nümunəsi
adlandırıb.
Sonra dram dərnəyinin ifasında musiqi və şeir parçaları,
habelə
müxtəlif tamaşalardan səhnəciklər nümayiş etdirilib.
Yubiley tədbirində
Şuşa rayon İcra
Hakimiyyəti, rayon Təhsil
Şöbəsinin rəsmi
şəxsləri, Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, digər rayon rəsmiləri
və kənd ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
525-ci qəzet.- 2009.- 16 dekabr.- S.7.