Ramiz Əzizbəyli: “Sağlamlığa qovuşmağımda xidməti olan hər kəsə minnətdaram”

 

AĞIR XƏSTƏLİKLƏ MÜBARİZƏDƏN QALİB ÇIXAN TANINMIŞ SƏNƏTKAR TEZLİKLƏ TAM SAĞALIB YARADICILIĞA BAŞLAYACAĞINA İNANIR  

 

Məlum olduğu kimi, bir müddət əvvəl xalq artisti, tanınmış kino xadimi Ramiz Əzizbəylinin səhhətində ciddi problemlər yaranmışdı. Bugünlərdə öyrəndik ki, aparılan ciddi ardıcıl müalicə nəticəsində sənətkarın səhhəti normallaşmağa başlayıb. Telefon söhbətimizdə xalq artisti aparılan 4-5 aylıq müalicələrin müsbət nəticə verdiyini, artıq ağrılarının xeyli azaldığını, ayağa qalxdığını, evin içində yavaş-yavaş gəzdiyini bildirib. R.Əzizbəyli onun sağlamlığı barədə narahat olan, yaxşılaşması üçün zəhmət sərf edən hər kəsə qəzetimiz vasitəsilə minnətdarlıq ünvanlayıb, səhhətilə bağlı xəbərlərə yer ayırdıqlarına bu mövzunu diqqətdə saxladıqlarına görə bütün media orqanlarına təşəkkürünü bildirib. Xalq artisti “525-ci qəzet”dən xüsusi diqqət gördüyünü böyük minnətdarlıqla vurğulayıb: “Uzun illər “525-ci qəzet” mənim yaradıcılığımla yaxından maraqlanıb, şeirlərimi, müsahibələrimi dərc edib. Bu dəfə isə səhhətimlə bağlı məlumatlara geniş yer verdikləri üçün “525”ə ürəkdən minnətdaram”.

Hazırkı durumundan danışan sənətkar ağır xəstəliyin artıq geridə qaldığını düşünür: “Belimi korsetlə bağlayıblar, yavaş-yavaş evin içində gəzirəm, mənə baş çəkməyə gələnlərlə oturub bir stəkan çay içə bilirəm, sərbəst hərəkət edirəm. Qalan ağrılarımın davam edən müalicələr nəticəsində ötüb keçəcəyinə inanıram”.

R.Əzizbəyli onu ağır xəstəlikdən ayağa qaldıran tibb işçilərinə xüsusi təşəkkürünü ifadə edib: “Mən sağlamlığımın bərpası üçün çalışan, sağalmağımda xidməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu sırada səhiyyə işçilərinin xüsusi yeri var. Yataqda xəstə olduğumu 4-5 ay müddətində üzərimdə dövlətin qayğısını hiss etdim. Səhiyyə naziri Oqtay Şirəliyev müalicəmlə bağlı xüsusi tapşırıqlar verib. Səhiyyə Nazirliyindən nazirin müavini, müalicə-profilaktika şöbəsinin müdiri zəng edib, halımı soruşurdular, bildirirdilər ki, dövlət başçısı mənim səhhətimlə şəxsən maraqlanır. Dəfələrlə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadə zəng edib müalicənin necə getməsilə maraqlanıblar. Kino idarəsinin rəisi Cahangir Məmmədov diqqətini əsirgəməyib. Bütün bu insanlara çox minnətdaram. Onlar imkanları çatan qədər mənə yardım ediblər. Mənim xəstəliyim bilavasitə onurğa ilə bağlı olduğu üçün hərəkət etmək, nəqliyyata minmək pis nəticələr verə bilərdi. Ona görə həkimim – Ağciyər İnstitutunun həkimi, travmatoloq-ortoped Rəşid İbrahimov özü şəxsən gələrək mənim müalicəmlə məşğul olub. Çox ləyaqətli, mərd, səmimi, gözütox, təmənnasız bir həkim olan Rəşid İbrahimov bütün bu müddət ərzində əlindən gələni əsirgəməyib, hədsiz fədakarlıq göstərib. Fikirləşirəm, yaxşı ki, intizamlı xəstə olub, həkimimə qulaq asmışam. İndi ayaq üstə durmağıma görə ona sonsuz dərəcədə minnətdaram. Mənə təmnnasız xidmət göstərən həkimimin sayəsində heç bir artıq xərc olmadan bu xəstəliyi geridə qoydum. O, dövlətin mənim səhhətimin bərpası üçün sərf etmək istədiyi xərclərdən azad elədi. Düzdür, xarici preparatlarla müalicə olundum, amma bunun nəticəsində xaricə cərrahiyyə əməliyyatına getməyə ehtiyac olmadı. Mənə dövlət tərəfindən xaricdə müalicə olunmaq təklif edilmişdi. Lakin Rəşid İbrahimovun sayəsində bu artıq zəhmətdən xərcdən qurtara bildik. Onun səmimiyyəti, sadəliyi, peşəkar münasibəti, bir həkim kimi xəstəylə ünsiyyəti mənə son dərəcə böyük ümid verdi mən xəstəliyə qalib gələ bildim”.

R.Əzizbəyli M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadova, onun müavini Mahir Babayevə, müayinə işlərilə məşğul olan tibbi personala da minnətdarlıq etməyi unutmayıb. Hər gün yatağının başında duran tibb bacısı Validə Bədəlovaya isə xüsusi minnətdarlığını çatdırıb: “Tibb bacısı Validə Bədəlova mənim doğma bacıma, ailəmizin bir üzvünə çevrilib. Validə xanım Mirqasımov adına Respublika Klinik Xəstəxanasının allergiya şöbəsində çalışır. Baxmayaraq ki, həyat yoldaşı müharibədə şəhid olub, ailəni özü dolandırır, çətinliklərlə üzləşir, yenə heç bir təmənna güdmədən işini vicdanla görüb, mənim sağlamlığımın qeydinə qalıb”.

Xalq artisti xəstə yatdığı müddətdə təkcə dövlət və hökumət adamlarının deyil, həm də sənətkar dostlarının, həmkarlarının vaxtaşırı ona baş çəkdiklərini, zəng vurub halhval tutduqlarını bildirərək, onların hər birinə bu mənəvi dəstəyə görə təşəkkür edib.

R.Əzizbəyli tezliklə tam sağalaraq yaradıcılıq fəaliyyətinə başlayacağına inandığını, buna görə çox şad olduğunu onun yenidən ayağa qalxmasında zəhməti olan hər kəsi minnətdarlıqla xatırlayacağını qeyd edib.

Biz , “525-ci qəzet” olaraq, sevimli sənətkarımız Ramiz Əzizbəylinin sağalmasına ürəkdən sevinir, ona möhkəm sağlamlıq uzun ömür arzulayırıq.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.