Vaqif Mustafazadənin
vəfatının 30 illiyi
qeyd olunub
Bakı Caz Mərkəzində
(BCM) görkəmli Azərbaycan
musiqiçisi, dünya
şöhrətli caz
ustası Vaqif Mustafazadənin vəfatının
30 illiyinə həsr edilmiş tədbir keçirilib. Gecə Mədəniyyət və
Turizm Nazirliyinin və Vaqif Mustafazadə
adına Xeyriyyə Fondunun təşkilatçılığı
ilə gerçəkləşib.
BCM-dan verilən məlumata görə, tədbirdə tanınmış
cazmen Rafiq Seyidzadə, sözügedən
Xeyriyyə Fondunun direktoru Afaq Əliyeva və başqaları V.Mustafazadənin
həyat və yaradıcılıq yoluna
nəzər salıb,
xatirələrini bölüşüblər:
“Vaqif Mustafazadə
1940-cı ildə Bakıda
dünyaya gəlib, Bakı Musiqi Məktəbini bitirib. Bir müddət Tbilisidə yaşayıb,
bir neçə caz festivalının iştirakçısı olub.
Sonralar Bakıya qayıdan Vaqif Mustafazadə “Sevil” vokal instrumental ansamblını
yaradıb”.
Çıxış edənlər
V.Mustafazadənin qeyri-adi
istedada malik sənətkar olduğunu,
yaradıcılığında Şərqlə-Qərbin musiqisini
böyük ustalıqla
birləşdirdiyini önə
çəkiblər: “Vaqif
Mustafazadə Azərbaycanda
caz musiqisini inkişaf etdirib, muğamla cazın uğurlu sintezini yaradıb”.
Mərasimdə V.Mustafazadənin
ev muzeyinin
əməkdaşları tərəfindən
hazırlanmış saytının
təqdimatı keçirilib.
Azərbaycan, rus və ingilis dillərində hazırlanan saytda musiqi arxivi, məqalələr, fotolar
və digər bölümlər var.
Tədbirdə “Sevil” ansamblının üzvü Rəna Talıbovanın və Afaq Əliyevanın iştirakı ilə
“Retro-Sevil” ansamblı
çıxış edib,
mərhum cazmenin əsərləri ifa olunub.
SARA
525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.