"Xalqın dilinin saflığı onun mənəviyyatı ilə birbaşa bağlıdır"

 

MÜSAHİBİMİZ "AZƏRBAYCANDA XARİCİ DİLLƏR" JURNALININ TƏSİSÇİSİ VƏ BAŞ REDAKTORU, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR FƏXRƏDDİN VEYSƏLLİDİR

 

Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü ildə anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildə Sankt-Peterburq Univeristetində görkəmli dilçi L.R.Zinderin elmi rəhbərliyi ilə "Müasir alman dilində bitkinlik intonasiyası (eksperimental-fonetik tədqiqat)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1976-cı ildə Moskva Linqvistik universitetində və 1977-78-ci illərdə Berlində Humboldt Universitetində təkmilləşmədə olub. Orada "Alman dilində sait fonemlərin variativliyi (eksperimental tədqiqatlar və nəzəri ümumiləşmələr)" adlı doktorluq dissertasiyasını tamamlayaraq Sankt-Peterburq Universitetində uğurla müdafiə edib, Azərbaycan Respublikasında və Cənubi Qafqazda german dilləri üzrə ilk filologiya elmlər doktoru adına layiq görülüb. 1983-cü ildən professordur. 40-dan artıq elmlər namizədi və doktoru yetişdirib. 16 kitabın, 112-dən çox məqalənin müəllifidir. İki dəfə Beynəlxalq Fonetika Elmləri Assosiasiyasının həqiqi üzvü kimi bu qurumun konqresində məruzə ilə çıxış edib. 1986-cı ildə "Şərəf nişanı" ordeni, 2001-ci ildə "Bilik" cəmiyyətinin Y.Məmmədəliyev adına Respublika mükafatına, 2008-ci ildə isə "Qızıl qələm" mükafatına layiq görülüb.

   - Fəxrəddin müəllim, əsərlərinizin birindəki bir fikirlə Sizə müraciət etmək istərdim. Həmin ifadə təqribən belə səslənir: "Türklüyümüzü yenilməz qala kimi qoruyan doğma dilimiz də az qala yavaş-yavaş əlimizdən gedirdi". Professor, bəs indi vəziyyət necədir?

- Son iki əsrdə başımıza nələrin gəldiyi hər birimizə yaxşı bəllidir. Təbii ki, hər bir xalqın dilinin saflığı onun mənəviyyatı ilə birbaşa bağlıdır. Son dövrlərə qədər dövlət səviyyəli qərarlar, rəsmi dairələrdəki görüşlər, ümumiyyətlə, bütün sahələrdə aparılan danışıqlar rus dilində olurdu. Bundan başqa, tərcümə sahələrində də işlərimiz bərbad vəziyyətdə idi. Bütün bunlar, yəqin ki, təsirsiz ötüşə bilməzdi. İrəlidə sadaladığımız səbəbdəndir ki, dilimizin leksik-semantik və sintaktik səviyyələrində yad sözlərə və ifadələrə rast gəlirik. Ən dəhşətlisi budur ki, bu vəziyyət həm Arazın o tayında, həm də bu tayında müşahidə olunmaqdadır. Bunları deməklə mən dillər arasında söz mübadiləsini inkar etmək istəmirəm. Bu bütün dönəmlərin tələbidir. Bu gün özünə hörmət edən heç bir xalq iddia edə bilməz ki, onun dilində əcnəbi mənşəli sözlər yoxdur. Dillərin bir-birinə söz verib-alması adi haldır. Məni bir vətəndaş, bir dilçi kimi narahat edən isə dilimizə yerli-yersiz yad söz və ifadələrin gətirilməsidir.

- Professor, sizcə, biz bu gün dilimizə sahib çıxa bilmişikmi? - Dilimizə sahib olmağımız üçün nə kimi işlər görməliyik - təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu məni bir ziyalı kimi ən çox narahat edən məsələdir. Dilimizə sahib çıxmaq, məncə, başqa dilə müxalif olmaq demək deyil. Dilimizə sahib çıxmaqla kimliyimizi sübut etmək üçün əlimizə güclü imkan düşür. Məhz bu yolla dilimizi, folklorumuzu və ədəbiyyatımızı özümüzə qaytara bilərik. Dilimizə sahib çıxmaqla mənəvi istismarın qarşısına sipər çəkmiş, yerli-yersiz özgələşməyimizə son qoymuş olarıq. Hələ alman alimi Y.Herder deyirdi ki, adamlar dili öz "mən"ini tanımaq üçün kəşf ediblər. L.Vaysgerber isə bir qədər də irəli gedərək ana dilinə mənəvi aralıq dünyası kimi baxırdı və insanın ana dilinin onun ətraf aləmi dərk etməsində ötürücü rolunu oynadığını açıb göstərirdi. Məncə, elə bir vaxt gəlib çatıb ki, biz dilimizə mütləq sahib çıxmalıyıq. Öz dilinin qayğısına qalmayan alim, öz dili ilə pərvazlanıb qanadlanmayan insan sözün həqiqi mənasında yüksələ bilməz.

- Masanızın üstündə təzəcə çapdan çıxmış "Dilçilik ensiklopediyası"nın ikinci cildi var. Lüğət, xüsusən də, ensiklopediyanın hazırlanması çətin və gərgin zəhmət tələb edən işdir. Düzü, bizim dilçilikdə ensiklopedik lüğətçilik sahəsində ənənələrimiz o qədər zəngin deyil. Bunları bilə-bilə, necə oldu ki, bu cür bir işə girişməyə qərar verdiniz?

 - Lüğəti olmayan xalqı heç vəchlə yüksək sivilizasiya mərhələsinə çatmış hesab etmək olmaz. Lüğətçilik tətbiqi dilçilik sahəsinə aid edilsə də, onu yalnız nəzəri dilçiliyin və xüsusən də leksikoqrafiyanın sirlərinə dərindən yiyələnmiş insan həyata keçirə bilər. Lüğətçilik işi ilə insanlar lap qədim zamanlardan məşğul olublar. Türk dilləri sahəsində böyük alim Mahmud Kaşğaridən üzü bəri lüğətçiliyə xüsusi önəm verilib. Respublikamızda əksər lüğətlər əsasən 1950-ci illərdən sonra meydana gəlib. O ki qaldı bizim dilimizdə çıxan lüğətlərə, açığını demək lazımdır ki, bu sahədə öyünmək hələ tezdir. Rusca-azərbaycanca lüğətçiliyimizdə Ə.Orucov və X.Əzizbəyovun xidmətləri böyükdür. Lakin bu sahədəki fundamental işlər mərhum M.Tağıyevə məxsusdur. Fransızca-azərbaycanca lüğətimizi M.Əliyeva, almanca-azərbaycanca lüğətimizi mərhum dilçimiz C.Cəfərov, ingilis dililə bağlı dolğun və irihəcmli lüğətimizi O.Musayev hazırlayıb. Düzü, dilçiliyimizdə linqvistik terminlərlə bağlı 1989-cu ildə "İzahlı dilçilik terminləri" lüğətinin müəllifləri (M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayeva) tərəfindən ilk cəhd edilmişdi. Lakin qeyd etmək istərdim ki, o lüğət birdillidir, həcmcə kiçikdir və onun nəşrindən, səhv etmirəmsə, təqribən 20 il ötür. Bu lüğət qismən də olsa, linqvistik terminlərin şərhi ilə bağlı nformasiya qıtlığının aradan qaldırılmasına xeyli köməklik göstərib. Lüğət birdilli (Azərbaycan dili) olduğundan gözlənilən səmərəni verə bilmir. Ötən dövr ərzində dilçilikdə yeni terminlərin yaranması və digər səbəblər daha əhatəli linqvistik lüğətə ehtiyac yaratmışdı. Ümid edirik ki, "Dilçilik ensiklopediyası" bu problemlərin aradan qaldırılmasına köməklik göstərəcək.

Lüğətin strukturu haqqında məlumat verməyiniz yaxşı olardı.

 - Ensiklopediyada ilkin mənbə kimi rus dili götürülmüşdür. Lüğətdə alman, ingilis və fransız dillərində terminlərin ekvivalenti verilir, Azərbaycan dilində isə onların tərcüməsi (bu mümkün olmadıqda terminlər etimon dildəki kimi saxlanılır) və sonda Azərbaycan dilində linqvistik açıqlaması verilir. Məsələn: "Rus. d. Oboznaçenie - alm. d. Denotation, ing., d. denotation, fr. d. designation, Azərb. d. işarə etmə". Bundan sonra terminin Azərbaycan dilində linqvistik açıqlaması verilir.

Ensiklopediya iki cilddən ibarətdir. Birinci cild A-dan N-dək, ikinci cild O-dan Ə-yə qədərki hərfləri əhatə edir. Linqvistik terminlərin şərhi zamanı imkan daxilində Azərbaycan dilçiliyindəki mənbələrdən istifadə edilsə də, misallar sözlükdəki müvafiq dillərdən də gətirilib.

Ensiklopediyanın II cildinin sonunda hər iki cilddə adı çəkilən alimlərin, işlənən özək sözlərin və dillərin siyahısı verilir. Hər üç halda onların I və II cildlərdəki müvafiq səhifələri göstərilib.

- Ensiklopediyanın I cildi mütəxəssislər tərəfindən necə qarşılandı? Ümumiyyətlə, ensiklopediya ilə bağlı təkliflər, rəylər, iradlara münasibətinizi bilmək istərdik.

-Ensiklopediyanın birinci cildi mütəxəssislər tərəfindən çox böyük maraqla qarşılandı. 2007-ci ildə ADU-nun akt zalında respublikamızın elm və təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirildi. Çıxış edən natiqlər onun elmi əhəmiyyətindən bəhs etdilər və onu dilçiliyimiz üçün yeni hadisə kimi dəyərləndirdilər. Təbii ki, həmin çıxışlarda təklif və rəylər də səsləndi. Həmin təklif və rəylərin bir qismini ensiklopediyanın II cildi hazırlanarkən nəzərə almışıq. Ensiklopediya Azərbaycan Dillər Universitetinin vəsaiti hesabına nəşr olunub. Fürsətdən istifadə edərək bu maddi dəstəyə görə öz adımdan və yaradıcı kollektivin adından ADU-nun rəhbərliyinə təşəkkürümüzü bildirmək istəyirəm.

 - Ensiklopediyada terminlərin dilimizə çevrilməsində çətinliklərlə qarşılaşdığınız hallar oldumu? Belə çətinliklərlə üzləşdikdə vəziyyətdən necə çıxış yolu tapırdınız?

 - Sirr deyil ki, çağdaş nəzəri dilçiliyin əsas qaynaqları əvvəlcə Avropa dillərində yaranır və sonra digər dillərə keçir. Terminlərin bir qisminin adekvat şəkildə dilimizdə verilməsi o qədər də asan məsələ deyil. Burada iki halla qarşılaşırıq: birincisi, bu sözlərdən xeyli hissəsi artıq dilimizdə vətəndaşlıq qazanıb və gen-bol işlədilir. Məsələn, sait, ahəng, dil daşıyıcıları, dil duyumu, qrammatik sistem, fonoloji səviyyə və s. İkincisi, bir qisim söz və söz birləşmələrinin əcnəbi mənşəli olması o dəqiqə nəzərə çarpır. Məsələn, affiks, fleksiya, prefiks, fonem, morfem, sintaqm və s.

Onu da qeyd etmək istərdim ki, Azərbaycan dilində heç də bütün terminlərin qarşılığını tapmaq olmur. Bir faktı xatırlamaq istərdim ki, N.S.Trubeskoy dil işarələrini ifadə etmək üçün /Ausdruck/, müraciət /Appell/ və məlumat vermə /Darstellung/ funksiyalarını almanca çətinlik çəkmədən işlədib. Ensiklopediyadan göründüyü kimi, biz də onları dilimizin öz sözlərilə verməyə çalışmışıq. Eyni zamanda /distribusiyanı/ (paylama), /oppozisiyanı/ (qarşılaşma), /diskreti/ (bölünməz), /valuer-i/ (dəyər) kimi sözlərimizlə vermişik. Amma /relevant/, /arxifonem/, /invariant/, /variant/, /diftonq/, /fonem/, /morfem/ və s. terminlərin dilimizdə qarşılığı olmadığı üçün onları etimon mənbələrdəki kimi saxlamağı məqsədəuyğun saydıq. Bundan başqa, bəzi terminlərin kökü mənbədəki kimi saxlanılır, onlara dilimizin şəkilçilərini əlavə edərək yeni termin yaradılır. Məsələn, /neytral+laşma/ və s.

 

 

Cəmil Babayev,

filologiya elmləri namizədi

 

525-ci qəzet.- 2009.- 5 fevral.- S.7.