"Tövbə
qapısı həmişə
açıqdı"
Son günlər
bəzi mətbuat orqanlarında islami dəyərlərə, o cümlədən,
bütün Qafqazın
Şeyxi Hacı Allahşükür Paşazadəyə
qarşı aparılan
kampaniya ölkə ziyalıları və din adamları tərəfindən
haqlı narazılıqla
qarşılanıb. Onlar bu şər və böhtan kampaniyasının
yalnız şeyxə
deyil, bütün Azərbaycan xalqına qarşı yönəldiyi
fikrindədirlər. Bu mövzu ətrafında
"525"-in redaksiyasında təşkil olunan Dəyirmi Masada hal-hazırda
Türkiyə universitetində
çalışan filologiya
elmləri doktoru,
professor Kamil Vəli, yazıçı Yaşar
və "Təbliğ"
İslam Xeyriyyə Vəqfinin sədri Seyid Camal Əzimbəyli
fikirlərini bölüşüblər.
Yaşar: Son illər
Azərbaycan mənəviyyatının
daşıyıcıları, keşikçiləri, milli
mentalitetin sütunları
olan insanlara qarşı düşünülmüş
bir kampaniya başlanıb. Özü də həmişə
hədəf kimi ən dəyərli, millətin nümunə sayılacaq şəxsləri
seçilir. İndi bu
kampaniya dini müstəviyə keçib.
Hədəf isə nə az,
nə çox bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadədir.
Düşünürəm ki, bu gün söhbət şeyxin gördüyü
işlərdən, onun
fəaliyyətinin müsbət,
mənfi tərəflərindən
getmir. Ümumiyyətlə söhbət bu
gün Azərbaycanda
o məqamda əyləşən
insandan gedir. Şeyxə qarşı hücumu bu mənada mən həm də küfr, səlib yürüşü
kimi qəbul edirəm. Və
qənaətimdə qətiyəm
ki, bu, təsadüfi
yox, düşünülmüş
addımdır.
Kamil Vəli: Azərbaycan
müstəqilliyini qazanandan
sonra bu çevrədə ilk hücumlar
Elçibəyə qarşı
oldu. Ona daha nə
ad qoşmadılar. Elçibəy əleyhinə yazılmış
məqalələri toplasan
bir böyük kitab alınar. Lap əvvəl sovet dövründə "Kommunist"
qəzetində Xudu Məmmədova, gənc yazıçılara qarşı
belə kampaniya aparılıb. 91-ci ildə Azərbaycan müstəqilliyinə qovuşandan
sonra bu kampaniya yeni istiqamət aldı. Çox təəssüf ki, bu, siyasətdən sonra ədəbiyyatda, ziyalıların ayrı-ayrı
təbəqəsində yayıldı.
Bu ittihamların bəzisi
şəxsi, bəzisi
ictimai motivdə ola bilər.
Eyni zamanda hər millətin mentalitetini təşkil edən sütunlar var. Xaricdə mason təşkilatları,
yəhudi lobbiləri fəaliyyət göstərir
və onlar bu sütunlara qarşı çıxmaqla
yanaşı, mənafelərinə
toxunanları vururlar, onlara çox ciddi mənəvi zərbələr endirirlər.
Bir də guya islam
adıyla fəaliyyət
göstərən cəhalət
yuvaları var. Hizbullah,
yaxud vəhabizimlə
açıq və ya gizli şəkildə
bağlı olan qruplar, erməni lobbiləri var. Azərbaycana
qarşı olan kampaniyaların başında,
xüsusilə Fransada
mərkəzləşmiş erməni lobbiləri durur. Onların əlində çox böyük media şəbəkəsi var.
Bu vasitələrlə
hücumu başlayır
və dəhşətli
fəsadlar törədirlər.
Bunun adı qaralama kampaniyasıdır.
Bu kampaniyanı isə çox zaman pul verib
ölkə vətəndaşlarının
əli ilə aparırlar. Mən demirəm ki, o kampaniyada olanlar
hamısı kiminsə
agentidir. Onların içində özünü
təsdiq etmək, orijinal görünmək,
yenilik maskası arxasında öz mənini sübut etmək istəyənlər
də ola bilər. Bu mürəkkəb bir prosesdi. Eyni zamanda düşünürəm
ki, adı nə olursa olsun, bu yolverilməzdi.
Xaricdə yaşasam da, Azərbaycan mətbuatını müntəzəm
izləyirəm və
çox təəssüf
edirəm ki, qaralama kampaniyasının
növbəti hədəfi
bütün Qafqazın
şeyxidir. Biz bir şəxsi deyil, prinsipləri və ölkədə baş verən vəziyyəti təhlil etmək üçün yığışmışıq. Həmişə demişəm,
heç bir xalq, üzdəniraq qonşularımız belə
öz katalikosu haqqında təhqiramiz ifadələr işlətməz.
Birincisi, şeyxin məqamı, yəni daşıdığı vəzifə
ona qarşı belə təhqirləri yolverilməz edir. İkincisi, ailə səviyyəsində olan təhqirləri mən nəinki şeyxə, heç kəsə rəva görmərəm.
Ailə müqəddəsdir.
Onun müqəddəsliyi
pozulursa, ailə institutu dağılırsa,
sabah millətin özü dağılacaq.
Çünki millətin
hüceyrəsini ailə
təşkil edir. Başqa bir tərəfdən tutaq ki, şeyx
getdi bir ölkəyə və erməni katalikosu ilə görüşdü.
Katalikos da bizim qəzetlərdən birini göstərib deyə bilər ki, sizin haqqınızda
ölkənizin mətbuatı
belə təhqirlər
yazıb və bu halda sən
hansı haqla öz xalqının mənafeyini müdafiə edirsən. Mən keçmiş və indiki prezidentlərin şəxsiyyəti
ilə bağlı da ağır ittihamların səslənməsini
qəbul etmirəm. Görkəmli yazıçılar
barəsində də
belə təhqirlər
yol verilməzdi. Tənqid və təhqir arasında çox böyük bir sədd var.
Yaşar: Qəribə də olsa, bizdə insanın
gördüyü işlə heç kimin işi yoxdu. Məsələ
ancaq şəxsi müstəvidə olur. Hansısa jurnalistin əsəri
təhlil eləmək üçün mövzu obyekti
hansısa yazıçının əsəri yox,
özüdü. Çünki əsəri təhlil eləmək
ağıl tələb eləyən bir işdi. Bu mənada,
bu kampaniya da Şeyxin fəaliyyətinə yox, şəxsiyyətinə
qarşı yönəlib.
Seyid Camal: Mən bir şərqşünas, din adamı kimi məsələlərə
birmənalı olaraq, bu mövqedən yanaşıram ki,
islamın gətirdiyi qaydalar içərisində
bütün isim sahiblərinin bizə buyurduqlarına söykəndikdə,
bu şər kampaniyası planlı şəkildə küfrə,
yalana, riyakarlığa, ikiüzlülüyə söykənmiş
əməllərdir. Bu əməllərə bir müsəlman
olaraq dini prinsiplərlə yanaşsaq görərik ki, bu,
küfrə, yalana aparan bir yoldu. Yəni, dini baxımdan məsələyə
yanaşmam bundan ibarətdir. Digər tərəfdən həqiqətən
də ölkədə elə bir şəraitlə
rastlaşmışıq ki, bəzən hətta milli, dini
kimliyi bəlli olmayan adamlar Azərbaycanın istər ədəbi,
istər dini mühitində zaman-zaman töhfələr
vermiş fikir sahiblərinə qarşı sanki səlib
yürüşünə keçiblər. Bu, faktdır. Son
günlər ölkənin dini liderinə qarşı baş
verən səlib yürüşü isə cəmiyyətin,
toplumun zəhərlənməsinə yol aça bilər.
Xatırlayıram ki, vaxtilə boz qəzetlərdən birində
şeyx təhqir olunmuşdu. Onda prezident Heydər Əliyev bəyanatla
çıxış etdi. Özünün də mətbuatda
təhqir olunduğunu, barəsində böhtan və uydurmalar
yayıldığını deyən Heydər Əliyev bununla
belə şeyxə qarşı təhqirin yolverilməzliyini
bildirmişdi. Söz azadlığı altında pərdələnən
və məkrli adamların tapşırığını
yerinə yetirənlər şeyxi narkotika alverinin başında
durmaqda ittiham edirlər. Bu təhqirlə yanaşı
çox təhlükəli bir məqamdı. Qloballaşan
dünyada müsəlman və xristian aləmində sanki bir rəqabət
gedir. Şeyxin dinlərarası dialoqda rolunun, nüfuzunun
artmasından əndişələnən qüvvələr
var. Şeyxi narkotika satışında ittiham etmək xarici
dövlətlərin bilavasitə kəşfiyyat
orqanlarının planlarının tərkib hissəsi də
ola bilər. Bu məsələ
ilə bağlı ölkə prezidentinə müraciət etməyi qərara almışıq.
Dövlət başçısından xahişimiz məsələnin
köklü araşdırılmasına
dəstək olmasıdır.
Çünki mətbuat
pərdəsi altında
gizlənənlər özləri
də bilmədən xarici kəşfiyyatın
oyunçularına çevrilə
bilərlər. Son
günlər Milli Təhlükəsizlik Nazirliyinin
dövlətçiliyin qorunması
istiqamətində apardığı
peşəkar əməliyyatların
şahidi oluruq. Dini radikalizmə söykənən qüvvələr
planlı şəkildə
həyata keçirilən
əməliyyatlar zamanı
ifşa olunur və bundan hər bir azərbaycanlı
qürur duyur. Xahişimiz budur ki, MTN bu məsələni
də köklü araşdırsın. Bu məsələdə hamı
şeyxi müdafiə
etməlidi.
Kamil Vəli: Məni bir Azərbaycan
vətəndaşı kimi narahat edən odur ki, bu,
dalğa-dalğa böyüyə bilər. Bəli, şeyx
islam dini demək deyil. Amma uzun illərin işlənmiş bir
konsepsiyası var. Bu ideologiyada, konsepsiyada mən şeyxə qədər
islamın rəsmi məqamı, yəni belə vəzifənin
olduğunu bilmirdim. Hacı Allahşükür Paşazadənin
gəlişi ilə insanlar belə bir qurumun
varlığını hiss etdilər. 1989-cu ildə mən
şeyxin də iştirak etdiyi bir tərkibdə İraqda
olmuşam. O vaxt orda Azərbaycanın dini rəhbərinin necə
böyük hörmətlə
qarşılandığını görmüşəm. Biz
dəyərli insanlarımızın dəyərini bilməliyik.
Siyasi cəhalət dini cəhalətdən daha dəhşətlidi.
Cəhalət millət, milli mentalitet üçün təhlükədi.
Şəxsi kontekstdə söhbət etsək
çeçenlərin milli mücadiləsi başlayanda
haqsızlığa qarşı çıxan
çeçenlərin milli qəhrəmanı adını
alanlardan biri də Şeyx oldu. Bu o demək deyil ki, Şeyx
siyasət adamıdı. Sadəcə o, həmişə
olduğu kimi müsəlmanlara olan haqsızlığa
qarşı çıxış etdi.
Yaşar:
Elə öz yaxın keçmişimizə boylanaq. Biz
hamımız 20 yanvardan keçib gəlmişik. 20 yanvara qədərki
Azərbaycan, 20 yanvardan sonrakı Azərbaycan. Bizim müasir
tariximizi təsnifatlaşdırmaq lazım gəlsəydi, mən
bu ölçünü təklif edərdim. Və bu dəhşətli
günlərdə Şeyx bütöv bir xalqın
ağrı-acısını, faciəsini, dərdini öz
canında tək daşıyırdı. O, həmin günlərdə
matəm içində olan bir xalqın yas sahibiydi.
Bütün başsağlıqları məhz ona
ünvanlanmışdı və o, özünü əsl millət
atası kimi apardı.
Kamil Vəli: Bəli, 20 yanvar faciəsində ən "fədakarlarımız"
belə qaçıb gizlənmişdi. Biz ziyalılar da elə
yaxında deyildik. Şeyx demək olar ki, bir sutkanın 18
saatını orda olurdu, göz yaşları içində
xalqının yanındaydı. Nə qədər insafsız,
vicdansız olasan ki, bunu görməyəsən.
Yaşar: Şeyx, ümumiyyətlə, xalqın bütün
taleyüklü məsələlərində öz
mövqeyini bildirib. İctimaiyyətin tanıdığı
bir çox insanın həbsdən azad olunmasında şeyxin
müstəsna xidmətləri olub. Kami Vəli: Jurnalistlərin
həbsdə olması ilə bağlı da şeyx səsini
həmişə qaldırıb. Rusiya patriaxı II Aleksi vəfat
edəndə Moskvada idim. Bütün Rusiya matəm
saxlayırdı. Aleksinin dəfni dövlət
başçısı səviyyəsində oldu. Ona görə
yox ki, Aleksi Rusiya üçün fövqəladə bir
insandı, burda söhbət onun məqamından gedir.
Şeyxi tənqid etmək olar, demokratik cəmiyyətdə
bu, təbii haldı, amma ağa qara demək olmaz. Mən də
nəzir qutularına, məsciddə bəzi mollaların
yerli-yersiz hərəkətlərinə, cəhalətə
yönəlik addımlara qarşıyam. Ancaq mənəviyyatı
siyasətlə eyniləşdirmək olmaz. Mətbuatımızı
bizi sevənlər də, sevməyənlər də oxuyur.
Bizim maarifçiliyin çox ciddi bir fəsadı olub. Yəni,
cəhalətlə dini qarışdırıblar. M.F.Axundov
Quranı oxumadığı halda onu tənqid edib, peyğəmbər
haqqında nə gəldi danışıb. Amma Axundov altı
komediyası ilə Azərbaycanı yüksəldib. Bununla
yanaşı, onun dinə münasibəti ziddiyyətli və
yanlışdı.
Seyid Camal: Ən böyük demokratiya elə islamdadır. Amma
islami maarifləndirmə düzgün qurulmalıdı. Din
idarəsini məndən çox tənqid edən olmayıb.
Bunu mən Azərbaycanda gerçək islamın və islama
hizmət göstərməyə haqqı olanların Azərbaycanın
dini mühitinə gəlməsi üçün etmişəm.
Müəyyən mənada buna nail də olmuşam. Zaman-zaman
hörmətli şeyxlə müzakirə etdiyimiz məsələlərin
mən növbəti mərhələdə həllinin
şahidi olmuşam. Son dövrlərin siyasi proseslərini
xatırlayaq. Kimlərisə tapıb söz demək
mümkün olmayanda mən seyidliyim çırağında
önə çıxaraq, dini liderin qapısını
döyüb, onu təhqir etmiş adamların xahişini
etmişəm. O, çox aramla, heç nə olmamış
kimi məni dinləyib. Hətta bəzən dövlət
başçısına ricamızı
çatdırmağı da ondan xahiş etmişik. Şeyx təfərrüatı
varmayaraq, onu lazımi ünvana çatdırıb.
Kamil Vəli:
Bir məqamı da vurğulayım ki, dini idarədə bu
gün demokratik ab-hava hökm sürür. Orada cəhalətin
olmasından söhbət gedə bilməz.
Tanıdıqlarımdan şeyxin mədəniyyət üzrə
müavini Eldar müəllim çox tanınmış sənət
adamıdır. Belə bir insanın orada
çalışması çox sevindirici haldır. Bizim belə
ziyalılarımız çox deyil. Azərbaycanın qiymətli,
dünya səviyyəli adamlarını qorumalıyıq. Həm
Elçibəy, həm Heydər Əliyev ən vacib anlarda
şeyxlə məsləhətləşiblər.
Düşünürəm ki, müxtəlif fikirlilik bir səsdə,
əzəmətdə təmsil olunanda dövlət daha
güclü olur. Hərə bir söz deyib, bir-birini başa
düşməyəndə isə xaos baş verir. Ona görə
dini və milli məqamlardan haqlı olanı tələb etməliyik.
Ziyalı kimi işimiz budur.
Yaşar: Ümumiyyətlə, Azərbaycanda hətta Sovet
dönəmində də islama qarşı elə bir
güclü basqı, qadağa olmayıb. Yəqin bizdə
başqa dinlərə dözümlülük hissinin belə
güclü olmasının bir kökü də burdan
qaynaqlanır.
Seyid Camal: Mən Azərbaycandakı xarici nümayəndəliklərin
təmsilçiləri ilə görüşəndə
bildirirəm ki, bizdə tolerantlığın səviyyəsi
ən demokratik dövlətlərlə belə müqayisə
olunmaz dərəcədə üstündür. Onlar da bunu
etiraf edirlər. Dinlərarası münasibətlərin tənzimlənməsində
şeyx həzrətlərinin mövqeyi danılmazdı.
Ölkədə təriqətlərarası münasibətlər
də yüksək səviyyədədir. Bu il Azərbaycan
dünya dini liderlərinin sammitinə ev sahibliyi edəcək.
Şər, böhtan yazanlara çağırış edirəm
ki, insanlara demokratiya, azad söz adı altında çamur
atmasınlar. Şeyxə, digər insanlara qarşı səlib
yürüşünü dayandırsınlar. Onlar dinsizliyə
düçar olub, cahilliyə, şeytana könül veriblərsə,
bu insanları tövbə edib hidayət yoluna dönməyə
çağırıram. Əgər dönmək fikirləri
yoxdursa, onları sadəcə, adamlığa, adam olmağa
çağırıram.
Kamil Vəli: Azərbaycanın çox istedadlı jurnalistləri
var: Mirşahin, Hacı Zamin, Şahvələd
Çobanoğlu, Azər Qaraçənli. Onları həqiqəti
müdafiə etməyə çağırıram. Onlar onsuz
da bu cərgədədilər. Musa Yaqub demişkən,
ömrü başlı-başına buraxmaq olar, amma əqidəni
başlı-başına buraxmaq olmaz. İnanıram ki,
insanlar bir-birilə dil tapacaq. Barış, anlaşma
üçün həmişə yol var. O adamları da haqqa dəvət
edirəm. Tövbə qapısı həmişə
açıqdı.
Pərvanə Sultanova
525-ci qəzet.- 2009.- 5 fevral.- S.5.