"Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin edilməsi məsələsi söz olaraq qalacaq"

 

GÜLTƏKİN HACIBƏYLİ: "MƏRUZƏÇİ O ZAMAN TƏYİN OLUNA BİLƏR Kİ, ORTADA REAL FAKT OLSUN, BU GÜN İSƏ AZƏRBAYCANDA BUNA ZƏMİN YOXDUR"

 

MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR DAİMİ KOMİSSİYASININ SƏDR MÜAVİNİ GÜLTƏKİN HACIBƏYLİDİR

 

 - Azərbaycan tərəfi Avropa Şurası ilə münasibətlərdə və atdığı addımlarda həmişə səmimi, ədalətli olub. Biz Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymətləndiririk və bundan sonra da bu əməkdaşlığın dərinləşməsində maraqlıyıq. Ancaq biz qarşı tərəfin də Azərbaycana münasibətdə eyni dərəcədə ədalətli və səmimi olmasını arzulayırıq. Əgər Avropa Şurası Azərbaycanda mövcud vəziyyətin yaxşılaşmasını istəyirsə, lakin bu zaman onun problemlərinin bir qismini qabardıb, digər bir qismini görmürsə, təbii ki, bu, ən azı təəssüf doğurur. Eyni zamanda, əgər Avropa Şurası Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdırsa və atdığı bütün addımlar Azərbaycanda insan haqları, demokratiya naminədirsə, biz bunu da alqışlayırıq. Ancaq insan haqları və demokratiya təkcə terrorçuların hüquqlarından, təkcə konkret cinayət əməlləri törətmiş, korrupsiya cinayətləri etmiş, şəxsiyyət əleyhinə ağır cinayətlər həyata keçirmiş məhbusların hüquqlarından ibarət deyil. İnsan hüquqları və demokratiya həm də öz yurd-yuvasından didərgin düşmüş bir milyon insanın hüququdur. Avropa Şurası da insan hüquqlarının pozulması məsələsinə - "siyasi məhbus" kimi təqdim etdiyi məsələyə böyüdücü şüşə ilə baxdığı halda, bir milyondan artıq qaçqının və məcburi köçkünün probleminə biganəlik nümayiş etdirirsə, artıq burada - bu yanaşmada ikili standartların mövcudluğu göz önündədir. Azərbaycanda mövcud olan problemlərə yanaşmada Avropa Şurası artıq ikili standartlar sərgiləyir. Məsələnin digər tərəfi isə Azərbaycan və Avropa Şurasının digər üzv ölkələri arasında ikili standartların mövcudluğudur. Yəni, Azərbaycanı konkret olaraq bölgənin digər ölkələri müqayisə etsək, görərik ki, Avropa Şurasının ölkəmizə verdiyi qiymətlə Ermənistan və Gürcüstana verdiyi qiymət adekvat deyil...

   - Bunu deyərkən konkret nəyi nəzərdə tutursunuz?

   - Məsələn, Gürcüstanda keçirilən son prezident seçkiləri hamımızın xatirindədir. Gürcüstan prezidentinin birinci turda qələbəsi Avropa Şurasının bir çox deputatları tərəfindən şübhə ilə qarşılandı və hətta yadınızdadırsa, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Qross Mixail Saakaşvilini seçkilərin nəticələrini birinci turda oğurlamaqda ittiham etdi. Yəni, faktiki olaraq, seçkilərin birinci turunda qalibin müəyyən olunmadığını bəyan etmiş oldu. Hətta Gürcüstan deputatlarının özləri də Avropa Şurasında etiraf edirdilər ki, seçkilərin birinci turunda heç kim 50 faiz səs toplaya bilməmişdi. Lakin bunun qarşılığında Gürcüstandakı seçkiləri yüksək dəyərləndirdi. Baxmayaraq ki, seçkilərdə zorakılıq halları da müşahidə edilmişdi, seçki günü müəyyən kriminal hadisələr də baş vermişdi, bununla belə, o zaman qonşu dövlətdəki seçkilər yüksək və Avropa standartlarına uyğun seçkilər kimi qiymətləndirildi. Ermənistanda keçirilən son prezident seçkiləri isə, ümumiyyətlə, Avropa Şurası tarixində analoqu olmayan bir seçkilər idi. Mən Avropa Şurasının yaxın 30-40 illik tarixində elə bir seçki xatırlaya bilmirəm ki, burada seçkilərin nəticələrinə etiraz edən insanlara qarşı belə kütləvi zor tətbir edilsin, qəddarlıqla insanların etiraz aksiyaları yatırılsın, yüzdən artıq insan həbs olunsun və sair. Baxın, faktiki olaraq, yalnız seçkilərin nəticələrinin saxtalaşdırıldığına görə, etiraz səsini ucaladan yüzdən artıq insan həbs olunur və bu insanların həbsində də siyasi motivdən başqa hər hansı bir digər motivin olmaması göz onündədir. Burada həbs olunan insanların siyasi məhbus olmasını sübuta yetirməyə belə ehtiyac yoxdur. Bunun müqabilində isə Avropa Şurası Ermənistana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etmir və əslində, bu ölkədə faktiki mövcud olan siyasi məhbus problemini, ümumiyyətlə, gündəmə gətirmir və gətirmək istəmir. Ancaq Azərbaycanda 10 il bundan əvvəl tutaq ki, hər hansı bir cinayət törətmiş və Avropa Şurasının xahişi ilə əfv olunmuş, sonra yenidən cinayət törədərək həbsə atılan insanla bağlı siyasi məhbus məsələsi gündəmə gəlir. Konkret olaraq, korrupsiya cinayətləri törətmiş keçmiş nazirlərlə bağlı Avropa Şurası həmin tələblə çıxış edir. Avropa Şurası bir tərəfdən Azərbaycanı korrupsiyaya qarşı mübarizə aparılmadığına görə ittiham edirsə və korrupsiyaya qarşı mübarizəni daha ciddi-cəhdlə həyata keçirmədiyinə görə tənqid atəşinə tutursa, o zaman nə üçün digər tərəfdən korrupsiya cinayətləri törətmiş insanların cəzalandırılması Avropa Şurasının bəzi insanlarını belə qıcıqlandırır? Bundan başqa, Avropa Şurasında Yunan Kiprinin təmsilçisi olan və Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin edilməsi təşəbbüsü ilə çıxış edən Xristos Pirqurides, görəsən, doğrudanmı, Azərbaycan insanının, türklərin belə "yaxın dostu"dur? Eyni zamanda, Azərbaycanın, türklərin "dostu" olan Pirqurides nədən Qarabağda və Ermənistanda saxlanılan beş minə yaxın itkin düşmüş şəxsin, girovun, əsrin taleyi ilə bağlı heç bir təşəbbüslə çıxış etmir? Nədən rəsmi statistikaya görə 10-dan artıq, qeyri-rəsmi statistikaya görə 30-a yaxın insanın ölümü ilə nəticələnən dövlət səviyyəsində kütləvi zorakılığın tətbiqi halı Avropa Şurasında müvafiq qiymətini almır? Ancaq Azərbaycanda hansısa bir terrorçunun saxlanma şəraitinin Avropa standartlarına uyğun olub-olmaması Avropa Şurasını bu qədər ilgiləndirir və sözügedən qurum bu problemə böyüdücü şüşə ilə baxır? Demək istəyirəm ki, bütün bunlar çox ciddi suallar doğurur. Bir daha qeyd edirəm ki, əgər Avropa Şurası Azərbaycanın üzləşdiyi işğal probleminə də bu qədər həssaslıqla yanaşsaydı, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etsəydi, Ermənistanı qeyri-adekvat davranışına görə qınasaydı və həmin ölkənin hərbi-terror birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməsi istiqamətində Ermənistana ciddi təzyiqlər göstərsəydi, o zaman Avropa Şurasının digər sahələrdə göstərdiyi xüsusi böyük həssaslığı da anlamaq olardı. Ancaq gördüyünüz kimi, fərqlər göz qabağındadır. Həm Azərbaycanın daxilində olan problemlərə yanaşmada fərq, həm Avropa Şurasındakı bəziləri üçün lazım olan problemləri qabartmaq, lazım olmayan problemlərin üstündən isə sükutla keçmək, eyni zamanda, Azərbaycanla bölgənin digər ölkələrinə yanaşmada tamamilə fərqli mövqe ortaya qoymaq, bütün bunlar Avropa Şurasında mövcud olan ən azı bəzi qüvvələrin çox ciddi ikili standartlar mövqeyindən çıxış etməsini ortaya qoyur.

   - Gültəkin xanım, parlamentin yaz sessiyasının ilk iclasında Avropa Şurası sərt tənqidlərə məruz qaldı. Bu dəfə daha çox spiker Oqtay Əsədov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nı tənqid etdilər. Hətta sonuncu şəxs Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə yenidən baxılmasının mümkünlüyü barədə fikirlərini səsləndirdi. Bu baxımdan, Azərbaycanın Avropa Şurası ilə münasibətlərə yenidən baxması, o cümlədən sözügedən qurumun özünün siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin etməsi ehtimal olunandırmı?

   - Əvvəla, Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin edilməsi məsələsi sadəcə söz olaraq qalacaq. Çünki məruzəçi o zaman təyin oluna bilər ki, ortada real bir fakt olsun, ortada real bir zəmin olsun. Bu gün isə faktiki olaraq Azərbaycanda belə bir zəmin yoxdur. Siyasi məhbus adlandırılan məsələ artıq çoxdan öz həllini tapıb əgər Avropa Şurası siyasi məhbus axtarırsa, bu axtarışın məkanı Azərbaycan yox, Ermənistan MDB məkanının bəzi digər üzvləri olmalıdır. Hesab edirəm ki, bunlar sadəcə, Azərbaycana növbəti təzyiq cəhdlərindən başqa bir şey deyil bu baxımdan, siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunacağını da ciddi qəbul etmirəm. Parlamentin sərt mövqeyinə gəlincə, hər bir dövlətin, hər bir xalqın ən böyük sərvəti onun azadlığı, müstəqilliyidir Azərbaycan ona görə öz müstəqilliyi uğrunda bu qədər şəhidlər, qurbanlar verməyib ki, indi hansısa kənar qüvvələr, hansısa digər ölkələr - Azərbaycanın müstəqilliyinə qısqanc yanaşan çevrələr müəyyən maliyyə təzyiqi yaxud siyasi təzyiq yolu ilə, eləcə hansısa beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiq göstərsin sair. Biz bu davranışın səbəblərini kifayət qədər ciddi anladığımız üçün həm millət vəkilləri, həm parlamentin rəhbərliyi, həm AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri kifayət qədər sərt bəyanatlarla çıxış etdilər. Ancaq buna baxmayaraq, istənilən halda mən Avropa Şurasının gələcəyinə inanıram, inanıram ki, Avropa Şurası insan haqları demokratiya təşkilatı olaraq öz imicini qoruyub saxlamaq üçün müəyyən addımlar atacaq. Həqiqətən demokratiyanın insan haqlarının yanında olduğunu sübut edəcək. Hansısa güclərin yanında, hansısa maraqların yanında yox, insan hüquqlarının demokratiyanın yanında dayandığını ortaya qoyacaq. Bu halda isə mən Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərini işıqlı görürəm.

 

 

Kamil Həmzəoğlu 

 

525-ci qəzet.- 2009.- 5 fevral.- S. 5.