Musiqi ənənələrimizə
sadiqlik
Muğam bizim fəlsəfəmizdir desək,
yanılmarıq. Əsrlərdən
bəri xalqın sevinci ilə yanaşı onun kədəri, dərd - bəlaları da məhz muğam sayəsində gələcək
nəsillərə ötürülmüşdür.
Təkcə Xan Şuşinskinin
oxuduğu nəğmədə
- "Şuşanın dağları
başı dumanlı,
qırmızı koftalı,
yaşıl tumanlı"
deməsiylə yadelli
işğala məruz
qalan üçrəngli
cümhuriyyət bayrağımıza
işarə vurması,
Bəxtiyar Vahabzadənin
müstəqillik ideallarını
yaşatdığı "Muğam" poemasının
mətnindən xanəndələrin yetərincə
bəhrələnmələri buna parlaq sübutdur.
Məlumdur ki, mədəniyyət
dairəvi qapanmada, elm isə xətti inkişafdadır. Bu
baxımdan hər hansı bir xalq sənəti dairəvi
qapanma vasitəsilə mövcudluq əldə edir. Elmsə xətti
sistemdə mövcud olduğundan dünyanın müxtəlif
nöqtələrində yarana biləcək nəzəri
müddəaların davamı statusunu qazana bilir. Dahi Üzeyir
bəyin və onun peşəkar musiqi məktəbinin
davamçılarının sayəsində muğam sənətimiz
həm də elmi- nəzəri status qazana bilmişdir.
Keçən əsrin
son onilliklərindən başlayaraq, dünya məkanında
inteqrasiya prosesinin artması, qloballaşma kimi önəmli təmayülün
intensivləşməsi hər bir etnik mədəniyyətin
qarşısında özünəməxsusluğu qoruyub
saxlamaq kimi mürəkkəb bir məsələ qoyur.
Çünki bu artıq danılmaz bir həqiqətdir ki,
qloballaşma prosesi mədəni sistemlərin bəzi önəmli
ünsürlərinin sıradan çıxarılması ilə
müşayiət olunur. Buna görə də, əsrlərin
süzgəcindən keçərək, müasir
dövrün tükənməz mədəni xəzinəsinə
çevrilən maddi və mənəvi sərvətlərin
qorunması müasirlik qarşısında duran ən ümdə
problemlərdəndir. Şərq
professionallığının şifahi ənənələrə
əsaslanmış nümunəsi olan muğam, varisi
olduğumuz bənzərsiz və ölməz sənət
nümunələrindəndir. Şərq fəlsəfəsi,
şərqin əsrlərə hopmuş musiqisi və poeziya
ensiklopediyası, düşüncə tərzi kimi muğam da
möhtəşəmliyi ilə bərabər, həm də bəşəridir.
İnsanlığı daim düşündürən Həyat
- Ölüm, İşıq - Zülmət, Xeyir - Şər
kimi fəlsəfi təzadların axarını göstərməklə
o, dünyəvidir. Muğam digər mədəniyyət abidələri
kimi monoloji yox, daim dinamik inkişafda olan irqindən, dinindən,
dilindən, milliyyətindən asılı olmayaraq hər kəslə
ünsiyyətə girə biləcək dünyəvi sənətdir.
Son zamanlar muğamın
qorunması və inkişafı istiqamətində aparılan
müstəsna tədbirlər Heydər Əliyev Fondunun, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili,
ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın
milli mədəniyyətimiz qarşısında vətəndaşlıq
mövqeyinin bariz nümayişidir. Məhz Mehriban xanım Əliyevanın
dəstəyi, təşəbbüsü və rəhbərliyi
ilə reallaşan, həyata keçirilən Muğam -
İrs, Muğam - Dəstgah, Muğam - Ensiklopediya, Muğam -
İnternet, Muğam - Antologiya, Muğam Dünyası Layihələri
və nəhayət, Azərbaycan Respublikasının
Prezidentinin 6 aprel 2005-ci il № 737 saylı sərəncamı ilə
Bakı şəhərində Muğam Mərkəzinin
açılması milli mədəniyyət
strategiyasının böyük uğuruna çevrildi.
Muğam sənətinə
dünyəvi status verilməsinə doğru atılan
addımlardan biri də Ulu Öndər Heydər Əliyevin
diqqət və qayğısı sayəsində ildən-ilə
püxtələşən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində digər sənət
sahələri ilə yanaşı, muğam sahəsində də
peşəkar kadrların yetişdirilməsi ilə
bağlıdır. Respublikamızın adlı-sanlı sənətkarlarının
tədrisə cəlb olunduğu Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti "Musiqi sənəti"
fakültəsində xanəndəlik və xalq
çalğı alətləri ifaçılığı,
ansamblın bədii rəhbəri ixtisasları hazırlamaqla
muğam sənətinin sağlam inkişaf istiqamətinin
formalaşmasında müstəsna işlər
görülür.
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
musiqi təhsilinin genişlənməsinə ötən əsrin
altmışıncı illərinin sonlarından başlansa
da, musiqi sənəti fakültəsi 2001-ci ildə
yaranmışdır; bununla da muğam sənəti tədrisinin
təkmilləşdirilməsi üçün daha əlverişli
şərait meydana gəlmişdir.
Artıq
formalaşmış "Musiqili komediya aktyoru" ixtisası
ilə musiqi təhsilinin inkişafında yeni mərhələ
başlanmışdır. Tədris olunan fənlərin
sayı artırılmaqla, musiqi tədrisi Musiqi nəzəriyyəsi,
Solfecio, Vokal, Vokal ansamblı kimi fənlərlə zənginləşmişdir.
Vaxtilə görkəmli
musiqi xadimlərindən Milovanov, SSRİ xalq artisti, Dövlət
Mükafata laureatı, maestro Niyazi, xalq artistləri, bəstəkarlar
Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər
Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov,
musiqişünaslar Danil Danilov, Nailə Kərimova kimi sənətkarları
indi yeni nəslin hərətərəfli təhsil
görmüş nümayəndələri əvəz edirlər.
Müstəqillik
dövründə 9 ixtisası olan təhsil ocağında
hal-hazırda 35 ixtisas üzrə mütəxəssis
hazırlanır: "Xalq çalğı alətləri
orkestrinin rəhbəri" ixtisasının təsis
olunması da bu qəbildən olan tədbirlərdəndir. Bu
önəmli fakt 1997-ci ildə yeni bir kafedranın
-"Musiqi fənləri
və xalq çalğı alətləri"
kafedrasının yaranmasına rəvac verdi.
Yeni ixtisasların
("Estrada", "Muğam") meydana gəlməsi və
musiqi mədəniyyətini hərtərəfli tədris etməyə
imkan verən "Musiqişünaslıq", "Musiqi fənləri
və dirijorluq", "Estrada və populyar musiqi",
"Muğam sənəti", "İnstrumental
ifaçılıq" kafedralarının 2001-ci ildən
müstəqil fəaliyyət göstərməsi artıq
universitetin yüksək ixtisaslı müəllim
potensialına malik olmasına və musiqi tədrisi sahəsində
böyük təcrübə əldə etməsinə dəlalət
edir. Müxtəlif profilli musiqi kafedralarının
mövcudluğu öz növbəsində "Musiqi sənəti"
fakültəsinin yaranması üçün zəmin oldu.
Bu illər ərzində
Azərbaycanın bir çox tanınmış musiqiçiləri
məhz bu universitetin yetirməsi olmuşdur. İslam Rzayev, Canəli
Əkbərov, Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev, Azər
Zeynalov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova,
Zümrüd Məmmədova, Qəndab Quliyeva, Gülyanaq Məmmədova,
Simarə Əliyeva, Ağadadaş Ağayev, Vaqif Gərayzadə,
Briliyant Dadaşova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və
b. burada təhsil almışlar. Sevindirici haldır ki, bu
gün də bu sənətkarların əksəriyyəti
burada pedaqoji fəaliyyətlə məşğul olaraq, yeni nəslə
sənətin sirlərinə yiyələnməyə kömək
edirlər. Son illər respublikamızda təşkil olunan
muğam müsabiqələrinin, festivalların keçirilməsində
"Musiqi sənəti"
fakültəsinin müəllim və tələbələrinin
də az əməyi olmamışdır. "Musiqi sənəti"
fakültəsində beynəlxalq əlaqələrin
inkişafına da böyük diqqət yetirilir. Haşiyəyə
çıxaraq qeyd etmək istərdim ki, ADMİU Avropa
Şurası və YUNESKO-nun layihəsində ELİA (Avropa
incəsənət universitetləri liqası) təşkilatının
Azərbaycan universitetləri arasında ilk üzvü olmuşdur.
ADMİU beynəlxalq Universitetlər Assosiasiyasının
üzvüdür. Qeyd etmək lazımdır ki, İSESKO təşkilatının
eksperti də məhz bizim universitetin nümayəndəsidir.
ADMİU Almaniyanın DAAD, Yunesko-nun AYSBERQ proqramlarında
iştirak edib. O, "Tempus Tasis" proqramının
üzvü, Yaponiyanın Mədəniyyət Qrantı Layihəsinin
iştirakçısıdır. "Musiqi sənəti"
fakültəsində universitetin bu sahədə irəli
sürdüyü siyasət ənənə kimi davam etdirilir.
Məsələn, nəzəriyyəçi müəllimlərimiz
ELİA xətti ilə təşkil olunan konfransda (Barselona -
2003), Ankarada Atatürk Kültür Mərkəzi tərəfindən
keçirilən konfranslarda (2005, 2007) Moskvada keçirilən
Beynəlxalq konfransda (2007) milli musiqi elmimizi layiqincə təmsil
etmişlər.
Fakültənin beynəlxalq
əlaqələr mövzusunu davam etdirərkən qeyd etmək
lazımdır ki, burada xarici mütəxəssislərin təcrübəsi
keçirilir, xarici ölkələrin alimlərinin mühazirələri
və musiqiçilərinin konsertləri təşkil olunur.
Fakültədə Azərbaycan
vətəndaşları ilə yanaşı xarici tələbələr
də təhsil alır. Fakültə dekanlığı
xarici tələbələrin tədrisi prosesinə xüsusi
diqqət yetirir, "Musiqişünaslıq" kafedrası nəzəri
fənlər üzrə adaptasiya olunmuş mühazirələr
silsiləsi hazırlayır. Fakültənin
dekanlığı həm də türk tələbələrinin
elmi və yaradıcılıq hazırlığına,
onların elmi araşdırmalara marağının
artmasına da kifayət qədər böyük yer verir. Belə
ki, "Musiqişünaslıq" kafedrası tərəfindən
hər il artıq ənənəvi xarakter almış
"Türksoy" xalqlarının musiqi mədəniyyətinin
tədqiqi problemləri" mövzusunda elmi konfrans
keçirilir. Aparılan məqsədyönlü elmi-tədqiqat
işləri musiqişünaslığını ən aktual
problemlərilə bağlıdır (musiqi
türkologiyası, etnoorqanologiya və s.).
Beləliklə,
göründüyü kimi, fakültə əzmlə
çalışır. Burada elmi- tədqiqat və praktiki
yaradıcılıq sahələri üzrə surətdə
bir -birini tamamlayır. Yuxarıda qeyd olunanlar Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Unrversitetinin "Musiqi sənəti" fakültəsinin
geniş potensial imkanlarından xəbər verir.
Timuçin Əfəndiyev,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru,
professor
525-ci qəzet.- 2009.- 3 fevral.- S. 7.