"Rüstəm
İbrahimbəyov fenomeni
çağdaş sənətimizin
və həyatımızın
unikal hadisəsidir"
Ötən gün Yazıçılar Birliyində (AYB) xalq yazıçısı Rüstəm İbrahimbəyovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri açan AYB sədri, xalq yazıçısı Anar onun bədii yaradıcılığından danışaraq əsərlərinin əhəmiyyətini önə çəkdi. R.İbrahimbəyovun, rus dilində yazmasına baxmayaraq, milli yazıçı olduğunu deyən Birlik sədri onun həm də mahir təşkilatçı, işadamı kimi də uğurlarından danışdı. Xalq yazıçısı təkrarsız Rüstəm İbrahimbəyov fenomenini çağdaş sənətimizin və həyatımızın unikal hadisəsi adlandırdı. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev R.İbrahimbəyovun Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətləri sadalayaraq ölkəmizin belə ziyalılarla fəxr etdiyini dedi. "Rüstəm İbrahimbəyovun sənətkarlığı və şəxsiyyəti haqqında onu deyə bilərəm ki, mənim mənsub olduğum nəslin keçmiş SSRİ-də və dünyada ən çox tanınmış simasıdır. 60-70-80-ci illər Azərbaycan kinosunun və dramaturgiyasının inkişafını mən, başqaları ilə yanaşı, əsasən Rüstəmin adıyla bağlayıram". Bu fikirləri tədbirdə xalq şairi, millət vəkili Vaqif Səmədoğlu səsləndirdi. AYB katibi Çingiz Abdullayev onun əsərlərinin dünyəvi əhəmiyyət daşıdığını bildirdi. Millət vəkili, tarixçi Cəmil Həsənli Rüstəm İbrahimbəyovun öz ədəbi, bədii və intellektual potensialına görə təkcə Azərbaycan deyil, keçmiş SSRİ hüdudlarından kənara çıxmış yazıçı olduğunu vurğuladı: "Rüstəm İbrahimbəyov əsərlərinin hamısı ekranlaşdırılan yeganə yazıçıdır. Onun yaradıcılığı, vətəndaş mövqeyi ilə yaxından tanış olanda Azərbaycanın belə bir ziyalısının olması ilə fəxr etməmək mümkün deyil". Yazıçı Natiq Rəsulzadə dedi ki, Rüstəm İbrahimbəyov zahirən təmkinli görünsə də, daxilən çox narahat adamdır, o, çoxşaxəli istedada malik sənətkardır". Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov R.İrahimbəyovu "Dostluq akademiyası" adlandıraraq onun həm yazıçı, həm də insan kimi müsbət keyfiyyətlərindən söz açdı. Sonda çıxış edən yubilyar qələm dostlarına yaradıcılığına verdikləri dəyər üçün təşəkkür etdi.
Sevinc Mürvətqizi
525-ci qəzet.- 2009.- 3 fevral.- S. 7.