Ramil Həsənov: "YAP Gənclər Birliyinin qarşıdakı aylar üçün zəngin fəaliyyət proqramı var"

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sıralarında 180 mindən çox gənci birləşdirən bir qurum kimi, ölkənin ən böyük gənclər təşkilatıdır. Fəaliyyətə başladığı gündən təşkilat bir sıra maraqlı tədbirlər, kurs, treninq və seminarlar keçirib. Beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr reallaşdırıb. Bununla yanaşı, Birlik ölkədə keçirilən bütün seçkilərdə, o cümlədən prezident, parlament, bələdiyyə seçkilərində fəal iştirak edib. Birlik martın 18-də keçiriləcək referendumda da yaxından iştirak etmək və bununla əlaqədar Bakıda və regionlarda referendumla bağlı maarifləndirmə xarakterli aksiyalar gerçəkləşdirmək niyyətindədir. Referendum ərəfəsində görüləcək işlər və bundan sonra həyata keçiriləcək layihələr, tədbirlər barədə təşkilatın sədri Ramil Həsənov ətraflı məlumat verib.

   - Məlumdur ki, martın 18-də Azərbaycanın konstutiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu referendum Azərbaycanın siyasi, tarixi həyatında mühüm əhəmiyyət kəsb etdiyi üçün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də bu prosesdə aktiv iştirak etmək niyyətindədir. Odur ki, Gənclər Birliyinin qarşıdakı aylar üçün zəngin fəaliyyət proqramı var. YAP tərəfindən yaradılan təbliğat-təşviqat qrupuna Gənclər Birliyinin sədri kimi mən də səlahiyyətli nümayəndə olaraq seçilmişəm. Biz referenduma aid birbaşa təbliğat və təşviqatı deyil, bu prosesdə gənclərin maarifləndirilməsi işini həyata keçirmək niyyətindəyik. Çalışacağıq ki, 29 maddədən ibarət dəyişikliyin mahiyyətini, bunun Azərbaycanın inkişafı, bu günü və gələcəyi baxımından nə kimi yeniliklər gətirəcəyi barədə gənclərə ətraflı məlumat verək. Biz ilk olaraq fevralın 20-ə paytaxt küçələrində "Konstitusiyaya əlavə və dəyişikliklərə səs verək!" adlı aksiya keçirmək fikrindəyik. Aksiya maarifləndirmə xarakteri daşıyır. Sözügedən aksiya zamanı əhaliyə referenduma çıxarılan məsələlər barədə məlumat veriləcək, dəyişikliklərin ölkənin inkişafı baxımından əhəmiyyəti vurğulanacaq. 350-yə yaxın gəncin iştirak edəcəyi bu aksiyada əhaliyə birlik tərəfindən hazırlanan maarifləndirmə xarakteri daşıyan xüsusi bukletlər, broşürlər paylanacaq. Fevralın 23-də isə Bakı Əyləncə Mərkəzində partiyanın icra katibliyinin dəstəyi ilə "Konstitusiyaya əlavə və dəyişikliklər - inkişafa aparan yol" mövzusunda konfrans keçiriləcək. Bu konfransda Azərbaycanda fəaliyyət göstərən bitərəf və gənc hüquqşünaslar, təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konfrans çərçivəsində hüquqşünaslar dəyişikliklərlə bağlı öz fikirlərini söyləyəcəklər. Beynəlxalq təcrübədə bugünədək mövcud konstitusiya dəyişiklikləri və bunun nəticəsində əldə olunun müsbət nəticələr barədə məlumatlar veriləcək. Martın 4-də isə Bakı İdman Sarayında YAP Gənclər Birliyinin 3-cü Ümumrespublika Gənclər Forumu keçiriləcək. Sözügedən forumda birliyin 83 rayon və şəhər təşkilatının bütün strukturlarından nümayəndələr, sədr və müavinləri iştirak edəcək. Forum zamanı ölkənin müxtəlif regionlarını əhatə edən gənclər tərəfindən bu günədək görülən işlər və referendum ərəfəsində görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat veriləcək. Bunlarla yanaşı, fevralın 21-dən martın 16-dək Lənkəran, Quba, Gəncə, Mingəçevirdə, Yevlaxda, Şəkidə referendumla bağlı dəyirmi masalar keçiriləcək və bu tədbirlərin hər birində 200-dən artıq gəncin iştirakı nəzərdə tutulur.

   - Ramil müəllim, bu ilin ilk ayı ərzində Birlik tərəfindən nə kimi işlər görülüb?

   - 2009-cu ilə yeni layihələrlə başlamışıq. Yanvarın 28-də mən gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Görüş zamanı qərara aldıq ki, nazirliklə birlik arasında əməkdaşlıq bu il də davam etdirilsin. Əməkdaşlıq çərçivəsində yeni-yeni layihə və tədbirlər həyata keçirilsin. Yanvarın 23-ü və 24-də Bakıda, Gəncədə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə birgə "Mətbuatla iş və liderlik təcrübəsi" adlı yeni kurslar keçirmişik. Bu kurslarda 48 gənc fəal iştirak edib. Kurs başa çatdıqdan sonra bu gənclərə xüsusi sertifikatlar təqdim olunub. Yanvarın 28-də Qırğızıstandan gələn hakim partiyanın nümayəndələri, bitərəf və bir sıra QHT təmsilçisi gənclərlə görüş keçirdik. Görüşün təşkilatçısı ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu idi. Gənclər Günü ilə bağlı da dəyirmi masa təşkil etdik.

   - Birlik bundan sonra hansı istiqamətlərdə və nə kimi layihələr həyata keçirmək, hansı tədbirlərə qatılmaq fikrindədir?

   - Fevralın 10-dan 16-dək Ankara şəhərində "Avropa inteqrasiya prosesində gənc siyasətçilərin rolu və yeri" adlı beynəlxalq seminar təşkil olunacaq. Bu seminarda mənim də iştirakım nəzərdə tutulub. Mən burada Avropa inteqrasiya prosesində gənc siyasətçilərin rolu barədə mühazirə ilə çıxış edəcəm. Bununla yanaşı, biz Birliyin nəzdində Gənclərin İntellektual İnkişaf Mərkəzi yaratmaq niyyətindəyik. Mərkəzi yaratmaqda əsas məqsədimiz burada gənclərin disput xarakterli görüşlərini təşkil etməkdir. Eyni zamanda istedadlı gənclərin üzə çıxarılması məqsədilə onların layihələrini reallaşdırmaq istəyirik. Hazırda biz yeni bir layihə üzərində də çalışırıq. Sözügedən layihə Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində hazırlanır. Bu proqrama qoşulmaq üçün artıq biz niyyət protokolunu Avropadakı həmkarlarımıza göndərmişik. Aprel ayında "Gənc liderlərin formalaşmasında siyasi partiyaların rolu" adlı beynəlxalq konfrans keçirəcəyik. Konfransda Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Moldovanın hakim partiyalarının gənclər birliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Artıq sözügedən təşkilatlara bununla bağlı dəvət də göndərilib.

   - Bildiyimizə görə, təbii sərvətlər və ekologiya ilə bağlı layihələr həyata keçirməkdə də fəallıq göstərirsiniz.

   - Bizim Birlik ölkənin təbii sərvətlərinin, ekologiyasının qorunmasına çox həssas yanaşır. "Təbii sərvətlərimizə və ətraf mühitimizə sahib çıxaq" adlı çoxşaxəli proqram layihəsi hazırlamışıq. Tələbələr arasında "Ətraf mühitin çirklənmədən qorunması və təbii sərvətlərdən düzgün istifadə edilməsi" mövzusunda konfrans keçirməyi düşünürük. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Yaşıllıq həftəsi keçirmək niyyətindəyik. Bununla da biz ümummilli lider Heydər Əliyevin 70-ci illərdə həyata keçirdiyi yaşıllaşdırma siyasətini davam etdirmək istəyirik. Ümummilli liderin doğum günü ilə əlaqədər biz ölkə üzrə futbol və boks turniri keçirəcəyik. Hər iki turnir aprel ayından start götürəcək və may ayında - Heydər Əliyevin doğum günü ərəfəsində yekunlaşacaq. Bu ərəfədə gənclər arasında bilik müsabiqəsi də keçirmək niyyətindəyik. Müsabiqənin təşkilində məqsəd isə Heydər Əliyevin Azərbaycanın inkişafı, keçmişi, bugünü və gələcəyi üçün konkret olaraq hansı fenomen addımlar atdığını gənclərin yadına salmaqdır. Avropa Birliyi və Avropa Şurasının dəstəyi ilə EKA adlı proqram həyata keçirilir. Bu proqrama qatılmaq üçün artıq biz EKA-nın rəhbərlərinə rəsmi müraciət göndərərək və müsbət cavabını almışıq.

   - Xeyriyyə aksiyalarınız bu il də davam etdiriləcəkmi?

   - Bütün bayramlar ərəfəsində biz ənənəvi mərhəmət aksiyaları keçiririk. Novruz bayramı ərəfəsində də belə bir aksiya keçirmək, uşaq və qocalar evlərinə bayram sovqatı paylayacağıq. Mart ayında BMT-nin dəstəyilə birgə "Siyasi oyun" adlı layihəmiz olacaq. "Siyasi oyun"u gənclər arasında keçirməklə biz onların siyasi biliklərini və sürətli analiz qabiliyyətini üzə çıxarmaq fikrindəyik. Həmçinin "Qarabağ müharibəsinin həlli prosesində müasir informasiya texnologiyalarının rolu və əhəmiyyəti" mövzusunda konfrans keçirəcəyik. Bununla bağlı biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirməyi düşünürük. May ayında isə "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri" adlı məqalə müsabiqəsi və eyniadlı konfrans keçirməyi də düşünürük. May ayında həmçinin gənclər arasında esse müsabiqəsi təşkil etmək istəyirik. Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirmək fikrindəyik. Bu aksiya çərçivəsində iyun ayında biz QHT-lərlə Dostluq həftəsi də keçirəcəyik.

   - Ramil müəllim, Birlik tərəfindən nəşr olunan "Yeni Azərbaycan gəncləri" qəzetinin fəaliyyəti hansı sahələri əhatə edir?

   - Qəzetimiz artıq iki ilə yaxındır ki, nəşr olunur, gənclərin ideyalarını, bilik və bacarıqlarını üzə çıxarmaq, yaradıcı qabiliyyəti olan gənclərə geniş tribuna vermək, şərait yaratmaq məqsədi daşıyır. Qeyd edim ki, 16 səhifədən ibarət "Yeni Azərbaycan gəncləri" ayda bir dəfə, 1000 nüsxə tirajla nəşr olunur. Qəzet pulsuz olaraq bütün gənclər təşkilatlarına, arzu edən hər bir gəncə çatdırılır. Qəzetin internet səhifəsi də mövcuddur. Bugünlərdə qəzetin yeni sayı çapdan çıxıb. Orada Birlik tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar öz əksini tapıb. Bu sayda birliyimizin üzv olan 30-a yaxın istedadlı tələbə gəncin məqalələrinə geniş yer verilib. Nəşrin digər səhifələrində isə ölkədə və dünyada baş verən siyasi-iqtisadi hadisələr barədə məlumatlar var.

 

 

Sevinc Qarayeva

 

525-ci qəzet.- 2009.- 3 fevral.- S. 5.