Cənab səfir,
26-larla ədavətini bitmiş
hesab et!
Prezident İlham Əliyev
daha bir tarixi ədaləti bərpa etdi. Sahil bağı
26-lardan təmizləndi. Qəzetlərdən biri "26-lar
gorbagor edildi" kimi çox məntiqli manşet
atmışdı. Xəbəri oxuyub bu tarixi ədalətin bərpasını
gözlərimlə görmək üçün Sahil
bağına getdim. Münasib yer seçdim. Səbayel rayon
icra hakimiyyətinin qarşısında dayanıb ağır
texnikanın necə çətinliklə abidənin
qol-qanadını sındırdığına tamaşa etməyə
başladım. Diqqətimi mərmər üzlüklərin
arasından çıxan çox yoğun armaturlar çəkdi.
Ağır texnika hər dəfə "26-ları
vurduqca" sanki həmin armaturlar qalxan rolunu oynamağa
çalışırdılar. Lakin güclər qeyri-bərabər
olduğundan hər dəfə ağır texnika
"26-lardan" nəsə qoparır, asanlıqla təslim
olmaq istəməyən bolşevik abidəsi yavaş-yavaş
çökdürülürdü. Ətrafa xeyli adam
toplaşmışdı. Yanımda dayanan əli qəzetli,
başı şlyapalı adam mənə:
- "Nə
yaman maraqla baxırsınız, guya ki, düz edirlər?"
- deyə narazılığını
bildirdi.
- Niyə
düz etmirlər, milləti qıran, qanımıza susayan, daşnak Şaumyanın heykəli gərək Bakının göbəyində
dayansın?- deyə mən də suala sualla cavab
verdim.
- Yox, elə demirəm, yəni deyirəm ki, onlar da
öz dövrlərinin
adamları olublar, hökumət qurublar, müəyyən işlər
görüblər...
- A kişi,
nə hökumət qurublar, nə xidmətləri olub? Azərbaycanı qıran,
ölkə boyu soyqırım törədən
canilərə yəni
sənin canın bu qədər yanır? Elə belə
düşünmüşük ki, zamanında Şaumyanın
babalarına ocağımızın başında yer
vermiş, qohum-əqrəbalarını da sonradan başa
çəkmişik. İndi Qarabağ boyda dərdimiz var,-
cavabımı sərt formada onun üzünə
çırpdım. Adam uzaqlaşdı.
Mən bir xeyli dayanıb söküntü işlərinin
gedişinə tamaşa
etdim. Xəyal məni çəkib
1990-cı ilin sentyabrına aparmışdı. O vaxt
hazırda Azərbaycanın Moldovadakı fövqəladə və
səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə Səbayel
rayon soveti icraiyyə komitəsinin sədri vəzifəsində
çalışırdı. Biz tələbə
yoldaşları olduğumuzdan tez-tez
görüşürdük.
1990-cı il
sentyabrın ortaları
olardı. Azərbaycan radiosunun əməkdaşlarından
birinin mənzil probleminin həllinə kömək göstərmək
üçün İsfəndiyar Vahabzadənin yanına getməli
oldum. İspalkomun binasının qarşısına
çatanda icraiyyə komitəsi sədrini bir neçə nəfərlə
26-ların heykəlinin yanında gördüm. Sədr
26-ların güllələnməsi səhnəsinin həkk
olunduğu barelyefi "Belorus" markalı traktorla
sökdürürdü. Az qala gözlərimə
inanmadım. Abidəyə tərəf getdim və İsfəndiyar
məni görüb:
- Səyyad, gözlə bu işi bitirim, gəlirəm,- deyə traktorçuya göstəriş
verməkdə davam etdi.
Toplaşanlar məsələnin
təkcə barelyeflik
olmadığını anlamışdılar.
Traktorçunun təlaş
hissi keçirdiyini görən sədr:
-Ə, niyə
əl-ayağın belə
əsir, sökdürən
mən deyiləm, sən nədən qorxursan? - deyə amiranə bir səslə əlavə etdi, - irəli gəl, heykələ bax, görürsən
"təmirə necə
ehiyacı var", mərmərlər xarab olub, onları sökmək lazımdır.
-Elə bu vaxt bir
nəfər hövlanak
özünü İsfəndiyar
Vahabzadəyə çatdıraraq
dedi:
- Yoldaş
sədr, sizi Mərkəzi Komitədən
telefona çağırırlar.
-İsfəndiyarın
sifəti bir anlığa qaraldı. Ani
tərəddüddən sonra sədr kabinetinə
döndü. Mən də otaqda idim. Telefon zəng
çaldı. Dəstəyi qaldıran sədr:
- Eşidirəm,
Rüfət müəllim
(Rüfət Ağayev
o vaxt Bakı şəhər partiya komitəsinin birinci katibi vəzifəsində
çalışırdı- S.A). Yanınıza
gəlim? İndi gəlirəm, - cavabını verərək
dəstəyi hirslə çırpdı.Sonra
isə başlandı, Səyyad, gör indi Şaumyanın, bolşeviklərin qohumları nə oyundan
çıxacaqlar? Bunlarda nə
kişilik, nə də milli qeyrət var!
... Aradan bir müddət
keçdi. Sökülən barelyef daha yaxşısı ilə
əvəzlənib əvvəlki yerinə qoyuldu. Abidənin ətrafı
da xeyli abadlaşdırıldı. Ancaq İsfəndiyar
Vahabzadə daha Səbayel rayon soveti icraiyyə komitəsinin sədri
deyildi. Onu tutduğu vəzifədən azad etmişdilər.
... Altı-yeddi ayın
söhbətidir. Səfir Bakıya gəlmişdi. Zəng
vurdu. Elə Sahil bağında da görüşdük. Dərdləşdik.
Yenə də o, söhbəti çəkib 26-ların abidəsi
üzərinə gətirdi. Mən:
-Isfəndiyar, hələ də bu
heykəllə ədavətin qalır, nə kinli adamsan? - deyib 18 il sonra
1990-cı ildə başladığı
"heykəllə mübarizə" əhvalatını
soruşdum.
O dedi:
- Ə, bu
abidə ilə nə təhər davam qurtarsın ki, onlar mənim
millətimi qırıb,
milli hökumətimi yıxıblar. Bu heykəl 1990-cı ildə mənim
axırıma çıxdı. Daha başıma nə oyun
açmadılar. Məni daha nədə suçlamadılar.
Az qala xalq düşməni kimi həbs edəcəkdilər.
Səfir məndən
bir siqaret alıb yandırdı. Diqqətlə
ona baxdım. Çünki onu heç vaxt siqaret çəkən
görməmişdim. İsfəndiyar isə:
- İnşallah,
bir gün Bakıya gələndə
bu heykəli burda görmərəm, - deyib 18 il əvvəl
başına gələnləri
danışdı: "Deməli,
Səyyad, getdim Rüfət Ağayevin yanına. Kabinetə girən kimi
başladı bağırıb-çığırmağa
ki, sən kimsən, sənə kim icazə verib 26-ların
heykəlini sökürsən? Bilirsən bunun
üçün hansı məsuliyyəti
daşıyırsan? Səni əlli-ayaqlı itirərlər,
mən də heç "of!" demərəm. Gördüm
Rüfət Ağayev çox baş aparır, cavab verdim ki,
Rüfət müəllim, siz bu 26-ların vəkilisiniz? Adamı
od götürdü. Və ikicə cümlə dedi:
- Qozbeli qəbir düzəldər,
get Polyaniçkonun yanına,
səni gözləyir.
Getdim Polyaniçkonun qəbuluna.
Qırmızı sifəti bir az da qızarmışdı. Biz
biri-birimizi Əfqanıstandan tanıyırdıq. İlk
sualı belə oldu:
- Partbiletin
yanındadır?
- Yox, mən partbileti üstümdə gəzdirmirəm,
- deyə cavab verdim.
- Gəzdirməzsən,
axı, yoldaş Vahabzadə, sən bolşeviklərin də, sovet hökumətinin də düşmənisən.
Sənin atan da antisovet adamdır. Mən səhv etdim ki, sənin
o vəzifəyə təyin olunmağına razılıq
verdim. Sən hökumət əleyhinə olan mitinqlərin təşkilində
də iştirak etmisən, indi də çox əlləm-qəlləm
işlərlə məşğulsan. Guya bilmirik? De
görüm 26-ların abidəsini niyə sökürsən?
Bəlkə bu respublikanın sahibi sənsən, xəbərimiz
yoxdur?
Onun sözləri
məni tamamilə tabdən çıxardı:
- Yox,
Viktor Petroviç, respublikanın
sahibi sizsiniz. - Mən "sizsiniz" sözünü elə vurğuladım ki, Polyaniçko daşın
hara atıldığını
dərhal tutdu. Və
qeyzlə:
- Bəli,
mənəm, respublikanın
sahibi Moskvadır, Kremldir! Başa düşdün?! İndi get,
sökdürdüyün barelyefi yerinə qurdur. Abidənin də
ətrafını abadlaşdır və mənə məruzə
et, - dedi.
Biz biri-birmizi nifrətlə
süzdük. Kabinetimə təzəcə
çatmışdım ki, Bakı şəhər soveti
icraiyyə komitəsinin sədri Sənan Əlizadə
çağırdı. Getdim. İnsafən o mənimlə sərt
danışmadı. Dedi ki, gördüyün iş
alqışlana bilərdi, amma onun hələ vaxtı deyil. Özünə
macəra axtarma. Sənə torba tikilib, çalış xilas
ol. Get deyilənləri yerinə yetir.
Sonra rayon partiya komitəsinin
birinci katibi rəhmətlik Vəli Məmmədovla söhbətimiz
oldu. Vəli müəllim yalnız onu dedi ki, bu iş onluq
deyil. Amma hiss etdim ki, katib də mənimlə həmrəydir.
Vəziyyət dalana dirənmişdi.
Müavinlərimdən birinə göstəriş verdim ki,
sökülən barelyefi yerinə vurdursun. Eyni zamanda abidənin
yaxın ətrafına göy, qırmızı və
yaşıl rəngli oturacaqlar düzdürsün. O da
tapşırığa əməl etdi. Bir gündən sonra
yenə də mənə dedilər ki, Rüfət Ağayev
abidənin yanındadır və çağırır. Görüşdük.
Soruşdu ki, nə üçün abidənin
yaxınlığına oturacaqlar düzdürmüşəm.
Cavab verdim ki, qoy camaat oturub yaxından bunlara tamaşa etsin. Yenə
də birinci katibi od götürdü. Hirslə:
- Bəs nə
üçün oturacaqları göy, qırmızı və
yaşıl rənglətmisən? - soruşdu.
- Bunda nə var ki,
Rüfət müəllim?
- Nə olacaq,
Müsavatın bayrağını tikibsən 26-ların
böyrünə, - deyə səsini ucaltdı. - Sən
bilmirsən ki, 26-ların yanında oturmazlar. Onlara ancaq
ayaqüstü baxarlar.
- Bax, bunu bilmirdim, - deyib
rişxəndlə gülümsündüm.
Söhbətimiz bununla
da bitdi. Bir neçə gün sonra mənə şiddətli
partiya cəzası verib tutduğum vəzifədən azad
etdilər. Sonrasını da bilirsən".
... Hə, cənab səfir,
indi 26-larla ədavətini bitmiş hesab etmək olar. Bakıya
gələndə zəng vur, keçmiş iş yerinin
qarşısında görüşək. Daha həmin abidəni
Sahil bağında görməyəcəksən. Amma bilirəm
ki, Şaumyanın nəvələri ilə, Azərbaycanda
soyqırım törədənlərin abidəsinin xiffətini
çəkənlərlə hələ uzun illər,
ömrünün sonunadək vuruşacaqsan. Vuruş,
qardaş, vuruş, vuruşmayanların əvəzindən də
vuruş! Sən o yolda vuruşmasan yaşaya bilməzsən, cənab
səfir! Bu, sənin
taleyindir. Taledən isə qaçmaq olmaz!
26-ların abidəsinin
sökülməsinin qanlı 20 Yanvara təsadüf etməsi
lap yerinə düşdü. İnşallah, bir gün də əli
Azərbaycan xalqının qanına batanlar öz layiqli cəzalarını,
qiymətlərini alarlar, istər ölü olsunlar, istərsə
də diri. Bu il Azərbaycan xalqı 20 Yanvar şəhidlərini
daha layiqli formada andı. Bunun özü də çox
şeydən xəbər verir.
Yazının qəhrəmanı
İsfəndiyar Vahabzadə olduğundan, sonu da şəhidlərlə
yekunlaşdığından səfirin bir arzusunu da
xatırladım. Bir gün biz Şəhidlər Xiyabanında
olanda İsfəndiyar dedi:
-"Yaxşı olar
ki, Şəhidlər Xiyabanının girişinə Mehmet
Akifin "Sənə dar gəlməyəcək məqbəri
kimlər kazsın, Göməlim gəl səni tarixə, demə
sığmazsın" misrası, qurtaracağına isə
Namiq Kamalın "Şəhidlik son rütbəsidir əsgərin"
sözləri yazılsa əla olar.
Bəlkə də
haçansa bu və ya buna bənzər sözləri Şəhidlər
Xiyabanında oxuyacağıq...
Səyyad Ağbabali,
"Arena" qəzetinin baş redaktoru
525-ci qəzet.- 2009.- 3 fevral.-
S. 4.