Rüstəm İbrahimbəyov:
"Öz məhəlləndə ad çıxarmaq
asandır"
"ELƏ YAZIÇILAR VAR Kİ, İNKİŞAF
EDƏRƏK SƏNƏT MƏNASINDA İLDƏN-İLƏ
BÖYÜYÜRLƏR. MƏNİM İSƏ BELƏ
BİR XÜSUSİYYƏTİM YOXDUR, NECƏ YAZIRDIM, ELƏ
DƏ YAZIRAM"
Dünya şöhrətli
həmyerlimiz, tanınmış ssenarist, rejissor və dramaturq
Rüstəm İbrahimbəyovla onun yaratdığı
"İbrus" teatrında görüşürük. Bu
gün tamaşa günü deyil və Rüstəm müəllim
yeni "Tartüf Ağayeviç" tamaşasının məşqinə
gəlib.?Teatrda hər şey məşqə hazırdır. Teatrın
işçilərində sevinc dolu təlaş hiss edirəm.
Biri həyəcanla işığı yoxlayır, digəri
dekorasiyanı, o birisi?"bu,?Rüstəm müəllimin
oturacağıdır" deyir. Görünür, tələbkardır,
düşünürəm. Həm özünə, həm də
digərlərinə qarşı. Belə olmasaydı, əldə
etdiyi?uğurları qazana bilərdimi?
Rüstəm müəllim
danışdığımız vaxtda teatrın
vestibülünə?daxil olur. Biz kameralarla?bərabər onu
salamlamağa tələsirik. O, əlimi sıxaraq,?deyir:
"Mən sizi qarşılamalıyam. Axı, siz mənə
qonaq gəlmisiniz". Biz Rüstəm müəllimin?təklifi
ilə?başlanğıcı yenidən çəkirik. O,
bizim?çəkiliş qrupumuzun planlarını da dəyişərək,
səhnədə yox, zalda?oturmağımızda təkid
edir.?Öz oturacağına əyləşir,?gəlin belə
söhbət edək, deyir. Öz-özümə?gülümsünürəm:
Rüstəm İbrahimbəyov onun?haqqında verilişdə
də?özünü qonaq yox,?peşəkar ssenarist və
rejissor kimi hiss edir. Buna görə onu qınamaq?olarmı?
Söhbətə
"İbrus" teatrından başlayırıq. Rüstəm
müəllim teatrın aktyorlarının istedadından
danışır. Onların həm Azərbaycanda, həm də
onun hüdudlarından kənarda yüksək peşəkar
ifa?nümayiş etdirdiyini?fəxrlə vurğulayır. "Bilirsiniz,
öz evində peşəkar olmağa nə var ki" deyir.
- Biz yuxarı məhəllədə
yaşayırdıq. Keçmiş Poluxinlə 1-ci
Parallelnı küçələrinin kəsişməsində.
O vaxt məhəlləmizdə bir oğlan
yaşayırdı,?adı Çingiz idi. O, özünü
çox sakit aparırdı. Məhəllə uşaqları
isə çox coşqun idilər. Bir dəfə ondan
soruşdular ki,?qardaşların məhəllədə
cahillik edirlər,?bəs sən niyə özünü belə
sakit aparırsan. O, cavab verdi ki, öz məhəlləndə
ad çıxarmaq asandır. Siz gedin Montinə və
soruşun ki, Çingiz kimdir. Onda görərsiniz ki, sizə
nə cavab verəcəklər. Oranın da böyüyü mənəm.
Demək?istədiyim odur ki, biz azərbaycanlılar, bir
çox hallarda elə Azərbaycanda?iş görməklə
kifayətlənirik.
- Müsahibələrinizdən
birində demisiniz ki, özünüzü teatrda diletant hesab
edirsiniz. Yəqin ki, Rüstəm İbrahimbəyovun ən
böyük nailiyyəti ssenari müəllifi kimidir. Bir
ssenarist kimi Azərbaycanda ssenari məktəbinin
yaradılmasına nail olmusunuzmu?
- Mənim işim, əsasən,
ssenari yazmaqdır və lazımi səviyyədə ssenari
yazanda vətənimiz, milli kinomuz qarşısında öz
borcumu yerinə yetirdiyimi hesab edirəm. Hər adam mütləq
müəllim olmur, amma buna baxmayaraq, mən neçə ildir
ki, gənclərlə məşğul oluram. Qeyri-rəsmi
olaraq, bir ildir ki, burada məktəb açmışam. Orada
rejissor, ssenarist, prodüser, aktyor şöbələri var. Hesab
edirəm ki, bu, bizə çox lazımdır, çünki
dövlət son zamanlar kinoya vəsait ayırmağa
başlayıb. Amma bizim nəslin sıraları tədricən
seyrələndiyindən, gənclərə daha çox yer
verilməlidir. Bizim məktəbdə olan 30 gəncdən bir
neçə nəfəri imkanlı sayıram. Mənə elə
gəlir ki, onların nəticəsi yaxşı olacaq.
- İmkanlı deyəndə
siz nəyi nəzərdə tutursunuz, istedadı, yoxsa peşəkarı?
- İstedad Allahdan gəlir,
amma peşəkarlığı öyrənmək
lazımdır. Bunlar ikisi birləşəndə, deyə bilərik
ki, yaxşı ssenarist, rejissor çıxa bilər, ya yox.
- Rüstəm müəllim,
sizi Sovet İttifaqına tanıdan 1969-cu ildə çəkilən
"Səhranın bəyaz günəşi" filmi oldu.
Ondan əvvəl "Bir cənub şəhərində"çəkilmişdi.
- Demək olar ki, onlar
eyni vaxtda çəkilib.
- Necə oldu ki, kibernetikadan
kinematoqrafiyaya gəldiniz?
- Mən Azərbaycan
Sənaye İnstitutunda (indiki Neft Akademiyası) oxuyurdum. Məktəbdə,
həm də institutda oxuduğum dövrdə heç
ağlıma gəlməzdi ki, nəsə yaza bilərəm,
ya da bir tamaşa qoya bilərəm. Cavanlıqdan
kinonu çox sevirdim. Hələ tələbə
ikən imkanım olanda M.F.Axundov kitabxanasına gedirdim,
SSRİ-də çıxan "İskusstvo kino" adlı
jurnalı alıb oxuyurdum. Hər nömrəsini
oxuduğumdam, deyə bilərəm ki, hamısını əzbərdən
bilirdim. Məndən başqa bir neçə
nəfər də var idi ki, kino ilə maraqlanırdılar.
Biz mühəndis olmaq istəyirdik, amma kinoya həvəsimiz
böyük idi.
Bir neçə
hekayə yazdım. Onlardan birini "Yunost" jurnalına
göndərdim. Oradan cavab aldım ki, hekayə
belə bir hörmətli jurnalda çap olunmaq səviyyəsində
deyil. Buna baxmayaraq, istedadlı olduğumu
da qeyd edir və bu işi davam etdirməyimi məsləhət
görürdülər. Mən də həmin
hekayəni atdım stolun yeşiyinə.
- Çap olundunuzmu nə
vaxtsa həmin jurnalda?
- O jurnalda yox. Amma
həmin stolu Maqsudla bölüşürdüm. Bir dəfə həmin hekayə Maqsudun gözünə
dəyir və onu "Molodej Azerbaydjana" qəzetinə
verir. Hekayə orada çıxır.
Sonra daha bir neçə hekayə yazdım və
məni qəbul ssenari kurslarına qəbul etdilər. Aspiranturada işləri davam etməklə
yanaşı mən bu kursları da bitirdim. "Bir cənub şəhərində" filminin
ssenarisi mənim diplom işim idi. Əvvəl
bu, "Drujba narodov" jurnalında çap olundu. Azərbaycanda
o vaxtlar, elə indinin özündə də, oxuyan az idi. Elə o səbəbdən
buna əhəmiyyət verən olmadı. Lakin
film çəkiləndən sonra onun ətrafında çox
böyük mübahisələr yarandı.
1970-ci illərin əvvəlllərində
dahi rus rejissoru Tovstonoqov həmin povestimi oxudu və teatr
üçün pyes yazmağım məqsədilə məni
Peterburqa dəvət etdi. 1971-ci ildə pyes yazdım. Həmin vaxt
onun işləri çətinə düşmüşdü
və o, teatrdan çıxdı. Həmin əsər
Vaxtanqov adına teatrda tamaşaya qoyuldu. Kino sahəsində senzura ilə bağlı problemlər
olduğundan, bir neçə pyes yazdım və 1972-1975-ci illərdə,
əsasən, teatrda çalışmışdım.
- Ssenaridən sonra dram yazmaq
necə idi?
- Ümumiyyətlə, mənim
teatra münasibətim yaxşı deyildi. O vaxt mənə elə
gəlirdi ki, teatrda bir az sünilik var. Vaxt tapıb bizim teatra
gəlsəniz, görərsiniz ki, burada aktyorlar, bilmirəm bəlkə
də səhnə kiçik olduğundan, səhnəni elə
yaşayırlar ki, elə bil ki, həyatdır və ya kinoda
olduğu kimidir. Çünki böyük
teatrlarda aktyor səsini yüksəltməyə, qabarıq hərəkətlər
etməyə məcburdur ki, böyük auditoriya ona fikir
versin, onu eşitsin. Buna görə də
teatr heç vaxt mənim xoşuma gəlməyib. Amma yazanda maraqlı idi ki, çünki bunun da
yaxşı tərəfləri var. Teatr dramaturgiyasının
elə keyfiyyətləri var ki, bəlkə də, ssenaridən
daha təsirlidir.
- Siz nə vaxt başa
düşdünüz ki, dünya səviyyəsində
ssenarist olmağa iddialısınız?
- Onu indiyədək
özüm üçün ayırd etməmişəm elə
indinin özündə də. Ancaq deyə bilərəm
ki, ilk əsərlərimlə indikilərin arasında fərq
çox azdır. Elə yazıçılar var ki,
inkişaf edərək sənət mənasında ildən-ilə
böyüyürlər. Mənim isə
belə bir xüsusiyyətim yoxdur, necə yazırdım, elə
də yazıram. Bəlkə şəxsiyyət
kimi inkişaf edib püxtələşirəm. Amma yazıçı kimi dəyişmirəm.
İlk ssenarim - "Bir cənub şəhərində",
dahi isveç rejissoru Berqmanın ssenarisi ilə eyni jurnalda,
Çexoslovakiyada çıxan hörmətli "Film
Adoba" jurnalında çap olunmuşdu.
- Siz bir çox ölkələrdən
olan rejissorlarla, Azərbaycan rejissorları ilə işləmisiniz.
Azərbaycan
üçün yazdığınız ssenarilər o birilərindən
nə ilə fərqlənir? Hansı sizə daha
yaxındır?
- Bilirsiniz, Mixalkovla,
başqa rejissorlarla xaricdə iş görəndə, buna bir
sifariş kimi baxıram. Rasim Ocaqovun filmləri isə mənim
üçün daha dəyərlidir. Çünki onlar
daxili aləmimi, dünyagörüşümü aça
bilirlər.
- Çox adamdan bunu
eşitmişəm ki, Rüstəm İbrahimbəyov
"Oskar" mükafatı alıb, dünya şöhrətli
rejissorlarla işləyir, ancaq nəyə görə Azərbaycana
dair ssenarini dünya kinosuna çıxarmaq istəmir?
- Bir vaxt Mixalkov mənim
ssenarimə bir film çəkirdi - "Sibir bərbəri".
Demək
olar ki, bu, ən bahalı filmlərdən olmaqla, dəyəri
35 milyon dollara yaxın idi. O vaxt mən Bakıda "Ailə"
filmini çəkirdim - 150 min dollara. Zarafatla deyirdim ki, mən
həm ən bahalı, eyni zamanda ən az
büdcəli filmdə işləyirəm. Bu
gün bizim texniki imkanlarımız, maddi vəsaitimiz
"Oskar" mükafatına layiq film çəkməyimizə
imkan vermir. Amma onu da qeyd edim ki, son vaxtlarda mənim
iştirakımla çəkilən "Ailə" və
"Əlvida cənub şəhəri" filmlərinin ikisi
də Berlin festivalında panoramaya düşüb. Belə ki,
İş ondadır ki, Azərbaycanda
kinoşünas yoxdur. Ona görə də
Rasim Ocaqov kimi dahi rejissor digər rejissorlarla eyni səviyyədə
qəbul olunub. Amma Rasim Ocaqov filmlərini
SSRİ-dən kənara çıxmağın çətin
olduğu bir vaxtda çəkib. Ona görə
də onun filmləri beynəlxalq festivallarda iştirak etmirdi.
Amma ümumittifaq festivallarında bu filmlər dəfələrlə
birinci yerə layiq görülüb. Bu
festivallar da özünə görə beynəlxalq hesab edilə
bilər. Çünki orada 15 respublikadan
olan filmlər nümayiş etdirilirdi və Rasimin filmləri
birinci yer tuturdu. Doğrudan da, istedadlı
filmlərdir. İndi də onları xaricdə
göstərəndə, mənə deyirlər ki, həqiqətən
də bu, böyük rejissordur.
- Mən sizi düz başa
düşdümsə, siz deyirsiniz ki, Azərbaycandan filmin
Hollivuda çıxarılması, ilk növbədə, pul vəsaitilə
bağlıdır?
- Bu gün dünya kinosunda vəziyyət
elədir ki, film çəkilişinə 10 milyon qoyulursa, bir
o qədər də onun ekrana çıxmasına sərf
olunmalıdır. Buna görə də minlərlə
gözəl filmlər ekrana çıxmır. Amma Hollivudun dayaz məzmunlu filmləri
çıxır, amma onlar çıxa bilmir. Çünki bu filmlərə sərmayə qoyulmur.
Biz Avropa filmləri
ilə özümüzü müqayisə etməliyik. Avropa filmlərini
Amerikada göstərmirlər. Onlar
yalnız Avropada nümayiş olunur. Kinomuzun
səviyyəsini Avropa filmlərinə
çatdırmalıyıq. Birincisi, film
keyfiyyətli olmalıdır. İkincisi, yəqin
siz bizim kinostudiyada olmusunuz və oradakı şəraiti də
görmüsünüz. Studiya
dağılır. Bir il yarım olar
ki, prezidentin fərmanı çıxıb. Fərmana
əsasən ora bərpa edilməlidir, texniki səviyyə
yüksəldilməlidir. Hələlik isə heç
bir iş görülmür. Gürcüstanda
gürcü filmləri ən yüksək səviyyədə
bərpa olunub. Kasıb Gürcüstanda. Yəni
bu şeylər olmasa, çox çətindir. Doğrudur, bu şərtlər vacibdir, amma onlar kifayət
deyil. Bunlarsız, əlbəttə keyfiyyətli
kino çəkmək olmaz. Onlar olduqda isə
başqa şərtlər də meydana çıxır, yəni
istedadlı adamlar. Kino bir tərəfdən
sənətdir, o biri tərəfdən biznesdir. İstehsalat və biznesdir.
- 70 yaşında
özünüzü necə hiss edirsiniz?
- Əla. 70 yaşına çatan adam necə olmalıdır? Bu
yaşa çatmağın özü elə böyük bir
qələbədir. Buna görə də 70
yaşına çatan adam Allaha
şükür etməlidir ki, o, belə bir imkanı onun
üçün yaradıb.
- Rüstəm müəllim,
çox sağ olun və qarşıdan gələn
yubileyinizi təbrik edirik.
525-ci qəzet.- 2009.- 6 fevral.- S. 4.