Görüntülü dilçilik və türkoloji


Dünyanın mənzərəsini, şəklini və bu şəklin altındakı məzmunu, mənanı elm öz yolu və metodları ilə, sənət də özünəməxsus vasitə və üsullarla təqdim edir.

 Elmin və sənətin kəsişdiyi sahələrdə bu universal bilgi, ortaqlıq, həmhüdudluq özünü qabarıq şəkildə göstərir.

 ...Xalça özü bir mətndir. İşarələr və rənglər xalçanın dilidir. Türk xalçasını biz hələ oxuyub dərk etməsək də, bu xalçaların damğalardan, qayaüstü rəsmlərdən (Qobustan, Gəmiqaya...) gələn mətnyaratma parametrlərini görməmək mümkün deyil. Xudu Məmmədov və onun məktəbinin bu sahədəki araşdırmalarını, xüsusən Səyavuş Dadaşın miniatür, memarlıq və xalça sənətində türk özümlülüyünü təsdiq edən araşdırmalarının bu sahədə yeni üfüqlər açacağına inanırıq.

 Xalça dilindəki semiotik sxemləşmənin, kod modelləşdirməsinin, dilçilik və o cümlədən türkologiya üçün də yeni perspektiv açdığını qəbul etməmək olmaz.

Xalçanın dil xəritəsi - simvol, ornament- naxış aləmi bizim üçün sirr olduğu qədər də, yolgöstərən aydınlıq açarı - göy üzünün ağ yolu, kəhkəşanıdır. Kristalloqrafiya elminin çağdaş nəticələri kökü eramızdan əvvələ gedən qayaüstü rəsmlərdə, damğalarda, xalça naxışlarında, ornamentlərdə təsdiq olunursa, burada anlaşılmayacaq bir şey qalmır. Azərbaycan alimi Xudu Məmmədovun və onun tələbələrinin, özəlliklə Səyavuş Dadaşın apardığı araşdırmalar mövcud simmetriya və assimmetriya qanunauyğunluqlarını açmaqla yanaşı, xalça, miniatür, memarlıq dilinin türk millətinə məxsus kodunu - dilini ortaya qoyması bəşəriyyətin universal dilinin bir mənzərəsidir və milliliklə bəşəriliyin təsdiqidir. Bu sıraya muğam və aşıq sənətinin musiqi dili də əlavə oluna bilər.

Aristoteldən, Pifaqordan, Evkliddən, Fərabidən, Xəyyamdan, Tusidən, Nyutondan... ta XVIII əsrə qədər riyazi işarələrdən, sxem, model və simvollardan sistem olaraq istifadə edilməyib. Klassik fizikanın banisi İ.Nyuton "Natural fəlsəfənin riyazi əsasları" adlı dahiyanə əsərində tapdığı qanunları bizim indi bildiyimiz və alışdığımız şəkildə simvollaşdırmayıb. Mexanikanın ən abstrakt qanunlarının sözlə ifadəsinin yaratdığı çətinliyi biz müasir insanlar anlayırıq və heyrətlənirik ki, sözlə bu mücərrədliyi ifadə etmək, dərk etmək və başlıcası öyrətmək, təlim etmək nə qədər çətin olub...

Yeri gəlmişkən, qeyd edək ki, "Tanrıların dili" adlanan musiqidən sonra insan dili gəlir.

Lövhi-məhfuzdan gələn yazı-işarə-cizgi-sxem anlayışı alın yazısında və ya əlin içindəki cizgilərdə öz əksini tapır. Tale xəritəsi olan bu cizgilər gələcək həyatın aynası sayılır. Mistiklər bu xəritəni oxumaq istəyirlər, bəzən bunu az-çox bacarırlar. Halbuki qədim maqlar, sehrbazlar, tilsim, cadu, fal ustaları o əsrarlı dünyanın ayrı-ayrı, təsadüfi xətləri ilə avantür bir sistem yaradıblar.

"Tövrat"da, "İncil"də, "Quran"da Allah həqiqəti qarşısında mistikanın, cadu-sehr və magiyanın mənasızlığı dolğun şəkildə əks olunub. Amma yalnız Allaha xas olan gələcək həyat bilgisi - tale yolu insanlar üçün həmişəlik bağlı qapıdır. İnsan bu əlifbanı - sxemi oxumaq gücündə deyil. İki sirri insan bilməməyə məhkumdur: ruhun sirrini və qəzavü qədər əsrarını. Hz.Məhəmmədin aşağıdakı sözlərini şərh etməyə ehtiyac yoxdur: "İnsanların ürəklərinə girib qəlblərindən keçənləri araşdırıb oxumağa, sirlərini öyrənib bilməyə vəkil edilməmişəm. Mən yalnız gördüyümə və duyduğuma əsaslanaraq hökm verirəm: gizli şeylər isə Allaha məxsusdur, onları yalnız o bilir". Yazı insan dilindən min illər sonra yaranıb. "İlkin söz olmuşdur" deyən Tövrat da, dilə ayrıca önəm verən Quran da dili deyil, dili yaradanı - yəni Tanrını və əlbəttə ki, peyğəmbərlər vasitəsilə Allahdan insana gələn ilahi xəbərləri, mesajları, əmrləri müqəddəs bilir və müqəddəs qəbul olunmasını tələb edir. Bu dillərin qədim ivritcə və ya ərəbcə olması insan olan peyğəmbərlərin ana dili ilə bağlıdır. Tanrı bəşəri və əbədi vəhyləri əhatə edən dörd kitabın bilgisini seçilmiş peyğəmbərlərin bildiyi, danışdığı və təbliğ edə bildiyi dildə nazil edib. Dili Allah yaradıb (söhbət sayı 3000-ə qədər olan insan dilindən gedir).

Yazı isə Allahın deyil, insanın kəşfidir. Yazı sözün şəklidir və şəklin abstraksiyasıdır. Dünyada yazılı dillər olduğu kimi, yazısız dillər də onlarcadır.

 Dəqiq elmlərdə, şumerlərdən başlayan ədəd, fiqur nəzəriyyəsində ilkin simvol söz olub. Aristotel o sözlərlə ritorika da yazıb, poetika da, məntiq də. Fərabi neoplatonçuluğun, yeni Aristotelçiliyin əsasını qoyub və təbiətin, insanın fəlsəfəsini sözlərlə ifadə edib. Ömər Xəyyam hisslərin tüğyanı olan rübailərinin dilində, sözündə Evklid həndəsəsinin kəşflərini edib, astronomiya qanunları yaradıb.

 Söz nə qədər qüdrətli və qüvvətli olsa da, zaman keçdikcə insan simvollar, sxemlər, modellər vasitəsilə elmi fikri daha dürüst, yığcam və konkret şəkildə ifadə etməyə nail olub. Yer üzünün və göy üzünün xəritələri və sonralar dünyaya gələn cəbr, həndəsə, fizika, astronomiya işarələri, simvolları qaya rəsmlərinin, damğaların, qədim rəmzlərin, xalça dilinin qanuni davamı və bir növ adekvat yekunu, nəticəsi olaraq ortaya çıxıb.

 Şübhəsiz ki, bu sahədə öncüllük dəqiq elmlərə məxsusdur. Lomonosovun, Mendeleyevin, Eynşteynin, Kürilərin, Eşbinin, Lütfizadənin... simvol dili onların təmsil etdiyi və yaratdıqları elm sahələrinin göstəriciləridir.

 ...Bir müdrik dostumun gözəl bir sözünü xatırlatmaq istəyirəm. O, deyir ki, qulaq da, göz də oğrudur. Qulaqla göz bir yerdə, çətin ki bir şey əldə edə biləsən. Çünki səs görüntüyə, görüntü səsə mane olur və diqqət mərkəzləşə bilmir, nəticədə hafizə, yaddaş, bilgi adına bir şey qazana bilmir. Bu cür bir-birini neytrallaşdırma göz və qulaq hafihəsi (məcazi mənada oğurluğu) üçün yetərsizdir və praqmatik sayılmaz. "Göz gördüyünü götürər" deyimi bu mənada həqiqəti daha çox ifadə edir. Şəkillərlə, cizgi və naxış-simvollarla, ideoqrafemlərlə anlayışın və prosesin ifadəsi daha qədimdir və təbii olaraq daha doğmadır.

 İkinci bir tərəfdən, əlifba ilə ifadə olunmuş yazılı mətnlərin bilgi yükü daha çoxdur və bu yükün standartlığı zaman-zaman yoruculuq, yeknəsəqlik yaradır. Bilgi əxz etmək prosesində bu, çox önəmli faktor olduğu kimi, mücərrəd-nəzəri durumlarda da bu perspektiv kifayət qədər əhəmiyyətlidir.

 Bizim sivilizasiyadan əvvəlki sivilizasiyaların qənaətinin, baxışının, eləcə də neçə min illik mədəniyyət tarixinin ifadəsi olan atalar sözləri və deyimlər göz və görməklə bağlı baxışlar sistemini də ümumiləşdirir ki, biz bu ümumiləşdirməni görüntülü dilçilik və türkoloji elmi üçün də əhəmiyyətli sayırıq.

 Humanitar elmlərdə, o cümlədən dilçilikdə və onun tərkib hissəsi olan türkologiyada da simvollardan az-çox istifadə edilib. Sxemlər, modellər, diaqramlar və hətta riyazi dilçilikdə geniş istifadə olunan formullar son 100-150 ilin məhsuludur. Dilçilikdə (və o cümlədən türkologiyada) model və sxem, eyni zamanda diaqram, cədvəl iki əsas funksiya daşıyır: metodik və metodoloji. Metodik müstəvi öyrətməyə, təlimə yönəldilib. Burada bilgi ardıcıllığı, ümumiləşdirmə, təsnifat ön plandadır. Görümlülük idrakı asanlaşdırır və abstraksiyaya görümlü biçim verərək ona reallıq qazandırmış olur. Metodoloji müstəvidə də elmi abstraksiya əyaniləşdirilir, sxemləşdirmə imkanı, münasibətlər və əlaqələr sistemi, qanunauyğun keçidlər görümlülük qazanır. Məsələn, semiotikanın və semasiologiyanın əsas kateqoriyalarından biri olan dəyər və dəyərlilik anlayışını modelləşdirmək dil işarələrinin münasibəti fəlsəfəsinin mahiyyətini açmağa yardım edir.

Nə qədər ki, elmi axtarış var, təcrübələr və arayışlar davam edir, sxem və modellər də dəyişəcək, təkmilləşəcək və ideala daha yaxın olacaq. Məsələn, ural-altay dillərinin 50-ə qədər təsnifini və ümumən dünya dillərinin təsnifini ümumiləşdirmək təcrübəsi bir kəşf anlamına gəlməz. Ancaq müxtəlif təsniflərin rasional cəhətlərinin birləşdirilməsi və rəng imkanları ilə ləhcə-dil özəlliklərinin təsbit olunması bu sxemi adekvatlaşdırır.

Bu mənada saitlərin, samitlərin, leksik, morfoloji, sintaktik, üslubi-poetik kateqoriyaların sxemləşdirilməsi, cədvəlləşdirilməsi ayrı-ayrı örnəklər olaraq deyil, sistem olaraq yenilikdir və görüntülü (görsəl) dilçiliyin, türkologiyanın təmsil və təsdiq olunmasıdır. Çağdaş internet və animasiya (canlandırma) kontekstində, müasir tədris ortamında görüntülü türkolojinin oynadığı rolu sübut etməyə ehtiyac yoxdur. Məsələnin nəzəri tərəfi və məqsədi də eyni səbəbdən zəruri və qaçınılmazdır.

 Sxem və modellərin poetika elmində də əhəmiyyətini göstərməmək olmaz. Söz sənətinin estetikliyi ilə məntiqiliyi arasında qarşılıqlı əlaqənin əyani göstəricisi olan bu tipli sxem və modellərin mahiyyətini anlamaq üçün Qara Qarayevin öz müəllimi böyük Üzeyir Hacıbəyovdan danışarkən söylədiyi fikir ibrətamizdir: "...sadə lirik mahnıların məlahəti, muğam strukturunun qəşəngliyi arxasında yalnız estetik yox, həm də məntiqi mahiyyətli həssas bir sistem və gözəllik vardır".

 Çox zaman sıradan insanların və eyni zamanda ədəbiyyatçıların "Gözəldir, parlaqdır, müdhişdir" tərəfinin isbatı olmadığı üçün söz xatirinə söz, ümumi tərif kimi qəbul olunur ki, bu da təbiidir.

 Halbuki həqiqi poetik təhlil səslərin, sözlərin, cümlələrin, ümumpoetik strukturun mətn daxilindəki dinamikasını əks etdirir, vəzndən və dildən gələn ritm konfiqurasiyasını, intonasiya özünəməxsusluğunu təsbit edir. Müstəsnalıq, axıcılıq, uyum yaradan vasitələrin sistemini müəyyənləşdirməklə bədii mətnin təkrarsızlığı, özümlülüyü sübut olunur.

Gözəllik və məntiqiliyin görüntülərdə əks olunan cədvəl və sxemləri bu araşdırmaları əyaniləşdirməklə vizuallığı mahiyyətin təsdiqi kimi ortaya qoymuş olur.

Böyük intibah rəssamı və alimi Leonardo da Vinçi insan anatomiyası ilə sənət anatomiyası arasında simmetriya, assimmetriya, qızıl bölünmə nisbəti və s. ilə bağlı dahiyanə kəşflər edib.

 Şeirin görüntülü anatomiyası - vizual mənzərəsi R.Yakobsonun, Cem Dilçinin, X.Açıqgözün... tədqiqlərində öz əksini tapıb.

 "Dədə Qorqud" boyları, Yunus Əmrə, Nəsimi, Füzuli, Qaracoğlan, Aşıq Ələsgər, M.Müşfiq, S.Vurğun, R.Rza, Şəhriyar, B.Vahabzadə, M.Araz, Səhənd... şeiri bu sayaq araşdırma üçün diqqətəlayiq qaynaq - mətnlərdir.

 N.Xomskinin, Z.Herrisin, L.Blumfildin, L.Yelmslevin, R.Yakobsonun, M.Çeyfin, E.Benvenistin və b. dil nəzəriyyəçilərinin baxışlarını açıqlamaqda da model-sxem materialları ciddi əhəmiyyət kəsb edir.

 Dialekt-şivə xəritələrindən sosioloji dilçilik xəritələrinə, dövlət dili siyasəti xəritələrinə qədər, M.Kaşğarinin "Divani-lüğət-it türk" xəritəsindən (o xəritədə yer hələ məcməyi şəklindədir) "Azərbaycan dialekt və şivələrinin atlası"na qədər, ilkin dil ailələri və dil tipləri xəritəsindən internetdəki canlı Google saytının xəritəsinə qədər bütün xəritə-atlas sistemi görüntülü dilçiliyin təməli, başlanğıc nöqtəsidir.

 Qərb və Şərq təcrübəsini birləşdirməyə çalışdığımız araşdırmada "Günəşin Şərdən doğması" isbat etmək üçün deyil, Şərq ilkinliyi və hissiyyat təcrübəsi ilə Qərb rasionalizmini və texnoloji təcrübəsini birləşdirməyə cəhd göstərmişik.

 İndi internetdə, televiziya və b. ünsiyyət sahələrində tez-tez rast gəldiyimiz ideoqrafemlər, piktoqrafemlər, jest, mimika işarə ünsiyyətin çağdaş dilinin yeni mərhələsi - postmodern ünsiyyət sistemidir. Texnologiya görünüm sistemində çox böyük dəyişmələr yaradıb. "Yeni-yaxşı unudulmuş köhnədir" məntiqi ilə deyil, yeni yaşam və şərtlər kontekstində köhnənin dirildilməsi tamamilə təbii prosesdir və yeni mətnin, yeni ünsiyyətin quruluşunu, semantikasını əks etdirən şərtiliklərin təbii ifadəsidir. Qərb-Şərq dixotomiyasında üstünlükdən daha çox bütünlüyü görmək və təsdiq etmək bəşəri həqiqəti ortaya qoymağa xidmət edir. P.S. "Görüntülü dilçilik və türkologiya" kitabının öncə Türkiyə Türkcəsində İstanbulda, sonra Azərbaycan Türkcəsində Bakıda yayınlanması nəzərdə tutulub. Kitab böyük alim və ziyalı Xudu Məmmədovun əziz xatirəsinə ithaf olunub.

 

 

Kamil Vəli

 

525-ci qəzet.- 2009.-  7 fevral.- S. 25.