Ölü qoxusu nə gözəl
olarmış, Tanrım!
Atama çox
bağlı idim. Bütün uşaqlığım onunla
sıx təmasda keçmişdi. Məni Kürən
atının tərkinə alıb, Qafqazın bütün
dağlarını, yamaclarını gəzdirərdi. Hətta
ov etdiyi zaman belə qucağında nəfəsimi içimə
çəkib oturardım. Çox ucaboyluydu,
sarışın idi, masmavi gözləri vardı atamın.
Uşaq anasının südünün qoxusunu
aldığı kimi mən də atamın dağ qoxusunu
almışdım, ondan ayrı qala bilmirdim. Artıq
böyük qız olduqdan sonra anam və bacılarım məni
atamın qucağında yatmağa qoymurdular. (Atam məni
onların hamısından çox sevdiyi üçün
heç vaxt bu sevgini mənə bağışlamadılar). Mənsə
vəhşi dağ keçisi kimi meşələrdə,
dağlarda, ağacların başında
böyümüşdüm, özümü qətiyyən
qız hesab etmirdim. Heç qızlıq hissi, ərgənlik
çağı nə oldu, bunu mən bilmədim. Hətta
qadın olduqdan sonra belə, qadınlıq hissləri nə
deməkmiş, çox gec anladım. Zatən yaşamağa
qoymadılar ki, qadınlığımı..
Yox, yox, qətiyyən
indi burada, yaşanmamış bir qadınlıqdan, daha
doğrusu, gec anladığım əsl bir qadınlıqdan
danışmaq istəmirəm. Sadəcə, dünyanın
heç bir qoxuya bənzəməyən ən gözəl
bir qoxusundan söz açmaq istəyirəm.
Atamın yuvasından qanadlarım
heç əməlli-başlı bərkiməmiş,
doymamış perik düşdüm, qürbətin tənha
sonsuz göylərində itkinə çevrildim. Dünyada tək
bircə arzum var idi, amma. Atam dünyasını dəyişəndə
yanında olum. Anamı itirdikdən sonra bilirdim ki, çox
yaşamayacaq. 82 yaşı vardı atamın. Min-min arzum kimi
Tanrı bu arzumu da gözümdə qoydu. Qəfil ölüm
xəbəri məni Berlində, sükan arxasında
yaxaladı. Ayaqlarım əyləci basa bilməyən bir hala
gəldim. Güclə maşını bir kənara çəkdim.
Elə gecə ilə uçdum. Bakıda dayanmayıb,
birbaşa Oğuza, Xaçmaz kəndinə yol aldım.
Atam evin ortasındaca
uzanmışdı. Hər gəlişimdə sevinən,
qapıya çıxan, boynumu qucaqlayan atam heç
qımıldanmadı belə. Sakitcə yanına
çökdüm. Uzun-uzun atamı qoxladım. Əllərinə,
üzünə toxundum. Buz kimi idi atam. Amma qoxuyurdu, qəribə
qoxuyurdu atam.
Ev dolu idi. İstəyirdim ki,
hamı çıxıb getsin və mən atamla yalqız
qalım. Hər dəfə kəndə gələndə məni
görməyə gələn qohum-qonşuların əlindən
məni qaçırırdı, gedirdik dağlara, meşələrə,
saatlarla gəzirdik, otururduq. Atam Sokrat kimi, oxumamış bir
müdrik idi. Onun nə söhbətlərindən, nə
özündən, nə də qoxusundan doymuşdum. Qonşu
kişilər, əmim oğlanları gecə atamın
yanında qalmaq istədilər. "Ölüdən
qorxarsan" - deyərək məni qadınlar olan otağa
ötürmək istədilər. Amerikadan, Kanadadan, Rusiyadan
bacı-qardaşlarım sabah gələcəkdilər.
"İnsan atasından qorxarmı" deyə qəti etiraz
etdim və itələyib hamısını çölə
çıxartdım.
Bütün gecə atamı
qucaqladım, öpdüm, oxşadım. Əllərimi kəfənin
içinə salıb bumbuz əllərini
sığalladım. Yaladım atamı sabaha qədər... Nə
gözəl ayrılıq idi bu, nə mübhəm, nə
sehrli vidalaşma idi bu. Nə müqəddəs qovuşma idi
bu, ilahi, anlatamam...
Başımı sakitcə sinəsinə
dayayıb doymadan, uzun-uzun qoxlayırdım atamı. Bu nə əsrarəngiz
qoxu idi, ilahi! Heç bir qoxuya bənzədə bilmirdim bu
qoxunu.
Moskvadan uçaq gecikdi. Molla nə qədər
"ölünü saxlamaq olmaz" - söyləyib israr etsə
də, bacılarımın yolda olduğunu bildirib, "bir
gün daha gözləyək" - deyə yalvardım.
3 gün, 3 gecə
atamı qoxladım. Həyətə belə
çıxmır, başsağlığına gələnlərlə
düşüb həyətdəki çadırda oturmur,
atamın yanından ayrıla bilmirdim. Bu əsrarəngiz qoxu məni
buraxmırdı bir addım qırağa.
Nə gözəl ayrılıq idi bu!
Nə gözəl vidalaşma idi bu, nə gözəl qoxu idi
bu, ilahi!!!
Ölü dəyişirmiş demə.
Saatbasaat. Xəlvət-xəlvət üzünü
açıb örtür, otaqda kimsə olmayanda uzun-uzun
üzümü üzünə söykəyib
qoxulayırdım. Bu əsrarəngiz qoxunu içimə
çəkib yığırdım ki, bütün qalan
ömrümə çatsın. Qoymurdular ahıl qadınlar.
"Toxunma" - deyirdilər. Amma gecələr səhərə
kimi atam mənim idi. Təkcə mənim idi. Bütün
qoxusu mənim idi. 3 gün, 3 gecə mənim oldu atam. Hər
zaman mən onun qonağı olurdum bu evdə. İndi atam mənim
qonağım idi. Dünyamın ən əziz qonağı.
Son qonağı. Ona görə doya-doya vidalaşmaq istəyirdim
atamla. Atamın ölüsündən də doymurdum.
Ölü qonaq nə əziz olurmuş adama! Bütün ev
atamın qoxusu idi. Otağa girən qonşu qadınlar
burunlarını tutub pəncərələri
açırdılar. Mənə qəribə baxaraq, "sən
3 gündür bu qoxunun içində necə oturursan ay
yazıq bala" - deyə göz yaşı
tökürdülər. Mənsə sakitcə: "Atamı
iyləyirəm" - deyirdim.
Mollanın, qonşu
kişilərin etirazına baxmayaraq, qəbiristanlığa gəldim,
atamın qoxusunun dalınca düşüb. Qəbrin dərinliyi
heç bir metrə olmazdı. Atamı xalçanın
arasından götüyüb sadəcə kəfəndə qəbrə
salladılar. Üstünə köhnə taxta
parçaları düzdülər və torpaqlamağa
başladılar. Beli qardaşımdan alıb, atamın bir
daha görə bilməyəcəyim gözəl
üzünü torpaqla əbədi qapatdım. Bir daha
qoxlamayacağım, dünyanın ən müdhiş bir
qoxusunu torpaqlar altına gömdüm. İnsanlar
yavaş-yavaş qəbiristanı tərk etdilər. Atamın
başıucuna çöküb ümidlə, bir daha dərindən
nəfəs çəkdim. Yox, atamın gözəl qoxusu
daha gəlmirdi. Kəndin qədim, uçuq-sökük qəbiristanlığına
sakit bir bahar axşamı düşürdü. Ətrafdakı
qəbirlərə yaxınlaşdım. 3 gündür
güclü yağışlar yağmışdı. Təzə
qəbirlərdən qəribə qoxular gəlirdi. Bu nə
qoxu idi, Tanrım?
Atamın mübhəm qoxusu burnumun,
dodaqlarımın ucunda, asta-asta qəbiristanlığı tərk
etdim. Gecə atamın büküldüyü xalçanın
üstündə yatdım. Səhəri günü
xalçanı, onu həyətə sərmək istəyən
böyük bacımın əlindən alıb aparıb o
biri otaqda, yatağın altında, qoxusu yayılmasın deyə,
bərk-bərk bükərək gizlətdim.
Səhər, günəş
hələ dağların arxasından tam
çıxmamışdı, eyvanda oturub uzun-uzadı
alçaq çəpərimizdən görünən ətrafı
seyr edirdim. Evimizin 3 tərəfi qəbiristanlıq idi.
Atamın qoxusu hələ burnumda, əllərimdə,
dodaqlarımdaydı. Örüş zamanı idi.
Naxırçının səsi hər tərəfi
bürümüşdü. İnəklər, camışlar,
danalar yolun ortasından çıxaraq qəbiristanlığın
içinə girir, qəbirləri tapdalaya-tapdalaya gedirdilər.
Çəpəri hoppanıb qəbiristanlığa
keçdim. Qəbiristanlığın nə hasarı var idi,
nə qapısı. Səhər axurdan buraxılan
camışların, inəklərin məzarların
üstünü batırmalarına içim
sızıldaya-sızıldaya tamaşa edirdim. Naxırçı da inəyin təzəkləməsini
yarıda kəsmək günahmış kimi, sifətinə
ifadə verərək əlini çomağına söykəyib
səbirlə gözləyir və inəklər,
camışlar işini bitirdikdən sonra "Ho, ho, ay inək"
- deyə çomağı inəyin belinə vururdu.
Naxır qəbiristanlıqdan keçdikdən sonra ətrafı
dolaşdım. Qəbirlərin hamısını
tanıyırdım. Qonşularımızın,
qohumlarımızın, məhəllə sakinlərinin, şəhidlərin
qəbirləri idi. Bir az da irəli getdim. Ucqarda nənəmin
qəbrini axtarıb tapdım. Qəbrin üstü, hər tərəfi
mal təzəyi idi. İçimdən dərin bir inilti qopdu.
Ana nənəm qarabağlı idi, Ağdamdandı. Öləndə
vəsiyyət etmişdi ki, mənim üstümü
Qarabağda düzəltdirib gətizdirərsiniz. O zamandan
araya qarışıqlıq düşmüşdü,
yazıq nənəmin arzusunu yerinə yetirə bilməmişdik.
Anam isə Qarabağ həsrətiylə dünyadan
getmişdi. Yadımdadır, bir dəfə televiziyada
Ağdamdakı məhəllələrini göstərirdilər.
Uçulub xarabalığa çevrilən ata yurdunu görəndə
ondan elə bir inilti qopdu ki... "Mən artıq yaşaya
bilmərəm bundan sonra" deyə için-için
hıçqırdığı hələ qulağımdan
çəkilmir. Anamın ağdamlı ərindən
olan yeganə oğlu Eldar qardaşım isə hər dəfə
kəndə gələndə nənəmin qəbrini ziyarət
edəndə bizə təsəlli verirdi ki, Ağdamı geri
alan kimi birinci nənəmizin qəbrinin üstünü orda
düzəltdirib gətirəcəyəm. Axşamdan
atamın qəbrinin yanındakı ağaca söykənilmiş
beli alıb qəbrin üstünü təmizlədim.
Otları yolub tulladım. Qəbiristanlığın bir
neçə yerindən arxlar axırdı. Bu arxlardan kəndin
aşağısında insanlar içməli su kimi istifadə
edirdilər. (Biz kəndin lap başında
olurduq. Ədəbiyyatda Xaçmaz dərəsi kimi məşhur
olan qədim Xaçmaz kəndi qədim Qafqaz
Albaniyasının ən önəmli strateji bölgəsindən
biri olub. Yadelli işğalçılar Dərbənd
qalasından keçərək Xaçmaz dərəsi ilə
Qafqaz Albaniyasına hücumlar edirdilər və bu yolla sonra Azərbaycanın
digər bölgələrinə keçirdilər.
Xaçmaz hələ də tariximizin min bir sirrini
özündə qoruyub saxlayır). Kənd yerində qəbirlərin
çoxunun üstü imkansızlıqdan örtülmür.
Yağış, sel gələndə sellər, sular qəbirlərə
dolur, hopur, ölülərimizin cəsədini yuyur və bu
suları biz aşağılarda içirik. Bəli,
ölülərimizin suyunu içirik!!! Kimsənin umurunda
deyil. Nə rayon icra rəhbərlərinin, nə kənd bələdiyyələrinin.
Onlara siz hansı bağdan ildə nə qədər
qoz, fındıq, şabalıd toplanır, hansı tarladan ildə
neçə min ton arpa-buğda yığılır
sorsanız, dərhal cavab verərlər, hansı yaylaqda nə
qədər qoyun-quzu saxlanır, qışda fermalarda nə qədər
dana, quzu doğulur, sayına qədər deyərlər.
Amma kəndin qəbiristanlıqlarının (çoxu tarixi abidə
kimi hasara alınmalıdır) dədə-babalarımızın
məzarlarının qayğısına qalmağın vacib
olub-olmadığını nəbadə onlardan
soruşasınız. Gözlərini döyə-döyə,
maddım-maddım baxarlar üzünüzə.
Hüzrdən sonra ata evini tərk edərkən
böyük qardaşımı o biri otağa çəkib,
yatağın altındakı xalçanı ona göstərib
dedim: "Bunu atamdan yadigar olaraq mənə verərsənmi?"
Qardaşım üzümə baxıb: "Onu ora kim
dürtüşdürüb, nə qiyməti var ki onun,
qurbandır sənə!" - dedi. Qardaşım onun qiymətini,
kaş ki, bir məndən soraydı. Xalçanı əzizləyə-əzizləyə
Bakıya, ordan da Berlinə götürüb gəldim. Dünyanın
heç bir qoxusuna bənzəməyən atamın gözəl
ölü qoxusu sanki əbədiyyən bu xalçaya hopub
qalıb. Hərdən uşaqlarım evdə
olmadığı zaman yerə açıb saatlarla
üstünə uzanır, uzun-uzun qoxlayıram. Yəqin ki,
ölü qoxusunun nə qədər əsrarəngiz
olduğunu heç bir zaman təsvir edə bilməyəcək
və əbədi həsrət qaldığım bu qoxunu
başqa heç bir zaman, heç bir yerdə dada bilməyəcəyəm.
Hətta atamın məzarının yanından axan arxın
suyundan içsəm belə...
Ölü qoxusu
çox gözəldir. Bəs ölü suyu necə?..
Yağışlar, sellər
daşan zaman ölülərimizin qəbri sel sularıyla
dolur. Yuxuları ərşə çəkilir, sel-suyun
içində əbədi rahatlıqlarını itirirlər
müqəddəs ölülərimiz, dədə-babalarımız,
əzizlərimiz, şəhidlərimiz.
Qu tükündən yumşaq yatağında rahat uyuyan əfəndilərimiz, lütfən bir baş çəkin ucqar kənd qəbiristanlıqlarına, siz də dadın bu müqəddəs arxların sularından! Bəlkə bu sular əlinizə, üzünüzə toxunsa, özünüzə gələr, ayılarsınız və onların qayğısına qalarsınız... Berlin, fevral 2009
N. ATƏŞİ
525-ci qəzet.- 2009 .-7 fevral.- S.24.