Dəli Kür"

 

Bu gün, ədəbi dəyərlərin qəsdli şəkildə, yoxsa, zamanın hansısa məkrli tələbinə uyğun surətdə itirildiyi, "yazıçı" anlayışının, öz xırda maddi ehtiyaclarının ödənilməsi naminə istənilən şəklə düşə bilən "miskin şairlər ordusu" səviyyəsinə endirildiyi bir dövrdə, şəxsiyyət bütövlüyü, yüksək yazıçı amalı, ali vətəndaşlıq əqidəsi ilə yaddaşlarda yaşayan İsmayıl Şıxlını xatırladıqca, yazıçı olduğuna, üstəlik, Azərbaycan yazıçısı olduğuna görə peşmanlıq və xəcalət hissi çəkmirsən, əksinə, ədəbiyyata təmənnasız xidməti və xeyirxahlığı ilə çoxlarına nümunə ola bilən bu qələm adamıyla qürur duyur, bu işıqlı simada bir pərvəriş, nicat tapırsan.

 Azərbaycanın tarixi reallıqlarını, müxtəlif zümrəli və taleli insan obrazlarını canlı və dolğun təsvirlərlə qələmə almış, neçə-neçə yaddaqalan romanları və hekayələri ilə ədəbi fikir tarixində öz təsirli Səhifəsini yaratmış İsmayıl Şıxlı, onu yaxından-uzaqdan tanıyan insanların, xüsusən, hər kəsin yerini və qiymətini dəqiq müəyyənləşdirməyi bacaran ədəbi mühitin yaddaşında, həm də zadəgan xislətli nəcib insan kimi yaşamağındadır.

 "Azərbaycan" jurnalı, sonradan Yazıçılar Birliyi kimi, fəaliyyəti birbaşa yaradıcı insanlarla - hədsiz həssas təbiətli, dəymədüşər qələm adamlarıyla sıx təmaslar üzərində qurulan məsuliyyətli vəzifələrdə çalışdığı dövrlər belə, kiminsə bu dərin zəkalı, insanpərvər ziyalıdan narazı qaldığı, ya incidiyi yada gəlmir.

 Yazıçının, Birliyin rəhbəri olarkən, ədəbiyyata yenicə qədəm qoyan ədəbi gəncliklə, xüsusi nəvazişə ehtiyaclı qocaman ədiblərlə, eləcə də söz sənətinin müxtəlif təbəqələrini və zümrələrini təmsil edən digər yazıçı və şairlərlə, yaradıcı iş birliyi və doğmalıq üzərində qurduğu münasibətlər bu gün də ehtiram və minnətdarlıqla xatırlanmaqdadır. Bu, ilk növbədə, ciddi ədəbiyyat təəssübkeşliyi, ədəbi meydana yenicə qədəm qoymuş cavan şair və yazıçıların əsərlərinin aparıcı qəzet-jurnal səhifələrində yer alması, Birliyin mətbu orqanlarına daxil olmaqda olan ədəbi əsər axınının, ədəbiyyatın ən dəqiq göstəricisi olan "İstedad" adlı sənət süzgəcindən, yüksək peşəkarlıq məsuliyyəti ilə keçirilməsi, yaradıcı sferanın müxtəlif zümrələri və fərdləri arasında mövcud olan zidiyyətlərin və ayrıseçkiliklərin, ədəbi vətəndaşlıq və insan sevgisi ilə aradan qaldırılması, Yazıçılar Birliyinin binasının, yaşından və xasiyyətindən asılı olmayaraq, bütün qələm adamlarının pənah apardığı, ünsiyyət və rahatlıq tapdığı doğma Ədəbiyyat Evinə çevrilməsi idi. Yazıçılar Birliyinə gənc müəllif qismində yenicə qədəm qoyduğum dövrlər İsmayıl müəllimin, ilk qələm sınaqlarıma göstərdiyi diqqət, yazıçı üçün ümdə olan şərtlərin mənə, müəllim səbri ilə, peşəkar yazıçı ustalığı ilə aşılaması, ilk hekayələrimdən olan "Üçüncü mərtəbdə"-ni, baş redaktoru olduğu "Azərbaycan" jurnalında, bircə sözünə belə toxunmadan nəşr etməsi və bununla da məndə - yazılarından narahat, özünə nagüman cavan yazıçıda özünəinam hissi yaratması heç vaxt yadımdan çıxmaz.

 Ədəbi mühitdən kənarda isə İsmayıl Şıxlı, mənim üçün sadəcə, "İsmayıl əmi" idi. Az qala hər axşam ya bizdə, ya onların, bizim evdən iki mərtəbə aşağıda yerləşən mənzilində ailəvi şam yeməyində görüşdüyüm, Ümidə xalayla1 atamın "qara yumor"lu zarafatlarını, öyrəncəli, dinməz təbəssümlə dinləyən, Elçinin2 öz balaca sazında çalıb oxuduğu el havalarından balaca uşaq sevinci ilə fərəhlənən, Bethovenin, Raxmaninovun vallarını atamla bir, anlaşılmaz, qəribə kədərlə, saatlarla dinləyən, günortalar, iş otağında aramsız çıqqıltılarla çıqqıldayan yazı makinasının səsi bloka, ordan həyətə yayılan İsmayıl əmi...

Azərbaycan ədəbiyyatının önəmli romanlarından olan "Dəli Kür"ün ilk oxucusu, təbii ki, İsmayıl Şıxlının ən yaxın dostu, o dövrlər ədəbi mühitdə baş verənlərə heç cür laqeyd qala bilməyən atam - Məsud Əlioğlu olmuşdu. Hədsiz təsirləndiyi, əsər haqqında, xüsusən Cahandar ağa obrazı barədə vurğun həyəcanla danışdıqları indi güclə yadıma gəlsə də, "Dəli Kür" filmində səslənən mahnını xırıltılı qəlb səsiylə pəsdən oxumağını dəqiq xatırlayıram.

 ...Onda mən, 5-ci, ya 6-cı sinifdə oxuyurdum. Yadıma gəlir, yay idi və biz, necə olmuşdusa, hər il İsmayıl əmigilin yay istirahətlərini keçirdikləri Nalçikəcən gedib çıxmışdıq. Gecənin elə bir aləmi idi ki, yalnız cırcıramaların səsi eşidilirdi... Biz İsmayıl əmigilin, Nalçikin mərkəzi məhəllərindən birində tutduqları birmərtəbəli evin bağlı-bağatlı həyətində oturmuşduq... Atam hey sağlıq deyir, böyük Sözün, yalnız və yalnız azərbaycanlıya xas olan bənzərsiz incəliklərin, Azərbaycanın, "Nalçikin təbiətinə əsla bənzəməyən" əsrarəngiz təbiətinin, dağlarının, "Dəli Kür"ün baş qəhrəmanı Cahandar ağanın məğrurluğunun şərəfinə badə qaldırır, İsmayıl əmi, onu təvazökar məmnunluqla, vurğun təslimlə dinləyir, arada bir, atamın alovlu çıxışlarına öz qısa və duzlu müdaxilələrini edirdi. Bu məqam telefon zəngi çaldı və İsmayıl əmi, stolun bir kənarında duran uzun şnurlu telefonun dəstəyini qaldırdı. Rənginin avazıdığından və qəfil doluxsunmağından, zəngin, Azərbaycandan olduğunu anladıq.

 Zəng edən, Bəxtiyar Vahabzadə idi. Telefonun o biri başından bağın qaranlıq sakitliyinə dağılan həyəcanlı səsiylə "Dəli Kür"ü indicə bitirdiyini, əsərdən hədsiz təsirləndiyindən, səhərin açılmağını gözləməyə səbri çatmadığını deyir, onu ən çox tutan ayrı-ayrı epizodlardan, ələlxüsus Cahandar ağanın məğrurluğundan danışır, sözünü heç cür bitirə bilmədiyindən, hansısa şeirlərindən bəndlər deyirdi...

 ...Şairin coşqun izharlarından təsirlənmiş İsmayıl əmi dəstəyin ağzını bizə sarı çevirdi və biz, Azərbaycandan uzaq olduğumuzdan, ya nədənsə, telefon dəstəyindən süzülən təsirli sətirləri, niskil dolu, qəribə bir sarsıntıyla dinlədik...

 ...Sonra dəstəyi atam aldı və romanla bağlı təssüratlarını indi də Bəxtiyar Vahabzadə ilə ikisi bölüşməyə başladılar... Danışıb-danışıb Cahandar ağadan Şeyx Şamilə, ordan Əlibəy Hüseynzadəyə qədər gedib çıxdılar... Sonra atam telefona, indi motivini dəqiq xatılaya bilmədiyim qədim bir türkü oxumağa başladı... oxuyub-oxuyub qəhərləndi və mahnını sona çatdıra bilmədi... Lakin qəhərlənib doluxsunsa da, onun həm də necəsə, hədsiz xoşbəxt olduğunu, içi sevgi və işıq saçan gözlərindən hiss elədim, bu xoşbəxtliyin nə olduğunu anlamasam da, o gecə, öz uşaq qəlbimlə mən də onunla bir kövrəlib qəhərləndim... Bütün bu kütləvi təsirlənmənin səbəbini isə bir qədər sonra, atam əlində badə, ayağa qalxıb, səsi bütün ölkəyə yayılırmış kimi:

 - Cahandar ağa - Azərbaycan məğrurluğunun simvoludur!.. - deyəndə anladım...

 ...O gecə yadıma gəlir, biz həmin o, ilıq bağ-bağatın içində səhərin gözü açılanacan, hava işıqlananacan oturduq... Dəli Kürün hardasa lap yaxınlıqda həlim şırıltıyla axdığı, Cahandar ağanın, qundağında tüfəng, qızılquşun məğrur duruşuyla ətrafımızda dolandığı əfsanəvi bir məkanda, fərəh və qürur fəvvarəsində əriyə-əriyə qaldıq...

Bu, əsil bayram idi... Böyük Ədəbiyyat bayramı. Yadımdadı, o gecə mən də, Elçin də, həyatımızda əhəmiyyətli olan nəyinsə baş verdiyini, bütün təbiətdə və bizim həyatımızda əlamətdar olan nəyinsə dəyişdiyini, öz uşaq ağlımızla necəsə anlamışdıq...

Əslinə qalsa, həmin o unudulmaz gecə bizim həyatımızda həqiqətən dəyişiklik baş vermişdi... Biz, ilk dəfə azərbaycanlı olduğumuza görə qürur hissi keçirmişdik... Bunu indi başa düşürəm ki, o dövrlər - sovet ideologiyasının "azərbaycanlı" anlayışını heçə endirdiyi bir zamanda bu əlamətdar ədəbiyyat "gecəsi" bizim üçün - şüuru və duyğuları yenicə formalaşmağa başlayan yeniyetmələr üçün hədsiz vacib bir məqam idi, mənim, qardaşım Arazın, Elçinin və Fərruxun3 gələcək həyatını, vətəndaşlıq əqidəsini müəyyənləşdirəcək bəlkə də ən həlledici mərhələ idi...

 "Dəli Kür"-ün, cəmiyyətin ictimayi ab-havasında da əsaslı dəyişiklik yaratdığını, sovet ədəbiyyatının saxtalıq və qurama dolu çürük ənənələrini öz həqiqiliyi və sənət püxtəliyi ilə dağıtdığını isə, mən bir qədər sonra, ali məktəbin ilk kurslarında oxuyan zaman, əsər, ictimayi fikrin süzgəcindən keçirildikcə anlamışdım... Romanın ilk dəfə Azərbaycan oxucusuna, "müftəxor, tamahkar və yelbeyin ağa" surətləriylə daban-dabana zidd olan yeni ağa obrazı - qeyrətli, vətənpərvər, mərd azərbaycanlı ağası surəti bəxş etdiyini, ötən əsrin Azərbaycanında baş vermiş hadisələrin görünməyən tərəflərini bütün reallığı ilə açmaqla, xalqın qürur və özünüdərk vasitəsinə çevirdiyini dərk etmişdim. ...Bu gün həmin o təsirli və məzmunlu günləri xatırladıqca, ölkənin "Ədəbiyyat" adlı inanc yerinə güvəndiyi o dövrlərin mənəvi saflıq və müqəddəslik qoxulu ab-havasını, şəxsiyyətləri və əsərləri ilə ölkə daxilində, bütöv və dolu bir Ədəbiyyat Məmləkəti yaratmış bu işıqlı simaları yada saldıqca, bütün o müqəddəsliyin, böyük ədəbiyyat təəssübkeşliyinin, bədii sözə vurğunluğun, əqidə və məslək bağlılığının bu son iyirmi ilin hansı döngəsində, necə itirildiyinin, hansı səbəbdən heçə endirildiyinin, yalnız və yalnız İlahinin Qüdrətindən qaynaqlanan müqəddəs Söz Sənətinin, sıravi və solğun "yazı peşəsi"nə çevrildiyinin acısını yaşamalı olur, ədəbi mühitimizin, illərdən bəri sürükləndiyi bu acı durumu ilə barışmağına təəssüflənməyə bilmirsən...

...1973-cü ilin 23 iyununda - atam dünyasını dəyişən gecə televizorda yenə "Dəli Kür" filmi gedirdi... Gülağa Məmmədovun, sanki qeybdən gələn səsi "Ana Kür"ü elə bil daha zildən oxuyurdu...

 ... Anam, qardaşım Araz və mən içəri otaqda oturub filmə baxırdıq və həmin an, canını vanna otağında tapşıran atamdan xəbərsiz idik...

 Sonralar anam:

- Olsun ki, Məsud ən son anında o mahnını eşidirdi... Sevimli "Ana Kür"-ü o gecə onu yola salırdı...

 ...Həmin o gecədən sonra "Ana Kür" mahnısı mənim üçün, eləcə ailəmiz üçün atamın vida mahnısına çevrildi.

... mən bu gün dəqiq bilirəm ki, həmin o taleyüklü, qaranlıq gecə, atamın hədsiz sevdiyi Gülağa Məmmədov "Ana Kür"ü məhz onun üçün - ömrünü 44 yaşında başa vuran, dəli Kür təbiətli, əyilməz, mərd azərbaycanlı alimi üçün oxuyurdu...

 "Dəli Kür" filminə bu gün baxanda, həmin o unudulmaz gecəni, İsmayıl əminin nurlu çöhrəsini, Ümidə xalanın, içi daim gülümsər, müdrik, qıyqacı gözlərini, atamın qəhərli səsini cazibədar Ədəbiyyat Burulğanında, yuxusuzluq sarsıntı içində itib-batan Elçinlə özümü xatırlayır, artıq əfsanəyə çevrilmiş əziz insanlarla bu ruhsal təmasdan anlaşılmaz bir qürur duyuram...

 ...İndi "Dəli Kür" mənim üçün İsmayıl Şıxlı Məsud Əlioğlu dostluğunun, böyük dəyişilməz əqidə bağlılığının rəmzidir. Bu əsər, eyni zamanda, azərbaycançılığın, Azərbaycan həqiqətinin, əyilməzliyinin, məğrurluğunun simvoludur.

 ...İllər ötəcək, ədəbiyyatımıza hələ neçə-neçə istedadlı nasirlər şairlər gələcək. Onlar da ədəbiyyatımıza öz töhfələrini verəcəklər, lakin İsmayıl Şıxlı Məsud Əlioğlu kimi ziyalı ola biləcəklərmi?..

 

 

A.Məsud

 

525-ci qəzet.- 2009.- 7 fevral.- S.22.