Tarix problemlərimizə metodoloji baxış

 

Dövlət müstəqilliyinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmizdə tarix sahəsində tədqiqatların aparılmasında uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Məhdud sayda olsa da, alimlərimiz xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma tariximizə dair aparılan tədqiqatlar heç şübhəsiz, problemlərsiz də deyil. Bəs elə isə tədqiqatlarımızda nələr çatışmır? Tarix problemlərinə yanaşmada araşdırmanın metodoloji prinsiplərinin bütün tələbləri gözlənilirmi? Bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsinin və müzakirələrin aparılmasına ciddi ehtiyac duyulur. Həmin məqsədlə tanınmış tarixçi alim, professor Musa Qasımlının məqaləsini oxucuların mühakiməsinə veririk.

 

Tarixi bilməyin faydası

 

Tarixi bilməyin faydasını izah etməyə ehtiyac yoxdur. İlk baxışda çox sadə bir məsələdir. Lakin sadə olduğu qədər də mürəkkəbdir. Müasir dövrümüz texnika dövrüdür. İnsan icad etdiyi raketlərlə kosmosa uçur. Bir zamanlar vaxt alaraq insan əli ilə görülən işlər qısa müddət ərzində kompyuterlə yerinə yetirilir. Dünya ən yeni texnologiyaların sayəsində xeyli kiçik olub. Tərəfdarlarının və əleyhdarlarının olmasına baxmayaraq, qloballaşma prosesləri gedir. Amma bütün bunlarla yanaşı dövrümüz həm də tarixçi təfəkkürü ilə düşünmə dövrüdür. Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. Bir qədər keçmiş tarixi konkret zaman və məkan daxilində insanların fəaliyyətini öyrənən elm olaraq dəyərləndirdilər. Tarix bilavasitə görünməyən, ünsiyyətdə olunmayan, lakin mənbələrlə keçmişdən bu günümüzə gələn, günümüzdə ortaya çıxan tənqidçi və şərhçi bir anlayışla verilən elmdir. Tarix keçmişlə insanın yaşadığı dövr arasında bitməyən, sonu olmayan bir dialoqdur. Bəşəriyyət mövcud olduqca tarix də olacaq, deməli, baş verən hadisə və proseslər barəsində tədqiqatlar da aparılacaq. Bu günün tarixi dünəndən, daha əvvəllərdən, uzun əsrlərin qaranlıqlarından qaynaqlanır. Tarix və müasirlik bir-biri ilə sıx bağlıdır. Tarix eyni zamanda xatirə, təcrübə və mülahizə elmidir. Həqiqət təbiətin qoynunda rəsm çəkən rəssam üçün nədirsə, tarixçi üçün də o olmalıdır. Rəssam işlədiyi obyekt ilə bilavasitə ünsiyyətdə olur, onun gözü qarşısındadır. Tarixçi isə yalnız toz basmış, saralmış, soyuq mənbələrin vasitəsi ilə tarixlə əlaqə yaradır. Keçmiş tarix hər kəsə fərqli görünür. Tarixçi əsərində duyğu və düşüncələrini dilə gətirir. Tarixə yaradıcı, rəğbətlə və bəzən də xəyali yanaşılır. Suallar seli tarixçini rahat buraxmır. Bunsuz tədqiqat işi olmaz ki. Belə olmasaydı, onda bütün tədqiqat işləri eyni məzmun və məna daşıyardı. Bir araşdırma işi aparıldıqdan sonra başqa tədqiqat işlərinə heç ehtiyac da qalmazdı. Beləliklə, alternativ düşüncə və deməli, elm və inkişaf da olmazdı. Tarix elmi insanların fəaliyyəti nəticəsində meydana gələn hadisə və prosesləri öyrənir. Tarixin təbiəti insandır. İstər fərd olsun, istər cəmiyyət. Bəzilərinə görə, tarix böyük işlər görmüş şəxsiyyətlərin fəaliyyəti, insanların bacardığı işlərin, yer üzündə çalışmış böyük adamların tarixidir. Dünyada qazanılmış uğurlar görkəmli adamların fikir və düşüncələrinin konkret maddi nəticələridir. Belə yanaşmada dünya tarixinin ruhunu böyük adamlar təşkil edir. Həmin adamlar dahilər, dühalar və ya qəhrəmanlar olaraq qiymətləndirilir.

Məlumdur ki, insanlar fərqli düşüncəyə sahibdirlər. Tarixin meydana gəlməsində, hadisələrin bu və ya başqa şəkildə inkişafına onların düşüncələrinin,bunun nəticəsi olaraq fəaliyyətlərinin təsiri şəksizdir.Ona görə də tarixçi sadəcə fikirlərə diqqət yetirməyib, bu fikirlərin içindəki duyğu və həyəcanın köklərinə enməlidir. Tarixi şəxsiyyətin aldığı tərbiyə, ailə mühiti, yaşadığı rejimdə dillə deyilməyən, lakin üstüörtülü şəkildə həyata keçirilən işlərinə diqqət yetirməyə borcludur. Bunsuz tarixçinin yazdığı əsərin elə də böyük əhəmiyyəti olmaz. Fərdlərin fərqli psixoloji özünəməxsusluqları olduğu kimi, cəmiyyətlərin də fərqlilikləri vardır.Tarixçi cəmiyyətin psixologiyasını diqqətdən qaçırmamalıdır.

Tarixi hadisə və proseslərə iqtisadi amillərin təsiri şübhəsizdir. Amma tarix yalnız iqtisadi amillərin təsiri altında baş vermir. Ona dövrün müvafiq hakim ideologiyası da təsir edir. Tarixi hadisə və proseslərə yanaşma zamanı tarixçinin diqqət yetirməsi vacib olan əsas-başlıca və xüsusi amillər var. Əsas-başlıca amillərin rolu adətən dəyişmir. Onlar tarixin lokomotivləridir. Xüsusi amillər isə hadisədən-hadisəyə dəyişir, bir-birindən fərqlənirlər. Bu bir qanunauyğunluqdur. Tarixçinin məharəti onların hər ikisinə birdən lazımi əhəmiyyət verib, vəhdətdə görüb araşdırmaqdır. Cəmiyyət və cəmiyyətin yerləşdiyi məkan arasında bağlılığı da tarixçi gözdən qaçırmamalıdır. Tarix sadəcə bir problemin araşdırılmasına həsr edilmiş elm deyil. İnsanlara doğru nəticələrə gəlmələri üçün istiqamət verən bir düşüncə tərzidir. Bütün insanların təkcə öz təcrübələrini deyil, keçmişi öyrənməyə, ondan güc almağa və daim təcrübə qazanmağa ehtiyacı var. Hər bir millət tarixdə ata və babalarının qazandığı uğurlarla fəxr edir. Onu zənginləşdirməyə çalışır. Bu isə həmin milləti qürurlu edir, tərəqqiyə, yeni-yeni uğurlar qazanmağa aparır. Əks-təqdirdə isə millət yerində sayır, daha sonra isə tənəzzülə gedir. Hər bir xalq haradan gəlib haraya getdiyini yaxşı bilməlidir. Bunda isə tarixi biliyə yiyələnməyin böyük faydası vardır. Keçmişini bilməyən bir millət tarixi yaddaşını, qan yaddaşını unutmuş, sellərə qərq olmuş, milli kimliyini itirmiş, assimilyasiya olunmuş kimidir. Onu yaxşı gələcək gözləmir. Tarixdə olmuş, lakin indi mövcudiyyətini qorumayan xalqların və dövlətlərin tarixini xatırlamaq bu elmin faydası barədə çox şey deyir. Tarixi keçmişi- istər yaxın olsun, istərsə də uzaq tarixi adi insanlar bilavasitə görə bilmirlər. Onu tarixçinin əsərləri vasitəsi ilə öyrənirlər. Tarixçinin mənbələri yaxşı bilməsi və layiqli əsərlər yazması eyni zamanda müasir dəyərlərin daha yaxşı təqdir edilməsinə imkan verir. Tarixi oxucuya çatdıran tarixçilərdir. Tarixçi tarixdən kül yox, od götürməlidir. Tarixinin ən parlaq səhifələrini sevgi və şövq ilə xalqına çatdırmalıdır. Xalqının təkcə məhdud, lokal tarixini deyil, dünya siyasətində tutduğu yeri qabartmalıdır. Mənfiliklərdən isə ibrət almağa kömək etməlidir.

 Əlbəttə, tarixi yaxşı bilməklə insan hər şeyi əvvəlcədən görə bilməz. Bu, heç mümkün də deyil. Lakin tarixin yaxşı bilinməsi gələcəyi görməyə çalışmaq üçün imkan verir, gələcək barədə yaxşı düşünməyə vadar edir. Tarixi keçmişə tənqidi təfəkkürlə yanaşma, ciddi araşdırmaların aparılması millətin özünü tanımasına, buraxılan səhvləri təkrar etməməsinə və deməli, tərəqqisinə imkan verir. Tarixin bilinməsi sadəcə intellektual deyil, hətta ən sadə, təhsilsiz insanın başında huş, yaddaş və özünütanıma duyğusu da oyadır. Tarixin bilinməsi mənəvi dəyərlərin qorunması və inkişafına kömək edir. Ailədən başlayıb millətə və dövlətə doğru formalaşmış sevgini daha da gücləndirir. Fərdin, bütövlükdə millətin dövləti ilə olan sıx bağlılığını möhkəmləndirir. Beləliklə, tarixin bilinməsi bir fərdin mənsub olduğu millətin, üstündə yaşadığı Vətən torpağının keçmişini öyrənmə, haradan gəlib haraya getmə istəyini ortaya qoyur. Tarixi biliyin mükəmməl formalaşması xalqın və onun mənsub olduğu dövlətin güclü olmasına kömək edən amillərdən biridir. Ona görə də ölkəmizdə tarixi tədqiqatlara xüsusi diqqət yetirilməsində, dövlət qayğısının artırılmasında və ən dəyərli araşdırma işlərinin aparılmasının təşviq edilməsində fayda görürəm.

 

 Uğurlar, problemlər və vəzifələr

 

 Məlumdur ki, soyuq müharibə şəraitində iki dünya sisteminin mübarizəsi və qarşıdurması tarixçilərin mövqeyinə də müvafiq təsir edirdi. Tarix elmi başlıca olaraq siyasi məqsədlərə xidmətə yönəldilmişdi. Sovet sistemi xalqımızın gerçək milli tarixinin yazılmasına imkan vermirdi. Bu da səbəbsiz deyildi. Çünki milli tarixin olduğu kimi yazılması xalqın milli özünüdərkinin formalaşmasına, milli şüurunun inkişafına və deməli, müstəqilliyinə doğru aparan yolda əsas ideoloji silaha çevrilirdi. SSRİ-nin dağılması və Azərbaycan xalqının yenidən dövlət müstəqilliyini bərpa etməsi ilə tarix elminin inkişafında keyfiyyətcə yeni bir mərhələ açıldı. Yabançı marksizm-leninizm ideologiyasının buxovlarından azad olan tarixçilər sərbəst nəfəs aldılar. İdeoloji stereotiplər dağıldı. Artıq tarixçiyə "bunu yaz, onu yazma" hökmü edən yoxdur. Yuxarıdan göstərişlərin verilməsi də aradan qalxıb. Tarixçi öz fəaliyyətində azaddır. Araşdırılması qadağan edilən mövzular yoxdur. Dövlət müstəqilliyinin bərpasından keçən dövrdəki tarix araşdırmalarının ümumi təhlili göstərir ki, tarix elmimizdə kifayət qədər uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Hətta müxtəlif dillərə tərcümə edilib. Müstəqilliyə qədərki tariximizdə heç bir zaman xarici ölkələrdə Azərbaycan tarixçilərinin əsərləri bəlkə də çap olunmamışdı. Müstəqilliyin yaratdığı ən böyük imkanlardan biri milli tariximizə dair dəyərli əsərlərin yazılması və tərcümə olunaraq xarici ölkələrdə çap edilməsidir. Nəinki elmi məqalələr, həmçinin iri həcmli monoqrafiyalar dünyanın nüfuzlu ölkələrində dərc edilir. Azərbaycan tarixçiləri bəzi xarici ölkələrdə kifayət qədər yaxşı tanınırlar.

 Məlum olduğu kimi, tədqiqatçı tərəfindən araşdırılan tarixi hadisə və prosesləri doğru qoymaq, onlara düzgün yanaşmaq, elmi əsaslandırılmış nəticələr çıxarmaq və xalqda düzgün tarixi bilik formalaşdırmaq xeyli çətin və mürəkkəb bir işdir. Bundan ötrü tədqiqatçının yüksək araşdırıcılıq məharəti və tarixi tədqiqatların metodologiyasına dərindən yiyələnməsı lazımdır. İstənilən konkret tarixi hadisə müəyyən məkan və zaman daxilində yalnız bir dəfə baş verir. Məkan və zaman çərçivəsindən kənarda heç bir tarix yoxdur. Xalqsız və ölkəsiz tarix olmadığı kimi, yer üzündə tarixsiz də xalq yoxdur. Ən kiçik xalqın belə, öz tarixi var. Deməli, tarix həmişə millidir. Belə olduqda soruşulur: xalqların və ölkələrin digərləri ilə bəzən toqquşan, bəzən də uyğun gələn tarixini yazmaq qədər çətin, mürəkkəb bir iş varmı? Tarixi hadisə və proseslər tədqiqatlarda olduğu kimi təqdim edilirmi? Ümumiyyətlə, tarixi olduğu kimi öyrənməyə və təqdim etməyə tarixçinin bütün imkanları varmı? Yoxdursa, bunun səbəbləri nədir? Belə vəziyyət niyə görə baş verir?

Tarix həm də bəşəridir. Çünki dünya artıq vahid bir ev halına gəlib. Deməli, tarixi hadisə və proseslərin digərlərindən ayrılaraq əlahiddə, lokal qiymətləndirilməsi də birtərəfli olardı.

Tarix bir dəfə yaradılır, amma bir neçə dəfə yazılır. Tarixi yazmaq onu yaratmaq qədər çətindir. Yazan yaradılanı olduğu kimi yazmağa çalışmalıdır. Bəzən əvvəllər öyrənilən tarixi hadisə və proseslər yeni tədqiqatların nəticəsində təsdiq edilir, bəzən yanlışlıqlar düzəldilir, bəzən isə tamamilə əksinə yazılır. Dünənə qədər doğru olanlar zaman keçdikdən sonra yanlış hesab edilir. Araşdırma zamanı tarixi faktlar yalnız bir dəfə elmi dövriyyəyə gətirilmir. Onlara dəfələrlə müraciət edilir. Hadisə və proseslərin, faktların zaman keçdikcə yenidən qiymətləndirilməsinə ehtiyac duyulur. Yaxın zamanlaradək əhəmiyyətli olan bir fakt yeni şəraitdə bəzən əvvəlki dəyərini itirir, inkar edilir, lazımsız sayılır. Əksinə, bir vaxtlar əhəmiyyətsiz hesab olunan hər hansı bir fakt tamamilə yeni məna və əhəmiyyət kəsb edir. Əlbəttə, tarix bir-birindən təcrid olunmuş fakt və hadisələrin məcmusundan ibarət deyil. Tarixdə hər şey bir-biri ilə əlaqələdir. Tarix bütöv və sistem halındadır. Tarix bəlkə də riyaziyyat qədər konkret və dəqiq elmdir. Lakin onun yazılması heç də həmişə dəqiq və konkret olmur. (Davamı gələn şənbə sayımızda)

 

 

Musa QASIMLI,

 

525-ci qəzet.- 2009.- 7 fevral.- S.10.