Təhsil qanunu: Uzun illərin həsrəti

 

Birinci məqaləmlə bağlı mənə xeyli müraciətlər olub, Təhsil haqqında qanun barədə səmərəli dialoqlar alınıb, bəzi tənqidi fikirlər və növbəti yazılarıma dair təkliflər də səslənib. Əksər həmsöhbətlərim hazırki qanun layihəsinin çərçivə qanunu kimi və sonradan təhsil sahələri, istiqamətləri üzrə hazırlanacaq qanunların vahid konsepsiyaya, məntiqi struktura əsaslanmamasını, bütün bu qanunlarda əks olunacaq maddələrin şərti siyahısının ictimaiyyətə açıqlanmamasını düzgün olmayan hal kimi dəyərləndiriblər.

   Bir sıra oxucularımız qanun layihəsinin maddə-maddə təhlilinin davam etdirilməsini dəstəkləsələr də, başqaları hər bir maddəyə xüsusi diqqət yetirməkdənsə, bir neçə tutarlı fakt əsasında ümumiləşdirmələrin aparılmasına üstünlük verir, digərləri isə layihənin bütün nöqsanlı cəhətlərinin göstərilməsinə, xüsusilə strateji məsələlərlə bağlı boşluqların, konseptual və məzmuni baxımdan çatışmazlıqların açıqlanmasına daha çox diqqət yetirilməsini zəruri sayırlar.

   Söhbətlərimin nəticəsi kimi verilmiş təkliflərin neçə məqaləni əhatə edə biləcəyini müəyyənləşdirməyə çalışdım. Əlimdə olan qanun layihəsinin üzərində apardığım qeydləri nəzərdən keçirdim, onları yuxarıda sadaladığım təklif-tövsiyə-iradlar əsasında qruplaşdırdım. Və belə çıxdı ki, yazılarım həftəlik qəzetin azı 12-15 nömrəsində yer tutmalı olacaq. Bir qəzet oxucusu kimi, heç özümə də belə yorucu perspektivi arzulamaq istəməzdim. Məhz buna görə qanun layihəsindəki problemli saydığım əsas məsələləri hədəfə götürməyi daha məqsədəuyğun saydım. Amma həmin məntiqi xəttin də böyük uğur verməyəcəyini tez bir zamanda anladım.

   Layihənin mətnindəki ziddiyyətli məqamlar, ifadə, məna qüsurları, xüsusilə də onun elmi əsaslandırılması, hüquqi və konseptual baxımdan tərtibat səviyyəsi bu sənədin hələ ki, ciddi analitik ekspertizadan keçmədiyinə dəlalət edir. Qanun layihəsinin artıq ikinci oxunuşdan da keçdiyini bir reallıq kimi qəbul edərək və birinci məqalədəki mülahizələri, əsaslandırmaları nəzərə alaraq, belə düşünürəm ki, qısa bir vaxt çərçivəsində layihəyə əsaslı şəkildə yenidən baxılması ciddi zərurətdir.

   Mətləbə keçməzdən əvvəl və ehtimal etdiyim iradların qarşısını almaq üçün oxucularla bir texniki məsələ barədə razılığa gəlmək istərdim. Yalnız vaxta və yazının həcminə qənaət məqsədilə məqalələrimdə adı çəkiləcək maddələr, bəndlər, yarımbəndlər ümumiləşdirilmiş şəkildə Maddə adı altında veriləndə o, şərti bir ifadə kimi qəbul olunmalıdır. Tutaq ki, Maddə 17.1 dedikdə, bu, 17-ci maddənin birinci bəndi kimi başa düşülməlidir.

   İndi isə başlıqdakı fikri əsaslandırmaq üçün Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər barədə maddə 11-ə müraciət edək və iki bənddən ibarət bu maddədən çıxarışlara nəzər yetirək:

    11.1. Təhsilin məzmunu... aşağıdakı tələbləri əks etdirir: ...11.1.7. ... təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək; 11.1.8. ... işçilərin geyim formaları və atributları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur; 11.2. Təhsilin məzmununa və təhsil prosesinin təşkilinə dair ümumi tələblər bu qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir .

   Oxucu suallarını elə özüm də vermək istərdim: təhsilalana qarşı zorakılığa yol verilməməsi, geyim formaları nə vaxtdan təhsilin məzmununa daxil edilib? Aydın məsələdir, cavabda deyiləcək ki, bu, texniki qüsurdur, təhsilin təşkilinə dair qanun layihəsinin son variantında yeni bir bənd ayrılacaq və yuxarıdakı müddəalar orada veriləcək. Növbəti sualım: ikinci oxunuşdan keçmiş qanun layihəsində bu qədər texniki qüsur ola bilərmi? Axı, ötən məqalədə səsləndirdiyim beynəlxalq və ümumavropa təhsil sisteminin prinsipləri , təhsilin peşəkarlıq qabiliyyəti kimi ifadələrin demək olar ki, əksəriyyətini işçi qrupunun diqqətinə hələ 9 ay əvvəl çatdırmışdım...

   Keçək 11-ci maddənin məzmununa və Təhsilin ... təşkilinə dair ümumi tələblər ə. Ümidvaram ki, maddəyə əlavə ediləcək yeni bənddə geyim formaları, zorakılıqla bağlı yarımbəndlər daxil ediləcək. Lakin əgər söhbət təhsilin təşkilinə dair ümumi tələblərdən gedirsə, yalnız bunlar kifayətləndirici sayıla bilməz. Təhsilin təşkilinə xeyli sayda digər məsələlər də aiddir. Vaxta qənaət üçün yalnız bir neçəsini sadalayım: təhsil prosesinin reqlamentləşdirilməsi, təhsilalanların bilik səviyyəsinin attestasiyası, qiymətləndirmə sistemləri, onun dövriliyi ilə bağlı səlahiyyətlər, təhsil prosesinin təşkili, onun məzmunu ilə tanış olmaqda valideynlərin səlahiyyətləri və s. Qeyd edim ki, qanun layihəsinin bir sıra maddələrində elə müddəalar vardır ki, onların məhz 11-ci maddəyə keçirilməsi sənədi daha da sistemləşdirə bilərdi. Məsələn, maddə 14.8.: Təhsil müəssisəsində, təhsilin idarəetmə və digər orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir .

 

   Maddə 14. Təhsil müəssisəsi.

 

   Əvvəlcə bir mühüm məqama toxunmaq istərdim. 14.2. maddəsində bildirilir ki, təsisçiyə görə ölkədə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: dövlət, bələdiyyə, özəl. Demək olar ki, bütün ölkələrin qanunvericiliyində dövlət, bələdiyyə və qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyətindən bəhs olunur və təsisçinin statusundan asılı olaraq, məhz qeyri-dövlət təhsil müəssisələri, özəl, yaxud da ictimai, dini qurumların təhsil müəssisələri kateqoriyasına daxil edilir. Qüvvədə olan qanunda, habelə 1999-cu ildə hazırlanmış qanun layihəsində bu yanaşmadan istifadə olunmuşdur və həmin təcrübədən imtina etməyin heç bir tutarlı əsası yoxdur. Razılaşmayanlara isə sualım budur: təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olan Bakı İslam Universiteti hansı kateqoriyadan olan təhsil müəssisəsinə aid edilməlidir?

   İkinci məqam. Doğrusu,14.3. bəndinin tərifində ... Özəl təhsil müəssisələri kommersiya hüquqi şəxsdir ifadəsini görəndə gözlərimə inanmadım. Birinci oxunuşdan keçmiş layihənin yenə də həmin 14.3 bəndinə müraciət etdim: Azərbaycan Respublikasında təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür . Bu bir il ərzində nə baş verdi ki, meydana əvvəlki tərifə tamamilə zidd olan yeni müddəa çıxdı?

   İlk növbədə açıq etiraf edim ki, hüquqi baxımdan bu yeni ifadə ölkəmizdə qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etmir. Adamı çaşdıran isə odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə görə kommersiya hüquqi şəxslərin sırasına fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxslər aid edilir. Yəni, belə çıxır ki, ilk dəfə olaraq bizim Təhsil qanununun vasitəsilə özəl təhsil müəssisələrinin fəaliyyətinin əsas məqsədi dəyişilir və ən vacibi artıq uşaq və gənclərə mükəmməl təhsilin verilməsi deyil, mənfəətin əldə edilməsi olur!

   Bir daha təkrar edirəm, yuxarıdakı ifadənin layihəyə daxil edilməsində heç bir pozuntu yoxdur. Sualım başqadır: onun təhsil qanununda əks olunması təhsilimizi çoxmu qabağa aparacaqdır? Doğrusu, yeni pedaqoji təfəkkürdən, müasirləşmədən çox danışan mən bu məsələdə o dərəcədə müasirləşmək istəməzdim. Özümdən asılı olmayaraq xəyalımda universitet təsis etmək iddiasına düşən ticarət, alqı-satqı, vasitəçilik şirkətləri canlanır. Yaxud da universitet (məktəb, bağça) açım - varlanım fikrini ağlına gətirənlər...

   Bakıdakı bir sıra özəl təhsil müəssisələrinin fəaliyyətini yüksək dəyərləndirərək, yaxşı bilirəm ki, onların təsisçiləri, rəhbərləri mənfəəti əsas məqsəd kimi qarşılarına qoymayıblar. Son 16 il ərzində qüvvədə olan təhsil qanunu da mənfəətlə bağlı məsələdə özəl təhsil müəssisələrinin səmərəli işi üçün ciddi əngəllər yaratmayıb. Azərbaycan reallıqlarına bələd olan şəxs kimi, bir neçə addım irəliyə nəzər salmağı, 14.3. maddəsinin qəbul olunmasının nələrlə nəticələnə biləcəyini göz qabağına gətirməyi təkidlə xahiş edirəm...

   Bu maddəyə dair qısa şəkildə olsa da, üçüncü şərhi vermək məcburiyyətindəyəm. Layihədə göstərilmişdir ki, əlavə təhsil proqramları əsasında verilən təhsil əlavə təhsil adlanır (1.0.17). Tərifin özünü qoyaq bir qırağa, məsələnin sırf konseptual və təhsil aspektini araşdıraq. Uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri və s. təhsil ocaqları da ixtisasartırma, yenidənhazırlanma qurumları kimi əlavə təhsil proqramlarını həyata keçirirlər (çaşqınlıq yaratmamaq üçün Kurrikulum anlayışından istifadə etmirəm). Lakin nədənsə təhsil müəssisələrinin tipləri və növlərindən bəhs edən 14.5. maddəsində birincilər Məktəbdənkənar təhsil müəssisələri (14.5.3) tipinə, ikincilər isə Əlavə təhsil müəssisələri (14.5.7.) tipinə ayırd edilmişlər. Mümkün mübahisələrə son qoymaq və məsələyə tam aydınlıq gətirmək üçün asan bir sual verəcəyəm: belə olduğu halda demək olarmı ki, məktəbdənkənar təhsil müəssisələri əlavə təhsil proqramlarını həyata keçirir?..

 

   Maddə 18. Məktəbəqədər təhsil.

 

    Ardıcıllığı pozaraq, əvvəlcə 18.4. bəndindəki Beş yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq icbaridir müddəasından başlayım. Strateji baxımdan qanunun ən əsas uğurunu məhz bu bənddə görürəm. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2004-cü ildə apardığı tədqiqatlar göstərmişdir ki, hər hansı bir ölkədə təhsil müddətinin bir il uzadılması həmin ölkənin ümumdaxili məhsulunun 3-6 faiz artımına gətirib çıxarır.

   Və şübhəsiz ki, bu qanun müddəasının həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi, demoqrafik, mədəni-maarif inkişafında çox əhəmiyyətli bir addım olacaqdır. Məsələnin ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi sevindirici hal olmaqla bərabər, ona dəlalət edir ki, çox böyük həcmli və böyük məbləğdə vəsait tələb edən tikinti və digər infrastruktur tədbirləri, habelə sistemli təşkilati-pedaqoji işlər müvəffəqiyyətlə nəticələnəcəkdir.

   Məsələyə həmin prizmadan yanaşaraq Azərbaycandakı mövcud vəziyyətə dair bəzi məlumatları nəzərdən keçirək. Hazırda ölkəmizdə 5 yaşlıların sayı 110 minə yaxındır, demoqrafik proqnozlaşdırma isə bu rəqəmin ilbəil artacağından xəbər verir. Fəaliyyətdə olan məktəbəqədər müəssisələrlə təxminən 104 min uşaq əhatə olunmuşdur və onların 26 min nəfəri 5 yaşında olanlardır. Deməli, ilkin mərhələdə azı 80-100 min yerlik uşağ bağçası tikilməli, açılacaq məktəbəqədər müəssisələr üçün 4-5 min tərbiyəçi-müəllim hazırlanmalı olacaqdır. Həmin mühüm vəzifələrin öhdəsindən vaxtında gəlmək üçün Qanunun qəbul olunmasını gözləmədən ölkədə genişmiqyaslı hazırlıq işləri aparılmalı, elə indidən xüsusi dövlət proqramının layihəsi hazırlanmalıdır. Fikrimcə, məktədəqədər müəssisələrin özəlləşdirilməsinin dayandırılması da bu səpgidən olan tədbirlərdən biri ola bilərdi.

   İndi isə bir az geriyə, 14.5.1. maddəsinə müraciət edərək qanun layihəsindəki problemlərin araşdırılmasını davam edək. Həmin bənddə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinə haqlı olaraq körpələr evi, körpələr evi-uşaq bağçası da aid edilmişdir. 18.3. maddəsi isə bəyan edir ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır . Digər yaş mərhələlərinə dair isə başqa bir qeyd yoxdur. Belə çıxmırmı ki, 3 yaşınadək olan uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi qanun pozuntusu kimi qiymətləndirilməlidir? Onda 14.5.1.-də göstərilən körpələr evlərinin yaradılmasına, fəaliyyətinə nə lüzum?

   Bütün dünyada məktəbəqədər yaş 0 yaşdan hesablanır, yaxud da körpələrin həyatının ilk 3 ili erkən yaş, 3-6-cı (bəzilərində 3-5-ci) illəri isə məktəbəqədər yaş kimi qəbul olunur. 2002-ci ildə keçirilmiş Barselona sammitində 2010-cu ilədək 0-3 yaşlıların üçdə birinin, 3-6 yaşlıların isə 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə edilməsini Avropa İttifaqına daxil olan ölkələr öz qarşılarına bir vəzifə kimi qoymuşlar.

   ...Səmimi deyirəm, 18.3. maddəsindəki yanaşmanın mahiyyətini dərk edə bilmirəm. Əgər həmin bəndin olduğu kimi verilməsi bu qədər əhəmiyyətlidirsə, onda heç olmazsa, uşaqların erkən yaşına aid bir qeydin də əlavə olunması mütləqdir.

 

   Yekunlaşmaya işarə.

 

   Qəti düşünmürdüm ki, Təhsil haqqında qanun layihəsinin yazılı təhlili bu qədər zəhmət tələb edəcək. Oxucu vaxtına qənaət baxımından bir sıra maddələrdən yan keçməklə və bəzi kənaraçıxmaları nəzərə almamaqla iki böyük həcmli qəzet məqaləsində layihənin ilk 18 maddəsindən cəmi yeddisinə şərh verə bilmişəm.

   Növbəti məqalədə strateji əhəmiyyət kəsb edən və çox mühüm saydığım iki məsələyə rəy bildirməklə qanun layihəsinə dair məqalələrimi başa vurmaq qərarındayam. Başqa yanaşma tərzini görmədiyimdən...

 

 

Asif CAHANGİROV

 

525-ci qəzet.- 2009.- 7 fevral.- S.8.