Fuad
Muradov: "Korrupsiyaya
qarşı mübarizə
bir neçə qanunu qəbul etməklə həyata keçirilə bilməz"
"525"İN
MÜXBİRİNİN SUALLARINA MİLLİ MƏCLİSİN
İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASININ
ÜZVÜ, GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ
ŞURASININ SƏDRİ FUAD MURADOV CAVAB VERİR
-
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində
dövlət səviyyəsində iş aparılır. Məlum
olduğu kimi bu məqsədlə Korrupsiyaya Qarşı
Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya
dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində
qəbul etdiyi proqramların icrasını həyata
keçirir. O da məlumdur ki, müxtəlif beynəlxalq təşkilatlar
dünya ölkələrinin korrupsiyaya qarşı mübarizə
istiqamətində gördüyü işlərin
hesabatını yayırlar. Bütün bunlar onu göstərir
ki, korrupsiyanın problemi bütün dünyanı narahat edir.
Azərbaycan bu istiqamətdə fəaliyyət göstərən
bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir. Milli Məclis də bu sahədə bu məsələlərə
töhfə verməyə çalışır. Ölkə
prezidenti İlham Əliyev də Milli Məclisdəki
çıxışında ictimai nəzarətin gücləndirilməsi
məsələsini prioritet vəzifələrdən biri kimi
müəyyənləşdirib. Ölkəyə maliyyə
axınının böyük olduğu şəraitdə
ictimai nəzarət mühüm əhəmiyyət kəsb
edir. Bütün bunları əsas tutaraq biz - mən, millət
vəkilləri Əli Hüseynov və Çingiz Əsədullayev
Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının
Cənubi Qafqaz üzrə Mərkəzinin Azərbaycanda
yaradılması təşəbbüsü ilə
çıxış etdik. Qeyd edim ki, bu təşkilatda
hazırda 160-dan çox ölkənin parlamentarisi təmsil
olunur. Belə demək mümkündürsə, bu təşkilat
hazırda dünyada mövcud olan korrupsiya əleyhinə ən
böyük şəbəkədir. Təşkilat dünyada
korrupsiyaya qarşı mübarizə aparan bütün beynəlxalq
qurumlarla əməkdaşlıq edir. Bizim təşəbbüsümüzə
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya da
müsbət rəy verdi. Biz komissiyanın tövsiyəsini nəzərə
alaraq təşkilatın rəhbərinə müraciət
etdik. Gürcüstan parlamentinin deputatları ilə
apardığımız müzakirələrdən sonra
regional mərkəzin Azərbaycanda yaradılmasını
razılaşdırdıq. Qeyd edim ki, təşkilatda regional
statusda təmsil olunmaq bizə əlavə imkanlar verəcək.
Mərkəzimizin nümayəndələri təşkilatın
əksər tədbirlərində iştirak imkanı əldə
edəcəklər.
- Bu mərkəzin Azərbaycanda
yaradılması bizə nə verəcək?
- Birincisi, nəzərə almaq
lazımdır ki, Avropa ölkələrinin əksəriyyətində
korrupsiyaya qarşı mübarizə tədbirlərinə nəzarət
parlamentlərin əlindədir. Avropa ölkələrinin
korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı çox mükəmməl təcrübələri
var. Bu, bizim üçün maraq kəsb edir. Azərbaycan istəyir
ki, həmin təcrübədən istifadə etsin. Biz
avropalı həmkarlarımızla birlikdə korrupsiyaya
qarşı mübarizə tədbirləri ilə
bağlı birgə konfranslar keçirə bilərik.
Onların nümayəndələrini Azərbaycana dəvət
edərək fikirlərini öyrənə bilərik. Onu da
deyim ki, bu təşkilatda Azərbaycana böyük maraq var. Təşkilat
rəhbərliyi bizə açıq şəkildə dedi ki,
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Buna
görə də təşkilatın regional nümayəndəliyinin
Bakıda fəaliyyət göstərməsi təbiidir. Digər
tərəfdən, Azərbaycan korrupsiyaya qarşı mübarizə
sahəsində yaxşı qanunvericilik bazasına malikdir. Bu təşkilata
üzvlüklə biz dünya ölkələrində
korrupsiyanın səviyyəsi ilə bağlı hazırlanan
hesabatların işlənməsində iştirak edəcəyik.
- Təşkilatın Bakıda ofisi
olacaqmı?
- Bəli, olacaq. Bu barədə təkliflərimizi
təşkilat rəhbərliyinə təqdim etmişik.
Müzakirələrdə biz dedik ki, bu mərkəzin digər
ölkələrdə yaradılmasına da razıyıq.
Amma son nəticədə mərkəz kimi Bakı
seçildi. Bizim qarşımızda Ermənistanın regional
təşkilatda iştirakı ilə bağlı şərt
qoyulmadı. Amma biz özümüz başa
düşürük ki, korrupsiyaya qarşı mübarizə
hər bir dövlət üçün vacibdir. Gələcəkdə
biz GUAM ölkələri ilə də əməkdaşlıq
edəcəyik. Nəzərdə tutulur ki, təşkilatın
rəhbəri Əli Hüseynov, icra qurumunun rəhbəri isə
mən olum. Gürcüstan parlamentinin Hüquq
komissiyasının sədri isə müavin olacaq.
- Əməkdaşlıq
məsələləri ilə bağlı digər ölkələrin
parlamentariləri ilə müzakirələr
aparılırmı?
- Artıq bu istiqamətdə
işlər başlayıb. Təşkilatın texniki
imkanlarını formalaşdırdıqdan sonra ilk işimiz
GUAM, Baltikyanı ölkələrin parlamentariləri ilə əlaqələrin
yaradılması olacaq.
- Qeyd etdiyiniz kimi, Azərbaycanda
korrupsiyaya qarşı mübarizə məsələləri
ilə bağlı qanunvericilik bazası formalaşdırılıb.
Bu qanunların icra səviyyəsi sizi qane edirmi?
- Bəli, bu problem cəmiyyətimizi
narahat edir. Bizim təşkilat da qanunvericiliyin təkmilləşdirilməsi
ilə yanaşı bu sahədə görülən işləri
də diqqətdə saxlayacaq. Biz bu istiqamətdə müəyyən
proqramlar həyata keçirməyi də
planlaşdırırıq. Bilirsiniz ki, Avropa ölkələri
bu sahədə çox böyük nailiyyətlər əldə
ediblər. Biz onların təcrübəsini öyrənməyə
çalışacağıq. Nəzərə almaq
lazımdır ki, Azərbaycan yeni müstəqillik əldə
etmiş dövlətdir. Bu baxımdan insanlarımızın
maarifləndirilməsinə böyük ehtiyac var. Yəni,
korrupsiyaya qarşı mübarizə yalnız bir neçə
qanunu qəbul etməklə həyata keçirilə bilməz.
Bu prosesdə bütün ölkə vətəndaşları
iştirak etməlidirlər. Bəzən insanlarımız
özləri korrupsiyaya yol açırlar. Bu baxımdan
korrupsiyanın qarşısının alınması bir qədər
vaxt tələb edir. Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiya bu istiqamətdə davamlı iş
aparır. Ölkə prezidentinin tapşırığına əsasən
bu prosesdə ictimaiyyət də iştirak etməlidir.
Korrupsiyanın kökünün kəsilməsi
üçün qanunlardan da vacib olan cəmiyyətin buna
hazır olmasıdır. Görülən işlər kompleks
xarakter daşımalıdır.
- Fuad müəllim,
korrupsiyaya qarşı mübarizə tədbirlərindən
biri də dövlət qulluqçularının, məmurların
gəlir bəyannamələrinin təqdim edilməsidir. Amma
bu iş xeyli vaxtdır yubanır.
- Bu istiqamətdə iş gedir.
Bizə bir az vaxt lazımdır. Yaxın vaxtlarda bu məsələ
həllini tapacaq. Bildiyiniz kimi, bizim parlament hazırda
çirkli pulların yuyulmasını və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınmasını nəzərdə tutan yeni qanunvericilik
aktını müzakirə edir. Bu qanunda da məsələ
konkret şəkildə qoyulur.
- Yeri gəlmişkən,
parlamentdə Mənzil Məcəlləsi müzakirə
olunarkən siz yataqxana infrastrukturunun inkişafı ilə
bağlı fikirlərinizi bildirdiniz...
- Vətəndaşların sosial
problemlərinin həll olunması dövlətin əsas vəzifələrindəndir.
Biz hazırda sosial dövlət yaradırıq. Burada əsas
məsələlərdən biri də insanların mənzillə
təmin olunmasıdır. Məncə, ilk növbədə
ali təhsil müəssisələrinin yataqxanaları fəaliyyətə
başlamalıdır. Yataqxanaların olmasını biz
universitetlərin qarşısında şərt kimi
qoymalıyıq. Bunun üçün universitetlərə
dövlət tərəfindən subsidiyalar da verilə bilər.
Bizim əsas problemlərdən biri də uşaq evlərində
yaşayan yeniyetmələrin 18 yaşına çatdıqdan
sonra evsiz-eşiksiz qalmaları ilə bağlıdır.
Xüsusilə də internatlarda yaşayan 18 yaşlı
qızların bu cür vəziyyətə düşməsi
çox böyük problemdir. Düzdür, internatlarda
yaşayan oğlanlar da bu problemlə üzləşirlər,
amma qızlarla müqayisədə onlar özləri
üçün şərait yarada bilirlər. Buna görə
də hesab edirəm ki, dövlətin mənzil fondu
olmalıdır və bu cür problemlər həllini
tapmalıdır.
- Bir xeyli müddət
öncə gənc ailələrin sosial müdafiəsi ilə
bağlı qanun layihəsinin hazırlanacağı da
bildirilirdi. Amma hələlik qanun layihəsi müzakirələrə
təqdim olunmayıb?
- Bu qanunun qəbul olunması
çox yaxşı olardı. Parlamentin müvafiq
komissiyaları da gənc ailələrin sosial müdafiəsi
ilə bağlı qanunvericilikdəki müddəaların
daha da gücləndirilməsi ilə bağlı təklifləri
müdafiə edirlər. Söhbət gənclərin problemlərinin
kompleks həllindən gedir. Məsələn, biz Skandinaviya
ölkələrində olduğu kimi gənc ailələri
ailə qurduqları ilk illərdə mənzillə təmin
edə bilərik. Məsələn, bəzi ölkələrdə
gənc ailələr ailə qurduqdan 3, bəzilərində
isə 6 il müddətində müvəqqəti olaraq mənzillə
təmin olunurlar. Yəni onlar çox cüzi kirayə
haqqı ödəyərək dövlətə məxsus mənzillərdə
qalırlar. Həmin müddətdə gənc ailələr
özlərinin mənzil problemini həll etməyə
çalışırlar. Biz də bu təcrübədən
istifadə edə bilərik. Ümid edirəm ki, qeyd etdiyiniz
qanunu yaxın zamanlarda qəbul edə biləcəyik. Bu qanun
layihəsi üzərində işləməyə keçən
ildən başlamışıq. Amma bəzi texniki məsələlər
dəqiqləşmə tələb edir. Bilirsiniz ki,
bütün bu məsələlər maliyyə tutumludur. Ona
görə də razılaşdırılmalıdır.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-2009.-10
fevral.-S.5.