Bir kitaba sığan bir dünya

 

ŞAİR ƏNVƏR ƏHMƏDİN "SALAM, AY ANASI ÖLMÜŞ OĞULLAR"

KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Yaxşı bir şeir oxuyanda adam bütün dərd-sərini unudur. Bu elə bir hissdir ki, sözlə ifadə etmək heç cür mümkün deyil. Şair Ənvər Əhmədin "Vektor" nəşrlər evində araya-ərsəyə gətirilən "Salam, ay anası ölmüş oğullar" adlı kitabı oxucunu başqa bir aləmə aparmağa qadir gerçək bir yaradıcılıq nümunəsidir. İnsan vaxt sözün sehrinə düşür, şeirin qeyri-adi bir duyğu, bədii ədəbiyyatın ilahi bir məkan, ən nəhayət, şairin, yazıçının ilahi bir missiya daşıyıcısı olduğu qənaətinə gəlir? O zaman ki, bədii nümunə şairin, yazıçının individual hissləri ilə ümumbəşəri ideyaların, eyni zamanda milli faciələrimizin vəhdəti kimi təcəssüm edir...

Şair Ənvər Əhmədin yaradıcılığı bu baxımdan səciyyəvidir... Şairin yaradıcılığının əsas leytmotivini ədəbiyyatımızın ən həssas mövzusu olan Qarabağ ana mövzusu əhatə edir. Ana haqqında yazılan bütün şeirlər məhz analarımıza həsr olunduğu üçün gözəldir...

 

Yazılan yazılıb, pozulmaz qəti,

Ay ana, yoxluğun yollara yağır.

Taleyin silləsi qılıncdan iti,

Taleyin yumruğu dağlardan ağır.

 

Hıçqırsam, dünyanı bürüyər kədər,

Gözümün yaşında əriyər gecə.

Qəbristan yolunda səhərə qədər

Ağlayıb, ağlayıb, kiriyər gecə.

 

Sən soyuq bir məzar, mən donmuş bir səs,

Sükutun əlləri qılıncdır, ana!

Bu qoca dünya da tab edə bilməz

Qəbristan yolunun ağırlığına.

 

Ananın yoxluğu misralarda daha çox ağrı ilə, ürək yanğısı ilə hiss olunur, oxucunun şüuraltısına daha tez qəribə, kövrək duyğu ilə təsir edir. Ənvər Əhmədin şeirlərində bu kövrəklik özünəməxsus poetikliyi ilə seçilir.

Ümumiyyətlə, Ənvər Əhmədin yaradıcılığı çoxşaxəlidir. Onun milli faciələrimizə, düşmən tapdağı altında inləyən yaralı Qarabağımıza həsr olunan şeirləri vətənpərvər, el-obasına, yurd-yuvasına bağlı, yurdu yağmalanmış bir şair qəlbinin yanğısının poetik ifadəsi, daha dəqiq desək, fəryadıdır.

 

Əgər çadır-çadır xalqın yanırsa,

Əgər bu yanğını dünya qanırsa,

Əgər qəbir-qəbir itirsə vətən,

Əgər bürüyürsə yurdu duman-çən,

Bu qılınc qınında rast pas ata bilməz!

 

ya

 

Ölüm ayağının altında, vətən,

Şeirimdən yarana məlhəm olarmı?

Anamı qoynunda dəfn elədim mən,

Ağlasam Arazın, Kürün dolarmı?

 

yaxud

 

Gözüm payız boyda bulud,

O yurda sarı ağlayır.

Könlüm dumandı, çiskindi,

Canım sırsıra bağlayır.

 

Bəxtimdən çox-çox uzağam,

Üşüyürəm, sərt sazağam.

Yarpaqsız çılpaq budağam,

Ömrüm öz-özün dağlayır.

 

Ayağım yollar yaşıdı,

Çiynim ağır yük daşıdı.

Şuşa mənə baş daşıdı,

Qəbrimdən Qar-Qar çağlayır.

 

Şairin "Tərəkəmə" poeması haqda isə daha çox danışmaq olar. Ümumiyyətlə, necə həyat tərzi keçirmələrini şair poetik ovqata köklənərək çox ustalıqla qələmə alıb. Çöllərin, düzlərin, dağ-dərələrin saf havası, dumduru suları kimi pak olan, bu dünyadan heç bir təmənnası olmayan, işgüzar, qoçaq, pəhləvan cüssəli tərəkəmə camaatı haqda Ənvər Əhməd çox dəyərli bir əsər ortaya qoyub. Mən bu poemanı dönə-dönə oxumuşam. Poemanın hər misrası mənə ana laylası qədər doğmadır, əzizdir... Çünki gözümü açıb babamın, atamın, əmilərimin, bibilərimin tərəkəmə həyatı haqda bir-birindən maraqlı əhvalatlarını eşitmişəm. Tərəkəmə elatının özünməxsus leksikonu, dialekt sözləri bu poemada sığallanıb, tumarlanıb, qafiyələnib ruhumuzu, ipə-sapa düzülmüş incilər kimi gözümüzü, könlümüzü oxşayır... "Dünyanın bir yaz günündə həyata göz açmışam. Ağlım kəsər-kəsməz, 16 yaşıma qədər çomaq götürüb qoyun-quzu otarmışam. At çapmışam, dana-buzov qovmuşam, dəvə saxlamışam. Atamın 24 yan keçəsindən tikdirdiyi muxuru mənin ilk mərmər sarayım, ilk möhtəşəm həyat beşiyim olub.

Uşaqlıq xəyalımda dərin izlər buraxan o gözəl, unudulmaz günlər yadıma düşdükcə sinəm çoban ocağı kimi qorlanır. O illərin dadı, ləzzəti, şirin xatirələri məni rahat buraxmır. Bax, elə bu gün zoğal çomağım, qamçım var, yəhərim yorğa kəhər atım var. Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erkiqarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə ajıtmalı əpbəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla "Tərəkəmə balası" deyə müraciət edirlər...". Bu, şairin-sadə tərəkəmə balasının yaşadığı real həyat hadisələrinin sadə bir dildə təsviri idi.

Şair Ənvər Əhmədin bir kitaba sığan şeirləri ucsuz-bucaqsız, sonu görünməyin şair dünyasının, söz sənətinin qüdrətinin təcəssümüdür. Şair haqqında söhbət açdığımız bu aləmdə nələrə rast gəldik, nələr oxuduq, hansı hisslər bizi bu dünyadan ayırdı?! "Çanaqqala savaşı"nın qələbəsini duyduq, "Türk bayrağı"nın əzəmətini gördük, vətən, ana sevgisini doya-doya hiss etdik, sevgilərin ən ülvisini yaşadıq sanki bu şeirlərdə... Yenə ürəyimizdən bir arzu keçdi, yenə üzümüzü irfan işığına sarı tutduq: Yaşasın söz!...

 

 

Xuraman HÜSEYNZADƏ

 

525-ci qəzet.-2009.-11 fevral.-S.7.