Elmira Axundova: "Azərbaycanda ikinci İctimai Televiziyanın və yaxud parlament telekanalının yaradılmasına ehtiyac var"

 

OQTAY ƏSƏDOV: "ELMİRA XANIM, SİZİN TƏKLİFİNİZ MƏHZ SPİKERİN TELEKANAL AÇMAQ İSTƏYİNİN OLDUĞU ANLAMINI VERİR"

 

Dünən Milli Məclisin (MM) yaz sessiyasının ikinci iclası keçirilib. Gündəliyə 4 məsələ daxil edilib. Bunlar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (üçüncü oxunuş), "Xüsusi iqtisadi zonalar haqqında" (ikinci oxunuş) qanun layihələri və Mənzil Məcəlləsi (ikinci oxunuş) idi. Gündəlik təsdiq olunduqdan sonra millət vəkilləri cari məsələlər üçün ayrılmış vaxtda müxtəlif fikir və təkliflərini səsləndiriblər.

İlk çıxış edən millət vəkili Fəzail Ağamalı Qubada aşkarlanmış məzarlığın məhv olmaq təhlükəsiylə üzləşdiyini nəzərə çatdırıb. Onun fikrincə, məzarlığın qorunması yönündə işlərin görülməsi üçün prezident sərəncamına ehtiyac var. O, spikerdən bu yöndə də səlahiyyətlərindən istifadə etməsini istəyib.

"Müsavat" Deputat Qrupunun üzvü Arzu Səmədbəyli qlobal maliyyə böhranına toxunub və sanki böhranın Azərbaycandan yan keçdiyi görüntüsünün yaradılmasına çalışıldığını bildirib. Eyni zamanda, Müsavat Partiyasının bununla bağlı bəyanat verdiyini, "Müsavat" Deputat Qrupunun bu ətrafda müzakirələr apardığını söyləyib. Millət vəkili həmçinin qazın, elektrik enerjisinin, suyun qiymətinin iki dəfə aşağı salınmasını təklif edib: "Enerji daşıyıcılarının qiyməti üç dəfə artandan sonra əhali çıxılmaz duruma düşüb".

Millət vəkili Fazil Mustafa deputat seçildiyi Sabunçu rayonunda qanunsuz tikilmiş evlərin sökülməsiylə bağlı çoxsaylı məhkəmə qərarlarının çıxarıldığını qeyd edərək, vəziyyətdən çıxmaq üçün müvafiq bir yol tapılmasının və vətəndaşlara humanist yanaşılmasının tərəfdarı olduğunu bildirib: "Həmin vətəndaşlara evlərinin sökülməsinə görə kompensasiya verilə bilər. Belə yoxsul vətəndaşlar çölə atılmamalıdırlar".

Millət vəkili son vaxtlar Azərbaycanda geniş yayılmağa başlayan şəbəkə oyunlarına da son qoyulmasını zəruri sayır: "Bu oyunlar Daxili İşlər Nazirliyinin gözü qarşısında baş verir, yüzlərlə insan aldadılır. Nazirlik şəbəkə oyunlarının qarşısını almaq üçün əhali arasında qeyri-rəsmi maarifləndirmə işi aparmalıdır".

Millət vəkili, tarixçi professor Cəmil Həsənli iki həftədən sonra 17-ci ildönümü tamam olacaq Xocalı soyqırımıyla bağlı Hərbi Prokurorluğun hansı araşdırmaları aparması ilə maraqlanıb və hərbi prokurorun bu məsələylə bağlı hesabat verməsinin gələn iclasın gündəliyinə salınmasını təklif edib. O, həmçinin yüksək mərtəbəli və istilik sistemləri olmayan binalarda qazdan istifadə ilə bağlı təhlükəsizlik tədbirlərinə toxunub: "Bəs o binalarda yaşayan insanlar nə ilə qızınmalıdırlar? Məsələnin bu tərəfinə də diqqət yetirmək lazımdır. Günümüzdə tikilən yüksək mərtəbəli binalarda da istilik sistemi nəzərdə tutulmayıb". C.Həsənli insanlara 5-10 ilin işıq, qaz borcları ilə bağlı yüksək məbləğin əksini tapdığı bildirişlərin gəlməsinə də diqqət çəkib: "Bu məsələyə də son qoyulmalıdır".

Fərqli təşviqat qruplarının qeydiyyata alınması üçün MM-in Mərkəzi Seçki Komissiyasına (MSK) xahiş ünvanlamasını istəyən millət vəkili Pənah Hüseyn diqqəti son günlər Hərbi Prokurorluğun Ermənistanın hərbi təcavüzü zamanı baş vermiş cinayətlərlə bağlı yaydığı məlumata yönəldib: "Həmin siyahıda Robert Köçəryanın, Serj Sərkisyanın adı yoxdur. Prokurorluq siyasi orqan deyil. Hərbi Prokurorluğun bu məsələyə aydınlıq gətirməsini xahiş edirəm".

Deputat Əhəd Abıyev də F.Mustafa kimi şəbəkə biznesindən şikayətlənib: "İnsanlardan yüz min manatlarla pul yığırlar. Adını da qoyurlar ki, xaricdəki uşaq evlərinə kömək edirik. Əgər belədirsə, niyə Azərbaycandakı uşaq evlərinə həmin yardımdan verilmir? Şəbəkə biznesinə cəlb olunanlar əvvəlcə 500 manat ödəməli, sonra iki nəfəri də bu işə cəlb etməlidir. Şəbəkə biznesi xalqın pulunun dolayı yolla yeyilməsidir. Hüquq-mühafizə orqanları bu məsələyə diqqət yetirməlidirlər. Bu yolla yüzlərlə aldadılan insanlar var. İnsanlar tələyə salınırlar".

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov P.Hüseynin təşviqat qruplarının MM-in xahişi ilə MSK-nın qeydiyyata alması yönündə təklifinə reaksiya verib: "MSK xahişlə təşviqat qruplarını qeydiyyata almır, Seçki Məcəlləsinin tələblərini əsas götürür". Millət vəkili eyni zamanda Hərbi Prokurorluğun Xocalı ilə bağlı qaldırdığı cinayət işində Robert Köçəryanın, Serj Sərkisyanın və digərlərinin adlarının olduğunu da söyləyib.

Millət vəkili Elmira Axundova deputatların fəaliyyətinin kütləvi informasiya vasitələrində, xüsusən telekanallarda işıqlandırılmadığı qənaətindədir. O, Gürcüstanda parlamentin, millət vəkillərinin fəaliyyətini işıqlandırmaq, siyasi partiyaların pulsuz debatının efirə verilməsi üçün ikinci ictimai kanalın yaradılacağını xatırladıb: "Azərbaycanda da parlament televiziyasının, yaxud ikinci bir İctimai Televiziyanın yaradılmasına ehtiyac var. Bu məsələ tək spikerin üzərinə düşməsin. Millət vəkilləri imza yığaq və Milli Televiziya və Radio Şurasına müraciət edək".

Buna cavab olaraq isə spiker Oqtay Əsədov deyib ki, millət vəkilinin çıxışı məhz spikerin telekanal açmaq istəyinin olduğu anlamını verir: "Məsələni mənim boynuma qoydunuz. Milli Məclisin daxili televiziyası var". Bu zaman P.Hüseynin yerindən replika ataraq "o televiziyanı göstərin, dediyiniz kameradır" söyləyib. Spikerin də cavabı orijinal olub: "Pənah bəy, sizin çıxışınızın hamısı həmin daxili televiziyada göstərilir. Əgər televiziya olmasaydı, mikrofona iki dəfə vurardınız, qabağınızda durmaq olmazdı".

Daha sonra gündəlikdəki məsələlərin mühakirəsinə keçilib.

 

Həmzəoğlu, Kamil

 

525-ci qəzet.-2009.-11 fevral.-S.5.