Azərbaycan televiziyası: dünən, bu gün

 

Azərbaycan televiziyası xalqın ruhi, milli-mənəvi səfərbərliyində misilsiz rol oynayan Novruz şənliklərinin, eləcə də istiqlalçı təfəkkürlə yoğrulan bir sıra uğurlu sənət əsərlərinin təqdim və təbliğində cəsarətli söz deyirdi. "Odlar diyarı", "Zaman və biz", "Yaddaş", "Tarixin səsi" kimi yeni ruhlu daimi televerilişlər, "Arı", "Bulaq", "Ulduz", "Axşam görüşləri", "Natəvan: qızlar klubu" kimi yaddaqalan radio proqramları, "Bakı qalası", "Üzeyir Hacıbəyov", "Xalq nəğməkarı", "Toy", "Aktrisanın təbəssümü", "Müşfiq" kimi milli mövqeli, çoxsaylı sənədli filmlər, indi qızıl fondumuzu bəzəyən, bütöv silsilə təşkil edən uğurlu televiziya tamaşaları həmin dövrdə Azərbaycan televiziyasının məqsədyönlü, fədakar fəaliyyətindən, əsil sənət zirvələri fəth etməsindən xəbər verir.

"Topal Teymur", "Günahsız Abdulla", "Astana", "Mehmanxana sahibəsi", "Atayevlər ailəsi", "Məhəbbət macərası", "Səni axtarıram", "Ağ atlar üçün vals", "Köhnə dəbli komediya", "Ordan-burdan", "Anamın kitabı", "Qatarda", "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", "Nigarançılıq", "Yaşıl eynəkli adam", "Kökdən düşmüş piano", "Fatehlərin divanı", "Dədə Qorqud oğuznamələri", "Yarımştat", "Sən həmişə mənimləsən", "Gəl qohum olaq", "Gəlinlər", "Gülüş sanatoriyası", "Bala - başa bəla", "Sabiqlər", "Tənha durna uçuşu"... Bunlar Azərbaycan televiziyasında hazırlanan və indi Qızıl Fondda qorunub saxlanan teletamaşaların kiçik bir hissəsidir. Milli radiomuzda hazırlanan, on illər boyu nəsil-nəsil insanları sevindirən, düşündürən, heyrətləndirən radiotamaşaların sayı bundan da çoxdur. Yüzlərlə, minlərlə sənədli və bədii televiziya filmləri, teleradionun əsas fondlarında saxlanan minlərlə, on minlərlə uğurlu verilişləri də bura əlavə etsək, əzəmətli, möhtəşəm bir mənzərə yaranar. Bu, Azərbaycan teleradiosunun Azərbaycan xalqına bəxş etdiyi misilsiz mənəviyyat, mədəniyyət xəzinəsidir.

                                                                ***

1969-cu ilin 14 iyulundan sonra bütün respublikamızda olduğu kimi Azərbaycan televiziyasının həyatında da yeni bir inkişaf mərhələsi başlandı. Həmin tarixdə respublika rəhbəri seçilən Heydər Əliyev bütün strateji sahələr kimi milli televiziyaya da xüsusi önəm verir, diqqət və qayğı göstərirdi. Milli televiziya sistemi maddi-texniki baxımdan təkmilləşir, yeni nəsil avadanlıqlarla təchiz edilərək zənginləşirdi. 1970-ci ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində televiziya üçün ədəbi işçilər hazırlanmasına başlanıldı. 1971-ci ildə istifadəyə verilən "Kadr-3" video sistemi keyfiyyətli montaj üçün əlverişli şərait yaratdı. 1972-ci ildə Azərbaycan telekanalında ilk rəngli televiziya tamaşası göstərildi. Bir qədər sonra respublika televiziyasında yeni modifikasiyalı "Kadr-3" video-maqnitofonundan istifadəyə başlandı ki, bu da teleməhsulların texniki keyfiyyətini xeyli yüksəltdi. 1975-80-ci illərdə bir sıra rayonlarda, ilk növbədə isə İranla həmsərhəd bölgələrdə radiorele qurğuları tikilir, güclü televiziya ötürücüləri quraşdırılıb istifadəyə verilirdi. Bakıda 310 metrlik daha müasir televiziya qülləsi tikilirdi. 1980-ci ildə televerilişlərin kosmik rabitə vasitəsiylə yayımlanmasına dair beynəlxalq konfransın məhz Bakıda keçirilməsi təsadüfi deyildi. Bu, Azərbaycan televiziyasına Heydər Əliyev diqqət və qayğısının, bu strateji sahənin gələcək perspektivlərini düşünən həqiqi rəhbər uzaqgörənliyinin nəticəsi idi.

Bu gün qətiyyətlə, inamla, fəxrlə deyə bilərik ki, Azərbaycan televiziyası son on illiklərdəki inkişafına, uğurlarına görə ümummilli liderimiz Heydər Əliyevə BORCLUDUR, MİNNƏTDARDIR.

1969-cu ilin yayından başlayaraq Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan televiziyası Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bu ardıcıl, tələbkar, yaradıcı diqqət və qayğı nəticəsində Azərbaycan teleradiosu maddi-texniki, mənəvi-intellektual baxımdan həqiqətən böyük inkişaf yolu keçib, müasir yüksək səviyyəsinə qovuşub. Ulu öndər Heydər Əliyevin Azərbaycan teleradiosunun ünvanına dediyi unudulmaz sözlər bu məqamda yada düşür: "Azərbaycan televiziyası və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir. Bu gün Milli televiziya və radiomuz, sözün əsl mənasında, xalqın tribunasıdır.

Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır".

"Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi on illər boyu yaradılan silsilə sənədli ekran əsərləriylə - dahi dövlət siyasət xadimi Heydər Əliyevin qeyri-adi, fədakar, fenomenal fəaliyyətindən bəhs edən televiziya filmləri ilə haqlı olaraq fəxr edir. Bunlar bütünlüklə Azərbaycana həsr olunan, Azərbaycan Azərbaycançılıq naminə yaşanılan böyük ömrün anları, xalqın öz xilaskarına hüdudsuz sevgisinin, hörmət ehtiramının ekran həqiqətləridir.

Adları Azərbaycan teleradiosunun tarixinə əbədilik yazılan söz, sənət adamları, görkəmli ziyalılar çox olub. Azərbaycan mədəniyyətinin neçə-neçə nəsli bu doğma ünvanda işləyib.

Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov Müslüm Maqomayev, böyük yazıçılarımız Məmməd Səid Ordubadi Cəfər Cabbarlı, unudulmaz sənətkarlarımız Mehdi Hüseyn, Lətif Kərimov, Cəfər Xəndan, Məmməd Rahim, Adil Əfəndiyev, Məmməd Arif, Hüseyn Natiq, Zeynal Xəlil, Səid Rüstəmov, Arif Babayev, Rauf Kazımovski, Ənvər Əlibəyli, Tofiq Bayram, Mirvarid Dilbazi, Nəbi Xəzri, Əzizə Cəfərzadə, Anar, Qabil, Fikrət Qoca, Teymur Əliyev, Cəlal Bərgüşad, Hafiz Baxış, Nahid Hacızadə, Həbibə Məmmədxanlı, Gəray Fəzli, Firudin Ağayev, Eldar Baxış, Ağalar Mirzə neçə-neçə başqaları müxtəlif vaxtlarda Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı olublar.

80-ci illərin sonlarında başlayan xalq hərəkatında, meydan hadisələrində Azərbaycan televiziyası da öz tarixi sözünü dedi. Qanlı 20 yanvar hadisələri ərəfəsində Azərbaycan televiziyasının enerji blokunun partladılması ən əvvəl bu qurumun qəti xalq mövqeyində dayanmasının, heç bir xəyanət yoluna dönməyəcəyinin təsdiqi idi. İmperiya ağaları onların yerli qulluqçuları bunu bilirdilər ona görə enerji blokunun partladılmasıyla Azərbaycan televiziyasının tam susdurulmasına qərar verilmişdi. Beləliklə, Azərbaycan teleradiosu tarixində ən faciəli hadisə baş verdi - enerji bloku partladıldı. Lakin Azərbaycan televiziyasını susdurmaq mümkün olmadı.

15 iyun 1993-cü il. Həmin gün xalqın arzusu, ümidi, təkidli çağırışı, tarixi ehtiyacıyla yenidən hakimiyyətə qayıdan dahi siyasətçi Heydər Əliyev Vətən xalq naminə, azad, müstəqil, bütöv Azərbaycan naminə qüdrətli xilaskarlıq fəaliyyətinə başladı.

Azadlığına yenicə qovuşan Azərbaycan respublikası daxili xarici düşmən fitnələriylə, imperiya maraqları ilə parçalanaraq bölüşdürülmə faciəsindən xilas edildi.

                                                              ***

Son illər Azərbaycan televiziyasının həyatında yeni bir mərhələ başlayıb. Televiziyamızın həyatında baş verən bütöv yenidənqurmanı, taleyüklü, kompleks müsbət dəyişiklikləri, əsas yaradıcılıq tendensiyalarını, yaradıcı axtarış və tapıntıların miqyasını nəzərə alsaq, bu mərhələni kəmiyyətdən keyfiyyətə keçid, keyfiyyət yüksəlişi dövrü kimi xarakterizə etmək olar. Həm maddi-texniki, həm mənəvi-intellektual baxımdan yeniliyə, müasir dünya standartları səviyyəsinə geniş meydan açılır; teledüşüncə on illər boyu yaranan qəliblərdən xilas olmağa, novatorluğa can atır. Otuz ilə yaxın Azərbaycan Teleradiosunda işləyən, bu sahəni dərindən bilən İQTİSADÇI, ALİM və JURNALİST Arif Alışanovun məqsədyönlü, perspektivli islahatları və onların nəticəsi olan uğurlar artıq göz qabağındadır.

Arif Alışanov Azərbaycan Televiziyasına çoxdan gözlənilən və ehtiyac duyulan yeni estetik dəyərlər sistemi, təzə informasiya mühiti gətirdi, müasir dünya standartlarına cavab verən, eyni zamanda bütünlüklə Azərbaycanın milli-mənəvi dəyərlərinə əsaslanan yeni teleistiqamətə yol açdı. İstər informasiya və ictimai-siyasi proqramlar sahəsində, istərsə də bədii və maarifçilik yönündə davamlı keyfiyyət dəyişikliyi, əlamətdar, sistemli uğurlar artıq göz qabağındadır. Əsası odur ki, yol, hədəf düzgün seçilib və daha ciddi uğurlara doğru gedirik. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yeni "İdman Azərbaycan" kanalının açılması həmin uğurlar yolunun daha bir təsdiqidir. Yeri gəlmişkən, ürəyimdən keçən bir fikri də demək, bu yazının yaddaşında əbədiləşdirmək istərdim. Professionallıq və təşkilatçılıq bacarığı, yüksək intellektuallıq və nəzəri-praktik səriştə, təcrübə birləşəndə, adətən, uğurlu nəticə verir. Arif Alışanovu televiziya sahəsindəki professionallıqda Elşad Quliyevlə, kadrları seçib yerləşdirmək bacarığında, ümumi intellektual səviyyədə Teymur Əliyevlə müqayisə etmək olar.

Xalqın böyük tarixinin, milli-mənəvi yaddaş enerjisinin, min illəri əhatə edən qüdrətli dövlətçilik xatirələrinin müasir Azərbaycan mühitinə, çağdaş azərbaycanlının ürək və beyin, duyğu və dərk meydanlarına NƏQL, TRANSFORMASİYA olunmasında, beləliklə, xalq-dövlət vəhdətinin öz kökü üstündə, öz keçmişinə layiq şəkildə yenidən formalaşdırılmasında, mənən, ruhən səfərbər edilməsində Azərbaycan televiziyası bu gün misilsiz xidmət nümunəsi göstərir. Bu gün Azərbaycan on səkkizinci əsrin ortalarından, Səfəvilər dövlətinin süqutundan sonra itirdiyi vahid, bütöv dövlətçilik vəhdətinin BƏRPASI dövrünü yaşayır.

Azərbaycan Televiziyası ölkə prezidenti İlham Əliyevin müdriklik uzaqgörənliklə müəyyənləşdirdiyi əsas strateji istiqamətləri həlledici yol kimi götürərək həmin tarixi prosesə qoşulur, peşəkar, məqsədyönlü, ölçülü-biçili fəaliyyəti ilə məhz LAZIM OLAN MƏQAMLARI ekrana, ön plana gətirir. Adi bir misal: Azərbaycan Televiziyasının verilişlərarası keçidlərində milli tarix mədəniyyət abidələrimizin kərpic-kərpic yenidən qurulması, məhz elmi bərpa restavrasiya prosesinin ÖZÜ obrazlaşdırılır; 250 ildən bəri vahid, müstəqil dövlətçiliyini itirən Azərbaycana qədim tarix mədəniyyət abidələrinin telesimvolikası ilə bütöv DÖVLƏTÇİLİK YADDAŞI, onun bütöv BƏRPASI təlqin təqdim olunur; bu, xalqın kütləvi şüuruna, onun qan, gen yaddaşının oyadılmasına, səfərbər edilməsinə ünvanlanan milli təhtəlşüurda çox mühüm İŞ GÖRƏN bir teletapıntıdır. Müasir televiziyadan yazanlar məhz belə detalların şərhi analitik təhlilinə önəm verməlidirlər.

Dahi Heydər Əliyevin XİLASKAR İDEYALARINI uzaqgörən müdrikliklə, ləyaqətlə davam inkişaf etdirən ölkə prezidenti İlham Əliyev, yadımdadır ki, ziyalılarla bir görüşündə Azərbaycanın son iki əsrdə imperiyalar arasında duruş gətirə bilməsində, assimilyasiya olunmamasında milli ədəbiyyat incəsənətin misilsiz rolunu xüsusi vurğuladı. Bu, xalqının, dövlətinin əsas potensial imkanlarının, gizli GÜC MƏDƏNLƏRİNİN harada, "hansı laylarda" olduğunu dərindən dəqiqliklə bilən böyük vətəndaşın, müdrik prezidentin mövqeyidir. Neft amilindən İNSAN AMİLİNƏ, maddi kapitaldan mənəvi kapitala konsepsiyasını irəli sürən, əsas dövlətçilik mexanizmini məqsədyönlü hədəflərə doğru istiqamətləndirərək "əbədi dönməz" hərəkətə gətirən İlham Əliyev, təsadüfi deyil ki, qısa bir müddətdə tariximizdə analoqu olmayan uğurlara imza atdı, müstəqil Azərbaycanın ən yeni tarixində inkişafın yeni keyfiyyət mərhələsini həyati reallığa, praktik həqiqətə çevirə bildi.

mən bu misilsiz həqiqətlərdən yaza-yaza bir daha Azərbaycan Televiziyasının son illərdəki uğurlu fəaliyyətini düşünürəm. Yüksək sürətlə inkişaf edən dövlətimizin daim yanında olan, ona layiqli əməyi, uğurlu, sədaqətli fəaliyyəti ilə kömək edən Azərbaycan televiziyasında işləməyimlə qürur duyuram...

 

                                                             ***

Bir neçə kəlmə də başçılıq etdiyim redaksiya haqqında.

"Ədəbiyyat və publisistika", "Teatr və incəsənət", "Xalq yaradıcılığı" redaksiyalarının birləşməsiylə yaradılan, necə deyərlər, əvvəlki klassik modelinə qayıdan "Ədəbi-dram verilişləri" baş redaksiyası öz fəaliyyətinə yeni keyfiyyət tələbləri ilə başladı. Ədəbiyyat və incəsənət yollarıyla dünyaya çıxmaq, ədəbi-mədəni dünyanın səsini-sözünü Azərbaycan televiziyasının ekranına gətirmək əsas hədəflərimizdən biri oldu. Qısa bir vaxtda Homerin "İliada" və "Odisseya"sı, 3500 yaşlı hind dastanı "Mahabharata", beş min illik Şumer dastanı "Gilqamış", 1000 yaşlı "Manas" dastanı, Leonardo da Vinçinin, Mikelancelonun, Şekspirin sənət dünyası, 2550 yaşlı çin dahisi Konfutsinin, Lao Tszının fəlsəfi düşüncələri, "Avesta" hikmətləri, M.Nostradamus möcüzələri, L.Tolstoy, F.Dostoyevski, E.Heminquey, F.Kafka nəsri, 800 yaşlı Mövlana Cəlaləddin Rumi irsi, Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Tofiq Fikrət poeziyası, Ə.Firdovsinin "Şahnamə"si, Yusif Məddahın "Vərqa və Gülşah"ı və sadalamadığım digər çoxsaylı ədəbi incilər gəldi ekranlarımıza. Bu, yeni redaksiyanın təkcə bir istiqamətdəki işinin tam olmayan mənzərəsidir...

Son illərdə redaksiyamızın uğurlu, yaddaqalan filmləri, verilişləri çox olub. Dahi dövlət və siyasət xadimi, ümummilli liderimiz Heydər Əliyevə həsr olunan "Böyük ömrün davamı" film-tamaşası, milli mətbuatımızın korifeylərindən olan Nəsir İmanquliyevə həsr edilmiş "Mətbuat fədaisi", böyük ədib Mir Cəlal haqqında "Üç zirvənin fatehi", eləcə də "Tarixin yollarında", "Naxçıvan: İnkişafın yeni mərhələsi", "Hüseyn İbrahimov", "Qədim yurdun baharı", "Bir ömrün xatirəsi", "Qu rəqsi", "Zərurət", "Anarın anları" və başqa filmləri, "Gürzə" teleserialı, "Azərbaycan dili", "Ustadnamə", "Karvan", "Tərəf-müqabil", "Vətəndaş", "Zamanın sorağında", "Ədəbi abidələr", "Yurd yeri", "Dünya bir pəncərədir", "Qobustan" və başqa daimi verilişlərimizi məmnuniyyətlə yada salıram...

Belə deyirlər ki, böyük işlərə başlamaq özlüyündə böyük uğurların başlanğıcıdır. Klassik özünəməxsusluğunu saxlamaqla, teletəsvir və təqdimatda yeni estetik dəyərlərə əsaslanan, kəmiyyətdən keyfiyyətə keçən Azərbaycan Televiziyası, inanıram ki, yaxın zamanlarda daha böyük uğurlar qazanacaq. Və bu uğurların qazanılmasına "Ədəbi-dram verilişləri" baş redaksiyası da öz töhfəsini verəcək. Azərbaycan-Oğuz şeirinin 1500 illik uğurlar yolunu izləyəcək "Poeziya" verilişi xalq yazıçısı Anarın təqdimatında (rejissoru xalq artisti Ramiz Həsənoğlu), yəqin ki, poeziyasevərlərin dərin marağına səbəb olacaq. Azərbaycanın aşıq, saz-söz sənəti dünyası yeni "Oğuznamə" verilişinin əsas hədəfidir. Verilişi xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub aparacaq. Yumoristik planda olan "Bu da bir zarafat" (rejissoru əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə) verilişinin də, rəssam və heykəltəraşların canlı sənət dünyasını, yaradıcılıq axtarışlarını ekranlarımıza gətirəcək yeni bədii proqramın da uğur qazanacağına inanıram.

 

 

Sadıq ELCANLI

 

525-ci qəzet.-2009.-13 fevral.-S.7.