Bakı "Evrovision-2009" rəqs müsabiqəsinə hazırlaşır

 

"ERMƏNİSTAN MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK İSTƏSƏ, BUNUN ÜÇÜN LAZIMİ ŞƏRAİT YARADILACAQ"

 

"Eurovision-2009" rəqs müsabiqəsi bu il sentyabrın 26-da Bakıda, Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək. Azərbaycan müsabiqəyə ev sahibliyi etmək üçün keçirilən tenderin qalibi olub. Bu barədə dünən Gənclər və İdman Nazirliyində İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) sədri İsmayıl Ömərov, "Eurovision-2009" rəqs müsabiqəsinin icraçı prodüseri Fərhad Hacıyev və müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin birgə keçirdikləri mətbuat konfransında məlumat verilib. İ.Ömərov deyib ki, bütün Şərqdə və Qafqazda "Eurovision" rəqs müsabiqəsi ilə dəfə Azərbaycanda keçiriləcək. Onun sözlərinə görə, "Eurovision-2009" rəqs müsabiqəsinin tenderində qalib gəlməyin bir sıra şərtləri var. Ölkədə stabillik və turistlərin təhlükəsizliyinə təminat ən vacib şərtlərdir: "Sentyabrın 26-da Bakıda gözəl və möhtəşəm bir tədbir - "Evrovision-2009" rəqs müsabiqəsi keçiriləcək. Dünya bir daha Azərbaycan gözəlliklərinin, zəngin musiqi mədəniyyətinin, ölkəmizin tərəqqisinin şahidi olacaq". Şirkət sədri vurğulayıb ki, ötən il bu müsabiqədə 24 ölkə təmsil olunub. Bu il isə iştirakçı ölkələrin sayının artacağı gözlənilir: "Azərbaycandan müsabiqədə iştirak edəcək şəxslərin seçimi mütəxəssislər tərəfindən çox ciddi şəkildə aparılacaq. Hələlik ölkəmizi təmsil edəcək iştirakçıların adları bəlli deyil". İ.Ömərov qeyd edib ki, kifayət qədər böyük maliyyə vəsaiti tələb olunduğundan İTV müsabiqənin təşkili üçün artıq bir sıra dövlət qurumlarına müraciət ünvanlayıb. Müsabiqədə Ermənistanın iştirakına gəlincə, İ.Ömərov deyib ki, əgər qonşu dövlətin belə bir arzusu varsa, bu müsabiqədə təmsil oluna bilər: "Avropa Yayım Birliyinin nizamnaməsinə və "Eurovision"un tələblərinə əsasən, bu məsələdə siyasi motivlərə, irqi ayrı-seçkiliyə uymaq olmaz. Ona görə də Ermənistan müsabiqədə iştirak etmək istəsə, bunun üçün lazımi şəraiti yaradılacaq. Buna qədər də Ermənistan idmançıları Azərbaycanda keçirilən müəyyən yarışlarda iştirak ediblər və heç bir insident baş verməyib".

Azərbaycan mehmanxanalarının və yollarının ölkəyə gələcək iştirakçıları və turistləri qarşılamağa nə dərəcədə hazır olması məsələsilə bağlı İ.Ömərov bildirib ki, paytaxtın infrastrukturu ən azı 10 min turisti yerləşdirməyə imkan verir: "Turistlərin sayı bundan çox olsa da, biz onları yerləşdirə biləcəyik. Tıxaclara gəlincə, hər bir ölkədə belə tıxaclar var. Müsabiqə keçirilənə qədər yəqin ki, yollardakı tikintilər də başa çatacaq".

"Eurovision-2009" rəqs müsabiqəsinin icraçı prodüseri Fərhad Hacıyev deyib ki, tədbirin təşəbbüskarı olan Avropa Yayım Birliyi müsabiqənin Azərbaycanda keçiriləcəyi xəbərini fevralın əvvəlində rəsmən təsdiq edib. Təşkilati məsələlərdə Azərbaycana "Euromedia & Luxen" şirkətlər qrupu dəstək verəcək. Şirkət bu sahədə bir sıra layihələrdə iştirakı ilə diqqəti çəkib. F.Hacıyev əlavə edib ki, "Eurovision-2009" bir sıra yeniliklərlə yadda qalacaq: "İştirakçı dövlətlərin sayının artması "Eurovision-2009" rəqs müsabiqəsinin ən mühüm cəhətlərindən biri olacaq".

 

 

QARAYEVA Sevinc

 

525-ci qəzet.-2009.-12 fevral.-S.7.