Laçınlı, Laçınsız
Ağa Laçınlı
Nə yaxşı
xatirələr var, xatirəyə dönən
günlər, aylar, dəqiqələr var. Nə yaxşı alınlara yazılan yazılar kimi, yaddaşlara yazılan hadisələr,
görüşlər, söhbətlər,
döngələr, dönümlər
var. Bəlkə dünya ona görə bu qədər şirindir ki, həmişə dünənə, keçmişə,
tarixə, müqəddəs
dayaqlara, sarsılmaz qaynaqlara söykənə-söykənə irəliyə,
sabaha, gələcəyə,
arzulara, xəyallara doğru uçur və uçuşunu heç vaxt dayandırmır.
Hər bir qələm
adamının xatirə yazmaq dövrü və xatirəyə
çevrilmək məqamları var. Təxminən on il bundan əvvələ
qədər heç kəs haqqında xatirə yazmaq barədə
düşünmürdüm. Ancaq indi görürəm ki,
ömrümüz elə xatirələrlə dolu bir həyatdan
ibarətmiş.
Bu
şirinli-acılı xatirələr aləminin mənim
üçün heç vaxt unuda bilmədiyim bir Ağa
Laçınlı dünyası da var. Bu
tanışlığın, doğmalığın,
dostluğun yaddan çıxmaz o anları məni çox
düşündürür. Aramızdakı yaş fərqi
çox olsa da, bu fərq heç zaman bizim səmimi
dostluğumuza mane olmadı. Təxminən otuz ilə yaxın
dostluq elədiyimiz dövrdə onu həmişə halal, təmiz,
təvazökar, səmimi, uşaq kimi kövrək, körpə
kimi saf, ipək kimi yumşaq gördüm. Həddən
çox zarafatcıl, deyən-gülən, əhatə dairəsini
işıqlandıran, təmənnasız, gözütox,
ağayana bir kişi şəxsiyyət idi Ağa
Laçınlı. Ağa Laçınlı ilə birlikdə
çox yolların yoldaşı, çox könüllərin
sirdaşı, çox evlərin qonağı, çox məclislərin
yaraşığı olmuşuq. Onun yanında heç vaxt
insan gərginləşmir, narahat olmur, təntimir, tələsmir,
rahat və azad nəfəs alırdı. Çünki həddən
artıq dostcanlı, elcanlı adam idi. Ölənə qədər
"Ağanın canı üçün" andı dilindən
düşmədi. Anasından ötrü canı
çıxırdı. Təbii ki, hamı anasını
çox istəyir. Ancaq bu vaxta qədər
Ağa Laçınlı
qədər ana pərvanəsi olan şairə rast gəlməmişəm. 1979-ci ildə
o ananı Laçında, Oğultəpə
kəndində mən
də ziyarət etmişdim. İlahi, nə qədər qonaqcanlı, el-oba vurğunu, təbiət pərvanəsi olan bir qadın
idi Ağanın anası. Onu danışdırmaqdan doymurdum,
damarını yaxşıca
tutmuşdum. O dağların, düzlərin
nə ki gülü-çiçəyi
vardısa, hamısını
adbaad sayır, mənə göstərir,
hansı çiçək
hansı dərdin dərmanıdır bir-bir
başa salırdı.
O ana oxumamış həkim, təbiətin loğmanı olan bir qadın idi.
Bax Ağa
Laçınlını bir şair və insan kimi o müqəddəs
ana yetirib boya-başa çatdırmışdı.
Azərbaycanın
çox yerlərində - səfərlərdə, məclislərdə,
rəsmi, qeyri-rəsmi tədbirlərdə, el-oba
yığnaqlarında bir yerdə çox olmuşuq onunla. Hər
yerdə də onu adına layiq, elə Ağa kimi
gördüm. Qeybətdən, dedi-qodudan, giley-güzardan,
şikayətdən çox uzaq bir adam idi. Nə qədər
maddi çətinlikləri vardı, ancaq heç kimə
ağız açmaz, minnət götürməzdi. Allah onu
halallıq üçün yaratmışdı.
Ütülü, sığallı, rəsmi geyinməzdi, təbii
və sadə geyinər, göründüyü kimi olar,
olduğu kimi görünərdi.
Hər dəfə
Ağanı görəndə hündürdən
hamının eşidəcəyi bir səslə, özüməməxsus
qürurla onun şair və şəxsiyyət kimi xarakterini
açan şahanə misralarını başından yağış
kimi yağdırardım:
Sözümün
kəsərini, itiliyini
Qılıncdan,
nizədən, oxdan almışam.
Bəzən
ilham üçün sevinc olmayıb,
Sevinci,
ilhamı yoxdan almışam.
Ağa
Laçınlıyam, Haqq aşığıyam,
Həmişə
ilhamı Haqqdan almışam.
Həmişə
ilhamı Haqqdan alan şair qardaşımın şeirin
bayatı kökünə, bayatı dilinə heyrətini, məhəbbətini,
heyranlığını dönə-dönə
müşahidə eləmişəm. Hərdənbir kefimizin
kök olan vaxtlarında bayatı üstündə deyişmələrimizin
ayrı bir ləzzəti var idi.
Laçında,
Oğuldərədə, Şəlvədə Ağa
Laçınlı ilə keçirdiyim günlər
ömrümün ən maraqlı, məhsuldar, barlı-bəhrəli
çağları idi. O günlər mənim
yaddaşımda ayrıca bir müqəddəslik kimi
qalıb. Ağa hər dəfə Laçından gələndə
- "Anam sənə xüsusi salam göndərdi!" - ifadəsini
çox böyük sevgiylə mənə
çatdırardı.
Ağanın
anası Rəhimə xanımla aramızda yaranan ana-bala
sevgisinin bəhrəsi idi ki, ömrünün son günlərində
Bakıda Laçınsız yaşayan (Bilmirəm buna
yaşamaq demək mümkündürmü?), ölüm
döşəyində olan ana məni xatırlamış,
"Zəlimxanı çağırın gəlsin,
görüm mənim oğlum necədir?", - demişdir. Bu
söhbəti də mənə Laçınsız və
anasız qalan Ağa Laçınlı
çatdırmışdı. Hər ikimiz əkiz qardaş
kimi bu sözün ağrısına gözyaşı
tökmüşdük. Ağanın anası təbiətin
şairi idi, özü Azərbaycanın!!!
Ağa
ağa idi, nökər deyildi. Ağa sadə idi, sadəlövh
deyildi. Ağa bütün hərəkətlərində təbii
idi, qeyri-səmimi deyildi. Ərki çatan tay-tuşlarına
müraciət formasında zarafatla "Əclaf!" deyərdi:
"Əclaf, bu sözü yaman demisən", "Əclaf,
bu şeiri yaman yazmısan", "Əclaf, bu gün yaman
çıxış elədin", "Ağanın canı
üçün son illərdə belə kitab
oxumamışam". Hardasa qeyri-etik görünən bu ifadələri
o qədər səmimi deyərdi ki, adamın canına yağ
kimi yayılar, dünyanın ən şirin
alqışından, tərifindən qiymətli dost sevgisi kimi
qəbul olunardı.
Mən şəkil
üçün sinoy gedən, o isə şəkil-məkillə
arası olmayan bir adam idi. İndi özümdən
razılıq edirəm ki, onu məcbur edib yaxşı şəkillər
çəkdirmişdik. Bu gün otuz illik dostluğumuzun yeganə
şahidi o şəkillərdi. Hər dəfə mən o
şəkillərə baxanda Laçında, Bərdədə,
Gəncədə, Bakıda, Qazaxda, Lənkəranda - Azərbaycanın
müxtəlif yerlərində yaşadığımız
müqəddəs və mübarək anları çox
xoş duyğularla yenidən yaşayıram.
Bayatı hikmətlərindən
danışanda tez-tez Sarı Aşığın
adını hallandırardı, şair
böyüklüyündən danışanda Səməd
Vurğuna heyrətini dilə gətirərdi, Moskvada təhsil
illərini xatırlayanda adına "İblis" dediyi
müəllimini yada salar və dostu şair İbrahim Kəbirlinin
sərgüzəştlərindən gülə-gülə
danışardı, and içəndə oğlunun
adını çəkib, "Fəxrinin canı
üçün", - deyərdi.
Astadan
danışar, yastı və rahat yerişlə yeriyər,
salam verəndə adamın əllərini ürəklə
sıxar, şirin görüşər, şirin
ayrılardı. Bir xahişi, arzusu olanda onu şəstlə
deməz, utana-utana, uşaq səmimiyyəti ilə dilə gətirərdi.
Şirin və
unudulmaz Laçın görüşlərini xatırlamaq
üçün 23 il əvvələ qayıtmaq istəyirəm.
1979-ci il idi. Ədəbiyyatı təbliğ bürosunun xətti
ilə doğma Vətənin dilbər guşələrinə
yaradıcılıq səfərinə
çıxmışdım. Zəngilan və Qubadlı
görüşlərimi tamamlayıb daşlı-kəsəkli
dağ yolları ilə Laçına qalxırdım. O zaman
rəhmətliklər Muradxan Cabbarov Laçının birinci
katibi, Xanlar Məmmədov isə ikinci katibi idi. Ağa
Laçınlı da o yerlərin şair oğlu kimi,
Laçında - Oğuldərədə öz
ocağının başında, işində-gücündə
idi.
Ağa müəllim
məni Xanlar müəllimə tərifləyir ki, bir sinədəftər
şair gəlir Laçına, gəl onu qarşıyaraq. Xanlar
müəllim də deyir ki, o ki elə sinədəftər
şairdi, maşından düşən kimi
sıyırmaqılınc üstünü kəs, bir şeir
de, görək nə cavab verəcək. Belə də oldu. Mən
avtobusdan düşən kimi hər ikisi məni çox
hörmətlə bağrına basdı. Salamdan sonra
Ağanın çox şux tərzdə oxuduğu şeir
Sarı bulağın duru suları kimi ruhuma axdı:
Gəldiyin
yer Zəngilanla Qubatdı,
Bizim
Laçın ondan bir az babatdı.
Bağışla
ki, yollar səni yubatdı,
Xoş gəlmisən
bu yerlərə, Zəlimxan.
Laçına
ilk gəlişim olsa da, uzun illər Ağanın söhbətlərinə
qulaq asa-asa xəyalən Laçının məşhur mənzərələrini,
yer adlarını gözümə, könlümə
köçürmüşdüm. Şeir yazmaq
üçün halaldan yoğrulmuş maya var idi. Ona görə
də sınaq məqamında çətinlik çəkmədim.
Şahanə bir görkəmlə dağlara sarı
çevrilib, əlimi göylərə qaldıraraq Ağa
Laçınlını dağlar qarışıq vəsf eləməyə
başladım:
Oğuldərə
kəndi, Laçın oylağı,
Qaldırar
Günəşə, Aya şairi.
Axar nəğmələri
Həkəri kimi,
Oxşadar
ilhamı çaya şairi.
Onda bir
Çalbayır təbiəti var,
Döndərməz
üzünü nə qış, nə bahar
Çəkər
imtahana şaxta, boran, qar,
Şimşəklər
çağırar toya şairi.
Soruşar
mayanı, yarı bulaqdan,
Götürər
mayanı, varı bulaqdan.
İçər
sarı kimi Sarı bulaqdan,
O dağlar
yetirər boya şairi.
Baxar bu
dünyaya Qatar qayadan,
Küləklər
qəmini atar qayadan,
Səsi zirvələrə
çatar qayadan,
Olar dağ
övladı, qaya şairi.
Çox-çox
təəssüflər olsun ki, indi bu dəli-dolu misraları
ağrılı-acılı, nisgilli duyğularla
xatırlayıram. Odu söndürüb külüylə
oynayıram. İndi ilxılı, sürülü,
naxırlı, elli-elatlı, aranlı-yaylaqlı
Laçın acı bir yuxuya çevrilib. Muradxan Cabbarov yoxdu,
Xanlar Məmmədov yoxdu, Rəhimə ana yoxdu, Ağa
Laçınlı yoxdu!
Bizi fəxri
qonaqlar kimi süfrəsinin başında əyləşdirən
Şəlvəli Zülfü kişi yoxdu, Aydın kişi
yoxdu! Bəs nə var, nə qalıb o günlərdən?
İşğal olunan torpaqlar, ayrılıq,
gözyaşı, tapdalanan ruhlar, top atəşi, mərmi
yağışı ilə didik-didik olan yurdlar, dağılan
yuvalar, keçən ocaqlar...
Beş-on günün söhbətidir. Bakının
Binə qəsəbəsində
yerləşən qəbiristanlıqda
bir dəfn mərasimində iştirak
edirdim. Ağa Laçınlı da burada dəfn olunub. Qəbrin ziyarətinə getdim. Diz çökdüm şair
qardaşımın ruhu
qarşısında, məzarı
önündə. Göz
yaşlarım qara mərmərin, sinə daşının üstü
ilə süzülə-süzülə Ağa Laçınlının dörd
misrasının üstünə
qonan tozları silməyə can atırdı.
Ölüm görüşü
var ömrün sonunda,
Axı qalasıyam
yadında sənin.
Bir ağac
donunda, çiçək
donunda
Yenə bitəsiydim
yanında sənin.
Çox doğru
buyurursan, mənim şair qardaşım! Halallığın, paklığın,
təmizliyin, ağayanalığın,
gözütoxluğun, göydə
quşların, yerdə
daşların, çəməndə
çiçəklərin adını və dilini bilən dağsız qalan dağlar şairi kimi həmişə sən sevənlərin yadında qalacaqsan! Ağac donunda,
çiçək donunda,
mələk libasında,
dərviş paltarında
şeirlərinlə, zarafatlarınla,
atmacalarınla, gülüşlərinlə
hər yaz dünyaya yenidən gələcəksən. Hər
payız yanımızda
olacaqsan! Ruh kimi, nəfəs kimi, nəğmə kimi şeir kitablarını əzizləyə-əzizləyə, əlinlə
yazdığın tərifli
avtoqrafları titrəyən
dodaqlarımla öpə-öpə səni xatırlayacağam! Sənə
Zəlimxan kimi söz verirəm, Allah üzümə, Tanrı sözümə baxsa, ölməyib o günü görsəm Laçına
gedəcəyəm. Heç yerdə
sağa-sola dönmədən
birbaşa Oğuldərəyə
- çörəyini yeyib,
suyunu içdiyim ocağa, Rəhimə ananın evinə yetişib, üzümü
o evin divarlarının
daşlarına sürtəcək,
nəfəsiniz toxunan
yerlərə yenidən
nəfəs verib, ayaq izlərinizi oxşamaq üçün
o zaman uça-uça
gəzdiyim həyətdə
bu zaman dizin-dizin sürünəcəyəm!
Oğuldərə çiçəklərindən
qucaq-qucaq dərib, iki dəstə bağlayaraq Bakıya qayıdacaq, nəfəs dərmədən Binə
qəsəbəsindəki qəbiristanlığa
gedib o iki
dəstə gülü
Rəhimə ananın
və Ağa Laçınlının qəbrinin
üstünə qoyacağam.
Allahın möcüzələri
çoxdu. Bəlkə
Laçın, Oğuldərə
ətirli güllər
sizi yenidən öz cənnətinizə
- Laçınınıza qovuşdura!!!
Zəlimxan YAQUB,
xalq şairi
525-ci qəzet.- 2009.-14 fevral.- S.27.