Dünyanın ən gözəl
təsiri
Xəbər
verdiyimiz kimi, tanınmış şair və tərcüməçi
Səlim Babullaoğlu görkəmli Kolumbiya
yazıçısı, Nobel mükafatı laureatı Qabriel
Qarsia Markesin 80 illik yubileyinə həsr olunmuş Kiyev Beynəlxalq
Teatr və Ədəbiyyat Festivalından qayıdıb. S.Babullaoğlunun həmin tədbirdəki
çıxışını oxucuların diqqətinə
çatdırırıq.
Larisa
Nikolayevna mənə "Markes (Gabriel Garcia Marquez) Azərbaycan
ədəbiyyatına, rəssamlığına, teatrına təsir
edibmi?" mövzusunda çıxış hazırlamaq məsələsini
deyəndə beynimin bir hissəsi Markesin illər öncə
oxuduğum əsərlərini xatırlamağa, digər hissəsi
oxuyub unutduğum əsərlərini yenidən
xatırlamağa, digəri isə oxumadıqlarımı
oxumağa, bir hissəsi isə yolda, işdə, kafedə
rastlaşdığım həmkarlarıma "Markes bizim ədəbiyyata
təsir edibmi?" sualını verməklə məşğul
olmağa başladı. İlk rastlaşdığım
yazıçı-dramaturq Firuz Mustafa sualı belə
cavablandırdı: "Əgər İndoneziyada zəlzələ
baş verirsə, onun da Azərbaycana mütləq təsiri
olur". Əslində mən çıxışımı
burda bitirə də bilərdim, çünki bütün
ironikliyi ilə yanaşı mən küçədə və
ayaqüstü verilə biləcək cavabların ən
yaxşısını eşitmişdim. Olsun ki, bu, Markes
yaradıcılığına xas, birbaşa üslubda olan
cavabdı, amma bu cavab çıxışımın sonunda gəldiyim
iki əqli nəticə ilə üst-üstə düşürdü.
Birincisi, Markesin prozası həqiqi ədəbi zəlzələ
idi. İkincisi isə, hər bir təbii hadisə ilk əvvəl
onun nə vaxtsa başqa bir yerdə baş verə biləcəyini
xatırladırdı. Sadəcə, ədəbiyyatda bu,
arzuolunan istəkdi. Markes də Azərbaycan ədəbiyyatına
məhz bu sayaq təsir göstərmişdi: azərbaycanlı
yazıçılar öz milli kodları üstündə
yaranan ədəbiyyatın uğur qazanmasına bir daha
şahidlik etmişdilər.
Ədəbiyyatçılar
arasında təsir məsələsi haqqında
danışmaq pis bir əlamət sayılır. Bunu ürəklə
yalnız iki qisim yazıçılar edir: Markes kimi beynəlxalq
miqyasda təsdiq tapmışlar, bir də təsdiq tapmayan və
ümumiyyətlə bu haqda düşünməyən
azsaylı böyük istedadlar - o kəslər ki, hardan gəldiklərini,
hara getdiklərini anlayırlar, əlbəttə, tənqidçilər
hesaba alınmır. Ona görə də sual verdiyim həmkarlarımın
əksəriyyəti bəzən ad çəkmək istəmədilər,
bəzən ad çəkəcəkləri təqdirdə təhlilə
vara bilməyəcəkləri üzündən bu sualdan
yayındılar. Ola bilsin, həmkarlarının xətrinə
dəymək istəməyənlər də vardı.
Sual verdiyim ikinci adam çağdaş Azərbaycan
nəsrinin parlamaqda olan yeni ulduzu, "Ulduz"
jurnalının baş redaktoru Elçin Hüseynbəyli idi:
"Mən özümə cavabdehəm. Ona görə də
deyə bilərəm ki, daha çox Bekketdən, Kortasardan
öyrənmişəm. Düzdü, hamıdan öyrənmişəm,
amma bu artıq başqa məsələdi..." Həmin vaxt
Elçinin yanında olan tənqidçi Rüstəm Kamal (tənqid
həmişə ədəbiyyatın yanında
olmalıdı) ümumiyyətlə Markes təsirinin bizim ədəbiyyatda
olmadığını söylədi...
Markesin Azərbaycan
ədəbiyyatına təsiri mövzusunun tarixi (bir qədər
də magik realizmin (magical realism) tarixi) və onun əsərlərinin
Azərbaycan dilinə tərcüməsi. Yəni nəzəri
formada mövzu belə olmalıdır. Bu halda isə bir qeyddən
başlayım: Qabriel Qarsia Markes Azərbaycan dilinə rus
dilindən çevrilib, bu təəssüf doğursa da, indiki
halda tərcüməçilərə böyük sağ ol
düşür. Ona görə ki, rus tərcümələri
ilə Azərbaycan tərcümələri arasında 7-8 səkkiz
illik zaman məsafəsi var. Düz 30 il əvvəl mərhum
mütərcimimiz İshaq İbrahimov Azərbaycan
Yazıçılar Birliyinin orqanı olan "Ulduz"
jurnalında Markesin "Polkovnikə heç kim yazmır"
(El colonel no tiene quien le escriba)? povestini nəşr etdirdi. Bir
il sonra digər bir unudulmaz tərcüməçimiz Natiq Səfərli
onun bir neçə hekayəsini çevirib nəşr elətdirdi.
Daha sonra, 1982-ci ildə 60-cı illər Azərbaycan nəsrinin
görkəmli nümayəndəsi Əkrəm Əylisli
"Gözlənilən bir qətlin tarixçəsi"
(Cronica de una muerte anunciada) romanını çevirdi və
çap elətdirdi. Yeri gəlmişkən, mövcud tərcümələr
arasında ən uğurlusu da məhz budur. Sonra istedadlı tərcüməçi
Mahir Qarayev yazıçının bir neçə hekayəsi
və "Bizlərdə oğru yoxdur" povestini tərcümə
edib ayrıca kitab halında nəşr elətdirdi. 1995-ci ildə
80-90-cı illər Azərbaycan nəsrinin liderlərindən
olan Afaq Məsud "Patriarxın payızı" (El otono del
patriarca?) əsərini azərbaycanlı oxucuların
ixtiyarına verdi. Yeri gəlmişkən, sonuncu xanım
yazarımız son illər ərzində dünya ədəbiyyatının
tərcüməsi işində təkcə peşəkar tərcüməçi
və yazıçı kimi deyil, həm də bu işdə
böyük xidmətləri olan Azərbaycan Tərcümə
Mərkəzinin rəhbəri kimi iştirak edir və bu mərkəz
Markesin populyarlaşması işində əvəzolunmaz səy
göstərib, onun əksər tərcümələrinin
toplandığı 700 səhifəlik kitabı da məhz həmin
Mərkəz nəşr edib. Bu illər ərzində Azərbaycanda
elə bir ədəbi dərgi və jurnal olmadı ki, Markes həqiqi
klassik kimi onun səhifələrində yer almasın. Bu illər
ərzində onun çoxsaylı müsahibələri və
məqalələri, haqqında olan rəylər də nəzərə
alınarsa, Markes ən çox çap olunan "Azərbaycan
müəllifi" oldu. Bu istiqamətdə başqa azərbaycanlı
tərcüməçilər də - Arif Əmrahoğlu,
Kamil Vəli Nərimanoğlu, Tahir Kazımlı, Azad Yaşar
və başqaları xeyli işlər gördülər.
Diqqət
yetirin, Markesin ilk əsəri Azərbaycan dilində 1978-ci ildə
çap olunub. Özü də "Polkovnikə heç kim
yazmır" (bu əsər azərbaycanca "Polkovnikə məktub
yoxdur" adıyla) çap edilib. Povest müəllifinin
etiraf etdiyi ən ciddi əsəridir, özü də magik
realizmlə heç bir əlaqəsi yoxdur. Və bu tarix də
həmin vaxtdır ki, Azərbaycan ədəbiyyatı öz
magik realizmi ilə həm Anarın, həm Elçinin, az əvvəl
adını çəkdiyim Əkrəm Əylislinin, daha əvvəl
isə bəzi çalarlarıyla Azərbaycan nəsrinin
korifeylərindən olan İsa Hüseynovun əsərlərində
vardı. Özü də bu yazıçıların əsərindəki
magizmin kökləri də fərqli idi. Misal
üçün, fikrimcə, Elçinin əsərlərindəki
metafiziklik əsla Markesdəki kimi nağıllardan və
folklordan deyil, deyək ki, Markesin özünün də
öyrəndiyi Kafkadan və ya Kortasardan, yaxud deyək ki,
Orxesdən, Dino Butsattidən gələ bilərdi.
Çünki məhz bu yazıçıların metafizik
qatında urbanizasiya çaları, intellektualizm vardı. Markesin
magik realizmi isə çox kəsə idi, nağıl diliyləydi,
folklordan qidalanırdı. Misal üçün, belə:
"Onun on yeddi müxtəlif qadından on yeddi kişi cinsindən
olan uşağı vardı və onun oğlanları bir gecənin
içindəcə dalbadal öldürüldü,
böyüyünün heç otuz beş yaşı tamam
olmamışdı. O özü isə on dörd sui-qəsddən,
yetmiş üç edam və tələdən
qurtulmuşdu". İsa Hüseynov isə Markesin
yaşıdı (o da bu yaxınlarda səksən illiyini qeyd
etdi) kimi öz əsərlərinə bəlkə də
Markesdən əvvəl yazmışdı, üstəgəl,
o öz əsərlərinin metafizik qatını məhz
reallığın hamıya görünməyən
üzü (qətiyyən təxəyyül ürünü
deyil) kimi qəbul edir deyə, bəlkə də onun əsərlərini
magik realizmə aid etmək doğru olmazdı.
Markesdən təsirlənmişlər
kimi Azərbaycan ədəbiyyatında üç
yazıçının - biri az əvvəl adını
çəkdiyim Əkrəm Əylisli, Afaq Məsud, bir də
70-ci illər Azərbaycan nəsrinin çox istedadlı
nümayəndəsi Mövlud Süleymanlının
adını çəkirlər. Kimini öz Makondasını
uydurmağıyla, əsərlərindən birinin küləyin
əsməsi ilə bitdiyinə və ya davamlı
yağış yağdığına görə, yaxud bir
başqasını bir neçə nəslin tarixçəsini
yazmağıyla, kimini siyasi əsərinin motivasiyası ilə
Markesdən təsirləndiyini deyirlər. Bütün bunlar əlbəttə
ki, ciddi əsaslardan məhrum şeylərdi deyə, mən
konkretliyə varmadım. Yəni, bir otaqda kiminləsə
birlikdə olub, onu görməkdə suçlamaq qədər
əsassızdı bunlar. Eyni metodla Markesi Folknerin Yoknapatofuna və
Rablenin, Servantesin kəsəliyi və qroteskindən
yararlanıb deyə, Orxan Pamuku Markesin yağışı
kimi aramsız yağan qarına və ya bir ailənin tarixini
bir neçə nəslin başına gələnləri
danışmaqla göstərdiyinə, elə bu halətlə
də hamını, bir dəfə söylədiyim kimi, əlifba
kitabından plagiata və təsirə görə ittiham etmək
olar. Özü də postmodern kanonlarının at
oynatdığı bir çağda bu nə qədər ciddi
qəbul oluna bilər? Düzdü, Markesin əsərlərini
təhkiyə texnikası və metafizik realizm ünsürləri
baxımından, dini-mifoloji qatda, siyasi proseslər, təbiət
hadisələri çərçivəsində,
utopiya-antiutopiya sistemində təhlil edib Azərbaycan ədəbiyyatında
həm adıçəkilən yazarlara, həm də
adını bilmədiyim yazıçıların əsərləri
ilə paralellər aparıb nələrisə demək olar,
üzə çıxan şeylərə təsir adı da
vermək də olar, verməmək də... Amma təsəvvür
edin, Markesə deyirlər ki, sizin əsərləriniz Azərbaycan
ədəbiyyatına təsir etməyib, o bundan inciyərmi? Məncə,
inciməz. Bu yerdə Markesin əsərlərinin Azərbaycan
dilinə ən uğurlu tərcüməsinin müəllifi Əkrəm
Əylislinin telefonla mənə dediklərini diqqətinizə
çatdırım: "Mən Markesi oxuyanda elə bilirəm
ki, o nə Arakatakadan, nə də Makondadandır, elə bizim
kənddəndir, Əylisdən... Markeslə bizim aramızda
temperament yaxınlığı var... Mən "Gözlənilən
bir qətlin tarixçəsi"ni ona görə
çevirdim ki, Azərbaycan yazıçıları mahir bir
təhkiyə, yazıçı texnikası ilə
tanış olsunlar. Ədəbi təsir mürəkkəb məsələdir,
ciddi ədəbi təsir heç vaxt birbaşa baş
vermir..."
Yaxşı,
bəs onda Markes Azərbaycan ədəbiyyatına,
teatrına, təsviri sənətinə necə təsir edib?
Çağdaş
nəsrimizin yeni nəsil jurnalistikasının yetirmələrindən
olan Seymur Baycanın mənim "Markes Azərbaycan ədəbiyyatına
təsir edibmi?" sualıma yazılı cavabından bir hissəni
diqqətinizə çatdırıram: "Birmənalı
olaraq, Markes bizim ədəbi kuluarlarda haqqında ən
çox danışılan yazıçıdır.
Jurnalistikadan ədəbiyyata gələn və bəlkə də
buna görə də maraqlı, diqqətçəkən
müsahibələr verməyin ustası olan Markesin əsərlərindən
əvvəl müsahibələri Azərbaycana gəlmişdi.
Markes bizim jurnalistlərin ən çox sitat gətirdiyi
yazıçıdır, onun hekayələrinin adı sonradan
dəfələrlə interpretasiya edilərək, dönə-dönə
jurnalist yazılarının başlığına
çevriləcəkdi. Markes 80-ci illər ədəbi nəslinə
ciddi təsir etdi. Hətta onların biri müsahibə verərkən
"Siz Markesi oxumusuzmu?" sualına cavab verərkən,
çoxmənalı tərzdə "Ah, Markes, Markes..."
demişdi. Yapon haykularına bənzər bu qısa cavab
çox şeyi deyir. Amma məsələ budu ki, 80-ci illər
nəsli özü funksional olmadı, daha çox yazmayan,
azyazan nəsil kimi yadda qaldı..."
Azərbaycan
teatrına da Markesin birbaşa təsirindən danışmaq
olmaz. Yalnız son iyirmi ildə Azərbaycan teatrının
yeni yol açmış "YUĞ" teatrı metafzik qatda
çalışmış, metafizikaya, yuxuya sirayət etməyə
çalışmış, təbii ki, bütün
bunların teatral-dramaturji müstəvidə estetik-üslubi həllini
tapmağa çalışmış və buna müvəffəq
olmuşdur. Hərçənd bu teatrın - hətta
çoxlarının haqlı olaraq artıq məktəb
saydığı "YUĞ" estetik siması kök
etibarilə Markesə deyil, Azərbaycan miflərinə, sufizmə,
dərvişliyə, islama, folklora, muğam musiqisinə,
"Dədə Qorqud" eposuna söykənir. Əlbəttə,
bu teatrın banisi, çağdaş Azərbaycan sənətinin
fenomenlərindən olan Vaqif İbrahimoğlunun təfəkkürünə
bütün digər mogikanlar kimi Markesin də ehtimal etdiyim təsirini
istisna etmək olmaz. Azərbaycan rəssamlığına isə
Markesin təsirindən danışmaq ümumiyyətlə
mümkün deyil. Çünki Azərbaycan rəssamlığı
bu mənada Markesin magik realizmindən daha yaşlı və
qocadırlar.
Rejissor
dostumun danışdığı bir hadisəni
xatırlayıram. O deyirdi ki, mərhum Çingiz Aytmatov dostu,
görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə ilə
Azərbaycan rəssamlığında magik realizmin korifeyi
sayılan Mircavadın əsərlərinə
baxırmışlar. Azərbaycan nağıllarının
motivləri əsasında çəkilən bir tablonun
önündə dayanan Çingiz Aytmatov öz dostundan əsər
haqqında, ordakı obrazlar haqqında bilgi aldıqdan sonra belə
qənaətə gəlir ki, "Bu, Markesin xoşuna gələrdi..."
Dostum deyirdi ki, Çingiz ağa o rəsm əsərini
alır. Markesə göndərir. Bunun belə
olub-olmadığını bilmirəm. Bəlkə bu
böyük yazıçı haqqında uydurulan yerli əfsanələrdən
biriydi. Digər tərəfdən böyük şairimiz Bəxtiyar
Vahabzadə xəstə olduğundan bunu dəqiqləşdirmək
də mümkün deyildi. Markes isə "Mənim
küskün gözəlçələrimi xatırlayarkən"
əsərində yazdığı kimi, yüzilliyin
ağırlığını daşımaqla məşğul
idi və uzaqdaydı.
10 il əvvəl
televiziya üçün bir sorğu keçirməliydim.
Sorğuda iştirak edən azərbaycanlı tələbələr
və Azərbaycanda təhsil alan türkiyəli tələbələr
öz ədəbiyyatlarından dalbadal 7 şairin adını
söyləməliydilər. Fikirləşmədən. Birnəfəsə.
Qəribədi, amma doğru yadımda qalıbsa, o vaxt hər
iki tərəfə dair 30 respondentin bəlkə bir-iki nəfəri
tələblərə uyğun cavab vermişdi. Və
adıçəkilən şairlərin böyük əksəriyyətinin
yaradıcılığı ya orta əsrlərə, ya da
20-ci əsrin birinci yarısına təsadüf edirdi. Özü
də məndə belə bir əminlik vardı ki, həmin
şairlərin bu adamlara yalnız adları, yaxud yaxşı
halda bir-iki məşhur misrası bəlli idi. Bu mövzu ətrafında,
əlbəttə, mübahisə açmaq olar. Amma o vaxt ilk
duyğum bu idi ki, "klassiklər oxunmaq üçün
deyil" fikri çox doğrudu. Deməyim budu ki, Markesin vəziyyəti
Azərbaycan prozasının klassiki statusuna yaxındı. Məsələn,
onun Nobel nitqini, əvvəlki hekayələrini və "Mənim
küskün gözəlçələrimi xatırlayarkən"
(Memoria de mis putas tristes) romanını son bir neçə ilin
içində səhv eləmirəmsə, Azərbaycan
Yazıçılar Birliyinin nəşrləri olan
"Ulduz" və "Xəzər" jurnalları
çap ediblər. Onu ədəbiyyatsevər oxucuların və
ədəbiyyatsevməz yazarların hamısı
tanıyır, qeyd-şərtsiz avtoritetdi, amma ona bütün
canlı və yerli klassiklər kimi daş atmaq da olar. Hətta
bu vacibdi. Misalçün, bizim ədəbi aləmdə birmənalı
qarşılanmayan "Alatoran" jurnalının yaradıcısı
Rasim Qaraca hesab edir ki, 70-ci illərin sonu, 80-ci illərin əvvələrində
Markesin Azərbaycan dilinə tərcüməsi və nəşri
çox əhəmiyyətli hadisə, ədəbi mühit
üçün əvəzolunmaz stimul idi, amma sonradan Markes
öz metafizikliyi, maqikliyi ilə bizim ədəbiyyata ciddi
ziyan vurdu, onu real zəmində inişaf eləməkdən
sapdırdı. Onun üslubu 80-ci
illərdə yazmağa başlayan çoxlu yazarı
azdırdı. Bölüşmədiyim bu qənaət az əvvəl
dediyim kimi Markes ilə hər bir Azərbaycan klassiki
arasında bir bərabərlik işarəsi qoyur. Amma digər
tərəfdən o yenə tərcümə olunur (= çap
olunur), yenə mübahisə doğurur, yenə də bizim
klassiklər kimi, dırnaq içində də olsa, bəzən
Rasim Qaracanın söylədiyi kimi "nifrətəlayiq"
elan olunur. Necə ki, avqust ayı ərzində populyar ədəbi
saytlar, qəzetlər və jurnallar, bir daha təkrar edirəm,
Markesin bir neçə hekayəsini, müsahibəsini
çap elədilər. Hətta bir hekayəsi istedadlı bir
tərcüməçinin işi kimi haqlı-haqsız tənqidlərə
məruz qaldı, tərcüməçilər və tənqidçilərin
polemikasına səbəb oldu. Bütün bunları söyləməyim
bir məqsəd güdür: Markes bu gün, az qala təqribi
adaşı olan Marks qədər populyardır və Azərbaycan
ədəbiyatında 30 ildir ki, belə desək, "gündəm"dədir.
Ona görə "Markes Azərbaycan ədəbiyyatına təsir
edibmi?" sualı bütün bu tip suallar kimi
açıqdır: bayaq dedim axı, Markes bizim klassikdir.
Klassiklər isə bir tərəfdən təsir etmir, yəni
onların təsiri altında olan ədəbiyyat ikincidərəcəli
olduğundan müzakirə predmeti belə olmur, ya da onlar
bütün dövrlərdə öz böyük və həqiqi
təsir imkanlarını (bu isə elə ədəbiyyatın
missiyası deməkdi) həmişə saxlamaqla, dediyim kimi, bu
sualı açıq saxlayırlar.
Yaxşı,
bəs Markes Azərbaycan ədəbiyyatına təsir edibmi? Əlbəttə.
Heç şübhəsiz. Çağdaş Azərbaycan tənqidi
fikrinin əhəmiyyətli nümayəndələrindən
olan Tehran Əlişanoğlunun söylədiyi kimi Markes ona qədər
Azərbaycan nəsrində mövcud olan metafizik realizmi aktivləşdirdi,
janrı aktuallaşdırdı, o vaxta qədər bizim ədəbiyyatda
səssiz uyuyan magik realizmi diksindirdi. Həqiqi
zəlzələ kimi...
525-ci-qəzet.- 2009.- 14 fevral.- S.14.