Qrafoman

 

Bayaqdan qələmi əlimdə oynatsam da, yazıya girişə bilmirəm. Canımda hey yoxdur, ərincək olmuşam. Dünən də çox vurnuxdum, ortaya bir şey çıxmadı. Özümü yumşaldıb yola gətirməkdən ötrü dodaqaltı mızıldana-mızıldana vərəqin qırağında yazdığım ilan-qurbağa cızmaqaranı höccələyirəm: "Dadaş, belə olmaz axı, yanın yerdə tikiş tutmur. Dörd həftədir, bir yazının başlığını qoyub dümələnirsən. Yaxşı, getdin Romanı da, Vatikanı da gəzib-dolanıb gəldin. Gördün də, sezarların sağlığında qan-tərlə yonulmuş, təmtəraqlı açılış bayramları olmuş qədim Romanın möhtəşəm köhnə binaları necə uçub tökülüb? Ələ gələn yazılı daşları, heykəlləri, büstləri yığıb doldurublar Vatikan muzeyinə. Tikilməsini boyunlarına götürdükləri üçün fasadına on üç ölkə padşahı ilə bərabər Osmanlı sultanı Əbdülhəmidin də adı yazılmış Vatikan kilsəsinə girəndə az qala bağrın yarılmışdı. Neçə yüz illər dünyanın fikir, ideya mərkəzi olmuş Vatikanın azman divarlarının sirli görkəmi, qorxuncluğu səni əzmişdi və sübut eləməyə çalışmışdı ki, hələ də onun pəncəsi altındasan. Yaxşı ki, sağ-salamat vətənə qayıtdın, başın ayazıdı, özünə gəldin. Hətta, təzədən vurub getdin Qəbələyə, təmiz hava uddun, yedin, içdin, yatdın, dincəldin, halal xoşun olsun! Bəsdi də. Getdikcə cızığından çıxırsan. Əlin qələmdən soyuyub. Yazı masası arxasında oturmusan, ancaq dağınıq fikrini cəmləyə bilmirsən. Gözləyirsən zəng gəlsin, qələmi atıb cumasan telefona və özünü inandırasan ki, məşğulsan. Amma gözünə döndüyüm telefon susur. Dinşəyirsən birdən arvad-uşaq sənin adını çəkər. Xasiyyətinə bələdəm, adını birinin dilindən eşidən kimi kəsdirəcəksən onun çənəsinin altını. Hə, nə var, nə olub? Tərslikdən adını tutan yoxdur. Hesab elə ki, unudulmusan, lap belə sən heç kəsə lazım deyilsən. Sonra? Hə, çay dalınca da gedə bilməzsən, qənşərindəki dolu armudu stəkan səni marıtdayır. Heç dara-bara eləmə, az qurcux, stulun boşalmış ayağını yumruqla yerinə bərkitmək vaxtaparan iş deyil. Zəhmət çək, yerini rahatla, qaxıl otur cırıldayan stulunda. Yazının adını "Qrafoman" qoymuşam, elə bilirsən əldə qələm tutmaq asandır? Havayı yazı yazılır? Gərək can qoyasan, kürəyinin arasından tər getsin!

Haqqında yazacağın qrafoman deyir ki, onun yazı masası arxasında bir oturumu üç-dörd saatdır. Ancaq sən?!.."

Nə isə...

Qeydlərdən gözümü çəkib qələmi barmaqlarımın arasında bərk-bərk sıxıram, aha, deyəsən canıma istilik gəlir...

Hə də, "Qrafoman" - yazı-pozu düşkünü deməkdir, bunu hamınız bilirsiniz. Özünüzə götürməyin, haşa sizdən, əskiklik gətirən sözdür, mayasında horralıq, cövhərində qaxınc, sərki qatışığı var. Ancaq mən bu sözü necə lazımdırsa elə, sevə-sevə, tumarlaya-tumarlaya işlədəcəyəm, yandı-qındı verməkdə canı-başı özü ilə olmayan əbləhlər kimi qımışa-qımışa deyil, yumşaq səslə, gülümsəyə-gülümsəyə deyəcəyəm. Bəri başdan söz verirəm ki, mətndə mən tərəfdən özünü dartmaq və yekəxanalıq söhbəti olmayacaq. Çünki haqqında yazacağım qrafoman, həqiqətən tikansız, yapışıqlı, canlara dəyən kişidir. Özü də yaşa dolduqca şirinləşir. Üzü elə bilirsən, projektordur. Lazım oldu olmadı yanır, işıq saçır.

Qrafomanın bir ucdan yazıb sapa düzdüyü bivec, sarsaq şeirlər heç kəsin, xüsusilə qələm yoldaşlarının zərrəcə xətrinə dəymir, əksinə, şair tay-tuşları, ədəbi mühitin istedad dərəcəsindən, kateqoriyasından və yaşından asılı olmayaraq bütün üzvləri onu tədbirlərdə, görüşlərdə, xeyirdə-şərdə qabağa verirlər.

Sanki başqa cür ola bilməz; o, yığıncaqlarda mütləq çıxış etməlidir və sözünü şeirlə bitirməlidir. Amma, öyütikilmişin oğlunda bir boş xasiyyət var ki, kəsədən gedə bilmir, yazdıqlarının ucdantutma hamısı uzundərədir. Hələ bu cəhənnəmə, birtəhər ötüşdürmək olar. Dözülməzi odur ki, həmkarım kürsüyə, mikrofona yerikləyir, telekamera görəndə hövllənir, qanı coşur. Bəzi məşhurlaşmış zirək ziyalılarımız kimi baxmaz mikrofonu kim qoydurub, yığıncağının məqsədi nədir, fürsət tapıb kürsüyə pərçimlənəcək. Mən onun bu sərək hərəkətini dəfələrlə görmüşəm. Çəkindirmək istəsəm də, xeyri olmayıb. Sonuncu dəfə Şamaxıda Sabir poeziya günləri keçiriləndə o, ara vermədən üç şeiri bir-birinə calayıb oxudu. Özünü elə apardı ki, guya havaya üfürdüyü bir şeirdir. Nə var-nə var, AzTV-nin bu tədbirə həsr etdiyi verilişdə efiri çox tutsun. Daha bilmir ki, belə maymaqlıqla AzTV-də ədəbiyyat məsələlərinə baxan Sadıq müəllimə kəf gələ bilməz. Buna deyən gərəkdir ki, lap mən ölüm, kamera qabağında yarım saat xoruzlandın, bəs lentə alınan materialın montajı? Bəs qayçılama? Alkoqolik içkidən, narkoman iynədən doyub-dolanmadığı kimi bu da şeir yazmaqdan və tədbirlərdə sinəsini qabardıb ağzından od püskürtməkdən usanmır. Şeir oxuyanda ona qulaq asdılar-asmadılar, bəxtəvər oğlunun vecinə deyil, yazdığını axıra qədər guruldatmalıdır. Özü də qiraət vaxtı sanki azan verir, qəti tempdən düşmür, necə başlayıbsa, elə də nöqtəni qoyur. Allahtərəfi, demək lazımdır ki, onun elədiyini də hər yetən bacarmaz. Məsələn, Azərbaycanda əl-əl gəzsən, ona bənzər handa bir şair tapmaq olar ki, oxuduğu şeir məclisin boyuna biçilmiş olsun. Əruzda yaza bilmədiyinə görə onu meyxanaçılarla müqayisə eləmirəm, həm də meyxana deyənlər çox şitini-şorunu çıxardırlar. O nə sözdür, "Oho-oho, necədür sənünçün?" Bu kişidə bəy vasvasılığı var, hər sözü yağlayıb yun parça ilə par-par parıldadandan sonra misraya oturdur. Yazı-pozusunda nöqtə, vergül, qafiyə-zad yerli-yerində olur. Şeirlərində nöqtə-vergül işlətməyənlər barədə deyir ki, onlar nöqtə-vergülü mətndə haralara qoymağı bilmədiklərinə görə durğu işarələrindən imtina edirlər. Şeirləri kimi onun geyim-kecimi də səliqəlidir. Əynindəkilər ucuz, nimdaş olsa da, zalım oğlu, ütülü-mütülü, daram gəzəndir, hətta bəzən hündür boyunu elə şax saxlayır, elə bilirsən, cavanlığında Türkiyə ordusunda üç il təpik döyüb.

Hər bir yığıncağa getməyə vaxt tapır, hamının işinə yaramağa çalışır. Məsələn, kimdir canına cəfa basıb qələm dostunun oğlunun toyuna "Ey qələm dostumun oğlu Vilayət!" rədifli on dörd-on beş bəndlik şeir həsr edən? Lap bu şeir kəllə suyu olsa da.... Toy hər şair üçün poeziya axşamı ola bilməz. Kimsə deyə bilər ki, bunun nəyi pisdir? Guya toyda sağlıq deyənlər gül vurur? Heç olmasa bunun dediyi qafiyəli, ritmli sağlıqdır. Həm də adamın beynini deşən gur musiqidən min dəfə yaxşıdır.

Hər gördüyünə kitabını versə də, mən yüz faiz bilirəm ki, onun şeirlərini heç bir kopoyoğlu, köpəkqızı oxumur. Kimisə qınamıram, onda oxunulası bir şey də yoxdur. Amma şeiri pis demir. Özü isə, bayaq dediyim kimi, keçiləsi adam deyil.

Rəhmətlik baməzə şair Rəfiq Zəka Xəndan danışırdı ki, Özbəkistanda yaşayan bir soydaşımız Bakıya qonaq gəlmişdi. Qonağımın şairlik damarı da vardı. İş elə düşdü ki, onunla üçü verilən bir alimin hüzürünə (Yaxşı, siz deyən olsun "Hüzn" yerinə) gedəsi olduq. Məclisin gur yerində qonağım qulağıma pıçıldayıb mərhum haqqında şeir oxumaq istədiyini bildirdi. Çaş-baş qaldım, bu nə deyir ə?! Bizim yas yerlərimizdə məclis təkcə mollanındır. Bəlkə Özbəkistanda hüzürdə şeir oxumaq dəbdədir?

Qonağımı fikrindən daşındırmaq üçün yavaşca ondan soruşdum:

- Sən ki, rəhmətliyi tanımırdın, heç adını da bilmirsən, haçan ona şeir qoşdun?

- Mən onun haqqında tipovoy (birtipli - red.) şeir oxuyacağam.

- O necə olur?

- Bir layihə ilə yüzlərlə eyni cür ev, məktəb, xəstəxana, kitabxana tikmirlər?

- Noolsun?

- Necə noolsun? Ölü ölüdür də. Mən ölüm haqqında da, ad günü haqqında da, yubiley haqqında da, toy haqqında da... tipovoy şeirlər yazmışam. Hər tipovoy şeirimin birinci misrasında altı hecalıq boş yerim var, səbəbkarın adı üçündür. Adı həmən yerə dürtüşdürüb, barıtı alışdırıram.

- Birdən tutaq ki, mərhumun adı altı hecalı olmadı, məsələn üç, dörd, yaxud beş hecalı oldu, bəs onda?

- Əvvəla, kimdir yas yerində heca hərriyən? İkincisi də, nə var şeirə su qatmağa? "Əli"nin dalını-qabağını sözlə doldurmaq çətin işdirmi? Məsələn: "Əziz dostum Əli!" əgər müəllimdirsə, "Ey Əli müəllim!", həkimdirsə, "Bizim Əli həkim!", qohumdursa, "Canım-gözüm Əli!" və sair.

Gördüm biabır olacağam, qonağımın gözünü oğurlayıb arada gəzən cavan xidmətçiyə pıçıldadım ki, mollaya de, fatihə versin. Fikrim qonağı məclisdən aralamaq idi. Demə, cavan xidmətçi xam imiş. Sağ əlinin iki barmağını qoşalayıb yanımızdan mollaya uca səslə işarə verdi:

- Molla əmi, iki nəfərlik fatihə ver, getmək istəyən var!

Bu xidmətçiyə deyən gərəkdir ki, ay uzunqulaq, "iki nəfərlik fatihə" nə olan şeydir? Niyə məni qonağın yanında başıaşağı eləyirsən?

Yaxşı ki, molla tez qanımın arasına girdi. O, fatihə verən kimi qonağımın qolundan tutub yas yerindən çıxartdım. Məclisdən çıxanda göz qoyub gördüm ki, içəridəkilər xısın-xısın bizə gülür. Pərt oldum. Özbəkistanlı qonağım mərhum haqqında tipovoy şeirini oxusaydı, bundan da betər olacaqdı.

. . . . . . . . (hər nöqtə bir hərfdir) Rəfiq Zəka Xəndanın Özbəkistandan gələn hüştürüm qonağı kimi buralara nabələd adam deyil. O, Azərbaycanın üzdə, hətta küncdə-bucaqda olan adamlarının hamısını gendən, yaxud şəxsən tanıyır. "525-ci qəzet"də mərhumun qohumlarına havayı başsağlığı versə də, ürəyi soyumayan, (yeri gəlmişkən, cibinin pulu ilə rəsmi qəzetlərdə irili-xırdalı vəzifə adamlarına yaxın-uzaq qohumlarının ölümü münasibətilə başsağlığı verən Bakı camaatının həmən mənsəb sahiblərinin yas məclisində sallanıb oturması həmişə məni təəccübləndirib. Yasa gələcəkdinsə, qəzetdə başsağlığı nəyə lazımdı, yox, qəzetə çıxmışdınsa, hüzürə niyə gəlirdin? Nə deyim?! Quruyub qalmışam.) yol maşını ilə Bakıdan vurub Bərdədən, Qubadan, Qaxdan, Yardımlıdan çıxan, kiminsə səksən-doxsan yaşlı anasının, atasının yasında əziz adamını itirmiş kimi boynunu burub oturan şəxs məməyeyəndən-pəpəyeyənə qədər hər kəsi tanımalıdır də...

"Tədbir" onun ən çox sevdiyi sözdür. Ağzımdan çıxsa ki, bu vaxta qədər o, bəlkə də on min tədbirdə iştirak edib, inanın. Hər gün onun bir-iki, bəzən üç-dörd tədbiri olur. Bircə tədbirdən də qalmaz və bütün yığıncaqlarda yerini rahatlayıb oturmağı var. "Tədbir" deyəndə o, təkcə iclası, toyu, yası, ad gününü, kitab təqdimatını, banketi nəzərdə tutmur. Bir-iki nəfərlə kafedə, çayxanada oturmaq da onun üçün tədbirdir. Tutaq ki, dostumuz yarım saatdan sonra Filarmoniya bağının çayxanasında vədləşdiyi adamla görüşəcək. Bu görüş də heç xüsusi əhəmiyyət daşımır. Elə-belə... Çay içib, mırt vuracaqlar. . . . . . . . . həmən görüşdən qabaq küçədə qarşına çıxıb səni özünə məhrəm saydığı üçün deyir: - Mirzə, tədbirimiz var, bəlkə bizə qoşulasan?

Birdən, deyək ki, sən onun quş dilinə bələd olmadığın üçün fikrində hansısa yığıncağı nəzərdə tutub soruşursan: - Nə tədbir?

Elə ki, o, səni məsələdən agah edir, ürəyində donquldanırsan: - "Nə yüngül adamdır ə, bu". Amma . . . . . . . . "yox" cavabını alıb gülərüzlə səndən aralanandan sonra fikrindən dönürsən və "xoşbəxt adamdır, dünya-aləm vecinə deyil, həyatdan zövq almağı bacarır" deməyə məcbur olursan.

. . . . . . . . nin "xoşbəxt"liyindən bir qatar da söz deyim. Qabaqlar öyrəşməmişdim, o, krem çəkilmiş ayaqqabımın parıltısını, şalvarımın ütüsünü, saçımın-saqqalımın qırxılmasını təbrik edəndə mənə çöçün gəlirdi. İndi isə hansısa yığıncaqda iştirak etdiyim üçün qəzet xəbərində quru adımın çəkilməsini onun təbrik səviyyəsinə qaldırması mənə xoş gəlir. Görün Allahın hər verən günü bu humanist insanın mənim kimi neçələrinin könlünü oxşaması nə qədər savab işdir... Gəlin boynumuza alaq, hansı birimiz hər gün Günəşin çıxmasına, küçə zibilinin daşınmasına, mağazaya təzə çörək gətirilməsinə, qəzetdə tanış-bilişlərdən birinin yazısının çıxmasına uşaq qədər sevinir? Hansı birimiz hər gün işə gedəndə vitrindəki manekenlərlə, qazonun ortasındakı qəşəng güllərlə, polislərlə, süpürgəçilərlə, dilənçilərlə salamlaşır? Heç birimiz. Amma o, belə şeyləri man bilmir.

Bir dəfə onunla yoldan qarşı səkiyə keçirdik. Eləmə tənbəllik, bu, ələngə "Jiquli"də yavaş-yavaş yoldan ötən qoca, uzunburun sürücüyə əlini yelləməklə yağlı bir salam verdi. Sürücü döyükmüş halda ona göz fırlatdı. . . . . . . . . dən soruşdum:

- Deyəsən o, səni tanımadı.

Dostum güldü:

- Heç mən də onu tanımıram!

- Ona salam verdin, axı?

- Salamın nə ziyanı? Qoy sürücü görsün ona da bir adam salam verir. Sayılmaq yaxşı şeydir.

Kişi düz deyir də...

AzTV-də "Gülüstan"ı apardığım vaxtlar idi. Növbəti verilişlərdən birinə ustad xalçaçı rəssam Kamil Əliyevi çəkməliydik. Uzun müddət idi ki, o, İçərişəhərdə yaşadığı binanın geniş salonunda fərdi sərgisinin açılışına hazırlaşırdı. Kamil müəllimlə dostluğumuz tuturdu, evinə və sərgi salonuna get-gəlim vardı. Mən də onu sərgisinin açılışına tələsdirirdim. Kamil müəllim çox həssas adamdı və hər fikrə, münasibətə diqqətlə yanaşırdı. Yaşının çoxluğundan və kövrək sağlamlığından yaman ürkürdü.

Çəkiliş günündə onun sərgi salonuna daxil olarkən özü qabağımıza çıxdı, bizə "xoşgəldin" elədi. Verilişin redaktoru olan xanım və operator sərgiyə münasibət bildirmədən tələsik içəri keçib, çəkiliş hazırlığına başladılar. Bir gözüm Kamil müəllimdə idi. Gördüm ki, o yaman tutuldu və məni bir tərəfə çəkib dedi:

- Gəlsənə, bu verilişi çəkməyək?

- Niyə, Kamil müəllim? - nigaran-nigaran soruşdum.

- Xalça - müqəddəsdir. Biz xalça üstə doğuluruq, xalça üstə böyüyürük, öləndə xalçaya bükülürük. Hər ağızda bir dua var. Onlar (redaktorla operator) mənim xalçalarıma "Nübarək" (mübarək) demədilər. Bu, yaxşı əlamət deyil.

Mən vəziyyəti yumşaltmaq üçün yekə danışmağa məcbur oldum:

- Kamil müəllim, onlar kimdir? Verilişin yiyəsi mənəm! Mən bu sərginizə dönə-dönə "mübarək" demişəm.

Deyəsən, kişinin damağı islanmadı, ağır-ağır gedib antikvar divanda oturdu. Qərəz, verilişi çəkməyinə çəkdik, göstərdik, ancaq Kamil müəllim öləndən sonra hələ də mənim ürəyimdə qalıb ki, əgər onda həmkarlarım onun xeyir işinə "mübarək" desəydilər, məşhur sənətkar illərlə gözlədiyi sərgisinin açılışına qədər yaşayardı.

Bax, dua və alqışlarına görə az qalıram . . . . . . . . nin qrafomanlığını ona tamam bağışlayam.

Keçən vaxtların söhbətidir, altmış yaşının tamamına az qalmış doğulduğu rayonun icra hakimiyyətinin başçısına bir neçə dəfə eşitdirdikdən sonra . . . . . . . . doğma bölgəsində yubileyinin keçirilməsinə "dabro" alır. Qrafoman adlı-sanlı qələm dostlarının (Rayon camaatı məşhur adamları xoşlayır. Elə yerdə mənimkimisinin, səninkimisinin nə iti azıb?) kiçik siyahısını tutur və bir-bir onlara zəng açır ki, görsün kimi özünə qoşa bilir. Elə bilin yanındasınız, görün nə baş verir. Tədbir sentyabrın ortalarında keçiriləcək. Hesabla hamının şəhərdə olan vaxtıdır. Üç-dörd adıbəlli Koroğlu şairə üz vursa da, onlar dəvəti kola-kosa sarıyıb mədəni şəkildə "yox" deyirlər. Fikrət Qocaya qıymır, Musa Yaqub Buynuzdadır, Çingiz Əlioğlu tədbir keçiriləsi vaxt Finlandiyada olacaq, Ramiz Rövşən elə yerlərə getmədiyini bildirir, Tofiq Abdin əzvay-əzvay mızıldanıb başını bulayır, Vaqif Bəhmənli deyir ki, mən hökumət adamıyam, işdən icazəsiz çıxa bilmərəm, Yazıçılar Birliyindən heç olmasa Rəşad Məcidi götürmək istəsə də, eşidir ki, o, Yessentukidən qayıtmayıb, orda özünə maya qoyur... Rüstəm Behrudinin cib telefonundan səs gəlir ki, zəng etdiyiniz nömrə mövcud deyil. Aydındır, yəqin şair yenə nömrəsini dəyişib. Əşşi, qardaşımız lap tozanaq qaldırır ey, yekə vəzifələr bunun yanında yalan olub, nə qədər telefon nömrəsi dəyişmək olar? Amma bir tərəfdən də yaxşı oldu, Rüstəm getsə, heç kəsə aman verməyəcək, məclisdə özünü elə aparacaq ki, guya onun yubileyidir. Üç həftə qabaq Məmməd İsmayılı Bakıda görübmüş, onunla da telefon söhbətinin nəticəsi boşa çıxır. Demə, sabah sübhdən qərib şair öz Çanaqqalasına yola düşəcəkmiş. Axırda istəyir Oqtay Rzanı yanında götürsün, çünki, şairlərin ən yumşağı, ən üzüyolası odur. Ancaq bu fikrindən vaz keçir. Düşünür ki, niyə desinlər, bunun böyründə filankəs sayıb gəlib, filankəs gəlməyib. Amma tək getsə, deyəcəklər istəsəydi, başının dəstəsini yığıb gətirərdi. Onsuz da şair tayfası havayı yeyib-içməyə yer axtarır. Sağ olsun, qanan adamdır, öz yerlilərinə artıq əziyyət vermək istəməyib.

Bəli, vaxt yetişir, rayonda dör qurulur, dəstgah başlanır, qrafomanı da "bəh-bəh"nən keçirdib oturdurlar məclisin yuxarı başında. İcra hakimiyyətinin başçısı daha vacib iş dalınca getdiyindən tədbiri onun humanitar məsələlər üzrə müavini aparır. Eninə-uzununa o ki var təriflənəndən sonra söz səbəbkara verilir. . . . . . . . . məclisi təşkil etdiyinə görə icra hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirib, həmişəki vərdişinə uyğun olaraq sağa-sola əl-qol ata-ata şeirlərini oxumağa başlayır. Əlbəttə, icra hakimiyyətinin fotoqrafı çıqqaçıq şəkil çəkir, videokameranı işlədən oğlan obyekti gözdən qoymur. Azərbaycan, doğma rayonu, kəndi haqqında bir düzüm şeiri yığıncaq iştirakçılarının qabırğasına döşədikdən sonra dostumun beyninin qurdu tərpənir. Guya ictimai bəlalarımızdan birini şeir dililə, həm də özü demişkən, tünd boyalarla tənqid atəşinə tutur. Bəla da nə bəla? Qarabağ qaçqınları üçün xaricdən gələn humanitar yardımların bir hissəsinin bəzi rəhbər işçilər tərəfindən dağıdılıb mənimsənilməsi. Qrafoman elə ona görə qrafomandır ki, özünün-sözünün yerini bilmir. O qədər ağsaqqalların-qarasaqqalların, böyüyün-kiçiyin qabağında birdən qazı-qazı qayıdasan ki:

 

Soruşsanız kimdir o?

Deyəcəyəm budur o!

Humanitar yardımı  

torba-torba udur o.   

 

Salon qurcuxur, pıqqıldayır, axı, şairin bir əli havada oynayanda humanitar məsələlər üzrə müavinə sarı da uzanmışdı. Artıq şair yaddan çıxıb, hamının gözü humanitar məsələlər üzrə müavindədir. Axı, rayonda yerləşdirilmiş yüzdən artıq qaçqın ailəsinə humanitar yardımların bölüşdürülməsinə o baxır. Humanitar məsələlər üzrə müavin bişmiş adamdır, üzü üzlər görüb, çox belə ütülərdən çıxıb, . . . . . . . . kimi dingiş bir şair onu divara qısnaya bilməz. Odur ki, başını dik tutur, özünü o yerə qoymur, sözü özünə götürmür. Noolsun, hər dəfə qaçqınların payından qırtıb əlsiz-ayaqsıza, yetim-yesirə, ona-buna verib. Düşəndə lap əlaltdan satdırıb da. Bəyəm o pula nə eləyir?... Bu qədər gəlib-gedəni, qonaq-qarası var. Biri elə bu yelbeyin şair. Özbaşına deyil ki... Nə buyurublar, onu da eləyib. Camaata nə var? Şəbədə qoşmağa pərgardır. Əlibərk olursan, dalınca səni quru yuyub yaş asırlar, ölmüş dədəni-nənəni gorbagor eləyirlər, əliaçıqlığa keçirsən, şişirdib dastan düzəldirlər. Kimdir humanitar yardımdan ötrü uzanan əllərin, deyinən dillərin qabağında duruş gətirən? Nə qədər verirsən, deyirlər azdır, umu-küsüləri kəsilmir. Əşşi, cəhənnəmə danışsınlar, qara yola çərənləsinlər. İş görülən yerdə söz-söhbət də olacaq. Bu bambılı dəlinin yadına daş saldı. Eybi yoxdur, borc olsun!

Qrafoman salonda yaranan canlanmanı görüb coşur. Şeirinin dinləyicilərdə yaratdığı təsir bədbəxtə ciddi görünür. Day onun qabağını almaq olmaz. Gör, mövzunu necə düz seçib. Dövrün nəbzini tutmaq buna deyərlər. Əslində altı ay bundan qabaq qaçqınların çadır şəhərciyində olarkən eşitdiyi qeybətlər əsasında yazıb bu şeiri. Amma qaçqın düşərgəsi olmayan rayonda necə də yerinə düşür yazdığı. Onun ağlına gəlmir ki, sərhəddən uzaq olan bu rayonda da çoxlu qaçqın ailəsi yerləşdirilə bilər.

Şeir bitəndə ən bərk əl çalan humanitar məsələlər üzrə müavin olur. O, hətta çıxışına görə şairin əlini möhkəm sıxır. Tədbirdən sonra banket, sağlıqlar, hədiyyələr, konvertləşdirilmiş pul, şəkil albomu, üzü köçürülmüş videokasset (orijinal kasset rayonda qalır) və nəhayət, yubilyarı Bakıya yolasalma mərasimi...

Qrafomanın kefi yuxarıdır, uçmağa qanadı yoxdur. Bir tərəfdən içkinin havası, digər tərəfdən şöhrət məstliyi, qulaqdan getməyən xoş sözlər, alqış səsləri... O, başına yığışanların hamısını bir-bir bağrına basıb öpür. Vallah, kimi öpürsən öp, bu öpüş var ha, çox şirin, dadlı bir şeydir. Hərdən xalqı qədirbilən, söz xiridarı görəndə kövrəlirsən, için titrəyir, gözlərin dolur və ürəyində özünü qınayırsan ki, biz yazı-pozu adamları çox naşükürük. Əşşi, bundan gözəl xalq olar? Nə var-nə var keyfimiz duranda, şeir yazırıq, cızmaqara eləyirik. Hara gedirik, bizi başa keçirdirlər, yedizdirib-içirdirlər, tərifləyirlər, alqışlayırlar, yeri düşəndə görüm-baxım eləyirlər. Hansı xalq belədir? Hələ biz bu xalqa fors da eləyirik. Neyləməlidi bu xalq, bizi dalında gəzdirməlidir?

Humanitar məsələlər üzrə müavinlə . . . . . . . . hamıdan axırda bir-birinə sarmaşıb marça-març öpüşürlər və yubilyar onun üçün ayrılmış maşına mindirilir.

. . . . . . . . Bakıya çatanda içkidən tam ayılıb, bir balaca özündə yorğunluq hiss edir. Onu gətirən maşın binalarının giriş qapısının qabağında dayanır. Sürücü cəld maşından düşüb şair üçün qoyulmuş pay-püşü yük yerindən səliqə ilə boşaldır: şair belə şeyləri az görmədiyinə görə təəccüblənmir, arvadağanın yanında şeşələnəcəyini düşünüb qımışır və sürücünün qabağına düşür. O, oğrun-oğrun üç qutu sovqatın təhər-töhürünə baxıb, ürəyində humanitar məsələlər üzrə müavinin qanacağına "bərəkallah" deyir.

Yük liftə yığılıb yuxarı qaldırılır və şairin bülbül yuvasına daşınır. Oturmaq təklif edilsə də, ( . . . . . . . . həqiqətən çox qonaqpərvərdir. Qonaq-qarası əskik olmur, qapısından girənin qabağına Allah verəndən nə olsa qoymalıdır.) sürücü oturmur, çıxıb gedir.

Qrafoman yol gəlib, hisini-pasını tökmək üçün hamama girir. Arvad hamama qətfə-filan qoyub, pay-püşə yaxınlaşır. Öz-özünə deyir ki, birdən qutulardan tez xarab olan, suyu süzülən şeylər çıxa bilər. O, qutuları açır. Qutularda nə yoxdur? Ət, balıq, süd konservləri, plastik qablarda pendir, kərə, günəbaxan, qarğıdalı yağları, quru çay, qənd, düyü, vermişel, qarabaşaq, un qablaşdırılmış sellofanlar... hamısı da xüsusi səliqə ilə çin-çin yığılmış şəkildə. Arvad heç vaxt belə pay görməyib. Onlara hərdənbir toyuq, balıq, süd, qatıq, meyvə kimi rayon sovqatları göndərildiyi olsa da, indikikimisinə rast gəlməyib. Fikirləşir, zaman başqa zamandır, gündə bir şey icad olunur, dəblər dəyişir.

Kişi hamamdan çıxandan sonra arvad üst-üstə qalaqlanmış pay-püşü ərinə göstərib dillənir:

- Bu pay əvvəlkilərə bənzəmir.

 . . . . . . . . həmişə şeir oxuduğu pafosla deyir:

- Mənim dostum da (humanitar məsələlər üzrə müavinin adını çəkir) ayrı cür oğlandır, istedadlı adamlar həmişə fərqli addım atırlar.

Arvad üstünü vurmur.

Aradan bir müddət keçir, göndərilən ərzaq yeyilib qurtarır. Arvad evə ərzaq almaq üçün ərinə siyahı yazıb verəndə şairin yadına düşür ki, göndərilən pay-püşə görə humanitar məsələlər üzrə müavinə zəng vurub ona quru "Sağ ol" da deməyib. . . . . . . . . telefonda qeyri-adi hədiyyəsinə görə humanitar məsələlər üzrə müavinə təşəkkür edəndə qarşı tərəfdən gülüşqarışıq səs gəlir:

- Sənətkar, orijinallığı təkcə şairlər eləmir. Bu hədiyyələr rayonda barmağını mənə tuşlayıb oxuduğun şeir var idi ha, "Humanitar yardımı torba-torba udur o", bax, ona cavabdır. Qaçqınlar üçün gələn humanitar yardımlardan üç qutu sizin üçün qoydum ki, dadına baxasınız.

 . . . . . . . . eşitdiyini zarafat hesab edib deyir:

- Ola bilməz.

Telefondan cavab:

- İnanmırsan qutuların üstünə bax, orada ingiliscə "Humanitar yardım" yazılıb.

Qrafoman telefonu qapayıb arvadından soruşur:

- Öz rayonumuzdan axırıncı dəfə gələn payların qutularını atmamısan?

Arvad dərhal cavab verir:

- Bir qutuya boş bankaları yığmışam, balkonda şkafdadır, qalanlarını tulladım getdi.

Şair balkona çıxıb şkafı açır və qutunun üstündəki yazıya baxır.

 

 

 (Ardı var)

 

Əjdər OL

 

525-ci qəzet.- 2009.- 14 fevral.- S.24.