Dillər Universitetində xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

 

Dünən Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində məşhur detektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş olub. Görüşdə tələbələr, mütəxəssislər, müəllimlər, elmi işçilər məktəblilər iştirak ediblər. Əvvəlcə Ç.Abdullayevin yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, dünya şöhrətli yazıçının əsərləri 18 dilə tərcümə edilib, MDB ölkələrində, eləcə ABŞ-da, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, Norveç, İsraildə ümumi tirajı 20 milyon nüsxə olmaqla yayılıb. Amerikanın "The Christian Science Monitor " jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən biri adlandırıb. Ç.Abdullayevin əsərləri əsasında 6 film 2 serial çəkilib ki, bunların 7-si müxtəlif xarici dillərə tərcümə olunub.

 Ç.Abdullayev Rusiyanın nüfuzlu "Eksmo" nəşriyyatının qızıl medalına layiq görülməsini əməyinə verilən layiqli dəyər hesab etdiyini, medalın onun üçün böyük əhəmiyyət daşıdığını bildirib. Tədbirdə açıqlanıb ki, sözügedən nəşriyyat yazıçının əsərlərinin 150 cildliyini çapa hazırlayır. Bu əsərlərin 30 cildi artıq oxucuların ixtiyarına verilib. "Dronqo", "Kriminal komediya", "Xüsusi təyinatlı orqanların işi və əməkdaşları", "Təkqollu killer", "Marina Çernışeva" haqqında romanlar, kriminal dramlar, "Tarixdən etüdlər" kimi müxtəlif oxunaqlı əsərlər müəllifi olan Ç.Abdullayevin detektiv qəhrəmanı Dronqo bütün dünyada məşhurlaşıb və oxucular tərəfindən sevilib.

 Görüş zamanı tələbələrin çoxsaylı suallarını cavablandıran Ç.Abdullayev internetin dəbdə olduğu bir dövrdə də kitabın əhəmiyyətinin danılmazlığını önə çəkib. Yazıçı pulun həyatda əsas amil olmadığını, tələbələrə kitablardan uzaqlaşmamağı, dünyagörüşlərini məhz kitabların köməyi ilə genişləndirməyi tövsiyə edib. Yazıçı internet vasitəsilə regionlardan ünvanlanan sualları da cavablandırıb. O, müasir cəmiyyətdə insanları narahat edən məsələlərlə bağlı fikirlərini açıqlayıb.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.-  17 fevral.-S.7.