Mənim babam Redaktor idi

 

Azərbaycan ədəbiyyatının altmışıncılar nəslinə mənsub yazıçı-dramaturq, Azərbaycan mətbuatı jurnalistikasının görkəmli nümayəndəsi Şamil Xurşud Fərzəliyev çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq ömür yolu keçib. Onun "Sizi unutmaram", "İnsan yaşayır", "Azarkeş nənə", "Xəstələr", "Özüm özün", "Ağaclar kəsilmədi", "Naxırçı çörəyi", "Sakitlik olmayacaq" s. povest hekayələr kitablarının, "Sən tək deyilsən", "Məhəbbət novellası", "Yaz yağışı", "Qvardiya, irəli", "Sevinc", "Yol ayrıcında" Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" televiziya tamaşaları səhnə əsərlərinin ictimai-bədii məzmunu, milli koloriti üslubu altmış-yetmişinci illər ədəbiyyatında özünəməxsus bir iz açıb. Xalq yazıçısı Əli Vəliyev Şamil Fərzəliyev haqqında yazırdı: "Şamil Xurşud xalqın məişətinə, adət ənənələrinə yaxından bələd olan yazıçılardandır. Onun dili səlisdir, xalq məsəlləri, ifadələri ilə zəngindir. O, klassik müasir sənətkarlardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə gur şəffaf qaynaqlarından da bəhrələnir...Şamilin yazılarında gənclər yaşlılardan, oğullar atalardan həyatda doğru yol tutmağı, mübarizliyi, mərdanəliyi, etibar sədaqəti əxz edir, canlarına, qanlarına hopdururlar..."

O, öləndə mənim iki yaşım vardı; mən onu xatırlamıram, amma hər dəfə onun haqqında söz düşəndə maraqla qulaq asır, düşünürəm ki, babama görə sözün həqiqi mənasında mən də fəxr edə bilərəm. Ölümündən sonra babam haqqında yalnız xoş sözlər eşidirəm, yaşlılar, orta nəslin nümayəndələri onun barəsində birmənalı şəkildə "xeyirxah insan, bütöv şəxsiyyət, istedadlı nasir, həqiqi redaktor" ifadələrini işlədirlər. Əlbəttə, onun həyat və yaradıcılığı, ədəbi və maarifçilik fəaliyyəti, Azərbaycan mətbuatının inkişafında xidmətləri barədə çox az yazılıb. Ömrünün ən gözəl çağında-52-ci baharında dünyadan köçən bir şəxsiyyət, vətəndaş və ailə başçısı kimi babam indi də çoxlarına nümunə ola biləcək bir insan olub. Nənəm danışır ki, o, haqq-ədalət tərəfdarıydı və əsərlərində olduğu kimi, ictimai fəaliyyətində, şəxsi həyatında da daim bu prinsipinə sadiq qalıb. Ədaləti və həqiqəti müdafiə edən, düzü düz, əyrini əyri yazan publisist, redaktor babam başdan ayağa təzadlı, ziddiyyətli cəmiyyətdə təmiz adını, namuslu əməyini qoruyub saxlaya bilib.

Babamı yaxından tanıyanlar indi də deyirlər: "O, təmənnasız yaxşılıq edən nadir şəxsiyyətlərdən olub. Belə insanlar həyatda çox az olur."

Babam Şamil Xurşud (Fərzəliyev) 1934-cü ildə Azərbaycanın Ucar rayonunda anadan olub. Onun ata-anası Ermənistanın Sisyan rayonunun Ağudi kəndindən olub və 1920-ci ildən sonra Ucara köçüblər. Babamın anası Mənzər nənə rəhmətlik Məmməd Arazla yaxın qohum olub. Nənəm danışır ki, o vaxt sərhədlər açıq olanda babamın ata-anası Məmməd Arazın ata-anasıgilə tez-tez gedib-gələrmiş. İş elə gətirib ki, Məmməd Araz Naxçıvandan, babam isə Ucardan Bakıya gəlib və şəhər mühiti onları biri-birinə daha sıx tellərlə bağlayıb. Babam Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Hələ tələbə ikən səhnə əsərləri yazırmış və ilk səhnə əsəri də tələbə vaxtı teatrda oynanılıb. Sonralar babamı Moskvaya oxumağa göndəriblər. O, İctimai Elmlər Akademiyasında iki il təhsil alıb, Vətənə qayıdandan sonra uzun illər "Azərbaycan gəncləri" qəzetinin redaktoru (1972-1981), daha sonra isə ömrünün axırına qədər "Kirpi" jurnalına baş redaktorluq edib.

Onun redaktorluğu dövründə bütöv bir jurnalist nəsli yetişib. Qəzetdə işə götürdüyü o vaxtkı gənc qələm sahibləri indi respublikanın tanınmış ziyalıları, qələm sahibləri, ədəbiyyat xadimləridir. Mərhum, istedadlı şairlərimiz Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, tanınmış qələm sahibləri Şahin Quliyev, Mürşüd Dadaşov, Möhübəddin Səməd, Əlirza Balayev, Elçin Mehrəliyev, Şakir Yaqubov, Yusif İsmayılov, Rizvan Cəbiyev, Piri Məmmədov, Əbdül Qəni, Ağaqulu Niftəliyev, Əli Səmədov və onlarla başqaları məhz babamın redaktorluğu dövründə yetişmiş ziyalı şəxsiyyətlərdir.

 Elmira nənəm deyir ki, babamın namuslu çörəyi və təmiz adı bizim ailəmiz üçün həmişə örnək, qürur mənbəyi olub. O, həyatda nəfsini və rahatlığını məhz təmiz ada, namuslu əməyə qurban verən şəxsiyyətlərdən idi. Onunla birgə redaktor olmuş görkəmli Azərbaycan ziyalıları da onun haqqında həmişə məhəbbətlə danışıb və yazıblar. Rəşid Mahmudov, Nəriman Zeynalov, Nəriman Süleymanov, Qəşəm Aslanov, Cəmil Əlibəyov, Hidayət, Xalid Əlimirzəyev, Əmir Mustafayev, Yusif Kərimov, Tofiq Rüstəmov və onlarla başqa görkəmli yazıçı və redaktorlarımız babam haqqında xoş xatirələrini yazmış, ən çətin məqamlarda bizim ailəyə dayaq olmuşlar. Hərdən nənəmgilə gedir, babamın arxivlərini arayır, mənə və yaşıdlarıma maraqlı ola biləcək faktlar tapıram, sevincimi və qürur dolu duyğularımı nənəmlə paylaşıram. Babam haqqında yazılanları vərəqləyirəm: "...1981-ci ildə Şamil Fərzəliyev "Kirpi" jurnalında baş redaktor kimi Mirzə Cəlil və Əvəz Sadıx ənənələrinə sadiq qalaraq cəmiyyətdə baş verən irili-xırdalı nöqsanlara göz yummadı, o dövr üçün riskli və təhlükəli olan aşkarlıq və şəffaflıq prinsiplərini qabartdı, naqisliklərə, rüşvətxorluğa, riyakarlığa qarşı mübarizə apardı..."

 "...Şamil müəllim sözün qədrini və qədərini bilən, məsuliyyətini duyan peşəkar redaktorlardan idi. Həm "Azərbaycan gəncləri" qəzetində, həm də "Kirpi" jurnalının baş redaktoru vəzifəsində olduğu dövrlərdə jurnalistə peşə etikasına, jurnalistikanın əsas prinsiplərinə riayət etməyi, insanın şərəf və ləyaqətini, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı öyrədirdi..."

 Bu sətirləri oxuyanda evimizdə hamı, xüsusilə nənəm qürur duyur. Mən fəxr edirəm ki, onun kimi bir insanın nəvəsiyəm. Bu gün babamın doğum günüdür. Sağ olsaydı 75 yaşı tamam olacaqdı. Adətən bu gün biz hamımız bir yerdə, nənəmizin yanında oluruq. Babamın ruhu bizimlə birgə sevinir. Nə qədər ki, biz varıq, qədirbilən insanlar var, o da bizimlə bax beləcə yaşayacaq.

 

 

Orxan Nəzirli,

 

525-ci qəzet.- 2009.- 17 fevral.- S.7.