"Fokus"un yeni sayı
işıq üzü
görüb
Azərbaycan mətbuat
tarixində ilk analitik
kino jurnalı olan "Fokus"un
3-cü sayı çapdan
çıxıb. Bu sayda müasir Türkiyə kinosu haqqında bir sıra məqalələr
çap olunub. Məsul redaktor Sevda Sultanovanın sözlərinə
görə, bir çox xüsusiyyətlərinə
görə müasir Türkiyə kinosu Azərbaycan kinematoqrafına
nümunə ola bilər. Ən azı kommersiya filmləri və müəllif kinosunun paralel inkişafı baxımından bu fikir əsaslı səslənir. Yeri gəlmişkən, türkiyəli
kino mütəxəssisləri
"Fokus" jurnalı
haqda yüksək rəy veriblər. Çünki Türkiyədə
belə formatda jurnal yoxdur. Kino jurnalları Türkiyədə analitik
formatda yox, daha çox "xəbər" formatında
çıxır.
"Master-klas"
rubrikasının qonağı bəstəkar Xəyyam Mirzəzadədir.
Müasir kinonun aktual problemlərilə bağlı fikirlərini
X.Mirzəzadə kifayət qədər açıq və kəskin
tərzdə "Fokus"un oxucuları ilə
bölüşüb. Mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev isə dövlətin kino
siyasətini mahiyyəti barədə şərh verib. "Nazirliyin
ekspert şurası müstəqildirmi", "Prodüser mərkəzlərini
dövlət dəstəkləyəcəkmi", "Mənəvi
deqradasiyanın qarşısını necə almaq olar"
kimi suallara Ə.Vəliyevin müsahibəsində cavab tapmaq
mümkündür.
Jurnalın təsisçilərindən
olan Əli İsa Cabbarovun sözlərinə əsasən, bu
nömrədə şəxsən onun üçün ən
ümdə məqamlarından biri Alla Axundovanın yeni
ssenarisinin nəşridir. "Şərikli çörək",
"Alma almaya bənzər", "Bizi
bağışlayın" filmlərinin ssenari müəllifi
Alla Axundovanın kino mətnləri uzun müddətdir ki, Azərbaycanda
ekranlaşdırılmır. Ə.İ.Cabbarov ümid edir ki,
yeni ssenarisinin çapı Alla Axundovanın Azərbaycan
kinosuna qayıdışı olacaq. Jurnalın bu sayında Nərmin
Kamalın, Teymur Daiminin, Vəfa Cəfərova, Orxan Eyp,
Vüsal Məmmədov və Füzuli Sabiroğlunun məqalələri
də çap olunub.
Aynur QULİYEVA
525-ci qəzet.- 2009.- 17 fevral.- S.7.