"Cəmiyyətə sağlam düşüncə hakim olsa, insan öz yolunu azmaz"

 

MÜSLÜM ƏLİOĞLU: "DÜNYANIN İNSANİ SİFƏTƏ MALİK OLAN BİR SİYASƏTƏ EHTİYACI VAR"

 

Son vaxtlar "Fərari" adlı romanını ərsəyə gətirmiş yazıçı və şair Müslüm Əlioğlu növbəti doğum gününü qeyd edir. Bu münasibətlə yazıçını təbrik edir və onunla müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Müslüm müəllim, əsərlərinizdəki müsbət surətlərlə yanaşı, mənfi obrazların da öz əməlləri üçün tutarlı dəlilləri var. Maraqlıdır, belə olan halda, bir müəllif kimi, axtardığınız nədir?

- Axtardığım - Kamil İnsandır! Allahın zikri ilə hər cür pisliklərdən uzaq duran, dupduru qəlbi olan bir İnsan! Bu cür insanlar hər cür haqsızlığa, şərə, qaranlığa qarşı mübarizə aparmağı özünə borc bilir. İnanclı insan! Bütün gözəlliklərə eşqi olan bir insan! Budur mənim axtardığım. Yeri gəlmişkən, çox ibrətamiz bir rəvayəti burada xatırlatmaq istərdim: Bir müsəlman övladı Xızır peyğəmbərə o qədər inanır, o qədər aşiq olur ki, Allaha yalvarır, dilək eləyir, Allah Xızır peyğəmbəri ona göstərsin. Tərki-dünya olub bütün dünyanı dolaşır, soyuğa, istiyə, şaxtaya düşür, olmazın müsibətlər gəlir başına, lakin inadından dönmür. Xızır peyğəmbəri tapacağına inanır. Gəlib çıxır bir məmləkətə, çox ağır vəziyyətdə bir ev tutub, bir az özünə gəlmək və yoluna davam etmək istəyir. Tanrı bu bəndəsinin təmiz qəlblə Xızırı axtardığını görüb, peyğəmbərə onunla görüşməyə icazə verir. Kişi gözünü açanda Xızır peyğəmbəri qarşısında görür. Peyğəmbər ona deyir:

- Buyur, məni görmək istəyirsən, bu da mən.

Kişi axtardığı Xızır peyğəmbəri görüb təəccüblənir. Ayağa qalxıb soruşur:

- Ya peyğəmbər, görünəcəkdinsə, mənə niyə bu qədər əzab verirdin. Gör, mən neçə illərdir, çöllərə düşmüşəm.

Peyğəmbər deyir ki, insanlar Allahı unudublar. Ona görə də hamı məni görə bilməz. Bu, haqqın buyruğudur:

Kişi sual verir:

- Bəs dünyada bu qədər haqsızlıqlar olur, zülmlər baş verir, niyə bu əzilənlərə kömək etmirsən?

Xızır peyğəmbər əbasını, papağını çıxardıb kişiyə verir və deyir:

- Geyin, çıx şəhərə, bir kamil insan tapsan, kömək et ona, əl tut.

Kişi heç nə demədən paltarını dəyişib, şəhərə çıxır. Gördüklərindən dəhşətə gəlir. İnsanların çoxu quyruqlu idi. Hər bir insan öz xislətinə uyğun bir heyvana bənzəyirdi. Burda it də, canavar da, tülkü də, ilan da, siçan da, xoruz da və digər heyvanlar da vardı. Və ən qəribəsi oydu ki, onlar bu kişini görmürdülər. Kişi ha səslənsə də, heç kəs ona tərəf baxmırdı. Nəhayət, ağ saçlı, ağ saqqallı, üzündən nur tökülən bir insana rast gəlir. Sevinir və kişi onunla salamlaşıb deyir ki, mən Xızır peyğəmbərəm. Sənə nə kömək eləyim.

Kişi gülüb, cavab verir.

- Sən işinlə məşğul ol. Mənə Xızır lazım olsa, o sən qaldığın evdədir, gedib onu görərəm...

Rəvayətin mənası budur ki, Rəbbimiz hər şeyi görür və hər bir insanın hansı xislətdə olduğundan xəbərdardır. Allahla yolunu azmış bu adamlar arasında çox böyük məsafə yaranıb. Tanrı insanı yaratmayıb ki, onu ancaq cəhənnəmə göndərsin. Onun üçün ona ömür verib, vaxt verib ki, səhv etməsin, pis əməllərlə məşğul olmasın. Tövbə etməyə vaxtı olsun. Mən də bütün əsərlərimdə insan axtarışına çıxmışam və insanlığı itirənlərin niyə o günə düşməsinin səbəbinin yaşadığı cəmiyyətdə olduğuna inandırmağa çalışmışam. Cəmiyyətə sağlam düşüncə hakim olsa, insan öz yolunu azmaz.

- "Fərari" romanınızda "Orta Doğu Projesi" haqqında yazmısınız. Ayvazyanın dili ilə İraqda baş verənlərin və bu gün Fələstindəki hadisələrin meydana çıxacağını necə proqnozlaşdırmısınız?

- Dünyanın insani sifətə malik olan bir siyasətə ehtiyacı var. Çox təəssüf ki, sosializm idiologiyası öləndən sonra kapitalizm də çökdü. Yeni iqtisadi baxışa ehtiyac yarandığı bir vaxtda dünyanı idarə eləyən güclər getdikcə qəddarlaşırlar. İnsan ömrünü heçə sayan zənginlik insan amilini arxa plana keçirdib. İndi bu güclər bir-biri ilə vuruşmağı kənara qoyub, təbii sərvətləri zəngin olan məmləkətlərin işğalı üçün birgə hərəkət etməyə məcburdurlar. Həmin məmləkətlərdə isə "dinçi" olub, dindən istifadə edib milləti aldadanlar, "millətçi" olub o duyğulardan istifadə edib xalqı fəlakətə aparanlar, "dövlətçi" olub dövlətin sərvətini dağıdanlar özləri də fərqinə varmadan imperialistlərə qulluq edir, öz xalqlarının ac-yalavac yaşamasına rəvac verirlər. Nə qədər ki, belə davam edəcək, dünyada ədalət olmayacaq. Uşaqlar, qadınlar, qocalar qırılacaq, heç kəs də bunun məsuliyyətini daşımayacaq. Qaradərili Barak Obamanın Amerika prezidenti olması bütün dünyanı təəccübləndirdi.

Ancaq məlumdur ki, Azərbaycan ədəbiyyatında M.F.Axundovun bir "Aldanmış kəvakib" əsəri var. Münəccimlərin təkidi ilə Şah Abbas taxtı-tacı qorumaq üçün Yusif Sərracı öz yerinə qoyur ki, fəlakət onun başında çatlasın. Mənə elə gəlir ki, Amerika imperializmi öz çirkin üzünü növbəti dəfə dünyaya göstərəcək və qarşımızdakı illərdə dünyada və Amerikada baş verən fəlakətlərin sorumlusu kimi Obama göstəriləcək.

Aydın məsələdir ki, bu gün İraqda, Fələstində gedən müharibəyə "Orta Doğu Projesi"nin həyata keçirilməsi üçün növbəti addımlar kimi baxmaq lazımdır. İranın bu müharibəyə cəlb edilməsilə son maneənin də aradan qalxmasına çalışırlar. Məncə, bu işdə Türkiyənin başı daha çox ağrıyacaq. Qəzzaya atılan bombalar bu gün əslində Türkiyə iqtidarı ilə vətəndaşların arasında partlayır. Elə amerikalıların da istədiyi budur: Türkiyə zəifləsin, sonra da parçalansın. Fikrimcə, münaqişədən iki-üç gün qabaq, İsrail baş nazirinin İngiltərədən və Amerikadan sonra Ankaraya gəlməsi Türkiyəni islam dünyasından təcrid etmək məqsədi güdürdü. Proses elə qurulub ki, Türkiyə Orta Doğuda baş verən cinayətlərin suç ortağına çevrilməkdədir.

- Bəs çıxış yolunu nədə görürsünüz?

- Dünyanı təzədən bölüşdürmək istəyən güclərin qarşısına Orta Doğu ölkələrinin birliyi ilə çıxmaq olar. Bu çox çətin məsələdir. Türkiyənin əlinə 1990-91-ci illərdə belə bir fürsət düşmüşdü. Türk birliyi yarada bilərdilər, fürsəti qaçırdılar. İndi ikinci bir fürsət düşüb, bundan istifadə edə bilsələr, bütün islam dünyası Türkiyənin öndərliyini qəbul edər. Bu da dünyaya ədalət, barış gətirər.

Bunun üçün, "Fərari" romanında yazdığım kimi, təcili, vaxt itirmədən Avropa Birliyi kimi bir birlik yaradılmalı, Orta Doğu ölkələri bir araya gətirilməlidir. Rusiya buna mane olmayacaq, çünki bu, Moskvanın maraq dairəsindədir. Bütün islam ölkələri, müsəlman xalqları bunu gözləyir, buna hazırdır.

- "Fərari"nin ikinci hissəsi nə vaxt oxucuların ixtiyarına veriləcək?

- Əsər artıq yekunlaşmaq üzrədir. İkinci hissə başdan-başa bayaq söz açdığımız məsələlərə həsr olunub. Bu hissə qarabağlı balası Mehdinin Türkiyədə PKK ilə, Bosniyada Radovan Karaciçin quldur dəstəsi ilə savaşından və "Orta Doğu Projesi"nin mahiyyətindən bəhs edir. Elə bilirəm ki, əsəri oxuyanlar bu məsələlərlə bağlı müəmmalı məqamlara, müxtəlif suallara aydınlıq gətirə biləcəklər.

 

 

Mikayıl GÜLƏLİYEV

 

525-ci qəzet.- 2009.- 17 fevral.- S.7.