Sevgi dolu ömür...

 

yaxud  XALQ ARTİSTİ FİRƏNGİZ ŞƏRİFOVAYA İZHARİ-MƏHƏBBƏT

 

Bu yazını böyük sənətkar Firəngiz Şərifovadan icazəsiz yazmışam. Bilmirəm, məni qınayacaq, ya o minbir mənalı, panoramlı baxışları ilə məzəmmət edəcək. Axı, mən öz istəkli rəfiqəmə məhəbbətimi izhar etmək məqamını vaxta qədər gözləməliydim?.. Heç bilmirəm, bu 85 hardan gəlib çıxdı? Mən bu səliqəsiz yazımı tez-tələsik çapa verməyə məcbur oldum.

Mənim Azərbaycan teatrında Firəngiz Şərifova fenomenini təhlil etmək, onun milli teatr tariximizdə yerini müəyyənləşdirmək fikrim yoxdur. Bu, adlı teatrşünasların işidir. Mən sadəcə dostum, sirdaşım, böyük bacım saydığım öz Firəngiz Şərifovamdan, onun insani xüsusiyyətlərindən danışacaq, böyük ömür yolu keçmiş yaradıcı insanın həyatından fraqmentləri götürməklə portret cizgilərini çəkməyə çalışacağam.

Azərbaycanın teatr fəzasında Firəngiz Şərifovanın olduqca parlaq ulduzu var. Bunu kimsə inkar edə bilməz. Və bu ulduz izahedilməz qüvvə ilə kiçik yaşlarından onun tamaşaçısı olmuş bizləri hələ də öz cazibəsində saxlayır. Artıq neçə illərdi indi də o, bizlərə kənardan tamaşa eləyir. Bu uzun illər ərzində biz onu televiziya tamaşalarına, filmlərə çəkə bilərdik. Biz onu böyük rus aktyor və aktrisaları kimi ehtiramla səhnəyə gətirib-apara bilərdik, ondan ustad dərsləri ala bilərdik, sinəsində qalaq-qalaq yatan xatirələri yaza, heç olmasa, diktofona köçürə bilərdik. Bu, bizim itkimizdir, necə deyərlər, "bizim cibimizdən gedən" zamandır.

Azərbaycanın iki nəhəng aktyorunun, milli teatr sənətimizin yaradıcılarından Abbas Mirzə Şərifzadə və Mərziyə xanım Davudovanın ailəsində dünyaya göz açan Firəngiz xanım südlə, qanla keçən fitri istedad sayəsində səhnəmizdə parlaq obrazlar yaradıb. Yaradıcılığa Musiqili Komediya Teatrında başlayan Firəngiz xanım 1945-49-cu illərdə bu səhnədə Ulduz, Durna, Gülçöhrə, Gülnaz, Keto kimi obrazları öz maraqlı səhnə yozumunda canlandırıb. 1949-cu ildən taleyini Gənc Tamaşaçılar Teatrına bağlayan aktrisa bu teatrın səhnəsində "Anacan"da Gülbahar, "Yaşar"da Yaqut, "Fitnə"də Fitnə, "Qaraca qız"da Yasəmən, "Ovod"da Cemma, "Bir saat xəlifəlik"də Nailə, "İki həyat"da Mayor Niyazova, "Aydınlığa doğru"da Şahbikə, "Keçən ilin son gecəsi"ndə Həmidə, "Mənim nəğməkar bibim"də Mədinə, "Aycan"da Böyük qanqal, "Dovşanın ad günü"ndə Tülkü, "Rübailər aləmi"ndə Məhsəti, "Dərviş Məstəli şah"da Şərəfnisə, "İki ağanın bir nökəri"ndə Beatriçe, "Söhrab və Rüstəm"də Təhminə, "Yazığam, sevmə məni"də Bəyim kimi müxtəlif xarakterli, tamamilə əks qütblərdə duran obrazlar yaradıb. Bu hələ Firəngiz xanımın Gənc Tamaşaçılar Teatrında yaratdığı daha çox diqqət çəkən, teatrda mərhələ təşkil edən tamaşalarda oynadığı obrazların qısa siyahısıdır. Aktrisa ötən əsrin 60-cı illərində bir neçə il Akademik Milli Dram Teatrında anası Mərziyə xanımla bir səhnədə çalışıb, sonra yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb. Bu gün də ömrünün 60 ilini həsr etdiyi həmin teatrın təmirdən sonra açılmasını səbirsizliklə gözləyir.

Firəngiz xanım ömür boyu süni pafosdan uzaq olub. Bəzən incə, zərif ştrixlərlə, bəzən sərt, qatı boyalarla qüvvətli obrazlar yaradıb. Mənim yuxarıda sadaladığım bu obrazları təhlil etmək fikrim də yoxdur. Bu, Firəngiz xanımı səhnədə görmək səadətindən məhrum olmuş indiki nəslin gələcək tədqiqatlarının işidir.

Firəngiz Şərifova böyük tragik, əfsanəvi sənətkar Abbas Mirzənin, müqtədir aktrisa, zəmanəsinin böyük nüfuz sahibi Mərziyə Davudovanın qızıdır. Bu şərəfli genlərin daşıyıcısı Firəngiz xanım Azərbaycan tamaşaçısının bu böyük kəslərə olan sevgi həlqəsini öz yaradıcılığı ilə uğurla tamamlaya bilib.

Abbas Mirzə Firəngizi çox sevərmiş. O, atasından tez ayrılıb, bu böyük sevgidən tez məhrum olub və ata nisgilini indiyə kimi könlündə gəzdirir.

Mərziyə xanım özünün yeganə qız övladı Firəngizi ərköyün böyütməyib. O da adi Bakı gözəllərindən biri olub. Orta məktəbi, sonra isə Bakı Xoreoqrafiya məktəbini bitirib, Konservatoriyanın "Vokal" şöbəsində oxuyub. Bakının yaraşıqlı oğlanlarından, gənclik illərində musiqiçi olmuş, sonralar uzun illər Azərbaycan teatrlarına rəhbərlik etmiş Bala Ağa Qasımovla ailə qurub. Mərziyə xanım tək bircə dəfə Firəngizin Musiqili Komediya Teatrının səhnəsində debütünü görərkən "Mən belə başlamamışdım" deyərək, onun ifasından razılığını bildirib.

Firəngizin uşaqlıq illəri o qədər də fərəhli keçməyib. O illərin bütün uşaqları eyni cür yaşayıblar. Bu illər qorxunc repressiya dövrünə, müharibə illərinə təsadüf edib. Uşaqlıq illərini Bakının köhnə məhəllələrində keçirən Firəngiz xanım gənclik illərini Bakının Bazarnı küçəsində ötən əsrin 40-cı illərində inşa edilən, məşhur adamların yaşadığı "Monolit" adlanan binada yaşayıb.
   Firəngizin həyatında itkilər az olmayıb. 13 yaşında ikən şöhrətin zirvəsində olan atasını, 38 yaşında olarkən isə anasını - ona həm ata, həm ana olmuş Mərziyə xanımı itirib.

Portretdə əsas cizgilər. Firəngiz xanım səmimi insandır. İştirak etdiyi bütün məclislərdə diqqət mərkəzinə çevrilir.

Firəngiz xanım məğrur insandır. Heç vaxt qapılar döyməz, özü üçün heç nə istəməz. Sözü bütöv, əqidəsindən, fikrindən dönməzdir. Bu keyfiyyətlər həyatda çox vaxt ona mane də olub. Amma qətiyyətindən dönməyə məcbur edə bilməyib. Kiçilməyib, əyilməyib, sınmayıb.

Firəngiz xanım gözəldir, təmizkardır, yüksək zövq sahibidir. Hər bir yaşına uyğun gözəl geyinməyi var. Gözəl geyinmək, bir-birinə yaraşan rənglər seçmək özü də bir istedaddır.

Firəngiz xanım pulgir deyil, pula laqeyd münasibəti var. Pulun qədrini bilməz. Əliaçıq, səxavətlidir.  Fədakar ana, fədakar nənədir. Övladlarının və nəvələrinin sağlam böyüməsi, gələcəyi, mükəmməl təhsil alması üçün indiyə qədər heç nəyi əsirgəmir. Səhərdən axşama qədər onların qayğısını çəkir.

Təbiətin azad övladı olan Firəngiz sözünü üzə deyəndir. Hamı bilir ki, Firəngizin danlağı yerli-yerindədir. Hamı bu məzəmmətləri haqlı qəbul edir, ondan incimir.

Firəngiz xanım qonaqpərvərdir. Yaşının bu çağında da qonaqlarına könlüncə qulluq etməyə çalışır, - "gəl, ölüm-itim dünyadır, bir az oturaq, söhbət edək", - deyə bizləri tez-tez evinə dəvət edir.
   Firəngiz xanım az danışandır. Onu dilləndirməyə könlünə yaxın xiridarlar gərəkdir ki, Firəngiz ona könül qızdırıb ürək aça... Mən onun könlünə yaxın olduğum, qədər bikef, qəmgin olsa belə, onu minbir dillə danışdıra bildiyim üçün özümü xoşbəxt sayıram.

Firəngiz xanım sevgi dolu insandır. Bu sevgi vətənə, torpağa, Azərbaycan teatrına, sənətə, insanlara, uşaqlara, çiçəklərə yönələn sevgidir. Bayaq dedim ki, Firəngiz xanım gözəldir. Gözəlliyi, insanları, dünyanın yaraşığı olan çiçəkləri sevir, evində əkib, minbir nazını çəkib böyütdüyü hər bir çiçəklə danışır, söhbət edir, onun aurasında çiçəklər çox tez boy atır, çiçək açır. O, qışda da çiçəklərin açmasını gözləyir...

Firəngizin ömründə zərif bir sızıltı kimi keçən doyunca görmədiyi ata həsrəti, indi də xatırlayarkən qəlbindən bir ah qoparan ana həsrəti, onunla bir şəhərdə yaşayan, üzünü çox az görə bildiyi qız həsrəti və bir də boynu bükük bənövşə həsrəti var...

Firəngiz xanım hər bir işə - obraz yaratmaqdan tutmuş, şirniyyat bişirməyə qədər, hər şeyə ürəklə, sevgi ilə yanaşır. O böyük ürəyin, sevginin sayəsində o, çox uzun, xoşbəxt ömür yaşayıb. Xoşbəxtlik onun yarıqaranlıq, darısqal mənzilindən çıxıb, aşıb-daşaraq bütün Azərbaycan xalqının evinə, qəlblərə dolan məhəbbətindədir. Bu xoşbəxtlik hər sənətkara nəsib olmur.

Firəngiz xanım yaman yorulub. Görüşlərimizdə, telefon söhbətlərimizdə mən bunu yaxşı duyuram. Amma həyat eşqi onu heç zaman tərk etməyib. Həyatının 85-ci ilində belə bir qənaətə gəlib ki, insan bu dünyada qədər çox yaşaya bilsə, bir o qədər yaxşıdır. Səhnədə aldığı ağır zədələrdən sonra evdə ağır-ağır dolaşan Firəngiz xanım səhnəyə çıxan kimi tamam dəyişir. Ən böyük sevgisi olan səhnədə sanki möcüzə baş verir, illər yorğunu aktrisa bir anda öz sevgilisinə qovuşan gənc qıza çevrilir.

Bizim cəmiyyətdə böyük sənətkarlara təzadlı bir sayğı tipi var. Ad veririk, mükafat veririk, orden veririk. Amma təəssüflər olsun ki, mənəvi sərvətimiz olan, bizlərə könül vermiş, ömrünü bizə həsr etmiş bu kövrək insanlar son nəticədə cəmiyyətdən ayrı düşərək qocalıq adlı canavarla təkbətək vuruşur, tənhalıq girdabında boğulurlar. Xoşbəxtlikdən Firəngiz xanım ömrünün ahıllıq çağında öz kiçik oğullarının - böyüdüb, gözəl tərbiyə verdiyi nəvələrinin əhatəsində özünün ikinci gəncliyini yaşayır.

Mənim ürəyimdə Firəngiz xanımın doğmalarımın yanında durmaq üçün yeri var. İstəsə də, istəməsə də, mən onu gətirib ürəyimin baş tərəfində qoymuşam və buradan çıxdı yoxdur. Bax beləcə, əzizim, gözəlim Firəngiz xanım. Sənintək gözəlin bu gözəl dünyaya gəlişi günündə çoxdan yazmadığım səbəbindən özümə də nizamsız görünən bu yazımı sənin məhəbbətinlə yazdım. Bilmirəm, bu qırıq fikirlərimlə sənin kimi böyük ustadın rəsmini çəkə bildimmi?...

 

 

Kəmalə Cəfərzadə,

teatrşünas

 

525-ci qəzet.- 2009.- 18 fevral.- S.7.