Şair ömrünün
yeni töhfəsi
"Sənə məktublarım" istedadlı
şair Sabir Abdinovun oxucularla dördüncü görüşüdür.
Mən istedadlı sözünü təsadüfən
bu yazının əvvəlinə çıxarmadım.
Kitabla tanışlıq
bu qənaətimi bir qədər də dərinləşdirdi,
möhkəmləndirdi. "Sənə məktublarım"
şairin həm Vətənə, sevgilisinə,
həm də oxucularına poetik məktublarıdır.
Onun qələmə
aldıqları ədəbi mühitin maraq dairəsində
olan aparıcı yazılarla səsləşmə
gücünə və məna yükünə görə də
diqqəti cəlb edir, seçilir.
Şairin
öz xatirələrinə, ilkinliyinə,
doğmalığına və təmizliyinə
qayıdışı həm də oxucunu bu ünvana çəkmək,
onu özü ilə yol yoldaşı etməkdir. Bu mənada
"Məktəb binası" şeiri diqqəti cəlb
edir:
Dünyanın
ən həzin,
kövrək
nəğməsi
Burda divarlara
yazılı qalıb.
Şirin xatirələr
qaçır üstümə,
Nisgilim sinəmdən
asılı qalıb.
Ana - Vətən
paralelliyi ədəbiyyatın əzəli və əbədi
mövzularındandır. Bu istiqamətdə də Sabir
Abdinovun poetik qənaətləri maraq doğurur, diqqəti
çəkir:
Beşiyimdi,
yuvamdı
Vətənimin
hər daşı.
Bulağımdan
içdiyim
Su - anamın
göz yaşı.
Və yaxud:
Vətən
gözlərimin ağı, qarası,
Ağı
yaralıdı, qarası əsir.
Vətən
ürəyimin ciyərparası,
O
taylı-bu taylı parası əsir.
Doğma Azərbaycanımızın
tale yüklü dərdlərindən olan Qarabağ həsrəti,
Qarabağ nisgili də şairin poetik tədqiqatlarının
mərkəzində dayanır:
Çeşmələrin
qan ağlayır,
Nisgilin
daşır, çağlayır,
Dərdin sinəmi
dağlayır,
Qarabağım!
- deyir.
Azərbaycanın
dilbər guşələrindən olan Yardımlı
dağlarına həsr olunmuş şeirdə "Yurdun qar
çiçəyidir Yardımlının dağları"
misraları poetik sanbalına görə rəğbət
doğurur.
Kənd,
şəhər, qürbət, Vətən mövzusu ədəbiyyatın
mərhəm mövzularındandır. Amma "Bu şəhər"
şeirində şair şəhəri
insanlaşdırıb. Ona görə də
aşağıdakı misralara laqeyd qalmaq olmur:
Bu şəhər
sevgimi aldı əlimdən,
Ondan gözləmirəm
daha xoş xəbər.
Səsini, rəngini
yaman dəyişib,
Bu axşam
onu da boğacaq qəhər.
Sabir Abdinov qələmə
aldığı mövzuları ürəklə
yazmağı bacaran şairlərdəndir. "Ürəyim"
şeirindəki aşağıdakı misralara nəzər
yetirək:
... Dağları
dağladı,
Kükrədi,
çağladı,
Bəxtimə
ağladı –
Ürəyim...
Onun şeirləri
lirikdir, həzin və musiqiyə yatımlıdır. Elə
ona görə də şairin onlarla şeirinə musiqi bəstələnib.
Bəstəkarlardan Vüqar Camalzadə və xüsusən
Nadir Əzimovla əməkdaşlığı səmərəli
olub. Mahnı mətnlərindən danışarkən
"Demə, mənə, heç nə demə",
"Unut, unut məni, unuda bilsən", "Sənə
sözüm var", "Sən yadıma düşəndə"
kifayət qədər uğurlu alınıb.
Bəzən
yeni kitab haqqında şairin qələm dostlarının,
ziyalıların sözü müxtəlif yanaşma təlqin
edən adi oxucu rəyindən daha effektli olur. Axı,
ziyalı sözü ümumi sənət meyarına daha
yaxın səslənir. Bu baxımdan, əməkdar junalist
Sahib Əliyevin "İncə duyğular şairi"
adlı ön sözünü xüsusi qeyd etmək istəyirəm.
Ön söz həm yığcam təhlil, həm də
oxuculara bələdçilik nöqteyi-nəzərindən
diqqətəlayiqdir.Arzum budur ki, Sabir Abdinovun bu yeni şeirlər
toplusu oxucuların, xüsusilə gənclərin
stolüstü kitabına çevrilsin.
Mətləb MİSİR
525-ci qəzet.- 2009.-18 fevral.- S.7.