Mirbəhram Əzimbəylinin "Səssizliyin harayı" kitabı təqdim olundu

 

Ötən gün istedadlı gənc yazar Mirbəhram Əzimbəylinin "Səssizliyin harayı" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan yazıçı Yaşar Mirbəhram Əzimbəylinin, hələ çox gənc olmasına baxmayaraq, yaradıcılığının bədii sanbalı ilə seçildiyini bildirib: "Bu gün sözünün işığına toplaşdığımız 15 yaşlı Mirbəhramın ömrü boyu öz kitabını yazmasını arzu edirəm. Fərqi yoxdur, kəmiyyətcə yazıçının qədər kitabı olursa olsun, əsas keyfiyyətdir. O, hələ yeniyetməliyindən sözə məhəbbət bəsləyib. 7-8 yaşından sözlə kəbinini kəsdirən Mirbəhram gələcəyin böyük söz adamı olmazdan öncə həssas qəlb sahibidir. Mirbəhram nümunəvi bir ailənin övladı olmaqla bərabər, həm Yazıçılar Birliyinin ən gənc üzvüdür. İndiyədək Birliyin tarixində ən gənc üzv ən azı 25 yaşında olub. Bu, Mirbəhramın gənc yaşında əldə etdiyi böyük uğurdur. Bütün bunlar göstərir ki, Mirbəhram çox erkən yaşdan sözə bağlanmaqla, bədii sözlə nəfəs almaqla əslində öz gələcəyini müəyyənləşdirib".

Gəncliyə Yardım Fondunun nümayəndəsi Salih Meliç Mirbəhramın yazmaq istedadını Allahın ona bəxş etdiyi böyük lütf kimi dəyərləndirib:

"Böyüklərin, valideynlərin də əsas vəzifəsi onun bu istedadını üzə çıxarmaq, bu çətin yolda ona dəstək olmaqdır".

lk kitablar ilk sevgi kimidir. Bu baxımdan mən Mirbəhramın hələ gənc ikən çap etdirdiyi kitablarını ilk sevgi kimi müqəddəs hesab edirəm. Mirbəhram, yaşı çox az olsa da, həyatdan, insanlardan, dünyadan istədiyini yaxşı bilir. Bu da onun parlaq istedadından xəbər verir. Mən Mirbəhramda daha çox şair ruhu görürəm. Amma gələcəkdə ədəbiyyatın hansı sahəsini seçmək, əlbəttə ki, Mirbəhramın qələmini hansı istiqamətə yönəltməsi ilə bağlıdır. Yazan adamın ən böyük xoşbəxtliyi eyni zamanda əzabı öz obrazları ilə baş-başa qalmasıdır. Mən bu gənc qələm dostumuza həmişə yaradıcılığın şirin əzabları ilə bir yerdə olmasını arzu edirəm". Bu fikirləri isə tanınmış yazıçı Sabir Azəri səsləndirdi.

 Tədbirdə iştirak edən Türkiyə səfirliyinin təhsil və dini xidmətlər üzrə müşavirləri Halis bəy və Müzəffər Şahin Mirbəhramın gələcəkdə türk dünyasının böyük şairləri Bəxtiyar Vahabzadə, Mehmet Akif, Nəcib Fazil Qısakürək kimi söz ustadları ilə bir ədəbi səviyyədə durmasını dilədilər. Tədbirdə Mirbəhramın gənc qələm dostları Günel Eminli, Sevinc Mürvətqızı, Əli Əlioğlu, Nahid, Ayxan Kiçikbəy də həmkarlarını təbrik edərək, təqdim olunan kitab haqqında fikirlərini bölüşdülər. Mirbəhramın təhsil aldığı Türk Dünyası Bakı Atatürk liseyinin müəllim və şagird kollektivi də öz ürək sözlərini və arzularını dilə gətirdilər.

Tədbirin sonunda çıxış edən müəllif kitab haqqında söylənilən xoş sözlərə görə qonaqlara və tədbir iştirkaçılarına minnətdarlığını bildirdi: "Gənc Ədiblər Məktəbinin bir toplantısında ədəbiyyata iddia ilə gəlməkdən söhbət açmışdıq. Onda qeyd etmişdik ki, hamı ədəbiyyata iddia ilə gəlir. Mənim əsas arzum odur ki, iddiam uğuruma çevrilsin, faciəmə yox". Kitaba yazılmış önsözlərdən birinin müəllifi Gənc Ədiblər Məktəbinin (GƏM) rəhbəri, AYB-nin katibi Rəşad Məciddir. "Gənc Ədiblər Məktəbinin ən gənc üzvü" adlı yazıda R.Məcid M.Əzimbəylinin ədəbiyyata, bədii yaradıcılığa yetkin bağlılığı olduğunu vurğulayıb: "İndi Mirbəhram Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü sayəsində yaradılmış Gənc Ədiblər Məktəbinin ən gənc üzvüdür. Ancaq onu fərqləndirən təkcə gəncliyi deyil. Mirbəhram ədəbiyyata böyük marağı, mütaliəyə həvəsi və yaradıcılığını təkmilləşdirmək istəyilə də diqqəti çəkir". İndiyədək onun bir çox təqdirəlayiq nəticələrə imza atdığını vurğulayan R.Məcid gənc yazarın istedadının və bədii təfəkkürünün get-gedə cilalanacağına inamını da ifadə edib.

 Kitabın ikinci ön söz müəllifi professor Kamil Vəli Nərimanoğlu Mirbəhramın yaradıcılığını yüksək qiymətləndirərək, onun həm nəsr, həm də nəzmlə yaratdıqlarının kifayət qədər maraqlı və oxunaqlı olduğunu "İkinci addım qətiyyətdir" adlı yazısında ifadə edib. K.V.Nərimanoğlu M.Əzimbəylinin bədii axtarışlarını, mövzu genişliyini və dilinin obrazlılığını bəyəndiyini də diqqətə çatdırıb.

 Xatırladaq ki, "Səssizliyin harayı" gənc yazarın oxucularla ikinci görüşüdür. Bundan əvvəl M.Əzimbəylinin "Bir çocuğun dünyasından səslər" kitabını oxuculara təqdim edilib. "Adiloğlu" nəşriyyatında çap edilən yeni kitabdakı poetik nümunələr "Şeirlər" və "Duyğularım" başlıqları altında toplanıb.
   

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet .-2009.- 19 fevral.- S.7.