Azərbaycan yurd bilgisi" -
böyük alimin dəyərli yadigarı
Bu yaxınlarda
qardaş Türkiyə Cümhuriyyətində Türk Dil
Qurumunun nəşriyyatında keçən əsrin 30-cu illərində
öz nəşri ilə böyük hadisəyə
çevrilmiş "Azərbaycan yurd bilgisi" dərgisi
kompleks halda, nəfis şəkildə işıq üzü
görüb. Məlumdur ki, həmin
dərgini uzun illər (1946-1973) İstanbul universitetinin kafedra
müdiri işləmiş Azərbaycanın görkəmli
türkoloq alimi və pedaqoqu Əhməd Cəfəroğlu
(1899-1975) öz vəsaiti ilə nəşr etdirib. Sədaqətli tələbəsi Osman Fikri Sərtqayanın
tərtibatında nəşr olunmuş bu irihəcmli elmi-ədəbi
kitab (1300 səhifə) qəlbi hər zaman vətən həsrəti
ilə çırpınan alimin anadan olmasının 110 illik
yubileyinə layiqli bir hədiyyədir.
Məsələ bundadır ki,
xalqımızın görkəmli alimlərindən olan
ölkəmizin sərhədlərindən uzaqlarda xalqın,
millətin adını yüksəldən Əhməd Cəfəroğlu
sovet dövlətinin ikiüzlü milli siyasətini ifşa
etdiyinə görə bu rejim onun dünya şöhrətindən
qorxub çəkinib, müxtəlif üsul və vasitələrlə
ona qara yaxaraq, iftiralar ataraq vətənə yaxın
buraxmayıb. Müstəqillik dövründə
ziyalılarımız bu böyük şəxsiyyət
qarşısında günahlarımızı az da olsa
yumağa çalışıblar. Belə ki, onun haqqında
bir neçə kitab nəşr edilib, ədəbiyyatşünaslıq,
folklor və dilçilik irsi haqqında dissertasiyalar
yazılıb. Bu baxımdan "Azərbaycan yurd bilgisi"nin
yenidən Türkiyədə nəşr edilməsi
mühüm mədəni-ictimai hadisə hesab oluna bilər.
1920-ci ildə
bolşeviklər müstəqil Azərbaycan dövlətini
zorla devirdikdən sonra bu işğalçı rejimlə
barışa bilməyən ölkənin qabaqcıl
adamları, işıqlı ziyalıları vətəni tərk
etmək məcburiyyətində qaldılar. Onların
böyük əksəriyyəti Türkiyəyə
mühacirət etməyi üstün tutdular. M.Ə.Rəsulzadənin
başçılığı ilə 1925-ci ildə
İstanbulda mühacir nəşriyyatı qurulduqdan sonra kitab
və qəzet nəşri daha
düşünülmüş və sistemli xarakter aldı. Siyasi
mühacirətin Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd
Əli Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əbdülvahab
Yurdsevər, Kərim Odər, Xəlilbəy Xasməmmədli
və başqa nümayəndələri Azərbaycan tarixi və
mədəniyyəti, Azərbaycandakı siyasi mübarizənin
və dövlət müstəqilliyinin tarixi, bolşevik
rejiminin özbaşınalıqları haqqında sərt həqiqətlərlə
zəngin yazılarını çap etdirməyə
başladılar.
Bu insanlar yeni şəraitə
yavaş-yavaş uyğunlaşsalar da, vətənin
istiqlalı, elmi və mədəni inkişafı daim
onları düşündürüb.
30-cu illərin əvvəllərindən
etibarən Azərbaycan mühacirəti fəaliyyət və
təsir dairəsini genişləndirərək əsas
ağırlıq mərkəzini Avropaya keçirmiş və
Azərbaycan həqiqətlərini daha böyük miqyasda
yaymağa başlamışdı. Lakin mühacirət mətbuatı
ilk günlərdən başlayaraq yalnız siyasi təbliğat
və şüarlarla kifayətlənməmiş, Azərbaycanı
tarixi mədəniyyəti, ədəbiyyatı ilə
tanıtmağı qarşısına məqsəd
qoymuşdu. M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan
tarixi", "Çağdaş Azərbaycan ədəbiyyatı",
"Əsrimizin Səyavuşu", M.Məmmədzadənin
"Azərbaycan tarixində türk Albaniya", Əbdülvahab
Yurdsevərin "Azərbaycan dramaturgiyası", "Azərbaycan
istiqlal savaşından səhnələr", H.Bayqaranın
"Azərbaycan istiqlal mücadiləsi tarixi", "XX əsr
Azərbaycanda yeniləşmə hərəkatları", Kərim
Odərin "Azərbaycan iqtisadiyyatı", İlhan
Aküzümün "Xəyanət kadroları" və
digər kitabları mühacirətin yalnız siyasi mübarizə
ilə məhdudlaşmadığını, Azərbaycan həyatının
bütün sahələrini əhatə etdiyini göstərir.
Yuxarıda
adları çəkilən əsərlərin 20-40-cı illər
Türkiyə və Avropa mühitində meydana
çıxması, heç şübhəsiz, türk islam
dünyası tarixində ilk respublika olan Azərbaycan Demokratik
Cumhuriyyətinə marağı xeyli artırmışdı.
Bu marağın elmi şəkil almasında və
düzgün istiqamətlənməsində mühacir nəşrləri
böyük rol oynamışdı. Təbii ki, Azərbaycana
marağın artması mühacirətçiləri ümumi
bəyanatlarla, siyasi məzmunlu əsərlər, kitab və nəşrlərlə,
mətbuat orqanları ilə məhdudlaşmamağa, spesifik tədqiqatlara
keçməyə ruhlandırırdı. 20-ci illərin
sonlarına doğru Türkiyə, yaxud Avropada təhsil alan,
Azərbaycan istiqlalı ideyasına ürəkdən
bağlı olan milli düşüncəli gənclərin
yetişməsi həmin məqsədin
reallaşdırılmasına imkan yaratmışdı.
Azərbaycanın mühacirətdə
yaşayıb onu layiqli şəkildə təmsil edən,
özünü Azərbaycan davasının yorulmaz və
şanlı əsgəri hesab edən nümayəndələrdən
biri də İstanbul universitetinin professoru, tanınmış
vətənpərvər alim və ziyalı Əhməd Cəfəroğlu
idi. Azərbaycan amalına həmişə sadiq qalan bu abidə
şəxsiyyət məhsuldar elmi və pedaqoji fəaliyyəti
ilə yanaşı Türkiyədə bilavasitə azərbaycanşünaslıqla
və eləcə də türk dünyası ilə
bağlı olan "Ülkü", "Türk
amacı", "Türk dili və ədəbiyyatı"
kimi ictimai-mədəni və elmi jurnalları nəşr
etdirib.
Bu sahədə "Azərbaycan yurd
bilgisi" jurnalının xidməti xüsusilə diqqətəlayiqdir.
Professor Əhməd Cəfəroğlunun təşəbbüsü
ilə İstanbul şəhərində nəşrə
başlayan "Azərbaycan yurd bilgisi" jurnalı
üç il kimi az bir müddətdə fəaliyyət
göstərməsinə baxmayaraq (1932-1934-cü illər),
dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin
öyrənilməsi tarixində böyük rol oynayıb.
Jurnal ayda bir dəfə, 48 səhifə
həcmində çap olunurdu, cəmi 36 (+1) nömrəsi
işıq üzü görmüşdü. Naşiri və
baş redaktoru Əhməd Cəfəroğlu olan bu
jurnalın redaksiya heyətinə professor Məhmət Fuad
Köprülüzadə, professor Zəki Vəlidi Toğan,
doktor Mirzə Hacızadə, doktor Məhəmməd
Ağasıoğlu və başqaları daxil idilər. Naşir
jurnalın təsis edilməsinin əsas məqsədinin hər
bir millətin dili, tarixi, ədəbiyyatı və mədəniyyəti
ilə bağlı tədqiqləri, elmi
araşdırmaları özünün əlində
olmasının zəruriliyi ilə bağlayır və bunu
milli şüurun əsas göstəricilərindən biri
kimi dəyərləndirirdi: "Öz-özünü
birbaşa tədqiq etməyən millətlər başqa millətlərin
etnoqrafik tədqiqat mövzusundan başqa bir şey
olmamışdır". Həqiqətən, Azərbaycanın
zorla Rusiya tərkibinə qatılmasından sonra heç bir
rus türkoloqu, şərqşünas alimi Azərbaycan dili və
ya ədəbiyyatı tarixini yazmaq fikrinə düşməmişdi.
İlk Azərbaycan dili haqqında sanballı əsəri Mirzə
Kazımbəy, ilk Azərbaycan tarixini isə Azərbaycan
türklərinin öz mühitindən yetişən Firudin bəy
Köçərli olmuşdu. Eyni sözləri mənəvi
həyatın digər sahələri haqqında da söyləmək
mümkündür. Rus və Avropa alimləri ən
yaxşı halda Azərbaycanla bağlı etnoqrafik tədqiqatlara
meyl göstərirdilər. Xalqın siyasi müstəqilliyinin
onun mədəni müstəqilliyinə əsaslanması
ideyasını müdafiə edən Əhməd Cəfəroğlu
Azərbaycan haqqındakı tədqiqatların bu xalqa mənsub
olan elm adamlarının əlində olmasını
mühüm amil hesab edirdi.
Elmi tədqiqatlarında
hər zaman elmi həqiqətlərə söykənən
alim Sovet Azərbaycanının mövcudluğunun ilk on ili ərzində
meydana çıxan filoloji tədqiqatları obyektiv qiymətləndirsə
də onların mövzuya yalnız bir tərəfdən,
bolşevik ideologiyasının tələbləri
baxımından yanaşdıqlarını açıq şəkildə
müşahidə edirdi. Ona görə də müstəqil
filoloji tədqiqatlar məcmuəsinin əsasını qoymaqla
prof. Əhməd Cəfəroğlu azərbaycanşünaslıq
sahəsindəki bu birtərəfliliyin, subyektivliyin, elmi həqiqətin
ideoloji ehkamlara qurban verilməsinin qarşısını almaq
istəyirdi və jurnalın üçillik fəaliyyəti
alimin bu məqsədə nail olduğunu göstərir.
İlk nömrədə jurnalın
qarşısında duran məqsəd və vəzifələrdən
bəhs edən Əhməd Cəfəroğlu "Azərbaycan
yurd bilgisi"nin yalnız Azərbaycan mədəniyyətinin
problemləri ilə məhdudlaşmayacağını, burada
ümumtürk mədəniyyəti ilə bağlı məsələlərin
də öz əksini tapacağını
vurğulayırdı: "Azərbaycan yurd bilgisi"nin məqsəd
və qayəsi yalnız Azərbaycanı hər xususda
yaxından bilən və tanıyanlarla bir tədqiq kadrosu
hazırlayaraq mədəniyyət tədqiqatı ilə
uğraşmaqdan ibarət olmayıb eyni zamanda onu bir ölkə
ilə əlaqədar irqdaş və mühiblərinə
tanıtmaqdır. Aydın məsələdir ki, məcmuəmiz
bununla da kifayətlənməyəcək və müştərək
türk mədəniyyətinin hələ
aydınlaşmamış olan nöqtələrini
işıqlandırmağa çalışacaqdır".
Dərginin 20 ildən sonra 1954-cü
ildə 37-ci nömrəsi işıq üzü görüb,
amma nəşri davam etdirilə bilməyib. Jurnal
1985-ci ildə üç cild olaraq faksimile halında nəşr
edilib. Bu dərgidə alimin Azərbaycan
mövzusuna aid qırxa yaxın məqaləsi də
işıq üzü görmüşdür. Alim onların bir qismini sonralar kitab şəklində
də nəşr etdirib. Onlar içərisində
doğma Azərbaycanla daha çox bağlı olan "Azərbaycan
ədəbiyyatında istiqlal mücadiləsi", "XVII əsr
Azəri şairi Məlik bəy Avcı" və XIX əsr
Azəri şairi Siraci" kimi nəşrlər, kitablar
mükəmməl elmi tədqiqat əsərləri olaraq diqqəti
cəlb edir.
"Azərbaycan
ədəbiyyatında istiqlal mübarizəsi" adlı əsərini
yazmaqda müəllifin məqsədi Qafqazda yaşayan türk
xalqlarının rus istilasına və rusların Qafqazda
qonşularına qarşı xəbis niyyətli nökərləri
olan erməni şovinistlərinin vəhşi əməllərinə
qarşı apardıqları mübarizəsini təsvir etməkdən
ibarətdir.
Ə.Cəfəroğlu
"XVII əsr Azəri şairi Məlik bəy Avcı" əsərini
yazmaqla 400 ilə qədər bir dövr ərzində bizə
naməlum qalan şair haqqında geniş məlumat verir.
Bu şairin həyatı və əsərləri
haqqında Cəfəroğlu əvvəlcə "Azərbaycan
yurd bilgisi" jurnalında məlumat vermiş, sonra onu
kitabça halında nəşr etdirmişdir. Bu tədqiqat əsərini oxuduqdan sonra adamda belə
qənaət yaranır ki, ümumiyyətlə, filoloji
baxımdan şair Məlik bəy Avcı
yaradıcılığı araşdırılmağa
layiqdir.
Ədəbiyyatımız
tarixində ilk dəfə Əhməd Cəfəroğlu tərəfindən
öyrənilən unudulmuş şairlərimizdən biri də
Siracidir. Alim Siracinin şeirlərini müxtəlif
mənbələrdən toplamış, onların bir qismini
AYB dərgisində çap etdirmiş, sonra bu
araşdırmalarını "XIX əsr Azəri şairi
Siraci" (İstanbul, 1932) adı ilə kitabça şəklində
nəşr etdirib oxucuların istifadəsinə vermişdir.
Bu əsərdə müəllif əslən
qarabağlı olan, sonralar Türkiyənin Amasiya vilayətinə
köçərək orada yaşayıb-yaratmış Mirhəmzə
Əfəndi Nigari və oğlu Siraci haqqında bizə məlum
olmayan faktları ortaya çıxarır.
Eyni zamanda məcmuədə nəşr
olunmuş Fuad Köprülünün "Dədə Qorqud
kitabına aid notlar", Zəki Vəlidi Toğanın
"Azərbaycanın tarixi coğrafiyası","Azərbaycan
etnoqrafiyası" adlı sanballı silsilə məqalələri
diqqəti cəlb edir. Jurnalda Azərbaycan yazılı və
şifahi ədəbiyyatının görkəmli nümayəndələrindən
Qətran Təbrizi, Xaqani Şirvani, Füzuli, Əhdi
Bağdadi, Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı,
Sarı Aşıq haqqında verilmiş dolğun məqalələr
ədəbiyyatımızın Türkiyədə, bu vasitə
ilə Avropada tanıdılması baxımından
böyük ictimai-siyasi əhəmiyyətə malik idi.
Bu jurnalda Ə.Cəfəroğlunun
"Böyük azəri alimi Mirzə Kazım bəy",
"Azəri ləhcəsində bəzi monqol ünsürləri",
"Şərqdə və Qərbdə Azəri ləhcəsi
tədqiqləri", "Mirzə Fətəli Axundzadə",
"M.F.Axundzadə haqqında bir vəsiqə", "Dil
guşəsi", "Özazəri sözlüyü",
"Azəri xalq ədəbiyyatında sayaçı sözləri"
kimi sanballı və böyük elmi əhəmiyyətə
malik məqalələri nəşr olunmuşdur.
Ə.Cəfəroğlu
Azərbaycan dilçiliyində bəlkə də Kazımbəydən
bəhs edən ilk alimdir. Bir azərbaycanlı
qüruru ilə müəllif məqaləsində Kazımbəyi
hər şeydən əvvəl oxuculara təqdim məqsədilə
onun həyat və yaradıcılığını
anlatmış, bundan sonra onun dilçilik görüşləri
üzərində durmuşdur. Məlumdur ki, XX əsrin
30-cu illərinin əvvəllərindən etibarən
Türkiyədə Dil İnqilabı başlamış,
türk dilindəki anlaşılmaz ərəb və fars sözlərinin dəyişdirilməsi
istiqamətindəki işə bütün maarif və mədəniyyət
müəssisələri səfərbər edilmişdi. Atatürkün təşəbbüsü ilə
yaradılmış Türk Dil Kurumu, Türk Tarix Kurumu bu sahədəki
işlərə rəhbərlik edirdi. Ə.Cəfəroğlu
ilk yarandığı gündən Türk Dil Kurumunun
üzvü olmuş, Atatürkün dil inqilabında fəal
iştirak etmiş, ulu öndərin yanında təşkil
olunan dil söhbətlərinə də bir neçə dəfə
qatılmışdır. Ona görə də
bu jurnalda yaradılmış "Dil guşəsi" də
bu dil fəaliyyətinə səs vermək, onu dəstəkləmək
məqsədi daşıyırdı. Buradakı
6 səhifəlik məqaləsində Ə.Cəfəroğlu
müstəqil Türkiyə dövlətində türk
dilinin inkişafı üçün bu qədər fəaliyyətlər
göstərildiyi halda Sovet imperiyasında türk
xalqlarını və türk dillərini parçalamaq istiqamətində
işlərin sürətləndiyinin müşahidə
olunduğunu qeyd edir. Göstərir ki, rus şərqşünas
və dilçiləri on illərcə türk dillərini
öyrənmədikləri halda, nədənsə 1926-cı
ildə keçirilmiş Bakı türkoloji qurultayı ərəfəsində
türk dillərinin fonetikasının öyrənilməsinə
böyük maraq göstərməyə başladılar və
bunun nəticəsində bir-birindən çox fərqlənən
latın qrafikalı türk əlifbaları
peyda oldu.
Jurnalda
Ə.Cəfəroğlunun dərc etdirdiyi "Özazəri
sözlüyü" məqaləsi də qayə etibarilə
əvvəlkinin davamı təsiri bağışlayır. Cümhuriyyətin
qurulması ilə ölkə milli? mədəni
inkişaf yolunda inamla addımladığı kimi dil sahəsində
də ərəb-fars dillərinin təsir dairəsindən
çıxmaq yolu tutmuşdu. Azərbaycanda
purizm hərəkatı adlanan bu hərəkat Türkiyədə
Öztürkcə adını alaraq ümumxalq hərəkatına
çevrilmişdi və böyük müvəffəqiyyətlər
qazandığı kimi Azərbaycana da müsbət təsir
göstərmişdi. Bunu Ə.Cəfəroğlu
da vurğulayaraq yazır ki, bu şərəfli milli dil
savaşı yalnız bu türk ölkəsinin sərhədləri
içərisində qalan bir savaş deyil, əksinə,
bütün hürr və istila altında yaşayan türk
ölkələrinin milli ülküsüdür. İstisnasız, hər türk ziyalısı bu
savaş səfində öz varlığını göstərməklə
mükəlləfdir. Məhz bu məqsədlə
də müəllif osmanlıcadakı sözlərin
qarşılığını tapmaq üçün
özazəri lüğətçəsi tərtib etmiş və
onu nəşr etdirmişdir. Müəllifin
osmanlıcadakı anlaşılmayan qəliz leksik vahidlərin
qarşılığı olaraq təklif etdiyi Azərbaycan
türkcəsindəki sözlər diqqəti çəkir.
Məsələn, müəllif affetmək yerinə
bağışlamaq, amele yerinə işçi, anahtar yerinə
açar, avdet, avdet etmek yerinə dönüş, dönmək,
ayna yerinə güzgü, berrak yerinə duru, beyhudə yerinə
boş yerə, bostan yerinə dirlik, cerahet yerinə irin,
çingene yerinə qaraçı, damat yerinə kürəkən,
defolmak yerinə itilmək, elbise yerinə paltar, etraf yerinə
çevrə, eziyet etmek yerinə incitmək, fakir yerinə
yoxsul, fazla yerinə artıq, qalabalık yerinə
tünlük, qaliba yerinə deyəsən, qani yerine varlı,
hafif yerinə yüngül, halim yerinə üzüyumşak,
hasta yerinə sayru, hifzetmek yerinə saklamak, hırsız yerinə
oğru, iade etmek yerinə qaytarmaq, ihtiyar yerinə qoca və
s. işlədilməsini təklif etmişdir.
Onu da qeyd edək ki,
dil inqilabının fəal iştirakçısı olan və
bu fəaliyyətinə görə Atatürkün diqqətini
çəkib rəğbətini qazanan professor Ə.Cəfəroğlunun
bu təkliflərinin bir qismi dil komissiyası tərəfindən
məqbul hesab edilmişdi. Onu da qeyd edək
ki, bütün ağırlıqlara və çətinliklərə
baxmayaraq, uğurla nəşr olunan jurnalın 1934-cü ildə
qəflətən qapadılmasına bəlkə də bir bəhanə
kimi Əhməd Cəfəroğlunun Atatürkün sevdiyi,
ehtiram göstərdiyi bir tədqiqatçı kimi 1934-cü
ildə II Türk Dili Qurultayındakı "Rus dilində ilk
türk yadigarları" məruzəsi səbəb oldu.
Çünki Rusiyanın dinləyici kimi salonda
iştirak edən Türkiyədəki səfiri məruzə
ilə əlaqədar bu ölkəyə etiraz notası
göndərdi. Bədxahları bu hadisədən
öz məqsədləri üçün istifadə edib
alimi Atatürkün gözündən salmağa
çalışdılar. Jurnalı
bağladılar. Amma bir az sonra hər
şey aydın oldu. Ulu öndər Atatürk
yenə Cəfəroğlunun qabiliyyətli bir elm adamı
olduğunu təqdir etdi. Axı Atatürk
Türkiyəni türkologiyanın mərkəzinə
çevirmək üçün Ə.Cəfəroğlu kimi
elm adamlarına qiymət verib onları Avropadan bu ölkədə
işləməyə dəvət etmişdi.
Azərbaycan mədəniyyətini
elmi prinsiplərlə öyrənməyi qarşısına məqsəd
qoyan bu mətbu orqan bu gün üçün də öz
elmi əhəmiyyətini qoruyub saxlamaqdadır. Türk
Dil Qurumunun xeyirxah bir niyyətlə nəşr etdiyi "Azərbaycan
yurd bilgisi" toplusu elmi işçilərə, filoloq və
türkoloq alimlərə, ümumiyyətlə ədəbiyyatımız
və dilimizlə maraqlanan bütün ziyalılara qiymətli
bir töhfədir.
Əbülfəz QULİYEV,
525-ci qəzet.-2009.-19 fevral.- S.7.