Vətən yolunu nişan verən əbədi poeziya işığı
BƏXTİYAR VAHABZADƏ İTKİSİ LİTVADA
DA DƏRİN KƏDƏRLƏ QARŞILANIB
Azərbaycan ədəbiyyatının
klassiki, görkəmli elm və mədəniyyət xadimi, mənəvi
intibahımızın istinad yeri və millətin ağrı
yaddaşı, el ağsaqqalı və xalq şairi Bəxtiyar
Vahabzadənin vəfat etməsi haqqında məhzun xəbər
uzaq Litvaya da gəlib çatdı və bizi dərindən
qüssələndirdi. Müxtəlif millətlərdən
olan Litva poeziya həvəskarları onu özünəməxsus
üsluba malik bir ustad şair, minillik Azərbaycan poeziyası ənənələrinin
layiqli davamçısı, çoxlu şeir və poema
kitablarının, dram əsərlərinin müəllifi, həm
də Litva şairlərindən Eduardas Mejelaytisin, Alfonsas
Maldonisin, Alfonsas Bukontasın və digər yazarların Azərbaycan
dilinə gözəl tərcüməçisi kimi
tanıyırdılar.
Bəxtiyar
Vahabzadənin şeir və qəzəlləri Litva dilinə
çevrilib çap edilmişdir. Onun
yaradıcılığında həm də Litva mövzusu nəfəs
alıb döyünürdü. Ötən əsrin 80-ci illərində
bir neçə dəfə Vilnüsdə və Kaunasda
olmuşdu. Litva təbiətinin gözəlliyini tərənnüm
edən misralar, eləcə də məşhur bəstəkar
və rəssam M.K.Çürlyonisin əsərlərinin
mövzu və süjetləri əsasında
şeirlər yazmışdı.
Uzun illər boyu gördüyü ilhamlı işlər sayəsində Azərbaycanda
Litvanın,
Litvada isə Azərbaycanın adı səslənirdi, bununla da ədəbiyyat, mədəniyyət və
incəsənət sahəsində
Azərbaycanda qazanılmış
bir çox uğurların bu Baltik ölkəsində təqdim olunması üçün əlverişli
imkanlar yaradırdı.
O, Litva Azərbaycanlıları
Cəmiyyətinin xəttilə də Litva mədəniyyət
xadimləri və buradakı qələm qardaşları ilə
yaradıcılıq əlaqələri saxlayır, səmimi
dostluq münasibətlərini davam etdirirdi. Bununla da yüz illərlə
tarixi olan Litva-Azərbaycan ədəbi əlaqələrini
genişləndirib gücləndirir, xalqlarımızın mədəniyyətlərarası
dialoqunda və qarşılıqlı anlaşma ənənələrinin
zənginləşdirilməsində ədəbi
uğurlarıyla şəxsən iştirak edirdi. Həm də
Azərbaycan-Baltik ədəbi münasibətlərinin
inkişafına verdiyi töhfələr timsalında Şərq
və Qərb sivilizasiyalarını bir-birinə
yaxınlaşdırıb tanıtmaq üçün əvəzsiz
işlər görürdü. 2005-ci ildə, anadan
olmasının 80 illiyi münasibətilə Litva
Respublikasının baş naziri Algirdas Brazauskasın ona
ünvanladığı təbrikdə şairin bu sahədə
göstərdiyi fəaliyyət və qoyduğu izlər
çox səmimi bir minnətdarlıqla qeyd edilmişdi.
Bütün
bunlarla bərabər xüsusilə vurğulamaq istərdik ki,
Azərbaycan dilinin təmizliyi, millətin
bütövlüyü və torpağın bölünməzliyi,
milli-mənəvi dəyərlərin qorunub
yaşadılması naminə Bəxtiyar Vahabzadənin alovlu
bir ehtirasla və böyük fədakarlıqla
apardığı mücadilə, milləti özünə
tanıtmaq üçün mütəmadi etdiyi açıq
və gizli savaşlar onu əbədiyyətə,
ölümsüzlüyə qovuşdurdu. Onun zəngin poetik
irsinin ürfan və bəsirət işığı xaricdə
yaşayan azərbaycanlılara bundan sonra da böyük Vətən
yolunu nişan verəcək, nurlu xatirəsi Azərbaycan diasporunun
qəlbində hər zaman yaşayacaq.
Dünya
ölkələrində yaşayan bütün həmvətənlərlə
yanaşı Litva azərbaycanlıları da xalqımıza
üz vermiş bu ağır itkidən kədərləndiklərini
bildirir, mərhumun ailəsinə və əzizlərinə,
Azərbaycan ictimaiyyətinə və şairin qələm
qardaşlarına, Bəxtiyar Vahabzadə istedadının
milyonlarla pərəstişkarına dərin hüznlə
başsağlığı verirlər.
Dərin hörmət və ehtiramla
Mahir HƏMZƏYEV,
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri,
Litva Respublikası
Hökuməti nəzdində
Milli İcmalar Şurasının
üzvü
525-ci qəzet.- 2009.- 20 fevral.- S.7.