Küləklə yoğrulmuş
palitra
Tofiq
Cavadov keçən əsrin əllinci illərinin sonunda Azərbaycan
incəsənətinə qəfil əsən külək kimi
daxil olmuşdu. Onun şaqraq rənglərinin
ekspressiyası, durğunluğu, kəsafəti qovan külək
təzəliyi, təravəti ilə təsviri sənətimizə
həkk olunmuşdu. Nikbin akkordlarla
çağlayan, bəzən qələbə marşı, bəzən
də bütöv bir simfoniya tək səslənən rəngkarlıq
dünyası ilə mədəniyyətimizin, təbiətimizin,
həyatımızın ümdə qatlarına sirayət etməyə
çalışmışdı. Duyğusuna, mövzu
seçiminə görə Tofiq Cavadov Azərbaycanın
ən realist rəssamıdır desək yanılmarıq. Sözün əsl mənasında sevimli
Abşeronunun qaynar təbiətinin, Qara şəhər,
Ağ şəhər - Bakı mənzərəsinin,
Sumqayıt sənaye səltənətinin sərt, dəmir-polad
qüdrətinin məğzini verməkdə heç kəslə
müqayisəolunmaz, əvəzsiz sənətkardı. XX əsrin
Azərbaycan paytaxtının ən dəqiq,
yaşarı obrazını tutmaq məhz Tofiq Cavadovun
yaradıcılığına nəsib olub desək,
mübaliğə etmiş olmarıq. Özü də necə?!
Ən müasir, təkrarolunmaz, rəssamın mücərrəd,
fiqurativ obrazlarla ifadə etdiyi reallıq.
XXI əsrin əvvəllərinəcən
bütövlükdə saxlanılıb, indiki nəsillərin
yaddaşına həkk olunanacan yaşamış sənaye
inqilabının, XIX-XX əsr neft bumunun bariz mənzərəsi
olan Qara şəhər, Ağ şəhərdə qalan nəhəng
neft çənləri, neftayırma, tərsanə
qovşaqları boruların, tiyanların div nəhəngliyi,
rənglərin qətran qatılığı ilə
T.Cavadovun kompozisiyalarının burulğanına pərçimlənib.
Onların zəhmi, qüdrəti müqabilində Xəzər
dənizinin bir parçası kompozisiyada küncə
qısnanmış göl təvazökarlığı ilə
göyərib tamaşaçının qəlbini riqqətə
gətirir. ("Qara şəhərin dənizlə
görünüşü"). Hələ keçən əsrin
50-ci illərində T.Cavadovun yaradıcılığında
ekoloji fəlakətin akkordları səslənməyə
başlayır. Həmin heybətli, zəqqutum nəfəsli
Qara şəhərdə göyə ucalan sobaların dəmir
qüllələrinin kənarına bərkidilmiş banlayan
xoruz, Don Kixot nizəsi, dəbilqəsi ilə atın
üstündə, raket təsviri (bəli, məhz XX əsrin
ilk illərində sənaye mühəndislərinin -
Sialkovskinin təxəyyül və tədqiqatlarına
heyranlıq və inam rəmzi kimi göyə millənən
qaranquş timsalında dəmir bacanın kəlləsinə
pərçimlədikləri çuqun raket forması), ulduz,
ay nişanları bu boyda gücün, zəhmətin
qarşısında uşaq arzusu tək kövrək, saf,
işıqlı bir təbəssüm yaradır. Bir neçə
kövrək ştrixlə elmin-texnikanın
qarşısıalınmaz gücünə, qüdrətinə
gülümsəyir, Qara şəhərin qaramatını
sındırır.
Tofiq Cavadovun
sənaye azmanlarının təsvirində, Qara şəhərin
bacalarındakı, arzu, işıq timsallı təsvirlərində
sağlam, saf, aydın bir təntənə var. Bu onun
şaqraq, əlvan rənglərinin himnində, rəng
şırımlarının ekspressiv dinamikasında
özünü göstərir. Onun tablolarında ümidli,
parlaq, günəşlə dolu həyat çağlayır.
Bu mənada Tofiq Cavadov keçən əsrin deyil bu
günün, gələcəyin rəssamı kimi qəlbimizdə
yenidən doğulur. Axı Azərbaycan bu dövrdə, XXI əsrdə
də öz rifahını, inkişafını sənayenin
(xüsusilə neft sənayesinin) elmin, texnikanın
inkişafına kökləməli olur. T.Cavadovun sənaye mənzərələri
parlaq, insan əməyinə himn kimi səslənir. ("Metaləridən
sex"). Lakin bununla belə onun əsərlərinin baş qəhrəmanı
küləkdir desək təəccüblənməyin. Sevimli
Abşeronun küləyi. Külək onun tablolarının
canı, kompozisiyalarının rəng yaxımlarının
axarını təyin edən qanıdır. ("Buzovna
aşırımı", "Badam bağları" və
s.) Abşeron yarımadasının körpəlikdən
hüceyrələrinə qədər işləmiş
küləyi əzəli çağırış kimi həmişə
onun tablolarının hakimidi. Özü
də müxtəlif ovqatlarda.
"Növbəyə
gedənlər" monumental tablosunda isə sanki küləyə
qarşı yürüş düzənlənib. Qayıqlarda
"döyüş meydanına" yan alan dəniz
neftçilərimi, yoxsa balıqçılarımı (onlar
yad ellərdən gələn küləyi dəf etməyə
gedən döyüşçülər də ola bilərlər)
inad və əzmkarlıqla dayanıb. Fiqurativ bloklarla
kompozisiya səthinə səpələnmiş obrazların
bütövlüyü, möhkəm iradə ilə bir-birinə
bağlanmış mətinliyi tutaşmanın hansı tərəfdən
əsən yellərlə olur-olsun birmənalı növbəsinə
can atanların qələbəsi ilə
qurtaracağını əvvəldən müəyyən etməyə
əsas verir. Monumentallığı, Azərbaycan incəsənətində
misli görünməmiş avanqard təfsiri ilə qalibiyyət
qazanmış rəssamın fırçasından bu əsər
1963-cü ilin 9 oktyabrında ölümündən sonra
açılmış birinci və yeganə fərdi sərgisində
ekspozisiyadan asılmaq üçün iqtidarın icazəsinə
möhtac qalmışdı. Sərgi "Növbəyə
gedənlər"siz açılmışdı. O da Tofiq
Cavadovun anasının yalvarışları sayəsində. Çünki
Tofiq Cavadovun doğma qardaşı Mircavad bu əsərsiz sərgini
açmaq istəmirdi. İqtidar sahibi isə bu tablo
ekspozisiyada olduğu təqdirdə sərginin
açılışını qadağan edəcəyini
bildirmişdi. Anasının göz yaşlarına tab gətirməyən
Mircavad ömründə ilk dəfə təslim olmuşdu. "Növbəyə
gedənlər" tablosu beləliklə dünənə,
srağagünə qədər yaş, rütubətli
anbarlarda onun-bunun küncündə, divarında qapanaraq
qısılıb işıq üzünə həsrət
qalmışdı. Axı iş o qədər
böyükdür ki, bir-birinə həncama ilə birləşdirilmiş
iki darvaza tayı boyda tablonu bərpa etməyə belə yer
tapılmamışdı. Amma dünyanın dəyişən-dönən
zəmanə yelləri bu gün elə bir dövrə gətirib
çıxarmışdı ki, "Növbəyə gedənlər"
Müasir Azərbaycan Sənəti Qalereyasında bütün
Azərbaycan sənətkarlarının yuxusuna belə girməyən
yüksək zövqlü, əsl qalereya interyeri olan təzə
sənət ocağında öz yerini tutub. Yarandığından
yarım əsr sonra nəhayət ki, öz xiridarını
tapıb. Bu əsərin itib-batmaması özü bir
möcüzədi. Rəssam qardaşı Mircavadın öz
işlərindən tərpənmək belə mümkün
olmayan "Xruşovka" evindən, emalatxana zirzəmilərinə,
hətta məscid küncünə köçhaköçdə
itib-batmayan, sənət nadanlarının biganəlik və
insafsızlığından salamat qurtaran T.Cavadovun əsərlərini
sanki Xaliq özü qoruyub. Bu da hər mütərəqqi
yaradıcılıq nümunəsinə nəsib olmur.
Ümumiyyətlə, Tofiq Cavadov irsinin bizə gəlib
çatmasında, imkan olduqca bərpa olunub üzə
çıxarılmasında sənətsevərlərin
hamısının səcdə etdiyi mərhum rəssam Rasim
Babayevə borcluyuq. O, Tofiq Cavadov onun irsinə təkcə
xalası oğlu olduğu, həm də zərif qəlbli, rəhmdil,
məişət, güzəran meydanında aciz uşaq kimi
köməksiz qalan, vaxtsız, faciəli ölümlə
ömrü qırılan bir insan olduğu üçün
deyil, sənət silahdaşı, getdikləri əbədiyyat
yolunun yoldaşı kimi ehtiram və yanğı ilə
yanaşırdı. Rasim Babayev gəncliyində iki xalaoğlusu
- Mircavad və Tofiq Cavadovla Buzovnada yiyəsiz qalmış
baxımsız bağda daldalanaraq yaradıcılıq
axtarışlarına qapıldıqları əyyamın
çək-çevirini, bir-birinin işini təqdir etdiklərini,
yaxud danaraq tənqid atəşinə tutduqlarını həmişə
riqqətlə xatırlayardı. XX əsrin Azərbaycan təsviri
incəsənətindən yaradıcılığı bu əsrə
və gələcək nəsillərə ötürüləsi
bir düjün sənətkarın içərisindən
dördünü bir ailədən yaratmaqla (Mircavad və Tofiq
Cavadov qardaşlarının xalası oğlu Rasim Babayev heykəltəraş
Fazil Nəcəfovla bir nəsildəndirlər) görəsən
Xaliq onların çiyninə hansı cavabdehliyi yükləmişdi.
Bir-birinə dar ayaqda həyan olmağımı, yoxsa bir sənət
və zaman kəsiyində yaşadıqlarına baxmayaraq
inadla bir-birinin estetikasını rədd edərək öz
yolları ilə getməyə üstünlük verməyimi?
Yəqin hər ikisini. Xüsusilə Tofiq Cavadovun böyük
qardaşı Mircavadla kəskin xasiyyət və sənət
ayrıseçkiliyi vardı. Həyatda və
yaradıcılıqda radikal inqilabı ovqatı ilə fərqlənən
Mircavad kiçik qardaşının seçdiyi mövzulara və
ifadə vasitələrinə qatı qarşılıqda
dayanardı. Bu estetika konflikti bəzən doğmaları
barışmaz qütblərə ayırardı. Belə
anlardan biri də Tofiq Cavadovun "Əlifba" kitabına
illüstrasiyalar çəkib aldığı məvacibə
ailəsini Moskvaya apardığı vaxta təsadüf
etmişdi. Mircavad anasından təkidlə Tofiqin
emalatxanasının açarını istəmişdi ki,
gedib baxsın, görək rənglərin arasında
özününkülər yoxdu ki?.. Mircavadın həmləsinə
tab gətirməyən anası açarı verməyə məcbur
olmuşdu. Uşaq cığallığı ilə
cırnayan böyük rəssam Mircavad qardaşının
emalatxanasını açarkən molbertdə
yarımçıq qalmış tablonun təsirindən
şaşırmış, nə üçün gəldiyini
belə unutmuşdur. Əncir ağacının
budaqlarından yapışmış, çovğunda
çabalayan qadınların paltarlarını Xəzrinin
vıyıltısı göyə sovurur. Qadınların əlləri
budaqlarda güclə davam gətirir. Sanki onları axirət
küləyi ağzına alıb. Mircavad başılovlu geriyə,
anasının yanına qaçmışdı ki, gör sənin
oğlun nə çəkib?! O, tablo yox, "Rekviem"
yaradıb!
Doğrudan da
sonralar sənətşünasların "Külək"
adlandırdığı bu yarımçıq monumental əsər
Tofiq Cavadovun kətan üzərində küləklə son
dialoqu oldu. Daha doğrusu, rəssam Tofiq Cavadov küləklə
axırıncı dialoqunu həyatda - Moskvada elektrik qatarı
dayanacağında başa vurdu. Şəhərkənarına
- qohumu, dostu, sənət həmkarı Fazil Nəcəfovgilə
arvadını, qızını və oğlunu qonaq
aparmışdı. Qayıdanbaşı rəssamlıq məktəbində
bir yerdə oxuduqları, intəhasız məişət
çatışmazlığından, əzəli-sonu
görünməyən dərviş kasadlığından
bezmiş həyat yoldaşı Validə Sarıcalınskaya
ilə qanqaraçılığı oldu. Arvadı,
uşaqları gələn elektrik qatarının vaqonuna minməyə
macal tapdılar. Tofiq Cavadov isə eynən tablosundakı əncir
budağından yapışan qadınlar sayağı
şütüməyə başlayan qatarın qapı məhəccərindən
yapışıb gedə-gedə vaqona adlamağa
çalışdı. Lakin ana bətnindən dialoqa girdiyi külək
- bu dəfə şütüyən qatarın küləyi
timsalında öz nöqtəsini qoydu. Məhəccərdən
qoparaq Tofiq Cavadov vaqonda gedən arvadının,
uşaqlarının gözü qabağında iki vaqonun
arasındakı qaranlığa yuvarlandı. Sonra relslərin
qıcırtısı, qəfil dayanan qatarın vəlvələsi,
tükürpədən çığırtı... Və
qan, qan... Heç nədən xəbərsiz qardaşı
Mircavadın həmin gecə yarı yuxu, yarı
ayıqlıq arasında gördüyü qan dənizi və
ölüm. Lakin bu sədalar telefondan yalnız səhərəyaxın
Bakıya gəlib çatacaqdı. Mircavad yalnız iş
işdən keçəndən sonra xəbər tutacaqdı.
Amma yox... Mircavadın yaradıcılığının ilk
illərində çəkdiyi bir tablosu var. "Tramvay
altında qalan adam". Relslərin şimşəktək
çaxan parıltısı tamaşaçını tiyə
kimi kəsir. Sanki başı bədənindən
üzülmüş adamın
çığırtısı iliyinə işləyir. Dəhşətdən
müvazinətini itirirsən. Rəssam hansı hüceyrəsi
ilə onilliklərlə sonra ailələrinə gələcək
fəlakətin sorağını almışdı. Hansı
fəhmlə böyük istedad sahibi qardaşının 37
yaşında relslər üstündə ömrünü
itirəcəyini sezmişdi? Özü də bilmədən,
həmişə nə üçün belə dəhşətli
tablo yaratdığını soruşanlara cavab tapmayan rəssama
həyat nəhayət özü cavab vermişdi. Bu istedad
sahibləri necə məxluqlarıdı? Onlara
keçmişin və gələcəyin də xəbər-ətərini
yükləyəndə Xaliqin yazığı gəlməmişdimi?
Tofiq Cavadov
"Külək" əsəri ilə axırıncı
tablosunu yaratdığını bilirdi. Həmin 63-cü ilin
iyul ayında mən naxələf dostumu axtarmağa rəssamlar
emalatxanasına getmişdim. Dostumu tapmayanda emalatxana
qonşularından soruşmağı qərara aldım. Odur
ki, zirzəmidəki qonşu emalatxanalara düşüb ilk
gördüyüm rəssamdan soraqlaşdım. Gördüm
deyən olmadı. Amma kətana gözünü dikməkdən
usanmış rəssamlar mənim azacıq da olsa ləngiməyim
üçün təzə işlədikləri şəkilləri
göstərməyə can atdılar. Bu şəkillərin məndə
maraq oyatmadığını görəndə, açıq
qapıdan Tofiqi çağırıb onun işini mənə
göstərməyə icazə istədilər. Onda mənim
ilk və son dəfə gördüyüm uzundraz, qaraqabaq
Tofiq Cavadov deyə, yoldaşlarının təqdim etdiyi rəssam
molbertdəki böyük kətanın üstündə
çalışırdı. Tablodakı köklü-köməcli
ağacdan yapışmış insan fiqurlarının
konturları sanki əsən küləyin gücündən
qopub bu saat üstünə gələcəklər. Qanıqara,
küskün rəssam acıqla dedi: - Axırıncı
işimdi!..
Yoldaşları
hərəsi bir tərəfdən onun sözlərini inkar etməyə
başladı.
- Elə
niyə deyirsən?
- Hələ
sənin əsl görəcəkli işlərin qabaqdadı.
Tofiq
Cavadov bezikmiş bir hərəkətlə əlini yellədi.
Sanki nə isə dözülməz bir
ağırlığı itələyirmiş kimi gərildi.
Onda mənə boy-buxunlu, rəssamlıq kimi bir istedadın (mənim
aləmimdə nadir nemətin) bağışlandığı
kişi xeylağının həyatla bu cür təfirqədə
olması təəccüb doğurdu. İnandırıcı
gəlmədi. Yoldaşları yer-yerdən onu ovundurmağa
çalışdı.
- Hə
də əlinin altındakı axırıncı işlədiyindi...
Tofiq Cavadov susdu.
Tofiq Cavadovun
tərkidünyalıqdan, aramsız işləməkdən təntidiyini
türk şairi Nazim Hikmət də sezmişdi. O, emalatxanaya
görkəmli şairimiz Rəsul Rza və o zaman yeniyetmə
olan yazıçı Anarla gəlmişdi. Nazim Hikmət Tofiqə
cəmiyyətdən qaçmamağı, həyatın hər
cür təzahürünə biganə qalmamağı
tövsiyə etmişdi. Üstəlik yaxşı qiymətə
gözəl bir natrümortunu alıb rəssama
dolanışıq məngənəsindən azacıq da olsa
çıxıb bir az soluğunu dərməyə imkan
yaratmışdı.
Təbiətlə
təmasa qalanda isə o dövrdə Tofiqlə qardaşı
Mircavadın, xalası oğlu Rasimin yeganə üst-üstə
düşən, yekdil məşğuliyyətləri idi. Onlarla
ayaqlaşmaq fikrinə düşən heykəltəraş
Fazil Nəcəfov söyləyir ki, bir-iki dəfə bunlara
qoşulub mən də getdim. Peşiman oldum. Bunlar dəvə
kimi şeylərdi. Ac-susuz, Lökbatandan vurub Qobustandan
çıxırlar. Elə dəvəyə də
oxşayırlar. Yemə-içmə, pay-piyada Cingir dağ,
Qobu, Pirallahı, Dübəndi. Mən bunlara dözə bilərəm?
Həftə ilə qılçalarımı ağrıdan tərpədə
bilmirdim.
Tofiq Cavadovun
bu gəzintilərdə Rasim Babayev tərəfindən çəkdiyi
şəkli də var. Elektrik dirəyi, təzə əkilmiş
tinglərin düzüldüyü təpənin fonunda
durmuş Tofiqin şalvarının balaqlarını külək
doldurub. O, qiyamət qopardan küləyin qabağında
güclə durur.
Yenə
külək. Fotosunda da Tofiq Cavadov küləklə mükalimədədir.
Özü də tablolarında çəkdiyi
montajçılara, poladəridənlərə
oxşayır. Rasim Babayev də deyirdi ki, Tofiq öz
tablolarının obrazlarına oxşayırdı. Keçən
əsrdə yaşayan hər bir azərbaycanlı kimi Tofiq
Cavadov da Azərbaycandan əsən küləklərin hər
növünə, hər üzünə yaxşı bələd
idi. Xüsusilə iyirminci, otuzuncu illərin, sonra isə
48-49-cu illərin siyasi küləklərinin neçə-neçə
nəsilləri kökündən kəsdiyinin, yurdları
viran qoyduğunun şahidi idi. Onun valideynləri,
qohum-qardaşları da bu küləklərə sinə gərə-gərə
pərvəriş tapmışdı. Tofiqin palitrasının
rəngləri də bir növ küləklə
mayalanmışdı. Külək ona gah yol yoldaşı, gah
ümid, müjdə timsalı, gah da qorxunc qüvvə
misalı olmuşdu. Bəzən o özünün də
obrazını külək təcavüzilə kompozisiyaya
daxil etmişdir. İndi Nyu-Yorkun Metropoliten muzeyində
saxlanılan motosiklin sükanından yapışmış
halda çəkdiyi avtoportretində olduğu kimi sanki atmosfer
qalınlığına qəfil və qətiyyətlə
girən titan timsalında vermişdi. Onun avtoportretini Tofiq
Cavadovun yaradıcılığında proqram, epoxa kimi qəbul
etmək olar. Bu portretlə o, sanki gələcək
yaradıcılığının, Azərbaycan incəsənətinə
gətirəcəyi yeniliyin təməlini qoyub. Beton-dəmir
boltların, batman-çuqun qaykaların
xışladığı natürmortlarının rəngkarlıq
məkanının sorağını verib.
Tofiq Cavadov və
Mircavad qardaşlarının əsərləri bir divarda qərar
tutmasalar tamaşaçısına sanki təcavüz edərlər.
Xüsusilə də Mircavadın tabloları. Tofiq Cavadovla
yanaşı isə sanki bir-biriləri ilə mükaliməyə
girib mühiti tarazlaşdırırlar. Əks qütblərin
ahəngi kimi birlikdə qüdrətli simfoniya yaradırlar.
Lap sağlıqlarında olduğu kimi qəbir daşları
yanaşı olsa da aralarında anası axirət yuxusunda
yatır ki, qardaşların çəkişmə-barışma
dalğalarının zərblərini yumşaltsın. Amma yenə
də foto. Heykəltəraş Fazil Nəcəfovun çəkdiyi
Tofiq Cavadovun son foto şəkli. O, bu fotonu onları
qonaqladığı Moskva ətrafı meşəlikdəki
"piknik" zamanı çəkmişdi. Tofiq Cavadov
arxası üstə yerə uzanıb. Sanki nəhəng
Atlantın kürəkləri yerə gəlib. Yan-yörəsində
qaçışan uşaqları, ayaq tərəfində
qalan həyat yoldaşı və digər "piknik" əhli
kadra düşməyib. Təkcə Tofiq Cavadov bədənnüma
torpağa sərilib. Bunu gündüz fotoaparat qeydə
alıb ayan eləmişdi. Axşam isə qatarla gələn
külək onu aparmışdı. 1963-cü il avqustun 20-də
cibində Bakı qatarına biletləri qalan bənzərsiz rəssam
Tofiq Cavadov tamam başqa yola düşmüşdü. Həmin
il xalası oğlunu, rəssam dostu Tofiq Cavadovu itirən,
ardınca da kiçik qardaşı Çingiz Babayevin nəşini
Almaniyadan əsgərlikdən qaytaran Rasim Babayev
"Qardaşımın xatirəsinə" tablosunu
yaratmışdı. Üst-üstə qalaqlanmış
cansız beton sütunların soyuqluğu,
ağırlığı tablonu rekviem kimi səsləndirir. R.Babayevin
bu əsərində nə isə T.Cavavadovun sərt-sıldırım
estetikasından bir səda, tikintisi yarımçıq
qalmış ən qədim Misir ehramının
konstruksiyasından bir xəbər-ətər var. Tofik Cavadov
da ona bəxş olunmuş monumental istedadını axıra qədər
açmağa macal tapmadı. Lakin onun yarımçıq
qalmış yaradıcılıq yolunun yer üzündəki
əlliyə qədər nümunəsi kifayətdir ki, necə
böyük istedadın, tablolarında istiliyi, həyatsevərliyi
aşıb-daşan əsl Günəş
övladının itkisinin dərinliyini anlayaq.
Misirlilərin
bəyənməyib tikintisini yarımçıq qoyduqları
ilk ehram indi də ondan sonra gələn kamillik timsalı olan
ehramlardan möhtəşəm, qüdrətli
görünür. Tofiq Cavadovun eksprement hesab etdiyi, hələ
ciddi yaradıcılıq dövrünün qabaqda olduğunu
güman etdiyi illərdə yaratdığı əsərlərinin
indi də müqayisəolunmaz ifadəliliyinin, Günəş
enerjisinin tayı-bərabəri görünmür.
Və görən,
zamanın hansı küləkləridir ki, Tofiq Cavadovun
yarımçıq ömrünə Rasim Babayevin
yaratdığı "Qardaşımın xatirəsinə"
tablosunun timsalında qədim Misir ehramının
yarımçıq konstruksiyasının estetikası ilə
xatirə lövhəsi qismət eləyib?!
Sara OĞUZ NƏZİROVA
525-ci qəzet.- 2009.- 20 fevral .- S.7