Dəyərli multiədəbiyyat nümunəsi

 

ELÇİN HÜSEYNBƏYLİNİN "ON ÜÇÜNCÜ HƏVARİ - 141-ci DON JUAN" ROMAN-EKSKURSU HAQDA QEYDLƏR

 

Yeni Azərbaycan əbəbiyyatındakı çağdaş mürəkkəb prosesləri, onun uğurlu və problemli tərəflərini qiymətləndirərkən, dünya ədəbi-bədii söz sənətinin çağımızdakı tələblərindən ortaya çıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji standartlarından - kulturoloji qəliblərindən yararlanmaq mütləq lazım gəlir: yoxsa qloballaşan, inteqrasiyaya məruz qalan planetar düşüncənin səviyyəsindən, kulturoloji-mədəni hadisələrin inkişafından yeri qalacaq, milli ədəbiyyatımızın gedişatını, istiqamətini yalnış səmtə yönəldəcəyik. Bu mənada çağdaş ədəbiyyat hadisələrinin arasında elə nümunələri seçib qiymətləndirmək lazımdır ki, o, yalnız milli estetik-bədii düşüncə məhsulu olaraq dəyər kəsb etməsin, əksinə, həm də dünya mədəniyyətinə, günümüzün bədii söz sənətinə yeniliklər qatsın, keyfiyyət və kəmiyyət dəyişikliklərinə aparıb çıxartsın, qlobal kulturoloji tələbata çevrilsin.

Son illər yaranan ədəbiyyat nümunələrinə, bir-birindən maraqlı əsərlərə diqqət ayıran araşdırıcılar, sözsüz, sıravi qələm adamlarına deyil, peşəkar yazarların yaradıcılığına daha çox diqqət ayırırlar ki, bu hal da anlaşılandır. Biz qapalı - rusdilli mədəni mühitdən qurtulub, dünya miqyaslı kulturoloji meydana qədəm qoyanda, elə ədəbi -bədii nümunələrlə, sənət hadisələri ilə çıxış etməliyik ki, ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı, humanitar-yaradıcı düşüncəmizi tanıtmaq əvəzinə, "qara siyahı"ya düşüb, özümüzü "yandırmayaq".

Bu baxımdan çağdaş Azərbaycan ədəbi-bədii düşüncəsində özünəməxsus yeri ilə seçilən, hər yeni əsəri ilə peşəkar filoloqlardan tutmuş, adi oxuculara qədər ölkə ictimaiyyətinin müxtəlif təbəqələrini yaradıcılıq uğurlarıyla maraqlandırmağı bacaran, tənqidçilər, mədəniyyət yazarları, filoloqların bilimsal müzakirələrinə rəvac verən, əsərləri respublikamızın müxtəlif ali təhsil ocaqlarının ədəbiyyat proqramlarına daxil edilən, bir sözlə, fərqli dəst-xəttilə yaşadıqlarından seçilən istedadlı yazıçı-dramaturq, publisist-naşir, tərcüməçi Elçin Hüseynbəylinin romanlarını nümunə kimi araşdırmaya cəlb etmək tədqiqatçıya xüsusi filoloji zövq verir.

 Elçin Hüseynbəylinin yeni yaradıcılıq uğuru sayılan "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursu ətrafında düşüncələri bölüşmək üçün ənənəvi ədəbi-tənqidi metodlardan yararlanmaq lazımi effekti vermədiyinə görə tədqiqatçıya daha geniş imkanlar verən kulturoloji-estetik düşüncə texnologiyalardan bəhrələnmək vacibdir ki, həm bu maraqlı, oxunaqlı bədii nəsr əsəri, həm də çağımızın ədəbi-fəlsəfi problemləri haqqında fikirləri bölüşmək asan olsun. Əslində, bu, bir yaradıcı intellektual olaraq E.Hüseynbəylinin sənət uğurudur ki, qələmə aldığı hər bir əsər, sadəcə, sükutla qarşılanmır, əksinə, dövrün bir çox ciddi problemlərinin araşdırılması üçün ictimai-mədəni polemikalara təkan verir. Hər çağın öz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir.

Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-texniki tərəqqinin son nailiyyətləri-yazılı və elektron KİV, internet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaxud da İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində yaşayan insanlar sürətlə xəbər tuturlar: yetər ki, maraq və həvəs olsun. Bəs "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursunda bu sadalanan məsələlərin izlərini görmək mümkündürmü? Gəlin əsərin ilkin qatına nəzər yetirək: elə ilk səhifələrindəcə Şərq və Qərb dünyasının paralel müqayisəsini, bir-birindən fərqlənən, eyni zamanda biri digərini tamamlayan bu sivilizasiyaların arasında sıxılan bütöv Azərbaycan məsələsində yazıçı çox polemik, maraqlı nəticə, mülahizələr irəli sürür. Ola bilsin ki, bu təhtəlşüurdan irəli gələn fikirlərdir, bəlkə də bizim əsərin alt qatından çıxartdığımız qənaətlərimiz kimi də qəbul etmək mümkündür: bir sıra tarixçilərin, alimlərin irəli sürdüyü elmi nəticələrə rəğmən, otaylı-butaylı Azərbaycan 1813-1828-ci illər Rusiya-İran arasında bağlanan məşhur bölüşmə müqavilələrindən sonrakı proseslərin məntiqi sonu kimi deyil, yəni Mirzə Fətəli Axundovdan üzü bu yana, maarifçilərin apardığı ictimai-mədəni hərəkat nəticəsində Avropaya istiqamətlənməyib, əksinə, Xətainin dövründən üzübəri Qərb dünyasının bir parçasına çevrilməyə başlayıb. Romanda bu mürəkkəb prosesin başlanğıcı oxunaqlı formada izlənilir. Müəllif özü tarixi qəhrəmanın səfərinin marşrutu ilə, demək olar ki, üst-üstə düşən bir məsafəni qət edir və romanda tarixiliklə çağdaşçılığın vəhdəti kimi paralel olaraq hər iki "yürüşü" oxucuya nəql etməklə həm çağdaş, həm də sırf tarixi roman texnologiyasının ortaq sintezini yaradır.

Romanın əvvəlindəki Şərq mistisizmi, etnoqrafik rəngarənglik əsərin sonunda Avropa rasionallığı, Qərb multimədəniyyəti ilə əvəzlənir. Yazıçı həm İslam, həm də xaçpərəst dini bilikləri, həm Azərbaycan-İran, həm də Avropa-İspaniya tarixini dərindən bildiyini tarixi və müasir ictimai-siyasi hadisələrə, mənəvi-milli proseslərə qlobal ponoramatik baxışlarını əsərdə əks etdirməklə sübut edir. Oxucu tarixi hadisələrin sanki canlı şahidinə çevrilərək bir çox mənalarda Azərbaycanı, dolayısı ilə də Azərbaycan insanını, bəlkə də özünü axtarıb tapır. Multimədəniyyət - multiədəbiyyat hadisəsi müxtəlif dəyərlərdən yeni, daha qiymətli dəyər yaratmaq texnologiyasıdır: bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət nümunələrinə kimi hər şeyi özündə birləşdirən mürəkkəb prosesdir.

Əlbəttə, multimədəniyyəti qloballaşmanın ideologiyası, yaxud kütləvi mədəniyyətin yeni forması kimi qəbul etmək olar, amma geniş mənada o, planetar düşüncənin ən maraqlı istiqaməti, çağımızın dəbdə olan kulturoloji qatı sayıla bilər. Onsuz da bütün dövrlərdə ictimai-estetik düşüncənin elitar, ortabab və diletant nümunələri yaranıb: qlobal hadisə sayılan multimədəniyyət, multiədəbiyyat da kütləyə, ciddi sənətə və əbədiyyətə ünvanlanmış məhsullar ortaya çıxarar.

Dramaturq Elçin Hüseynbəylinin oxuculara təqdim olunan "On üçüncü Həvari- 141-ci Don Juan" roman-ekskursunu bu baxımdan ilk çağdaş milli multimədəniyyət-multədəbiyyat nümunəsi saymaq olar.

 Maraqlıdır, E.Hüseynbəyli nə italyan intellektual yazıçısı Umberto Eko ("Qızılgülün adı", "Saatsız Fuko"), yaxud türk nobelçisi Orxan Pamuk ("Qara kitab", "Mənim adım Qırmızı") kimi yüksək estetik zövqə malik ədəbiyyatsevərlərə ünvanlanmış intellektual postmodern roman, nə də braziliyalı nasir Paolo Koelo ("Kimyagər"), ya da dəbdə olan ingilis yazarı Den Braun ("Da Vinçi kodu") kimi ortasəviyyəli oxucular üçün nəzərdə tutulmuş art-modern macəra əsərlər formasında deyil, məhz onların ortaq dəyərlərini, eyni zamanda Şərq ədəbiyyatının və Qərb romanının poetik-kulturoloji texnologiyalarının sintezini yaradaraq əsl multiədəbiyyat nümunəsi ortaya qoya bilmişdir. Əslində bu romanı sevgi, tarixi, modern, posmodern, sərgüzəşt, səyahət, etnoqrafik, sənədli, neomemuar və s. janrlı əsərlərin həvəskarları eyni maraqla mütaliə edə bilərlər. Müəllif sözün yaxşı mənasında, ustalıqla hər cür oxucunun mütaliə həvəsini bu romana yönəldə bilir, hamını "aldadaraq" ciddi bir əsərə dövrümüzün bütün sənət dəblərindən estetik-poetik "don" geydirə bilir. Şərq-sufi fəlsəfəsi, tarixin sirləri, səyahət-səfər sərgüzəştləri, Güney Azərbaycan etno-mədəni dəyərləri, Avropa saray intriqaları, "Don Juanlıq" sirləri, İspaniya mədəniyyəti, sivilizasiyaların toqquşması, Qərb incəsənəti, qadın-kişi münasibətlərinin psixoloji tərəfləri, insani münasibətlər, daha başqa mətləblər əsərin iki qəhrəmanı - Oruc bəy və müəllif tərəfindən intellektual süzgəcdən keçirilir.

Dünya kulturoloji-fəlsəfi çevrələrində yaşadığımız çağ müxtəlif xalqların və fərqli mədəniyyətlərin, başqa sözlə, İslam, xristian, yəhudi, buddizm-Asiya, Şərq, türk, Avropa, Amerika, ərəb, Afrika sivilizasiyalarının inteqrasiyası dövrü kimi şərh olunmağa başlanıb. Ayrı-ayrı sahələrin mütəxəssislərinin, dünyanın aparıcı intellektuallarının, yaradıcı şəxslərinin, müxtəlif nüfuzlu düşüncə adamlarının fərqli-rəngarəng sivilizasiyaların qaynayıb-qarışdığı mərhələ kimi səciyyələndirdikləri bu dövr artıq özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. Lokal formatda, yəni ictimai-siyasi, sosial-mədəni, kulturoloji-fəlsəfi forma şəklində Avropa Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək, Avropa evi ideyası məhz bu baxımdan gerçəkləşdi.

 Bayaq da qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə düşüncə adamları, yaradıcı şəxslər durub. Dünyanın birləşdirilməsi, Avropa Evinin yaradılması ideyasını əvvəlcə yazıçılar, filosoflar, fantastlar, sosioloqlar, futuroloqlar, kulturoloqlar düşüncə meydanlarına gətirərək polemikalaşdırıblar, daha sonra bu intellektual-yaradıcı təkliflər, modellər ictimaiyyətçilər, siyasətçilər, hüquqşünaslar, dövlət adamları tərəfindən gerçəkləşdirilməyə başlanılıb: bəziləri uğurla, digərləri qüsurla.

 Özünün coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə, yaşam tərzinə görə Azərbaycan son beş əsrdə yaradılmasında fəal iştirak etdiyi Avropa məkanına daxil olan məmləkətlərdən sayılır. Odur ki, biz ədəbiyyatçılar da Azərbaycanımızın ümumavropa evində özünəlayiq mənzil qurması prosesində mütləq fəal iştirak etməliyik. Bu mənada yazıçı-dramaturq Elçin Hüseynbəylinin oxuculara təqdim olunan "On üçüncü Həvari - 141-ci Don Juan" romanı qlobal məsələlər barədə düşünmək, ictimai-kulturoloji polemika aparmaq üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii əsərin filoloji təhlilinə dərindən varmadan, təkcə onu bildirməyi lazım gördük ki, bu roman inteqrasiya dövrünün ədəbiyyat nümunəsi kimi milli söz sənəti tariximizdə artıq öz yerini tutub.

E.Hüseynbəyli Azərbaycanın Avropaya üz tutduğu çağlarda - 400 il bundan əvvəl baş vermiş tarixi hadisənin işığında Azərbaycan -Avropa münasibətlərini milli ədəbiyyata gətirməyə müvəffəq olur və dünya söz sənətində yeni tendensiyalara cavab verən bir ədəbi nümunəylə oxucuları düşündürməyə vadar edə bilir. Dövlətçilik tariximizin şərəfli çağlarında Oruc bəy Bayatın avropalı Don Juana çevrilməsi labüd idimi?!

Roman müəllifi özü şəxsən əsərinin qəhrəmanı - Oruc bəy Bayatın ozamankı səfər marşrutu ilə üst-üstə düşən bir səyahətə çıxaraq (həm də bu paralel yolu öz əsərində göstərməklə) çağdaş Azərbaycan ictimaiyyətini illər boyu düşündürən bir çox problematik -fəlsəfi suallara kulturoloji-ədəbi cavab axtarır. Çağdaş Azərbaycanın Şərq, yaxud Qərb, Avropa və ya Asiya ölkəsidir? Bizə Ümumavropa Evində yer varmı? Tariximizdən necə yaralanmalı və keçmişimizdən nələri öyrənməliyik? Azərbaycan insanı inteqrasiya və qloballaşma çağında özünün milli və etni-mədəni simasını dəyişməlidirmi?

Elçin Hüseynbəylinin yeni romanının alt qatlarında bu kimi cavabı mürəkkəb suallar çoxdur, hətta oxucuya elə gəlir ki, müəllif bir çoxlarına cavab da tapıb. Fəqət bu əsərin, ümumiyyətlə isə inteqrasiya çağının dəyərli ədəbiyyat nümunələrinin əsas uğuru ondadır ki, oxucuya analitik-kulturoloji biliyini artırmaq və ictimai-mədəni polemikalara qoşulmaq üçün böyük enerji verir.

Qayıdaq ədəbi-filoloji məsələlərə: müasir dünya bədii söz sənətində gedən prosesləri izləyən oxucular gözəl bilirlər ki, son illər yaranan əksər dəyərli əsərlər millilikdən çox bəşəri, qlobal əhəmiyyət, dünyəvi mahiyyət kəsb edir. X.L.Borxes, X.Kortasar, İ.Brodski, U.Eko, P.Züskind, X.Murakami, O.Pamuk, P.Koelo, V.Pelevin və başqa intellektual yazıçıların əsərləri ilə tanış olmaq kifayət edir ki, ədəbiyyatın yalnız milli əhəmiyyət daşımadığını, daha çox bəşəri məna kəsb etdiyini, xalqlararası yaxınlaşmaya yardımçı olduğunu, mədəniyyətlər arasında dialoq, sivilizasiyaları qarşılıqlı bəhrələnməyə çağırdığını görə bilək. Bu mənada Elçin Hüseynbəylinin "On üçüncü Həvari - 141-ci Don Juan" roman-ekskursunu da, qısqanmadan o sıraya daxil edə bilərik: nəzərə alaq ki, yazıçı bu günlərdə işıq üzü görmüş növbəti uğurlu əsərində - "Şah Abbas" romanında da vurğuladığımız problemlərə qayıdır.

 

 

Aydın XAN,

Yeni Yazarlar və

Sənətçilər Qurumunun sədri

 

525-ci qəzet.-2009.- 21 fevral.- S.29.