Şərifin "evi yıxıldı"

 

ŞƏRİF AĞAYARIN "KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI" VƏ ÜMUMƏN NƏSRİMİZ HAQQINDA TƏNQİDİ QEYDLƏR

 

Şərif Ağayarın son dörd ildə yazdığı hekayələrdən biri - "Aftafalı antrakt" həm adı, həm məzmunu ilə keçid dövrü ədəbiyyatını, əksər cavan yazarların fəaliyyətini, nəhayət, müəllifin özünün son illərdəki yazılarını dəqiq səciyyələndirir. Amma o, "aftafasını" söz teatrının "gözəl" yerində qoyub foyeyə, avansəhnəyə çıxmaq istəyir. Haqqında söz açmaq istədiyimiz "Kərpickəsən kişinin dastanı" (K.K.D.) hekayəsini, ilk öncə, bu istəyin ifadəsi kimi anladım. Şərifin bir neçə il öncə yazdığı "Kosmos əsrinin gerçəkləri" silsiləsindən olan etüdlərini sözün ciddi mənasında nəsr adlandırmaq hələ mümkün deyildi. Etüdlərlə müqayisədə hekayədəki irəliləyiş göz qabağında olduğu kimi, müəllifin bu hekayə ilə başlayan perspektivi hiss olunur. Amma...

 Hekayə sosial-mənəvi problemlərə həsr olunub. Kosmik-metafiziki ucalıqlara qalxmaq (İ.Muğanna - "İdeal"), mistik-şüuraltı dərinliklərə enmək (M.Süleymanlı - "Köç", A.Məsud - "İzdiham"), ya da bu ikisi arasındakı psixoloji-fantastik qatda aşağı-yuxarı gəzişmələr eləməklə (Anar - "Əlaqə") sosial-mənəvi düşüncə zolağını çoxdan aşmış milli nəsrin nailiyyətlərindən sonra sadəcə sosial-mənəvi problematikaya dönüş ən yaxşı halda bir addım irəli, iki addım geri deməkdir. Bu, müəllifin istedad yox, ilk öncə intellekt nəsr təcrübəsi problemləriylə bağlıdır. Demək, Şərif hələ özü üçün yazır - "razminka" eləyir. Amma "K.K.D" bir damcı istedada doxsan doqquz damcı tər qatan gələcək nasirin ilk işartılarından xəbər verir müəllifin özünəqədərki nəsrlə müqayisədə axsayan tərəflərini kompensasiya eləyən yeniliklərə malikdir.

 Bundan başqa Şərifdə öz ədəbi nəslinə mənsub yazarların əksəriyyətində olmayan ümummilli taleyüklü problemlərə razılıq doğuran meyl də var. Bu, savad və poetexnoloji yöndən Şərifdən irəlidə olan Fəxri Uğurlu, yaxud İlqar Fəhmidə yoxdur və ya zəifdir. Uzun müddət agentlikdə işləməsiylə bağlı aktual tematikaya intensiv marağı ilə seçilən E.Hüseynbəyli isə Fəxri və İlqarın göstəricilərinə lazımi səviyyədə malik deyil. Yeni nəsil yazarlar arasında nasir kimi yetkinliyinə görə seçilən Yaşarın uzunmüddətli sükutu onun haqqında yeni söz deməyə hələki imkan vermir. M.Cəfərli və M.Nurun uğurları o qədər də uğurlu olmayan eksperimental modernistik axtarışlar içində itib-bataraq qaranlıq gecədə arabir çaxan şimşək təəssüratı oyadır. Bu yazarların hamısının yaradıcılığını Vaqifin məşhur bir misrasından keçirmək olar:

 

 Sahibi-zərdə kərəm yoxdur,

 kərəm əhlində zər.

 

Burda Yaşar və Fəxri "kərəm", Elçin isə "zər" kateqoriyasının tipik nümayəndələri olub diametral əks qütblərdə dururlar. Yerdə qalanları bu və ya digər tərəfə yaxın olmaqla arada qalanlar - "marginallar" kimi səciyyələndirmək olar. Cənab marginallar, qorxmayın, sakin olun, dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin dediyinə görə, ən ciddi şey elə marginallıqdır.

Marginal Şərif yazır ki, Laçın qaçqını olan bir kişi yeni məskunlaşdığı kənddə özünə ev qaralamaq istəyir: evin sallamaları üçün ağac axtarır; bunun üçün çox adamı (sədr, sahə müvəkkili, təftiş və s.) "görür"; yerli əhalidən olan Kərim adlı cavan və onun aliəsi ilə qaçqınlar arasında toqquşma baş verir; ikinci - nisbətən zəif toqquşma qaçqın kişinin oğlunun uzaqdan-uzağa vurulduğu Sonya adlı qızın atası ilə olur; hər iki toqquşmadan qalib çıxan qaçqınların çiy kərpicdən tikilən evi, nəhayət, başa çatır, amma səhər tezdən evə yığışmaq istəyən kişi, onun tavanının uçduğunu görür... Fabula bundan ibarətdir.

 Hekayə postmodernistcəsinə düşünülsə də, ənənəvi nəsrə məxsus ən vacib cəhətləri də saxlayır:

 - fraqmentar, qeyri-xətti "süjet" üstündə qurulmuş postmodernist əsərlərin əksinə olaraq, hekayə xətti təhkiyə üstündə gedir - olduqca sadə xronotopa malik hadisələr bir düz xətt üzrə əvvəldən sona doğru irəliləyir;

 - xarakter yox, situasiyanı ön plana çəkən postmodernist ənənənin əksinə olaraq, hekayədə hətta epizodik surətlər də müəyyən xarakterik cizgiləri ilə yadda qalırlar: təhkiyəçi - utancaq, amma daxilən lovğa və küt bir gənc; qaçqın kişi - zahirən avam, əslində, çevik, çoxbilmiş, hətta hiyləgər kəndli; Sonya - təzə yetişmiş, işvəkar, mənən dayaz bir qız; Sənəm arvad - qeybətcil, həm də xeyirxah qarı və s.

 - obrazların portretinin dəqiq təsviri "simasız" postmodernizm üçün səciyyəvi olmadığı halda, hekayədə obrazlar əksərən özlərinin zahiri çizgiləri ilə aydın görünürlər: "Aramızda qalsın, Sonyaya vurulmuşdum. Gözəl qız idi. Uzun saçları, göy gözləri, yaşının az olmasına baxmayaraq gəlişmiş boy-buxunu, üstəlik belindəki səhəngə belə naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı. Bütün tövrü ilə başını nümayişkaranə qaldıran məmələrini ətrafdakılara göstərir, hamını bu gözəl tənasüblüyün fərqinə varmağa məcbur edirdi". Bir sözlə, işvəkar və tipik kənd gözəli. Bir az Şoloxovun Aksiniyası ("Sakit Don"), bir az Ə.Vəliyevin Nübarı ("Turaclıya gedən yol"), bir az M.İbrahimovun Pərşanı ("Böyük dayaq"), bir az İ.Şıxlının Mələyi ("Dəli Kür"), daha çox İ.Əfəndiyevin Güləbətini ("Dağlar arxasında üç dost"), ən çox da Vaqifin "dal gərdəndə hər hörüyü bir qulac" sənəmləri... Amma kəndlərdə belə qızlar daha olmur: ən azı saçlarını kəsdirirlər; "səhəng" isə ümumən anaxronizm kimi görünür. Məncə, bu portret də, xarakter də hekayəyə daha çox məlum ədəbi ənənədən gəlir. Yeri gəlmişkən, Sonyanın gözlərinin rəngi bir neçə səhifə o yana dəyişir: "Kəndin aralığından - mərkəzdəki böyük dükanın qarşısından keçəndə Sonyanın bir dəstə qıznan sudan gəldiyini gördüm. Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. Mümkün olmadı, yaşıl gözləri bir anlığa şəklimi çəkib yaddaşına köçürdü". Bu qəribə dəyişkənliyi bircə cür yozmaq olar - yəqin Sonya göy gözlərinə yaşıl linza qoyub! Ənənəvi nəsr elementləri Şərifin köhnə nəsrə düşünülmüş sədaqətindən irəli gəlmir. Hələ formalaşma keçirən gənc şüuraltı olaraq İ.Əfəndiyev dönəmində olsa da, şüurlu olaraq postmodernist yeniliklərə can atır. Birinci amil hekayədə yuxarıdakı ənənəvi, ikinci isə aşağıdakı postmodernist nəsr elementlərini əmələ gətirir:

 - mahiyyətcə tragik məzmununa baxmayaraq, hekayə əvvəldən axıracan "şən" və ironik bir ovqata köklənib; amma müəllifin öz hədəflərinə münasibətdə ikibaşlı bir mövqesizlik iddiası var ki, bu, onun münasibətini ənənəvi ironiyadan fərqli postmodernistcəsinə səciyyələndirməyə əsas verir;

- hekayənin adı da daxil bəzi işarə-sitatlar müəllifin minillik ədəbiyyat və incəsənət tariximizin bir çox nümayəndələri ilə (N.Gəncəvi, M.P.Vaqif, S.Vurğun, R.Rza, İ.Muğanna, E.Sabitoğlu, Z.Xanlarova...) açıq və ya gizli, şüurlu və ya şüuraltı dialoqa girdiyini göstərir, yəni hekayə mətnlərarası - intertekstual səciyyə daşıyır və bu, postmodernizmin vacib göstəricisidir;

 - müəllif klassiklərin bir çoxuna qarşı dekonstruktiv mövqedə durur ki, bu da postmodernizmə məxsus bir şeydir: Nizaminin əməksevərlik idealı, S.Vurğunun sovet adamının "xoşbəxt" sosial durumu, R.Rzanın (və onun sözlərinə bəstələnmiş məşhur mahnının müəllifi kimi E.Sabitoğlu, ifaçısı kimi Z.Xanlarovanın) sovet adamının "xoşbəxt" sevgisi ilə bağlı fikirlərinə qarşı çıxır;

- hekayədə rusizmlər, vulqarizmlər, arxaizmlərə yol verilir; müəllif təhkiyəsi ilə personajların dili arasındakı sərhədlər bilərəkdən pozulur; ümummilli sosial-siyasi önəmi olan problemlərdən "kalxozçu" dilində danışılır. Bütün bunlar "yüksək" ədəbi-bədii dil normativlərinə dekonstruktiv sayğısızlıqdan irəli gəlir. Ciddi məsələlərə düşünülmüş səthi yanaşma, süni dayazlıq, böyük mətləblərin bayağı ifadəsi, qara camaat ədası ilə danışmaq, mətni həm elita, həm də kütləyə hesablamaq - ikili kodlaşma adlanan bu üsul da postmodernist estetika əlamətidir.

Ölüm, ya qalım! Hekayədə qoyulan əsas problem budur. Ev isə sadəcə "qalım" üçün zəruri olan ilk vasitədir. Süjet bir-biri ilə bağlı olan iki xətt üzrə gedir: ev "lənmək". Bunlardan birincisi əsas, digəri yardımçı xətdir. Ş.Ağayarın qəhrəmanı cananı uğrunda nəinki evi, hətta canından belə keçən klassik fədakar aşiq tipi - Məcnun deyil. O, öz Sonyası yolunda nəinki "könüllü olaraq" səhralara düşmür, hətta taleyin onu zorla saldığı səhradan cəmiyyətə qayıtmaq - ev tikmək istəyir. Bu mənada müəllif dekonstruksiyaya məruz qoyduğu klassiklər sırasına Füzulini daxil etmək şansını qaçırır. Daha doğrusu, müəllifin metafizik laylara girməyə gücünün çatmaması az qala kristal metafizikadan ibarət Füzulini onun "dastanına" düşmək əzabından xilas eləyir.

Gərdişi-dövranın işinə bax ki, Qacarın zindanından çıxdığı kimi, Şərifin dekonstruksiya əməliyyatından da təkcə Vaqif salamat çıxır - nə Vaqifin yaşılbaş sonaları, nə də Şərifin yaşılgöz Sonyasının bütün zahiri gözəllikləri ilə yanaşı "adamlıq ədaları yoxdur". Öz düşüncəsinin tipinə görə daha çox realist olan müəllifin Azərbaycan realist şeirinin banisi ilə həmrəyliyi öz-özlüyündə aydındır. Digər tərəfdən, mədəniyyət nazirliyinin cavan əməkdaşı Şərifin Qarabağ xanının qocaman xarici işlər naziri Molla Pənahla da kodları hardasa səsləşir.

 İ.Muğanna ilə "dialoq" isə daha çox ustad sənətkarın cavan müəllifə şüuraltı təsiri ilə müəyyənləşib ədəbi priyom şəklində üzə çıxır: Ş.Ağayarın qəhrəmanı yuxudan eynilə İ.Muğannanın "Tütək səsi" povestinin qəhrəmanı Tapdıq kimi oyadılır: "Dur", "dur", dur". Kərim "dur" kəlməsini təkrarladıqca səsi dədəmin səsinə çevrilirdi: "Dur", "dur", "dur!".

"... Dur, a bala! Məhəlləyə gedirik". Dədəmin səsi oyatdı məni..."

Amma oyanma məsələsi ilə bağlı fərqlər var: povestdə qəhrəmanı anası Səyalı, hekayədə isə atası oyadır, özü az, çox, düz üç dəfə. Muğannada hər şey metafizik arxetipə uyğundur - ilk kişini (Adəm) oyadan ilk qadın (Həvva) olub. Şərifdə isə hər dəfə kişini yuxudan kişi oyadır. Bəlkə müəllif məlum arxetipə postmodernist alternativ mövqedən çıxış edir? Məncə, yox! Nəsrimizin "qəhrəmanı" sadəcə bu barədə düşünmür. Çünki arxetipləri bilmir, yarasa kimi kor-koranə uçur, təkcə yuxudan yazmır, həm yuxulu yazır. Postmodernist üçün isə borxesanə modernistik yuxu yox, ekosayağı oyaqlıq səciyyəvidir. Şərif buna görə özünün postmodernist baltasını dibindən vura bilmir!

İstər tənqidi, istərsə də sosialist realisti olan hər hansı yazıçı (məsələn, Ə.Vəliyev) üçün bu, əlbəttə ki, qətiyyən irad tutulası bir hal olmazdı - hər kəsi yuxudan atası oyada bilər. Amma Şərif sadəcə realist yox, postmodernist hekayə yazdığını elə sərlövhədəncə bəyan edir və bu, "K.K.D"-yə məhz postmodernist estetika kuralları ilə yanaşmaq haqqı verir. Postmodernist yazıçının təsvir etdiyi hər hansı adi həyat faktının ardından arif - elitar oxucu üçün nəzərdə tutulmuş ədəbi, tarixi, mifik, dini laylar boylanmalıdır.

 Postmodernist müəllif mətni ikili kodlaşdıran, həm aşağı, həm də yuxarı işləyən ikili agentdir. Kütləvi oxucu sadəcə real hadisəni oxuyub zövq almaqla kifayətlənir. Elitar oxucu isə işarələr dili ilə verilmiş, amma yazılmamış sətiraltı mətni oxumaq, gizli kodları deşifrə etməklə virtual mətn yaradır - həmmüəllifə çevrilir. Şərif ikili kodlaşmanı dildə - linqvistik qatda eləyir, məzmun, məna qatında isə axıracan gedə bilmir. Və belə çıxır ki, onun postmodernizmi bütün zahiri göstəriciləri ilə yanaşı bir az dərinə gedən kimi sadəcə dil faktı - söz olaraq qalır. Hekayənin "evi" də elə burda yıxılır. Məhz bu yarımçıqlıq "K.K.D"-yə ciddi postmodernist nəsr nümunəsi kimi baxmağa imkan vermir. Bununla nə demək istəyirik?

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Əsəd CAHANGİR

 

525-ci qəzet.-2009 .-21 fevral.- S.27.