"İnsanlığın
düz ünvanı"
ictimaiyyətə təqdim
olunub
R.Behbudov adına Dövlət Mahnı Teatrında Rusiyanın
Novosibirsk şəhərində fəaliyyət göstərən
"Heydər Əliyev
adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri,
şair-publisist Mirkazım
Seyidovun Milli Aviasiya Akademiyasının
rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "İnsanlığın düz
ünvanı" kitabının
təqdimatı keçirilib.
Tədbirdə
M.Seyidov akademik Arif Paşayevin apardığı elmi
araşdırmalarla xarici ölkələrdə Azərbaycan
elminə başucalığı gətirdiyini, təcrübəli,
yüksək səriştəli elm və təhsil təşkilatçısı
kimi bu sahələrin inkişafına yeni töhfələr
verdiyini, səmərəli ictimai fəaliyyəti ilə
xalqın dərin hörmətini qazandığını, ibrətamiz
həyat yolunun, çoxşaxəli fəaliyyətinin
bugünkü və gələcək nəsillər
üçün əsl örnək olduğunu bildirib.
Millət vəkilləri Ziyafət Əsgərov,
Qənirə Paşayeva, professor İbrahim Quliyev və
başqaları çıxışlarında dövlət
mükafatı laureatı, əməkdar elm xadimi, bir sıra
beynəlxalq akademiyaların üzvü Arif Paşayevin
müasir Azərbaycan ziyalılarının ən görkəmli
nümayəndələrindən biri olduğunu
vurğulayıb, onun fizika elminin ən müasir sahələrində
nailiyyətlərini, mülki aviasiyamızın
inkişafı naminə xidmətlərini diqqətə
çatdırıblar. Çıxışlarda qeyd olunub ki,
akademik Arif Paşayev 400-dən artıq elmi məqalənin, 30
kitab və monoqrafiyanın, çox sayda ixtiranın müəllifidir.
Mərasimdə
Azərbaycan, rus və ingilis dillərində çap
olunmuş poemadan parçalar oxunub, incəsənət
ustaları və uşaq ansamblının ifasında vətənpərvərlik
ruhunda mahnılar səslənib.
"Nurlan"
nəşriyyatında işıq üzü görən
kitabın redaktorları millət vəkili, professor Nizami Cəfərov,
xalq şairi Nəriman Həsənzadə və Vaqif Abbasovdur.
"Müdrikliyin poetik təcəssümü" adlı
ön sözün müəllifi Naxçıvan Dövlət
Universitetinin prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimlidir.
Tədbir
çərçivəsində teatrın foyesində görkəmli
alimin həyat və elmi fəaliyyətinə həsr
olunmuş fotostend nümayiş etdirilib.
Sevinc MÜRVƏTQIZI