Sabir Əhmədlinin hekayələri bir kitabda

 

Ötən gün Kitab Klubunda görkəmli yazıçı Sabir Əhmədlinin müxtəlif dövrlərdə yazdığı hekayələrinin toplandığı "Uyuq" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan klubun direktoru Elxan Rzayev kitabdan dərin təəssürat aldığını bildirib: "Kitab məni sözün hakim olduğu doğma bir məkana apardı".

Millət vəkili, şair Sabir Rüstəmxanlı Sabir Əhmədli ilə uzunmüddətli tanışlığından söz açaraq, vaxtilə onunla birgə "Ədəbiyyat qəzeti"ndə çalışdığını xatırladıb. Yazıçının "Dünyanın arşını", "Yasamal gölündə qayıqlar üzürdü", "Toğana" kimi əsərləri ilə ədəbiyyatımızı zənginləşdirdiyini vurğulayan S.Rüstəmxanlı onun nəsrinin bədii məziyyətlərini sadalayıb. O, S.Əhmədlini XIX əsrdən üzübəri nəsrimizin ən parlaq simalarından biri kimi səciyyələndirərək, həm də ədibin insan kimi yüksək keyfiyyətlərindən, möhkəm xarakterindən danışıb. S.Rüstəmxanlı yazıçının son kitabının zəif tərtibatla və az tirajla çapından təəssüfləndiyini də dilə gətirib: "Bu kitab məni həm sevindirir, həm də pərişan edir. Ona görə sevindirir ki, azman yazıçımız yeni kitabıyla oxucuların görüşünə gəlib. Ona görə pərişan oluram ki, kitabın belə bəsit formatda çapı Sabir Əhmədlinin yazıçı sanbalına layiq deyil".

Yazıçı-publisist Sirus Təbrizli S.Əhmədlini əsl ağsaqqal kimi dəyərləndirərək, onun hekayələrində də ciddi yazıçı xarakterinin özünü göstərdiyini qeyd edib.

"Bu kitab həcm etibarilə kiçik olsa da, sanbalca böyükdür. Sabir Əhmədli ədəbiyyatımızın ən gözəl nümunələrini yaradan dəyərli yazıçılarımızdandır. O, özünəməxsus sənətkardır, ədəbiyyatımızın qayəsinə təsir göstərməyi bacaran söz adamlarındandır. Müstəqilliyimizin qazanılmasında ədəbiyyatımızın, o cümlədən Sabir Əhmədlinin realist nəsrinin də özünəməxsus rolu olub". Bu fikirləri tədbirdə millət vəkili, professor Cəmil Həsənli səsləndirib.

 Sonda çıxış edən müəllif yaradıcılığı haqqında söylənilən fikirlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 Qeyd edək ki, "Nasir" nəşriyyatında işıq üzü görən "Uyuq" kitabında yazıçının "İtin, pişiyin olaram, ay tanrı", "Yol çörəyi", "Uyuq", "Gülən qızlar", "Qıdıq" və "Fransa hekayələri" kimi əsərləri toplanıb.
   

 

Sevinc Mürvətqızı

 

525-ci qəzet.- 2009.- 21 fevral.- S. 26.