"Qədim Bakı" tanıdıldı

 

GÖRKƏMLİ ALİM ÇİNGİZ QACARIN HAZIRLADIĞI SANBALLI NƏŞR İNGİLİSCƏ İŞIQ ÜZÜ GÖRÜB

 

M.F.Axundov adına Milli Kitabxanada "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində tanınmış alim Çingiz Qacarın ingilis dilində işıq üzü görmüş "Qədim Bakı" kitabının təqdimatı keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak və çıxış edib: "Azərbaycan barədə məlumatların gələcək nəsillərə çatdırılmasında kitablar, müxtəlif nəşrlər çox əhəmiyyətlidir. Bakının tarixi haqqında yazılmış hər bir kitab da bu baxımdan misilsiz rol oynayır". Nazir bildirib ki, bu fundamental əsər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) iştirakı ilə nazirlik tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr edilib: "Kitabı oxuyan hər kəs üçün Bakının tarixinin, şəhərin daxili aləminin, onun yeni xüsusiyyətlərinin maraqlı olacağına əminəm". Ə.Qarayev "Qədim Bakı" kitabının nüsxəsini İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim edib.

Ədbüləziz bin Osman əl-Tüveycri Bakının bu il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsilə bağlı tədbirlərdə iştirakından məmnunluğunu ifadə edərək mədəniyyət ili çərçivəsində paytaxtımızın tarixinə həsr olunmuş kitabın təqdimatı mərasiminə dəvət almasına görə təşəkkürünü bildirib.

 AMDF-nin icraçı direktoru İbrahim Quliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi ilə qurumun ölkə mədəniyyətinin, incəsənətinin inkişafı üçün xeyli işlər gördüyünü vurğulayıb. İ.Quliyev Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə və digər mövzulara aid nəşrlərin xarici dillərdə çapının mühüm istiqamət olduğunu söyləyib, qurumun bu vacib işi gələcəkdə də diqqət mərkəzində saxlayacağını deyib.

 Tədbirdə iştirak edən Gürcüstan mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini xanım Marine Çoğoşvili, ABŞ-ın Bakı ilə qardaşlaşmış Hyuston şəhərinin şura üzvü Çarlz Conson, Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Norbert Ridr belə mərasimlərin xalqlar arasında əlaqələrin, dostluq münasibətlərinin yaranmasında və daha da genişlənməsində mühüm rol oynamasından söz açıblar.

Sonda akademik Çingiz Qacarın həyat yoldaşı Aliyə Qacar "Qədim Bakı" kitabının yazılması tarixinin bəzi məqamlarından danışaraq, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet .- 2009.- 21 fevral.- S. 23.