Abidə insan - türkün Anarı

 

Böyük dərdlərimizin yazarı Anar türk düşüncəsinin mücahididir. Yaradıcılığında o, bunu nəzəri baxımdan çoxdan gerçəkləşdirib. Vaxtilə İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin başladığı yolu davam etdirib və tutalım, ədəbiyyat tariximizdə "Min beş yüz ilin Oğuz şeiri" antologiyasını meydana çıxarmaqla 1500 illik Oğuz şeirinin təsnifatını aparmaq üçün çox ciddi elmi zəmin yaradıb. Anarın tərtib etdiyi bu antologiya da onun böyük mənəvi Oğuznaməsinin tərkib hissələrindən biridir. Anar "şeir də tarixdir... yaddaşlarda "poetik əksini tapmış bir tarix yazısıdır" - amacıyla tariximizin təfərrüatına varıb, bəzən Oğuzun da sınırlarını aşaraq - Manasdan, Orxon-Yenisey yazılarından, Dədə Qorquddan üzübəri - Qaqauzdan Altaylara, Təbrizdən Axıska türklərinə, Qüzey Kıprısdan Balkanlardakı türk yurdlarına qədər, Kərkükdən İstanbulacan poetik düşüncəmizin nəsil ağacını - şəcərəsini tərtib edib, əqrəba şeirimizin ulularını və vərəsələrini Oğuz ocağının başına toplayıb. Və bunu, nə yaxşı ki, ənənəvi şeir antologiyası yaratmaq üçün deyil, ortaq türk mədəniyyətinin elə ortaq, vahid varlığını ifadə etmək, xatırlatmaq üçün gerçəkləşdirib. Anarın bu əməli ədəbiyyat tariximizin orta dönəmdə bölünməz bir hadisə olduğunu bəlirləməklə poetik tarix yazısının hesabına Azərbaycanda Oğuz yaddaşının bərpasını təmin edib, başqa sözlə, türk birliyini ədəbi müstəvidə yenidən canlandırıb, ona ehya verib... ...O bu böyük işi qarğaşaya yol vermədən, "mən bu işi etdim" - deyə qürurlanmadan icra edib. Təqdir gözləməyib (əslində bu işlərə görə adətən adamı təqdir etmirlər). Anar böyük türkçülər misalı davranıb. "Türkçü millətinə bir hizmət yaparkən, bunu bəyənilmək üçün deyil, görəv bildiyi üçün yapar" (Nihal Atsız). O da nə yapıbsa, nə iş görübsə bunu ümumtürk mədəniyyətinin minilliklərlə ölçülən ahəngini qorumaq amacıyla edib.

1970-ci illərdə Azərbaycan mədəniyyətinin Avropa tərzinə yönəldilməsi baxımından onun nəşr etdiyi "Qobustan" həlledici işlərdən birini görsə də, sovet partiya məmurları bu sənət toplusunu Avropa modelinə söykəniş tərzinə görə deyil, türkçülük meylinə görə suçlayırdılar. Avropa mədəniyyətinin geniş bir miqyasda Azərbaycana sirayət etməsi, Azərbaycan humanitar fikrinin Avropaya istiqamətləndirilməsi daha çox "Qobustan" vasitəsilə gerçəkləşirdi. Təkcə ədəbiyyatda deyil, bütün mədəni sferada müasir düşüncənin bayrağını dalğalandıranların ilki həm də "Qobustan" oldu. "Türk qanlı, islam imanlı, firəng fikirli" (Ə.Hüseynzadə) ziyalının, fədainin, aydının (və həm də ictimai fikrin) Avropa mədəniyyətinə qovuşması bu böyük və canlı sərvətimizin hesabına mümkün olurdu. ...

"Qobustan" dönəminin Anarı fikir tariximizdə Əli bəy Hüseynzadənin ardıcılı olaraq qalacaq. Ancaq o, Azərbaycan təəssübkeşi Mirzə Cəlilin də ən sədaqətli və etibarlı varisidir. Daha doğrusu, Əli bəylə Mirzə Cəlil bizim çağda Anarın varlığında qaynayıb-qarışıb, birləşir. Anar tutaq ki, Əli bəydən fərqli olaraq ortaq türkcənin mümkünlüyünü qəbul etmir, özü də bunu israrla qəbul etmir və Oğuz türklərinin Azərbaycan qolunu müasir tariximizin çətin keçidlərindən salamat keçirməyə yönəlmiş məfkurəvi bir dəst-xətti hələ 70-ci illərdən başlayaraq bugünəcən davam etdirir... Anar türklərin mədəni birliyini Bakıda şəkilləndirir. Təkcə mədəni birliyi deyil, onun ədəbi və məfkurəvi siyasəti daha qapsamlı bir çevrədə cərəyan edir. Qəraim yəhudilərinin sinaqoqu ilə yakut şamanlarının otağı, qaqauz kilsəsi ilə Budda məbədinin məhz burada yanaşı qurulması yalnız dini tolerantlığın göstəricisi deyil, daha çox inanc sistemi tariximizin neçə min illik varlığının izharı idi. Bu mənada Anarın Azərbaycançılıq siyasəti utopik bir bəhanə ilə türk tarixinin ən dərin qatlarına və türk coğrafiyasının ən ucqar guşələrinə qədər şaxələnir və yayılır...

Anar ömrünün səkkizinci onilliyini yaşayır.

Ancaq o, neçə vaxtdır ki, hətta mən deyərdim, gəncliyindən üzü bəri ötüb keçən ömür haqqında xatirələr, anılar danışır, yazır.

Anar haqlıdır. Çünki bu keçən ömür yetmiş illik bir tarixlə qiyaslana və məhdudlaşdırıla bilməz. Anar çox nadir insanlarımızdan biridir ki, onun və daha geniş mənada mənsub olduğu nəslin varlığı istisna edilirsə müasir tariximiz haqqında dolğun təsəvvür yaranmayacaq. Ənvər Məmmədxanlı haqqındakı yazısının təbiriycə desəm, Anar həmişə Azərbaycanın ağrıyan həyatının rəmzi olub.

...İyirmi yanvarın ertəsi günü Anar "Danışa bilmirəm" adlı bir yazı yazdı. "Dünya sanki sözsüzlük səhrasıdır... Danışa bilmirəm. Düşünə bilmirəm" - dedi. Azərbaycan xalqına divan tutan Qorbaçov həm də SSRİ parlamanında Anarın mikrofonunu söndürdü, xalqın canına qəsd ediləndən sonra onun danışan dili kimi məhz Anarın səsini, sözünü kəsdi...

...Anarın milliyyətçi düşüncəsinin ən böyük izharlarından, təkzibedilməz təsdiqlərindən və tanıqlarından, üstəlik, çağdaş Azərbaycan və daha geniş anlamda türk dünyası ədəbiyyatları kontekstində çox nadir məfkurəvi əsərlərdən biri olan "Ağ qoç, qara qoç" təəssüf ki, hələ də ünvanlandığı bəlli hədəfə toxtamayıb... "Ağ qoç, qara qoç" həm estetik çevrəsi və düzəni ilə, həm də məfkurəvi mahiyyətiylə müasir Azərbaycan ədəbiyyatının fövqəladə əhəmiyyətli və nadir əsərlərindən biridir (bunu dahi Çingiz Aytmatov da etiraf etmişdi).

Utopik və antiutopik nağıllar adıyla rəvayət edilmiş "Ağ qoç, qara qoç" əslində nağıl deyil, heç nağıl mətninin yeni anlamda yozumu da deyil. Onun yuxusunu yozacaq Yusif də artıq bu dünyada yoxdur. "Gecə düşüncələri"ndə Anar yazırdı ki, nağıllar xalqların yuxularıdır. Belə isə bəlkə "Ağ qoç, qara qoç" absurda sövq edilmiş xalqımızın gördüyü yuxudur. Ənvər Məmmədxanlı demişkən, çoxu "kaşmarla dolu olan" röya.

...Anar həm də ideoloqdur. O, çağdaş milli çıxarlarımızın təməl prinsiplərini - Azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq, dostluq düsturunu irəli sürmüş ideoloqlarımızın öndə gələn isimlərindədir. "Azərbaycançılıq haqqında düşüncələr" əsərində milli-məfkurəvi konsepsiyanın versiyalarından birini də xalq yazıçısı Anar irəli sürmüşdür.

Anarın yozumunda azadlıq təkcə hüquqi deyil, düşüncə hürriyyətinə rəvac verən bir dəyərdir. Çünki insanlarının düşüncə azadlığına sahib çıxan məmləkət bir də heç zaman qeyri-müstəqil ola bilməz... Daha sonra Anar dünyanın birgəyaşama qanunlarına əməl edərək sona qədər tətbiq olunan milli müstəqillik, sinfi, milli, irqi, dini eşitliyə istinad edən bərabərlik, türk birliyini təmin edən qardaşlıq və bütün qonşularla, xüsusən yaxın qonşularla dostluq prinsiplərini təklif edir.

Anar Azərbaycanda Dədə Qorqudun bərqərar olması naminə uzun illər mücadilə verdi. O, Qorqud Atanı ehya qıldı. "Dədə Qorqud" povestini qələmə aldı, onun ssenarisi ilə "Dədə Qorqud" bədii, "Dədə Qorqud dühası" sənədli filmləri, "Dədə Qorqud oğuznamələri" televiziya serialı, "Basatın igidliyi" cizgi filmi çəkildi. Böyük alimliyinin ən mükəmməl ifadəsi olan "Dədə Qorqud dünyası" tədqiqatı elmi düşüncəyə yön verdi. Dədə Qorqud ensiklopediyasının yaradılması ideyasını da o, hələ 1980-ci illərin əvvəllərində irəli sürdü.

"Kitabi-Dədə Qorqud"u Azərbaycan oğuzlarının kitabı olaraq tədqiq edən Anar, Steblevanın "Orxon Yenisey kitabələrinə "ən yaxın olan "Kitabi-Dədə Qorqud"un şeir mətnləridir" - qənaətinə haqq qazandırdı. Ancaq daha irəli gedərək ədəbi şəcərənin, obrazlar və dünyagörüşü, dünyaduyumu sisteminin oğuzun hər iki boyunda eyni olduğunu, hər iki yazıya istinad edərək çox mötəbər dəlillərlə isbat edən Anar Kültəkin abidəsindəki:

 

 Görür gözüm görməz tək,

 Bilir bildiyim bilməz tək oldu –

 misralarını, Dədə Qorqudun:

 

 Görür gözüm görməz kimi,

Bilir bildiyim bilməz kimi oldu –

 

deyimi ilə qiyaslandırmaqla kökün vahidliyini, kökdəki, təməldəki, mayadakı birliyin, ümumtürklüyün, qardaşlığın Altaylardan Qafqaza qədər 1500 ildir ki, diri və bütöv qaldığını zamanında xatırlatdı.

Bəzən Anarın bir cümləsinin arxasında görünən tarixi-milli miqyas qürur doğurur. Onun "Xalçanın hikməti" məqaləsi səksəninci illərin əvvəllərində yazılıb və xatırlayıram ki, Beynəlxalq Şərq Xalça Konqresi də səksəninci illərin əvvəllərində Bakıda keçirilirdi və o zaman YUNESKO-nun baş katibi həmin tədbirdə iştirak edirdi. Konqresdə Anar da çıxış etdi (Və çıxışı da yəqin ki, elə həmin məqalənin əsasında qurulmuşdu). Həmin tədbirdə Anar həm də Pazırıq xalçasını xatırlatdı. Pazırıq xalçasının bizim olduğunu, bizim ustalar tərəfindən toxunduğunu söylədi. İndi Anarın həmin çıxışından az qala otuz ilə yaxın bir vaxt keçib. Düşünürəm ki, Sovetlər birliyində, hər şeyin, hətta milli-mədəniyyət abidələrinin, o cümlədən xalçaların da mənşəyinin rəsmi qərarlarla "dəqiqləşdirilib" təyin edildiyi bir çağda Ermitajda "qarabağlı bir erməni ustasının" işi kimi qeydə alınıb sərgilənən ən azı 2500 yaşlı Pazırıq xalçasının bizim olduğunu söyləməsi əslində Anarın deyil, millətimizin o illərdə böyük ideoloji zəfəriydi və dünya mədəniyyətinin ən qədim abidəsinin məhz Azərbaycan türkü tərəfindən toxunduğunu əsaslı dəlillərlə iddia eləmək təkcə erməni opponentlərə deyil, milli mədəniyyətimiz haqqında bədgüman olan hər bir kəsə Anarın timsalında vətənpərvər Azərbaycan aydınının verdiyi klassik bir cavab idi. Pazırıq xalçasının mənşəyi, ümumiyyətlə xalçaçılığın tarixi barədə Anarın tutaq ki, "Xalça sənətinin Azərbaycan ərazisində yaranması və inkişafı bir sıra obyektiv faktlarla bağlıdır" cümləsinin çəkisi o qədər ağırdır ki, bu barədə ötəri danışıb keçmək qətiyyən mümkün deyil. Dünya elmi fikrini Pazırıq xalçasını Azərbaycan türklərinin sənət arealında tədqiq etməyə sövq edən ilk dəfə Anar olmuşdu və Pazırıq xalçasının türk abidəsi olması barədə fikir hələ yalnız 1980-ci illərin əvvəllərində meydana çıxmağa başlayırdı. Türkmən alimi Axməd Bekmuradovun, türkiyəli Nəriman xanım Kırzıoğlunun, Almaniyada fəaliyyət göstərən Fuad Təkcənin dediklərini Anar daha əvvəl Bakıda söyləmişdi. Yerində və məqamında - Beynəlxalq Şərq Xalça Konqresində 25 əsr əvvəl yaradılmış böyük mədəniyyətimizin və təkcə bizim deyil, dünyanın ən qədim mədəniyyət abidəsinin soraqçısı olmuşdu.

 Elə buna görə də dünyanın siyasi ahəngi dəyişəndən sonra özünü bütün məsələlərin çoxbilmişi kimi göstərənlərdən fərqli olaraq Anarın haqqı var ki, Pazırıq xalçasını öz utopik Bakısının sərgi salonlarından birində təqdim etsin: "Dünyanın ən qədim xalısı sayılan Pazırıq xalçası da ciddi mühafizə olunurdu - süzülüb dağılmış bu xalça güllədeşməz şüşənin arxasında asılmışdı".

"Mən heç vaxt yalqız olmuram, tənhalığım həmişə mənimlədir" - deyən Anarın tənhalığı bir yaradıcı şəxsiyyətin əbədi və tragik həsrətə meyli kimi dərk oluna bilər. Amma Vətənin və türk düşüncəsinin yetişdirdiyi nadir mütəfəkkirlərdən biri olaraq Anar tənha deyil. Onun məfkurəsinə bağlı, onun getdiyi yolun müqəddəsatını dərk edən insanların çevrəsində Anar tənha ola bilməz. Bir böyük haqqını da heç kəs dana bilməz ki, Anar müasir Azərbaycanın məfkurəvi qurucularından biridir. Onun tənha qalması, təklənməsi Vətən məfkurəsinin zədələnməsinə səbəb ola bilər. Və bu mənada Anar tənha ola bilməz və tənha qalmamalıdır. Anara atılan daşlar əvvəl Dədə Qorquda, Füzuliyə, Mirzə Cəlilə, Üzeyir bəyə toxunub sonra Anara dəyir. Yaxud əksinə. Zədələnəndə onlar bir yerdə zədələnirlər. Onlar bir yerdə zədələnəndə təkcə Azərbaycan deyil, Azərbaycanda mövcud olan uca milliyyət düşüncəsi zədələnir.

Böyük bir düşüncə çevrəsini yaradıb ona öndərlik edən Anar abidə şəxsiyyətlərimizdəndir... Hər tərəfdən baxanda görünən Azərbaycandır.

Dünyanı qapsayan düşüncə tərzi, tükənməz maarifçilik şövqü, təkrarsız ziyalılığı, böyük ədibliyi, diplomatik tövrü, mükəmməl şəxsiyyəti ilə Vətən anlamının sinonimini təşkil etməyi bacaran bu mütəfəkkir müasirimiz yüz ildə bir yetişən misilsiz Anardır. İllər ötüb keçəcək. Azərbaycan özünün Anar dövrünü hər zaman qürurla xatırlayacaq...

 

 

Azər TURAN

 

525-ci qəzet.- 2009.- 21 fevral.- S.22.